Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Fani dünyanın real obrazı

Fani dünyanın real obrazı

12.04.2023 [12:02]

Dünyanın ən xoşbəxt adamı İlqar Muradov

Günel ABBASOVA

İnsana ən gözəl yaraşan xüsusiyyət səbir və mülayimlikdir. Bu mənada Xalq artisti İlqar Muradovu xoşbəxt adam hesab etmək olar. Ən azından mən belə hesab edirəm. Əslində, onunla müsahibə hazırlamaq planım bir az da bu sirri aşkara çıxarmaqla bağlı idi. Mahnılarını sevərək dinlədiyim İlqar Muradovun kamera arxasında və səhnədə olan xarakteri ilə real obrazını qarşılaşdırmaq üçün günləri sayırdım. Nəhayət, söhbətimiz alınanda belə qərara gəldim ki, əslində, axtardığım kimi iki fərqli xarakter yoxdur, elə bir, vahid İlqar Muradov var. O da suallarımıza təmkinlə, səbirlə, səmimiyyətlə cavab verən İlqar Muradovdur...

- İlqar müəllim, əvvəla sizi salamlayır, qarşıdan gələn yubileyiniz münasibətilə təbrik edirik...

- Çox sağ olun, mən də sizi “Yeni Azərbaycan” qəzetinin 30 illik yubileyi münasibətilə təbrik edirəm. Düşünürəm ki, bu il ölkəmiz üçün olduqca əlamətdardır. Ümid edirəm, ilin davamı dövlətimiz adına gözəl hadisələrlə yadda qalacaq.

- Fevral ayında yubiley konsertiniz baş tutdu. Bir dəfə tarixi də dəyişməli oldunuz, ümumilikdə, konsert ürəyinizcə keçdimi?

- Konsertdən bir gün əvvəl saray çox soyuq idi. Deyəsən, bir qədər soyuqlamışdım. Düşünürəm ki, mən o konserti daha yaxşı ifa edə bilərdim. Ancaq yenə də Allaha çox şükür edirəm. Ümumiyyətlə düşünürəm ki, insanın bir əlində şükür, o biri əlində səbir olmalıdır.

- Konsertdən əldə olunan gəlirlərin bir hissəsini də Türkiyədəki zəlzələyə ianə edəcəyinizi demişdiniz...

- Müəyyən hissə Türkiyədəki zəlzələ ilə bağlı müvafiq qurumlara köçürüldü. Yaxşı oldu ki, konsert baş tutdu. Düzdür, konsert əhvali-ruhiyyəsi tam yox idi, ola da bilməzdi. Çünki qardaş ölkədə həmin zamanlarda böyük bir fəlakət baş vermişdi. Bu baxımdan ikinci dəfə də konserti ertələmək istəyirdim. Ancaq qərar verdik ki, repertuarda əsasən lirik mahnılar olduğundan konsertin baş tutması o qədər də böyük problem deyil.

- Deyirsiniz insan şükür etməlidir, sizcə, yetərincə səbirli adamsınız?

- Çalışıram səbirli olum. Bəzən kiçik bir hadisəyə dözümsüzlük nümayiş etdirirsən, bəzən də səbirli olmaqdan, hadisələrə həlimliklə yanaşmaqdan qürur duyursan.

- Bu gün hər kəsin əsas problemi zamanla bağlıdır. Sizdə necədir, vaxt sizi, yoxsa siz onu idarə edirsiniz?

- Əslində, işlərim proqramlaşdırılmış şəkildə irəliləyir. Konservatoriyada həftədə bir neçə gün dərs keçirəm, həm də ailəylə bağlı yerinə yetirməli olduğum bəzi işlər olur. Ancaq zamanımı proqramlaşdırmaq özümə məxsusdur. Əvvəllər vaxtımız daha çox idi. Məsələn, Bilyard Federasiyasının vitse-prezidenti olduğum dövrdə dostum Siyavuş Kərimi ilə tez-tez bu idmanla məşğul olurduq. İndi heç bilyarda da vaxt yoxdur. Amma çalışıram ki, vaxtdan səmərəli istifadə edim.

- Efirlərdə tez-tez görünməyə niyə üstünlük vermirsiniz?

- Bu bir tərəfdən vaxt məhdudiyyəti ilə bağlıdır, digər tərəfdən müəyyən verilişlərə konkret şəkildə getmirəm. Bir neçə gün əvvəl Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Azərbaycanda mahnıların monitorinqinin nəticələrini açıqladı. Bayağı mahnılarda Azərbaycan dilinin düzgün istifadə edilməməsi ilə bağlı məsələlərdən danışıldı. Orada da televiziyaların bu mahnıları təbliğ etməyi ilə bağlı çox söhbətlər oldu. Dövlət televiziyasında belə hallara rast gəlinmir, çünki nəzarət var. Ancaq bəzi özəl televiziyalar cəmiyyətin müəyyən hissəsini özünə cəlb etmək üçün bu təbliğat üsuluna əl atır.

- Bayağı mahnıların həm də yadda qalma problemi var. Belə mahnıları oxumağa həqiqətən ehtiyac varmı?

- Həmin mahnıları ifa edən insanlar daha çox şou-biznesə düşmək üçün bu addımı atırlar. Çoxları da bir mahnını özü yazır, bəstələyir, ifa və aranjeman edir. Bunun özü də bayağılığa gətirir. Ancaq elə dediyimiz kimi, bu ifalar tez bir zamanda da unudulur. Gərək gənclərimiz retro musiqilərə, zəngin xalq musiqilərimizə müraciət etsinlər.

- İlqar müəllim, belə qənaətə gəldim ki, siz çox milli ruhlu adamsınız. Bunu Azərbaycan dilinə olan münasibətinizdə də açıq şəkildə görmək olur...

- Elədir, orta məktəbi Azərbaycan bölməsində oxumuşam, amma rus dilini yaxşı bilirəm. Bu o demək deyil ki, hər yerdə bundan istifadə etməliyəm. Əslini danan haramzadadır deyirlər. Biz əvvəla öz dilimizi, musiqimizi, ədəbiyyatımızı, tariximizi bilməliyik. Çox şükür ki, bu üstünlüklərin qədrini bilirik və öz dəyərlərimizi sevirik.

- İnsan doğulduğu məkanın kodları ilə də səsləşir. Naxçıvanın həyatınızda və sənətinizdəki yeri nədir?

- Hər bir insanın doğulduğu, yaşadığı məkan ona əziz və doğmadır. Mən orta məktəbi, musiqi məktəbini və universitet təhsilini Naxçıvanda almışam. Düzdür, Bakıya gəldiyim üçün universiteti qiyabi oxudum. Ancaq ilkin ibtidai musiqini Naxçıvanda olduğum zamanlarda anamdan öyrənmişəm. O, musiqiçi olmasa da, çox böyük musiqi talantı və gözəl səsi olub.

- “Bu dünyanı nağıl bilək” deyən, bu ifadələrlə dinləyicilərini nağıllar aləminə aparan İlqar Muradovun gözündə dünya necədir?

- Dünya haqqında o qədər şeirlər yazılıb, mahnılar ifa edilib. Mənə görə, Məmməd Arazın şeirində də deyildiyi kimi dünya heç kimin deyil. İnsanlar sadəcə bu dünyada etapla yaşayır. İnsanın həyatda yaşadığı müddət o qədər vacib deyil. Əsas bu müddəti necə yaşaması ilə bağlıdır.

- Yəni?..

- Yəni, Allah insanı yaradır və onu bir imtahana tutur. Ona görə də azad və insanları sevərək yaşamaq həm də öz ətrafındakı yaxınlarını qorumaqdır. İnsanın həyatda düşməni yoxdursa, deməli, o, xoşbəxtdir. Əslində, nağıl məsələsi hər insanın həyatında var. Mənim üç övladım var, onlarla bağlı nağıl kimi düşüncələrim var idi. Dünya isə həqiqətən nağıla bənzəyir. Həyata gəlmişik, onu çox da ciddiyə almadan nağıl kimi yaşamaq lazımdır.

Onu da qeyd edim ki, Kəmalə Əbiyevə və Aygün Səmədzadənin əsəri olan bu mahnı mənə çox böyük uğur gətirib.

- Bəstəkar seçiminə necə qərar verirsiniz?

- Professionalların hər biri dostlarımızdır, bu baxımdan onlara daha çox etimad edirik. Ancaq gənclərə də yer veririk. Elə konsertimizdə də bir neçə gənc bəstəkarımızın bəstəsini ifa etdim, həmin mahnıları hazırlayıb təqdim edəcəyik.

- İndi klassik janra üstünlük verirsiniz, ancaq əvvəllər xalq mahnılarını da ifa etmisiniz...

- Hazırda bəzi xalq mahnlarının üzərində işləyirik. Xalq mahnıları ruhuma daha yaxındır, onları çox sevirəm, çoxunu da ifa etmişəm. Hələ ki, əksəriyyətini lentə almamışam. Hətta gəncliyimdə ifa etdiyim və xüsusi yadda qalan “Ay Laçın” xalq mahnısını Norveç xoru ilə birgə hazırlamışdıq.

- “Bir ömrün nəğməsi” sizin ən çox sevilən ifalarınızdan biridir. Mahnını ilk ifa edəndə bu qədər bəyəniləcəyini düşünmüşdünüz?

- Əslində, hansısa mahnını yazanda elə olmayıb ki, oturum ona qulaq asım. Ancaq bu mahnıya dəfələrlə qulaq asmaq istəyirdim. Hətta dostlarıma da deyirdim ki, bu mahnı seviləcək. Elə də oldu. “Bir ömrün nəğməsi”ni hər yaş nümayəndəsi sevir. Mən ifa etdiyim mahnıları İlqarlaşdırıram, çox da yaxşı alınır. Bu da ondan irəli gəlir ki, mən Azərbaycan musiqisini yaxşı tanıyıram.

- O da bəlkə balacalıqdan yaranıb...

- Əlbəttə, musiqi mənim qanımda, canımda var.

- Bu gün məşhurluğu əldə etmək asan olsa da, saxlamaq çətindir. İlqar Muradov məşhurluğunu necə qoruyub saxlayır?

- Açığı, həyatımda heç vaxt nəyisə qorumaq, nəyəsə çatmaq arzusunda olmamışam.

- Yəni, hər şey öz axarı ilə gedib...

- Bəli, həyatda hər şey öz yolunu tapır. Bu gün dövlətimiz də, xalqımız da mənə böyük dəyər verirsə, bu mənim üçün şərəfdir. Nəyisə qorumağa da çalışmamışam, necə varamsa, elə yaşamışam və öz işimlə məşğul olmuşam. Mən deyərdim, tədricən öz sənətimi nümayiş etdirdikcə xalq özü məni qoruyub. Bu çox böyük xoşbəxtlikdir.

- Bəs, bu yolda çətinliyiniz olubmu?

- Həyatda çətinlik yaşamayan insan yoxdur. Amma səbir və şükür məsələsi burada da rol oynayıb. Ətrafımda olan dostlarım mənə dəstək olub, eyni zamanda onlardan öyrənə-öyrənə gəlib bu mərhələyə çatmışam.

- Artıq həyat yolunda da müəyyən bir mərhələyə çatmısınız, yaşa dolmaq sizi qorxutmur ki?

- Yaşa dolduqca ucalır insan... Mən düşünmürəm ki, 65 yaş qocalıqdır. Bu elə bir yaşdır ki, ağsaqqallığa doğru gedirsən. Artıq gəncliyi və orta yaşı geridə buraxırsan. Yəqin ki, tədricən yaş artdıqca qocalığı hiss edəcəyəm.

- Kişilər yaşa dolduqca mənəvi baxımdan güclənir?

- Bəli, fikir və ideya barədə güclənir. Orqanizm ola bilsin ki, zəifləyir, tez-tez xəstələnir. Bu mənada fiziki zəifləyə bilər, ancaq mənəvi olaraq təkmilləşir və böyüyür.

- Yaşa dolduqca insanın həyat eşqi azalır?

-  Yox... Həyat həmişə gözəldir. Yaşadıqca gözəlliklər artır. Yaşa dolduqca nəvələrin böyüməyi insanı daha da yaşamağa çağırır.

- Repertuarınızda sevgi mahnıları üstünlük təşkil edir. Bu məqamın şəxsi həyatla bağlılığı varmı?

- O mahnılarda sevgi var və əksəriyyəti sevgi ilə bağlıdır. Həyatın gedişatı da sevgi ilə bağlıdır. Sevməsən necə ifa edə bilərsən, necə yaza bilərsən?! Sevgi həm mahnılarımda, həm də həyatımdadır. Mənim çox xoşbəxt ailəm var.

- Deyirlər, insan layiq olduğu həyatı yaşayır. Bəs İlqar Muradov layiq olduğu, yoxsa arzusunda olduğu həyatı yaşayır?

- Hər kəs layiq olduğu həyatı yaşayır. Əgər layiq olmasaydım, Allah məsləhət bilməsəydi, mən İlqar Muradov olmazdım. Belə dövlətli də olmazdım. Mənim dövlətim xalqımız, sevənlərimdir. Bu sevgi mənim ən böyük var- dövlətimdir.

- İlqar Muradovun həyatda hansısa peşmanlığı olubmu?

- Kiçik məqamlarda, vaxtdan düzgün istifadə etməməklə bağlı peşmanlıqlarım olub. Ancaq böyük peşmanlıqlarım yoxdur.

- Sizin aktyorluq qabiliyyətiniz də yaxşıdır. Bunun necə fərqinə vardınız?

- Mən heç özüm də bilməzdim ki, belə qabiliyyətim var. Rejissor Yavər Rzayevin vəsiləsi ilə oldu. O məni təkid etdi ki, sən filmdə bu obraza çəkilə bilərsən. Professionallar da izləyəndə çox bəyəndi. Çingiz Abdullayev vurğulamışdı ki, Dronqo kimi ən bəyəndiyimiz xarakter İlqar Muradov oldu.

- Qəhrəman sizin real xarakterinizə də bənzəyir...

- Bəli, geyimlərimiz də çox oxşayır, elə rejissor da bu baxımdan məhz mənim çəkilməyimi istəmişdi.

- Yenidən filmə çəkilmək barədə düşünürsünüz?

- Dronqo olsa çəkilərəm, çünki belə danışmışıq.

- Yaradıcılıq planlarınızla bağlı nə deyə bilərsiniz?

- Naxçıvan və Gəncədə konsert planlarımız var. Bakıda zəlzələ ilə bağlı qısa konsert proqramı olmuşdu. Yəqin orada geniş proqramlar olacaq. Ola bilsin ki, yaxın gələcəkdə təklif edilən “Əgər” mahnısına da klip hazırlansın. Bununla yanaşı Ulu Öndərin 100 illiyi ilə bağlı çox proyektlər var. Hər birinin adını demək istəmirəm.

- Doğum gününüz ərəfəsində konsert gözlənilir?

- Bilirsiniz, mən tənbəl musiqiçi deyiləm, ən azından ildə iki dəfə konsert proqramı ilə çıxış etməyi üstün tuturam. Bu baxımdan qismət olsa, çatdıra bilsək, həmin ərəfədə konsert planım var.

- O zaman yubiley konsertinizdə görüşərik...

- Mütləq...

Paylaş:
Baxılıb: 1101 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Birləşmək amalı

04 Oktyabr 14:53

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Sosial

Sosial

4 il əvvəl, 4 oktyabrda...

04 Oktyabr 08:18  

Dünya

Dünya

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31