Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Sabah” qəzetindən Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq hüquq normalarına sayğısızlıq...

“Sabah” qəzetindən Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq hüquq normalarına sayğısızlıq...

05.12.2014 [09:58]

Azərbaycan ictimaiyyətinin nümayəndələri bunu təxribat kimi dəyərləndirirlər
Türkiyənin “Sabah” qəzetində dərc olunan müstəqil dövlətlərin siyahısında Azərbaycanın ayrılmaz hissəsi olan, ermənilər tərəfindən işğal edilmiş Dağlıq Qarabağ da müstəqil dövlət kimi göstərilib. Bu, Azərbaycan ictimaiyyətində ciddi və haqlı narazılıq yaratmaqla yanaşı, bəhs olunan media qurumunun Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq hüquq normalarına sayğısızlığı kimi xarakterizə olunub. Eyni zamanda, belə bir addımın atılması qarşılıqlı-faydalı əməkdaşlığa, xalqlararası dinamik inteqrasiyaya, tarixi köklərə və ortaq dəyərlərə malik olan Azərbaycan-Türkiyə münasibətlərinin ruhuna - mahiyyətinə zidd hal kimi dəyərləndirilib. Lakin Azərbaycan ictimaiyyətinin ümumi qənaəti ondan ibarətdir ki, bu cür hallar yolverilməzdir. Həmçinin, məhdud korporativ maraqlara xidmət edən bəzi qərəzli KİV-lərin fəaliyyəti Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının əbədiliyini şübhə altına ala bilməz.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Zahid Oruc deyib ki, “Sabah” qəzetində dərc edilən siyahı təəssüf doğurur. Çünki bu mətbu orqanın dünya arenasında özünəməxsus yeri və rolu olduğu hər kəsə məlumdur. Onun sözlərinə görə, bu qəzet nəşr olunduğu dövrdən beynəlxalq məsələlərə, ayrı-ayrı dövlətlərin siyasi həyatına bələdçiliyə müəyyən imkanlar qazanıb: “Orada çalışan hər bir jurnalistin prosesləri araşdırmaq imkanı var. Bu baxımdan, hər hansı bir materialı dərc etməzdən öncə jurnalist müəyyən məsələləri araşdırmalıdır. Dağlıq Qarabağ necə müstəqil dövlətdir ki, onu dünyanın siyasi xəritəsində tapmaq mümkün deyil? Bu, onların ermənilərə simpatiyalarının göstəricisi sayıla bilər”.
Millət vəkili əlavə edib ki, sözügedən qəzet rəhbərliyi təkzib xarakterli yazı verməli və Azərbaycandan üzr istəməlidir: “Dağlıq Qarabağ ermənilər tərəfindən işğala məruz qalmış ərazidir. Nəzərə alsınlar ki, Dağlıq Qarabağın saxta dövlətçiliyini Ermənistan parlamenti gündəmə gətirsə də, reallaşdırmaq mümkün olmayıb. Bunlar hansı sənədə əsasən Dağlıq Qarabağı müstəqil dövlət kimi siyahıya salıb, onunla bağlı açıqlama versinlər”.
Millət vəkili Elmira Axundova isə vurğulayıb ki, “Sabah” qəzeti bilməlidir ki, qondarma “Dağlıq Qarabağ Respublikası” müstəqil dövlət deyil. Ona görə də, bu yazıya görə məsuliyyət daşımalıdır. O əlavə edib ki, belə bir münasibəti hər bir ölkədən, hətta MDB-yə üzv dövlətlərdən gözləmək olar, ancaq Türkiyədən əsla: “Çünki keçmiş dövlət başçısı Süleyman Dəmirəl, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan dəfələrlə bildiriblər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Dağlıq Qarabağ məsələsi həll olunmayana qədər Ermənistanla sərhədlərin açılmayacağını dəfələrlə bəyan ediblər. Ona görə də, bu qəzetdəkilər, heç olmasa, öz dövlət başçılarına hörmət etsinlər”.
E.Axundova birmənalı şəkildə bəyan edib ki, heç bir halda bu məsələyə görə “Sabah” qəzetinə bəraət qazandırmaq olmaz: “Belə materialın yayımlanmasında bilməməzlik ola bilməz. Çünki jurnalistlər hər şeydən agah olmalıdırlar. Bu toplum öndə gedən təbəqədir. Bunu avam adam deyə bilər, ancaq jurnalist əsla. Bundan başqa, qəzetdə dərc olunan material dəfələrlə yoxlanılır, ona görə də, burada bilməməzlik yox, təxribat var. Yəni, “Sabah” qəzetində dərc olunan material təxribat xarakterlidir”.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu qeyd edib ki, “Sabah” qəzetinin mövqeyi Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna ziddir və erməni dəyirmanına su tökmək məqsədi daşıyır.
Onun sözlərinə görə, artıq bir neçə aydır ki, Türkiyədə ermənilərin və erməni təəssübkeşlərinin ciddi fəallığı müşahidə olunur: “Türkiyə ictimai rəyini Ermənistanla təslimçi barışığa hazırlamaq üçün Qərb dairələri tərəfindən maliyyələşdirilən müxtəlif proqramlar və layihələr həyata keçirilir. Türkiyə və Ermənistan jurnalistlərinin, incəsənət nümayəndələrinin qarşılıqlı səfərləri təşkil olunur, müxtəlif konfranslar, “dəyirmi masa”lar və digər tədbirlərin sayı artır. Əsas məqsəd də bir tərəfdən Türkiyə hakimiyyətini qondarma “erməni soyqırımı”nı tanımağa məcbur etmək, digər tərəfdən isə Azərbaycanın maraqları nəzərə alınmadan iki ölkə arasında sərhədlərin açılmasına nail olmaqdır. “Sabah” kimi KİV-lər də obyektiv reallığı təhrif edən qərəzli materiallar dərc etməklə Qərb dairələrinin təsiri altında olan bəzi daxili qrupların və ermənilərin sifarişlərini yerinə yetirirlər. Görünür, ermənilər bu cür təxribatlarla Türkiyə ilə Azərbaycan xalqlarının birliyini zəiflətmək və dövlətlərarası münasibətlərə zərbə vurmaq istəyirlər. Hesab edirəm ki, biz belə təxribatlara qarşı sərt olmalıyıq, öz sözümüzü deməliyik”.
M.Əhmədoğlu əlavə edib ki, Türkiyəni özümüzə müttəfiq, qardaş bilirik. Bu ölkədən ermənilər baş qaldırıb kürəyimizə məhz erməni kimi xəncər vuracaqlarsa, düşünürəm ki, onların indidən cavabı verilməlidir: “Türkiyə qəzetinə ayıb olsun ki, Azərbaycana qarşı bu cür təxribatlara yol açır. Düşünürəm ki, Türkiyənin rəsmi dairələri, rəhbərliyi bu məsələlərə ciddi yanaşacaq. Türkiyənin “Sabah” qəzeti ötəri, təsadüfi qurum, mətbuat orqanı deyil. Bu qəzet Türkiyənin rəsmi dairələrində akkreditasiyası olan mətbu orqandır. Bu orqan Türkiyənin rəsmi tədbirlərini işıqlandırır və rəsmi tədbirlərə dəvət olunur. Əgər həmin qəzet dünya dövlətlərinin siyahısında “Dağlıq Qarabağ Cümhuriyyəti” sözünü işlədirsə, bu, naşılıq, savadsızlıq deyil, sadəcə erməni dəyirmanına su tökməkdir. Bizim Türkiyə ilə həm milli, həm dini, həm mədəni, həm iqtisadi, ümumiyyətlə, bütün sahələri əhatə edən işbirliyimiz var. Bunu hər kəs bilməlidir”.
“Əgər “Sabah” qəzeti təkzib verməsə, üzr istəməsə, həmin mətbuat orqanına qarşı məhkəmə prosesində sonadək varıq. “Sabah” qəzeti BMT-nin, ATƏT-in hər hansı bir sənədini göstərsin ki, “Dağlıq Qarabağ Cümhuriyyəti” adlı dövlət var?”, - deyə o vurğulayıb.

Paylaş:
Baxılıb: 726 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31