Azərbaycan-Çin münasibətləri yeni mərhələdə
02.10.2025 [11:24]
Müstəqil Azərbaycanla dünya nəhəngi Çin arasında əlaqələr yüksək dinamika ilə inkişaf edir. Bu əlaqələr qarşılıqlı maraqlara əsaslanmaqla çoxvektorlu səciyyə daşıyır. Prezident İlham Əliyev dost ölkənin milli bayramı münasibəti ilə Çin Xalq Respublikasının Sədri Si Cinpinə ünvanladığı məktubunda xüsusi olaraq vurğulayıb ki, bu gün Azərbaycan ilə Çin arasında qarşılıqlı etimad, hörmət və dəstəyə əsaslanan münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq müstəvisində inkişafı məmnunluq doğurur.
Yüksək dinamizmə söykənən siyasi dialoq
Hər iki ölkənin yüksəksəviyyəli rəsmiləri bir qayda olaraq Çin və Azərbaycanı “yaxşı dost və etibarlı tərəfdaşlar” kimi təqdim edirlər. Bu da ölkələrimiz arasında yüksək dinamikaya malik siyasi dialoq mühitinin formalaşması ilə bağlıdır. Azərbaycanla Çin arasında diplomatik münasibətlərin qurulduğu 33 il ərzində əlaqələrimiz tarixi bağlara əsaslanmaqla sabit şəkildə inkişaf edib, müxtəlif sahələrdə səmərəli əməkdaşlıq hər iki tərəfə fayda gətirib. Prezident İlham Əliyev məktubunda bir daha vurğulayıb ki, Çin Xalq Respublikası ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir. Ölkəmizin Çinlə daha sıx münasibətlər qurmağa böyük önəm verməsi heç də təsadüfi deyil. Qeyd edək ki, son illərdə aparılan uğurlu siyasət sayəsində iqtisadi, sənaye, hərbi, yüksək texnologiyalar, innovasiya, elm və digər bütün sahələrdə mühüm nailiyyətlər əldə edən Çin dünyanın ən qabaqcıl ölkələri sırasında qərarlaşıb, beynəlxalq aləmdə proseslərə həlledici təsir göstərən güc mərkəzinə çevrilib. Məhz buna görə də dünyada Çinlə yüksəksəviyyəli münasibətlər qurmağa çalışan ölkələrin sayı kifayət qədər çoxdur. Müstəqil Azərbaycanla Çin arasında münasibətlərin strateji tərəfdaşlıq müstəvisinə yüksəlməsi ölkəmizin inkişaf modelinin, iqtisadi imkanlarının, milli maraqlara və beynəlxalq hüquqa əsaslanan siyasi mövqeyinin, Prezident İlham Əliyevin liderlik keyfiyyətlərinin bütün dünyada, o cümlədən də Çində yüksək dəyərləndirildiyini bir daha əyani şəkildə təsdiqləyir.
Azərbaycanla Çin arasında ikitərəfli əlaqələrin Prezident İlham Əliyevin təbirincə desək, əla səviyyədə olması məmnunluq doğurur. İki ölkə arasında siyasi dialoq yüksək dinamikası ilə fərqlənir. Azərbaycan Prezidenti İlham Əliyev cari ilin aprel ayında dost ölkədə dövlət səfərində olub. Bu, dövlətimizin başçısının Çinə üçüncü dövlət səfəridir. Eyni zamanda, Prezident İlham Əliyevlə Çin Xalq Respublikasının Sədri Si Cinpinin müxtəlif beynəlxalq platformalarda vaxtaşırı görüşləri də baş tutur. Onlar həm ölkələrimizin gündəlikləri, həm də yaranan yeni qlobal çağırışlar ətrafında aktual müzakirələr aparırlar. Belə müzakirələr hər iki ölkənin mənafeyinə uyğun qərarların verilməsinə əsas olur. Xatırladaq ki, 2024-cü il iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Dövlətimizin başçısının Çinə sonuncu səfəri çərçivəsində isə hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanat və bir çox sahəni əhatə edən 20-dən artıq sənəd imzalanıb. Məktubda bildirildiyi kimi, Birgə Bəyanat ikitərəfli əlaqələrimizi daha da yüksək pilləyə qaldırmış, dövlətlərarası münasibətlərimizin strateji mahiyyətini gücləndirmişdir. Sənədin mətninə nəzər yetirdikdə, burada ikitərəfli əlaqələrin geniş gündəliyini görmək mümkündür. Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirirlər. Hər iki dövlət bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. “Məmnunluqla qeyd etmək istərdim ki, son dövrdə Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoymuşdur. Aramızdakı fəal dialoq, səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşlərimiz, təmaslarımızın intensivliyi Azərbaycan-Çin əlaqələrinin səviyyəsindən və yüksək dinamikasından xəbər verir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
İkitərəfli əlaqələrin hazırkı yüksək səviyyəyə çatmasında liderlərin rolunu da xüsusi vurğulamaq lazımdır. Hazırda Azərbaycanın və Çinin liderləri arasında çox mehriban münasibətlər var. Prezident İlham Əliyev görüşlərin birində Sədr Si Cinpinin Onu Çinin yaxın dostu adlandırdığını bir növ mükafat kimi qəbul etdiyini bildirib. Prezident İlham Əliyev Çin lideri ilə görüşməyə, çox səmimi və açıq qaydada söhbət aparmağa hər zaman məmnun olduğunu dəfələrlə diqqətə çatdırıb. Dövlətimizin başçısı Sədr Si Cinpin rəhbərliyi ilə aparılan siyasətin Çini yüksək inkişaf səviyyəsinə çatdırdığını bildirərək qeyd edib: “Bu il ərzində dost ölkənizə həyata keçirdiyim iki səfər zamanı Sizin qətiyyətli rəhbərliyiniz altında ölkədə aparılan genişmiqyaslı quruculuq işlərini, möhtəşəm inkişafı və nailiyyətləri əyani şəkildə görmək məndə böyük təəssürat oyatdı”.
Genişlənən iqtisadi əlaqələr
Azərbaycanla Çin arasındakı siyasi dialoqun yüksək dinamikasına adekvat olaraq iqtisadi əlaqələr də davamlı olaraq genişlənir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsi 20,7 faiz artaraq 3,744 milyard dollara çatıb. Çin Azərbaycanın ümumi xarici ticarət dövriyyəsində 7,9 faiz paya malikdir. İdxalda isə Çin 17,69 faizlə lider mövqedədir. Hazırda Azərbaycanda Çin kapitalı ilə yaradılmış 375 şirkət mövcuddur, onlardan 298-i aktiv fəaliyyət göstərir.
Yaşıl gündəlik Azərbaycanla Çin arasında iqtisadi əməkdaşlığın ən perspektivli istiqamətlərindən biridir. Azərbaycan özünün zəngin potensialına istinad etməklə enerji transformasiyasına böyük önəm verir. Eyni zamanda, Çin yaşıl enerji texnologiyalarının istehsalında dünya üzrə lider dövlətlərdən biridir. Beləliklə, ölkələrimizin qarşısında yeni əməkdaşlıq perspektivləri açılıb. Bu vaxtadək Çin şirkətləri Azərbaycanın yaşıl enerji sektoruna sərmayələr yönəldən podratçı qismində çalışırdılar. Hazırda isə paytaxt Bakının küçələrində Çindən alınan elektriklə işləyən 160 avtobus və çoxlu sayda minik avtomobilləri şütüyür. Həmçinin əlavə 200 avtobusun alınması üçün podrat müqaviləsi bağlanıb. Bundan başqa, Azərbaycanda ildə 500 avtobus istehsal etmək gücündə olan BYD-nin birgə müəssisəsinin yaradılması nəzərdə tutulub.
Azərbaycanla Çin arasında nəqliyyat əlaqələrinin genişlənməsi də məmnunluq doğurur. Azərbaycan Çinin “Bir kəmər-bir yol” təşəbbüsünə ilk dəstək verən ölkələrdən biridir. Eyni zamanda, dost ölkə Azərbaycanın əsas məkan kimi çıxış etdiyi Orta Dəhlizin inkişaf etdirilməsində maraqlıdır. Perspektivdə Azərbaycan və Çin beynəlxalq nəqliyyat dəhlizlərinin və yükdaşıma əməliyyatlarının inkişafı üzrə fəal əməkdaşlıq edəcək. “Azərbaycan Dəmir Yolları” QSC və “Çin Dəmir Yolları” Dövlət Korporasiyası arasında imzalanmış Anlaşma Memorandumu Bakı-Pekin münasibətlərinə yeni dinamika qazandırmaqla yanaşı, Avrasiya boyunca fasiləsiz bağlantı üçün mühüm addım kimi qiymətləndirilir. “Siyasi, iqtisadi-ticari, sənaye, enerji, nəqliyyat-kommunikasiya, investisiya, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığımızın gündən-günə genişlənməsi və yeni məzmunla zənginləşməsi bizi sevindirir. “Kəmər və yol” layihəsinin uğurla icrası, xüsusilə də onun vacib tərkib hissəsi olan Orta Dəhliz vasitəsilə daşımaların artması təqdirəlayiqdir”, - deyə dövlətimizin başçısı məktubunda bildirib.
Viza rejiminin qarşılıqlı şəkildə ləğvi
Cari ilin iyul ayında iki ölkə arasında münasibətlərin dərinləşməsi istiqamətində daha bir mühüm addım atılıb. Söhbət viza rejiminin qarşılıqlı şəkildə ləğv edilməsindən gedir. Prezident İlham Əliyev məktubunda vizasız gediş-gəlişə dair sənədin qüvvəyə minməsinin insanlararası təmasların və turizmin inkişafına, iqtisadi, humanitar və mədəni əlaqələrin dərinləşməsinə mühüm təkan verəcəyinə əminliyini ifadə edib.
Viza rejiminin ləğvi Azərbaycan Prezidenti İlham Əliyevin Çinə cari ilin aprelində dövlət səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”ə uyğun olaraq iyulun 16-da qüvvəyə minib. Qeyd edək ki, bu ideya Azərbaycandan gəlib. Elə bu istiqamətdə ilk addımı atan da ölkəmiz olub. Belə ki, son bir ildə Çin vətəndaşlarına birtərəfli qaydada respublikamıza vizasız gəlmək imkanı yaradılıb. Xatırladaq ki, bununla bağlı müvafiq müddəa Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində 2024-cu il iyulun 3-də qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də öz əksini tapıb.
Azərbaycan həmçinin ona nail olmaq istəyirdi ki, Çin də respublikamızın vətəndaşlarına bu ölkəyə vizasız gediş üçün şərait yaratsın. Dost Çin Azərbaycanın istəyinə qarşılıq verdi və ölkəmizdən gələn təşəbbüsü dəstəklədi. Artıq həm Çin vətəndaşları Azərbaycana, həm də Azərbaycan vətəndaşları Çinə vizasız rejimdə səfər etmək imkanına malikdirlər. Beləliklə də, qarşılıqlı səfərlər əhəmiyyətli dərəcədə asanlaşıb.
Yuxarıda bəhs olunan sazişə əsasən, Azərbaycan Respublikasının etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları və Çin Xalq Respublikasının etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları digər ölkə ərazisinə daxil olmaq, oranı tərk etmək və yaxın tranzit keçmək üçün hər səfər ərzində otuz (30) gündən çox olmamaqla və hər yüz səksən (180) günlük dövr ərzində ümumilikdə doxsan (90) gün müddətini aşmamaqla viza tələbindən azad edilir.
Çin dünyanın ən böyük turist göndərən ölkələrindən biri hesab olunur. Buna görə də ayrı-ayrı dövlətlər bu ölkədən turist cəlb etmək məqsədilə müxtəlif tədbirlər görürlər. Azərbaycan da dost ölkədən daha çox sayda turist cəlb etməkdə maraqlıdır. Respublikamızın geniş turizm cəlbediciliyi və yaradılan müasir infrastruktur bunu reallaşdırmağa imkan verir. Eyni zamanda, möhkəm daxili sabitlik, cəmiyyətimizin tolerantlığı və bu kimi digər amillər də Azərbaycanı xarici turistlər üçün cəlbedici məkana çevirir. Son vaxtlarda Azərbaycanın müvafiq qurumları Çində respublikamızın turizm imkanlarının təqdimatı ilə əlaqədar fəal iş aparırlar ki, bu da öz müsbət nəticələrini verir. Belə ki, Çindən ölkəmizə səfər edən turistlərin sayında yüksək artım dinamikası müşahidə edilir. Bunu rəqəmlərdən də görmək mümkündür. Ötən il Çindən Azərbaycana 44 min 798 turist gəlib. Bu, 2023-cü illə müqayisədə iki dəfə artım deməkdir. Eyni zamanda, respublikamızdan dost ölkəyə gedənlərin sayı da artıb. 2024-cü ildə Azərbaycandan Çinə 10 min 602 turist səfər edib. (2023-cü illə müqayisədə 90 faizdən çox artım). Şübhə yoxdur ki, viza rejiminin qarşılıqlı şəkildə ləğvi iki ölkə arasında turist axınına, bütövlükdə iqtisadi, mədəni əlaqələrin daha da genişlənməsinə güclü təkan verəcək.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
Gündəm
02 Oktyabr 12:41

Gündəm
02 Oktyabr 12:16

Gündəm
02 Oktyabr 11:56

Siyasət
02 Oktyabr 11:51

Siyasət
02 Oktyabr 11:24

Gündəm
02 Oktyabr 11:21

İqtisadiyyat
02 Oktyabr 10:49

Siyasət
02 Oktyabr 10:35

Analitik
02 Oktyabr 10:17

Analitik
02 Oktyabr 09:57

Analitik
02 Oktyabr 09:38

Siyasət
02 Oktyabr 09:35

Analitik
02 Oktyabr 09:31

Analitik
02 Oktyabr 09:14

Gündəm
02 Oktyabr 09:10

Sosial
02 Oktyabr 08:55

MEDİA
02 Oktyabr 08:22

Gündəm
02 Oktyabr 00:27

Sosial
01 Oktyabr 23:41

Gündəm
01 Oktyabr 23:29

YAP xəbərləri
01 Oktyabr 23:19

İdman
01 Oktyabr 23:13

Dünya
01 Oktyabr 22:48

YAP xəbərləri
01 Oktyabr 22:32

Elm
01 Oktyabr 22:09

Xəbər lenti
01 Oktyabr 21:46

YAP xəbərləri
01 Oktyabr 21:30

Sosial
01 Oktyabr 21:15

YAP xəbərləri
01 Oktyabr 20:41

Dünya
01 Oktyabr 20:14

Hadisə
01 Oktyabr 20:04

Dünya
01 Oktyabr 19:53

YAP xəbərləri
01 Oktyabr 19:36

YAP xəbərləri
01 Oktyabr 19:10

Gündəm
01 Oktyabr 18:58

YAP xəbərləri
01 Oktyabr 18:19

YAP xəbərləri
01 Oktyabr 18:05

YAP xəbərləri
01 Oktyabr 17:18

YAP xəbərləri
01 Oktyabr 17:10
YAP xəbərləri
01 Oktyabr 16:41

Hadisə
01 Oktyabr 16:37

YAP xəbərləri
01 Oktyabr 16:29

Gündəm
01 Oktyabr 16:21

Dünya
01 Oktyabr 15:40

Dünya
01 Oktyabr 15:21

Analitik
01 Oktyabr 15:17

YAP xəbərləri
01 Oktyabr 15:07

Gündəm
01 Oktyabr 14:55

Dünya
01 Oktyabr 14:39

Dünya
01 Oktyabr 14:17

Elm
01 Oktyabr 13:47

Sosial
01 Oktyabr 13:45

Hadisə
01 Oktyabr 13:43

İqtisadiyyat
01 Oktyabr 13:41

İqtisadiyyat
01 Oktyabr 13:39

Siyasət
01 Oktyabr 13:37

Dünya
01 Oktyabr 13:26

Dünya
01 Oktyabr 13:04

Dünya
01 Oktyabr 12:56

İqtisadiyyat
01 Oktyabr 12:19

Sosial
01 Oktyabr 11:47

Analitik
01 Oktyabr 11:24

Analitik
01 Oktyabr 10:48

Analitik
01 Oktyabr 10:15

MEDİA
01 Oktyabr 09:43

Analitik
01 Oktyabr 09:20

Sosial
01 Oktyabr 08:52

Sosial
01 Oktyabr 08:37

İdman
01 Oktyabr 08:00

İdman
01 Oktyabr 07:58
