Heydər Əliyev
yeni azerbaycan logo

Ad şərtidir

17.11.2023 [11:10]

Ən pis adı qoyub, ən yaxşı qəzeti buraxmaq olar...

Bu gün bir igidin ömrünə bərabər olan “525-ci qəzet”in nə az, nə çox, 31 yaşı tamam olur. Azərbaycan ədəbiyyatını, ziyalı fikrini, ziyalı düşüncəsini səhifələrində işıqlandıran 525-in çap mediasında xüsusi yeri və xidmətləri var. Qəzet ötən əsrin 1990-cı illərində Azərbaycanda nəşr olunan yeni qəzetlərdən biri olub. İlk sayı 1992-ci il noyabrın 17-də işıq üzü görüb. Baş redaktor Rəşad Məcid tərəfindən əsası qoyulan qəzet sonradan jurnalistika məktəbinə çevrilib. Yüzlərlə jurnalist bu qəzetin şinelindən çıxıb.

Rəşad Məcid rəhbərlik etdiyi qəzetin keçdiyi yol, üzləşdikləri çətinliklər və gələcək planları barədə “Yeni Azərbaycan”a danışıb.

Müsahibəni təqdim edirik:

- “525-ci qəzet”in 31 illik fəaliyyətini necə dəyərləndirirsiniz?

-”525-ci qəzet”in tarixi Azərbaycanın müstəqil mətbuat tarixi ilə üst-üstə düşür. Müstəqillik illərində qəzetlərin keçdiyi bütün ziqzaqlı yol demək olar ki, 525-in də həyatında baş verib. 1992-ci ildə qeydiyyatdan keçəndə 525-ci qeydiyyat nömrəsi ilə keçdik. Aradan illər keçəndən sonra həmin siyahıdakı qəzetlərin əksəriyyəti yoxa çıxsa da, bu illər ərzində 525 yaşadı, qəzetlər sırasında hər zaman ilk yerlərdə oldu. Bütün bunlar kollektivimizin yüksək səyi və əməyinin nəticəsi idi. 525 ziyalıların qəzetinə çevrilə bildi. Qəzetimizdə Azərbaycan mədəniyyəti, ədəbiyyatı, tarixi ilə bağlı dəyərli müəlliflərin yazıları çap olunur. Eyni zamanda, gənclərin yazılarına da üstünlük verərək nəsillərin vəhdətini yarada bilirik.

- Bu illər ərzində qəzet hansı çətinliklərlə üzləşib?

- “525-ci qəzet”in fəaliyyətinin ilk illərində Azərbaycan mətbuatında Dövlət sirlərini mühafizə edən Baş İdarə var idi. Qəzetimizin vərəqlərinin ağ çıxdığı vaxtlar olub. 1998-ci ildə ümummilli liderimiz Heydər Əliyevin Fərmanı ilə mətbuatda Dövlət sirlərini mühafizə edən Baş İdarə ləğv olundu, Azərbaycanda senzura tarixə qovuşdu. Həmin zamanlarda məmurlarla jurnalistlər arasında qarşıdurmalar olurdu və bu məsələlərin hər birində “525-ci qəzet” özünün təvazökar və orta rolunu həmişə oynayıb. Hazırda yeni media yaranıb və yeni media ənənəvi medianı bəzi hallarda sıradan çıxartmaqdadır. Buna baxmayaraq, “525-ci qəzet” bununla ayaqlaşmağa çalışır, qəzetimiz elektron versiyası olan qədim qəzetlərdən biridir. 2000-ci ildən saytımız var, eyni zamanda, çalışırıq ki, digər platformalarda da “525-ci qəzet”in nüfuzunu qoruyub-saxlaya bilək. Lakin zaman, informasiya texnologiyaları dəyişir və bizim üçün nə qədər acı və kədərli olsa da, qəzetlər artıq tarixə çevrilməkdədir. Ona görə də hazırda mətbuat formasını dəyişir, yeni media yaranır və biz də istəyirik ki, “525-ci qəzet” yeni mediada da əvvəlki nüfuzunu qoruyub saxlaya bilsin.

-31 yaşınızı xüsusi olaraq qeyd edəcəksiniz?

 -Əslində, qəzetimizin yaşını çox vaxt elə də böyük təntənə ilə qeyd etmirik. “525-ci qəzet”in 20 illik yubileyi keçiriləndə ölkəmizdə çox böyük rezonans doğurmuşdu. Yubileyimizə Azərbaycanda siyasi spektrin bütün nümayəndələri, mədəniyyət və incəsənət adamları toplaşmışdı. O zaman yubileyimizi “Gənclik sarayı”nda keçirmişdik. Sonrakı illərimizi isə xüsusi olaraq qeyd etmədik. Ancaq 25 illik yubileyimiz Bakı Dövlət Universitetində (BDU) baş tutdu. Bunun da mənası var idi, Azərbaycanın samballı universiteti bir qəzetin yubileyinin keçirilməsi üçün şərait yaratmışdı. 30 yaşımız isə AMEA-nın Ədəbiyyat İnstitutunda qeyd etmişdik. 31 yaşımızı isə kollektivimizlə birgə öz aramızda qeyd edəcəyik.

- Hazırda kollektiviniz neçə nəfərdən ibarətdir?

-Təxminən 20 nəfər işçimiz çalışır, lakin kənardan yazan müxbirlərimiz də var. Onlar mütəmadi olaraq 525-ə yazırlar, gücümüz çatdıqca qonorar da veririk.

-Qəzetin əməkdaşları arasında fikir ayrılıqları olurmu?

-Artıq kollektivimiz tam formalaşıb və bizdə demək olar ki, yekdil bir dünya baxışı olan insanlar cəmləşib. Cavan jurnalistlər üçün də mümkün şəraitlər yaradırıq. Hər halda onların emosionallığı, çılğınlığı və hər şeyə etirazını normal qəbul etməklə bərabər özümüzün təmkinli yolunu da onlara aşılamağa çalışırıq. Ona görə də ümumiyyətlə, bu illər ərzində 525-in kollektivində hansısa ciddi parçalanma olmayıb.

- Sizcə, Azərbaycanda “525-ci qəzet” deyəndə yada ən çox nə düşür?

-Çox insanlar var ki, “525-ci qəzet”in adı gələndə nostalji hislər yaşayırlar. Onlar 525-i qəzetçilik tarixinin salnaməsi kimi xatırlayırlar. 525 həm də mədəniyyət, ədəbiyyat və mənəviyyat qəzetidir.

- Ad seçimi də maraqlıdır...

- Əvvəlcə adı sözlə istəyirdik. İlk dəfə “Sabah” adını istədik. Məlum oldu ki, qeydiyyatdan keçib. Sonra “2x2” adını düşündük. O da qeydiyyatdan keçmişdi. Nəhayət, qeydiyyat nömrəsini götürərək “525” adını verdik. İndi dünyanın müxtəlif ölkələrində “525”in mənası sual olunur və biz də izah edirik. Adın özü də maraqlı gəlir və bunun da əhəmiyyəti var. Düşünürəm ki, ad şərtidir. Məsələn, ən pis adı qoyub, ölkənin ən yaxşı qəzetini çıxarmaq olar.

-Bir az da “525-ci qəzet”in çap mediasında rolundan danışaq...

-”525-ci qəzet”in ilk sayı nəşr olunanda mən gənclərə müraciət edib, “525 gənclərin qəzeti olacaq”,- demişdim. 525-də hər cürə ideyalar, təkliflərə yer verilirdi. İlk fəaliyyətə başladığı dövrdən bir çox yeniliklərlə, rubrikalarla, sərbəst, azad müsahibələrlə diqqəti çəkdi. Xatırlayanlar bilir ki, “525-ci qəzet” o dövr üçün orjinal, yeni, kreativ bir mətbuat orqanı oldu. Qəzet əksəriyyət tərəfindən sevilən, mərkəzçi mövqe tutan, çoxluqla yanaşı azlığın da fikrini ifadə edən, iqtisadi, siyasi, ədəbi məsələləri işıqlandıran, ənənə ilə müasirliyi birləşdirən nümunəvi bir mətbu orqandır.

-Çap mediasının inkişafı üçün nələrə diqqət edilməlidir?

-Qəzetlər həyatımızın bir tərkib hissəsidir. Nə qədər acı olsa da, son illər həmkarlarıma da deyirəm ki, yeni informasiya texnologiyalarının inkişafı, yeni media, informasiyanı adətən telefon vasitəsilə almağımız istər-istəməz kağız qəzetləri sıradan çıxarmaqdadır. Əlbəttə, çap medasının sıradan çıxması ilə bir çox janrlarımız sıradan çıxır. Çünki yeni mediada ancaq xırda xəbərlərə daha çox üstünlük verilir. Araşdırma yazılar, böyük həcmdə müsahibələr, köşə yazıları, samballı yazılar təəssüf ki, yeni mediada yoxdur. Bu baxımdan mətbuatda bir az bəsitləşmə və cırlaşma gedir. Əlbəttə ki, bu, bizi üzür, ona görə də çox arzulayardıq ki, qəzetlər formasını dəyişsə də, heç olmasa mahiyyət yeni mediada davam etsin. Bəzi onlayn media rəhbərləri hesab edirlər ki, qəzetlərə ayrılan maliyyə yardımı yeni mediaya ayrılarsa, orada hansısa uğurların şahidi olacağıq. Amma hesab edirəm ki, yeni mediada jurnalistin yetişməyi qəzetdə yetişməsindən fərqlidir. Jurnalistika təhsilindən sonra qəzet,  jurnalistləri yetişdirən ikinci məktəbdir. Ölkədə ictimai rəy yaradan, xalqın düşünən hissəsinin fikirlərini ictimaiyyətə çatdıran və bu fikirlərlə ictimai rəyə təsir edən məhz qəzetlərdir.

- Qəzetinizlə bağlı gələcək planlarınız nədir?

-Arzulayırıq ki, qəzetin yazılı forması hələ bir müddət davam etsin. Çünki oxucularımız sırasında yaşlı oxucular var ki, onlar yeni texnologiyalardan istifadə etmirlər. Bu tip oxucuları nəzərə alaraq hələ bir müddət qəzetlərin kağız variantının davam etməli olduğunu düşünürəm. Jurnalistlərimizin iqtisadi durumu, maaşları aşağıdır. Arzu edirəm ki, mətbuatımızda jurnalistlərin iqtisadi vəziyyəti yaxşılaşsın, reklam çox olsun və jurnalistlər ölkənin yaxşı qazanan insanları sırasında olsunlar.

Eyni zamanda, saytımızı da yeniləmişik, feysbuk, instaqram səhifələrimizi də gücləndirmək istəyirik ki, “525-ci qəzet”i yeni mediada qoruyub-saxlaya bilək.

Söhbətləşdi: Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 662 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Kuklaxana

03 May 11:00

İqtisadiyyat

Siyasət

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31