Azərbaycan Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb
12.07.2025 [14:00]
Azərbaycan Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb.
AZƏRTAC müraciəti təqdim edir.
“Son illər Rusiya Federasiyası xarici siyasətdə təsir aləti kimi mediadan daha fəal istifadə edir. İnformasiya fəaliyyəti pərdəsi altında ictimai rəyin formalaşdırılması və suveren dövlətlərdə siyasi vəziyyətin sabitliyinin pozulmasına yönəlmiş genişmiqyaslı kampaniyalar aparılır. Başqa ölkələrin daxili işlərinə müdaxilə olan belə hərəkətlər yerli ictimai institutların fəaliyyətini pozur və hakimiyyətlərə etimadın səviyyəsini azaldır. Bu praktika Rusiyanın “Sputnik” agentliyinin və onun əməkdaşlarının fəaliyyətində özünü daha çox büruzə verir.
Rusiya Jurnalistlər İttifaqının “Sputnik Azərbaycan” agentliyinin əməkdaşlarının həbsi ilə bağlı beynəlxalq təşkilatlara, jurnalist və hüquq müdafiəsi assosiasiyalarına ünvanlanan məktubuna cavab olaraq, hadisələrin obyektiv mənzərəsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağı vacib hesab edirik.
Əvvəla, məktubda faktlar kobud şəkildə təhrif edilir ki, bu da beynəlxalq ictimai rəyi aşkar surətdə manipulyasiya etmək cəhdindən xəbər verir. Açıq məktubda yer alan ifadələrin əksinə olaraq, “Sputnik Azərbaycan”ın rəhbəri İqor Kartavıxın və böyük redaktor Yevgeni Belousovun saxlanılmasının onların jurnalistika sahəsində peşə vəzifələrini yerinə yetirmələri ilə heç bir əlaqəsi yoxdur. Xüsusi vurğulanmalıdır ki, həmin şəxslər Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FTX) ilə əməkdaşlıq ediblər və jurnalist fəaliyyəti ilə bağlı olmayan tapşırıqları yerinə yetirmək məqsədilə Azərbaycanda olublar. Bu baxımdan onların saxlanılması mövcud qanunvericiliyə tam uyğun və qanuni müstəvidə həyata keçirilən hüquqi tədbirdir.
Vəziyyəti daha dolğun şəkildə başa düşmək üçün diqqəti bir fakta cəlb etmək istərdik. “Sputnik Azərbaycan”a əvvəllər bir neçə il Rusiya xüsusi xidmət orqanlarının karyera zabiti, Baş Kəşfiyyat İdarəsi (QRU) ilə sıx bağlı olan Vitali Denisov rəhbərlik edib. Bundan əvvəl o, “Sputnik Cənubi Osetiya” agentliyinə, daha sonra isə “Sputnik Moldova”ya başçılıq edib. O, bu vəzifələrdə Rusiya xüsusi xidmət orqanlarının maraqları naminə həmin regionların media resurslarından yararlanaraq, Kremlin gündəliyinin təbliğinə yönəlmiş informasiya və təbliğat kampaniyalarına rəhbərlik edib.
Təxribat fəaliyyətinə görə Denisov Azərbaycandan və Moldovadan qovulub, bu isə bir daha təsdiq edir ki, cəmiyyəti məlumatlandırmaqdan uzaq olan vəzifələr çox vaxt jurnalist fəaliyyəti adı altında həyata keçirilir. Söhbət onları qəbul edən ölkələrin milli təhlükəsizliyinə təhdid yaradan əlaqələndirilmiş təsir və müdaxilə cəhdlərindən gedir.
“Sputnik” kimi psevdomedia strukturlarından alət kimi istifadə edən xüsusi xidmət orqanlarının bu cür iş üsulları suveren dövlətlərdə vəziyyətin sabitliyini pozmağa yönəlmiş daha geniş hibrid strategiyanın bir hissəsidir. Bu, Avropa Şurası, Avropa Parlamenti, “EUvsDisinfo” və EDMO kimi aparıcı təşkilatların beynəlxalq hesabatlarında öz təsdiqini tapır. Onlar “Sputnik”in sadəcə bir xəbər agentliyi deyil, digər ölkələrin daxili siyasi proseslərinə müdaxiləyə yönəlmiş Rusiya dezinformasiya kampaniyasının əsas aləti olduğunu qeyd edirlər.
Bu baxımdan “Sputnik”in fəaliyyətinə beynəlxalq ictimaiyyətin reaksiyası tamamilə təbiidir: agentliyin fəaliyyəti 32 ölkədə, o cümlədən Avropa İttifaqının 27 dövlətinin hamısında, həmçinin Ukrayna, Böyük Britaniya, Kanada, İsveçrə və Avstraliyada rəsmi olaraq qadağan edilib və ya bloklanıb. Rusiya Jurnalistlər İttifaqının öz ölkəsi daxilində jurnalistlərin təqib edilməsi və söz azadlığının məhdudlaşdırılması problemləri ilə ciddi məşğul olmaq əvəzinə, əslində bu aktual məsələləri lazımi diqqətdən kənarda qoyması dərin çaşqınlıq doğurur. Müstəqil media nümayəndələrinin çoxsaylı həbsləri, onlara sistemli təzyiqlər ictimai-siyasi diskursun son həddindədir.
1992-ci ildən bəri Rusiyada 50-dən çox jurnalistin öldürüldüyü barədə beynəlxalq jurnalist və insan haqları təşkilatlarının məlumatları da vəziyyətin nə qədər ciddi olduğunu təsdiqləyir. Eyni zamanda, bunun onların peşəkar fəaliyyəti ilə bağlı olduğuna dair əsaslı şübhələr var. Üstəlik, 2019-cu ildən 2024-cü ilə qədər ölkədə ən azı 26 jurnalistin saxlanılması və həbs olunması söz azadlığı və müstəqil jurnalistika sahəsində sistemli problemlərin davam etdiyini əyani şəkildə nümayiş etdirir. Beynəlxalq insan haqları təşkilatlarının hesabatlarında mütəmadi olaraq Rusiyada müstəqil jurnalistikanın genişmiqyaslı azalması qeyd olunur və ekspertlər təxminən 60-70 faiz rəqəmlərə istinad edirlər. Oxşar nəticələrə mötəbər mənbələrin materiallarında da istinad edilir ki, bu da ölkədə söz azadlığının boğulması istiqamətində sistemli və köklü tendensiyanın olduğunu göstərir.
Beləliklə, Yuri Şçekoçixin, Anna Politkovskayanın, Pavel Şeremetin, Pavel Xlebnikovun və bir çox başqa tanınmış jurnalistlərin səs-küylü qətli ilə bağlı məsələlər hələ də siyasi motivlərə görə açılmamış qalır. Rusiyanın Ukraynaya qarşı hərbi kampaniyası başlayandan sonra media üzərində senzura xeyli güclənib, istənilən alternativ mövqe fəal şəkildə yatırılır, öz fikirlərini bildirməyə çalışan jurnalistlər təqib olunur və həbs edilir.
Yuxarıda qeyd edilən faktlara baxmayaraq, Rusiya Jurnalistlər İttifaqı öz ölkəsində real risklərə məruz qalan müstəqil jurnalistlərin müdafiəsində eyni əzmkarlıq nümayiş etdirmək əvəzinə, casusluqda şübhəli bilinənləri dəstəkləməyə üstünlük verir.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin filialından başqa bir şey olmayan “Sputnik Azərbaycan” agentliyinin əməkdaşlarının saxlanılması ilə bağlı yaranmış vəziyyətdə beynəlxalq jurnalist və hüquq müdafiə təşkilatları, ilk növbədə, Rusiya Jurnalistlər İttifaqının təmsil etdiyi guya müstəqil jurnalist təşkilatlarının xüsusi xidmət orqanları ilə əlaqəsi, onların siyasi təsir və informasiya manipulyasiyası vasitəsinə çevrildiyi barədə düşünməlidir.
Biz beynəlxalq jurnalist və insan haqları təşkilatlarını bu cür informasiya təxribatına adekvat reaksiya verməyə və mediadan siyasi məqsədlər üçün istifadəni qətiyyətlə pisləməyə çağırırıq”.
Xəbər lenti
Hamısına baxGündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03

