Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / AXC tarixinin gizli qalan gerçəkləri

AXC tarixinin gizli qalan gerçəkləri

10.01.2023 [10:15]

İrəvan ermənilərə necə peşkəş edildi?

Böyük hədəflərimizə doğru

İrəvanın ermənilərə peşkəş edilməsi mayın 29-da baş verib. Bəs Ermənistan müstəqilliyini mayın 28-də elan edəndə onun paytaxtı hansı şəhər idi?

Tariximizdə şanlı səhifələr də olub, qara səhifələr də. Ancaq tarix heç vaxt təhrif edilməməli, olduğu kimi yazılmalı və gələcək nəsillərə çatdırılmalıdır. Təəssüf ki, bir sıra hallarda biz tariximizə subyektiv və yaxud selektiv yanaşmanın şahidi oluruq-faktlar, hadisələr birtərəfli qaydada ya müsbət, ya da ki mənfi prizmadan təqdim olunur. Götürək, elə 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə yanaşmanı. Bu, elə də uzaq bir tarix deyil. O dövrdə baş verənlərin, AXC-nin fəaliyyətinin üstündən bizi cəmi bir əsrlik zaman fasiləsi ayırır. Eyni zamanda, AXC-nin fəaliyyəti, o dövrdəki geosiyasi proseslər, imperialist güc mərkəzlərinin Qafqazlardakı kəsişən maraqlarına aid çoxsaylı arxiv materialları var. Bununla belə, AXC-nin qısa mövcudluğu dövründə fəaliyyətinin müəyyən məqamları gizli saxlanılır və yaxud hansısa sehirli əl vasitəsi ilə pərdələnir. Həmin məqamların üstündən vaz keçilməsi isə son nəticədə bizim özümüzə ziyan gətirir, düşmənlərimizin əlinə yeni-yeni fürsətlər verir. AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri Cəbi Bəhramovla AXC-nin qərarı ilə İrəvanın Ermənistana verilməsi ətrafında müzakirələr apardıq.

- Cəbi müəllim, Prezident İlham Əliyev  bir qədər bundan əvvəl Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdəki nitqində AXC tərəfindən zamanında İrəvanın Ermənistana verilməsinə Özünün obyektiv baxışını ortaya qoydu - bunu böyük səhv kimi dəyərləndirdi. Ancaq biz görürük ki, bu məsələni ört-basdır etməyə çalışanlar da var. Əslində, nə baş verib?

- Heç kəs 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki müsbət rolunu inkar edə bilməz. AXC dövlət quruculuğunda, idarəetmədə bir sıra yeni, mütərəqqi ənənələrin əsasını qoyub. Biz fəxr edirik ki, xalqımız Şərqdə ilk demokratik respublika qurub. Bu gün müstəqil respublikamız, xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə böyük hörmətlə yanaşır.

2018-ci ilin respublikamızda “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi dövlətimizin AXC-nin Azərbaycanın dövlətçilik tarixindəki yerinə və roluna verdiyi böyük önəmin ifadəsidir. Öz növbəsində Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, qısamüddətli fəaliyyəti haqqında dəfələrlə öz fikirlərini bildirib. Dövlətimizin başçısı Azərbaycan Demokratik Respublikasının qurucularının xidmətlərini də dəfələrlə yüksək qiymətləndirib. Prezident İlham Əliyev zamanında İrəvanın Ermənistana verilməsinə münasibətini isə belə ifadə etdi: “1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi - İrəvanı Ermənistana faktiki olaraq bağışlamışdır. Bu, bağışlanmaz bir addım idi, bu, xəyanət idi və cinayət idi. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir. Biz heç vaxt tariximizi təhrif etməməliyik”.

Hesab edirəm ki, dövlət başçımızın bu dedikləri AXC dövründə baş verənlərə ən düzgün və ən obyektiv yanaşmadır. Zamanında İrəvanın Ermənistana verilməsində bir sıra hüquqi pozuntular yaşanıb. O dövrdə şəhərin sakinlərinin böyük əksəriyyətini azərbaycanlılar təşkil edirdi. Ancaq bəhs olunan qərarla bağlı xalq arasında sorğu aparılıbmı? Referendum keçirilibmi? Bu regiondan - İrəvan quberniyasından olan üç deputat - Mir Hidayət Seyidov, Bağır bəy Rzayev və Nəriman bəy Nərimanbəyov Müsəlman Milli Şurasının iclaslarında iki dəfə etirazlarını bildiriblər ki, siz bu məsələni müzakirə edərkən ilk növbədə orada yaşayan insanların fikrini soruşmalısınız. Onların etiraz ərizələri  müzakirəyə belə çıxarılmayıb. Bundan başqa, Cənubi Qafqaz Seyminin həmin məsələnin müzakirə edildiyi iclasında 44 nəfərdən cəmi 20-si iştirak edib. Yəni qərar verilərkən heç bir hüquqi qayda gözlənilməyib. İndi müxtəlif bəhanələr gətirilir, deyilir ki, guya AXC-yə təzyiqlər olub. Bunlar doğru deyil. Qeyd etdiyim kimi, müzakirələr zamanı üç deputatın etirazı nəzərə alınmayıb, iclasda müzakirələrə qatılan 20 deputatdan da cəmi  16-sı məsələnin lehinə səs verib, 3 nəfər bitərəf qalıb, 1 nəfər əleyhinə səs verib. İclasın protokolunda da saxtakarlıq edilib. Yazılır ki, guya müzakirələrdə 28 nəfər iştirak edib.

Digər bir məsələ ondan ibarətdir ki, həmin dövrdə Osmanlı Türkiyəsi müxtəlif variantlar təklif edirdi. O cümlədən ermənilərin xəyanətinin qarşılığında onların iddia etdikləri ərazilərin Gürcüstan və Azərbaycan arasında bölünməsi təklifi irəli sürülürdü. Vəd olunurdu ki, ermənilər etiraz edəcəkləri təqdirdə Türkiyə Azərbaycan hökumətinin yanında olacaq.  Həmin dövrdə Ənvər paşa da Tələt paşa ilə eyni mövqedən çıxış edərək, Qafqazda erməni dövlətinin yaranmasına imkan verilməməsini tövsiyə edirdilər. Ancaq  Milli Şuranın 11 nəfər üzvü Tələt paşaya və Ənvər paşaya məktub yazırlar ki, ermənilərə torpaq güzəştə getməsək, onlar bizi qıracaqlar. O dövrdə ermənilər Türkiyə ərazilərinə də iddia edirdilər. Belə bir mürəkkəb dövrdə ermənilər gözləyirdilər ki, Azərbaycan tərəfi haranı güzəştə gedəcək. İrəvanın ermənilərə peşkəş edilməsi mayın 29-da baş verib. Bəs Ermənistan müstəqilliyini mayın 28-də elan edəndə onun paytaxtı hansı şəhər idi? Ənvər paşa, Tələt paşa məktublarında israr edirdilər ki, getməyin bu güzəştə. Hətta onlar Türkiyə üçün başağrısına çevrilən Bolqarıstanı nümunə gətirirdilər. Bildirilirdi ki, Ermənistanın müstəqil dövlət yaratmasına imkan verilərsə, bu dövlət sonradan havadarları olan imperialist güc mərkəzlərinə söykənməklə Türkiyə üçün irinli bir çibana çevriləcək. Biz indi bunun şahidi oluruq. Faktiki olaraq Azərbaycan ərazilərində yaradılan Ermənistan həm Azərbaycana, həm də Türkiyəyə qarşı ərazi iddiaları sərgiləyir.

- İrəvanın ermənilərə güzəştə gedilməsi nə ilə əsaslandırılırdı? Ermənilər üzərlərinə hansısa öhdəliklər götürmüşdülərmi?

-Bir çoxları tarixi şəhərimiz olan İrəvanın Ermənistana verilməsini müxtəlif səbəblərlə izah edir və buna haqq qazandırmağa çalışırlar. Ancaq heç bir izahat qəbul edilən deyil, çünki ermənilər bu addımla kifayətlənməmişlər. Prezident İlham Əliyev bəhs olunan görüşdə bildirib: “Əgər kimsə hesab edirdi ki, İrəvanı orada yaşayan insanlardan xəbərsiz öz doğma diyarından məhrum etməklə Ermənistan və ermənilər kifayətlənəcək, böyük səhv edirdi və sonrakı tarix bunu bir daha göstərdi.

1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər. Bu, xalqımıza qarşı növbəti cinayət idi. Bunun da məqsədi tam aydın idi. Birincisi, erməni millətçiləri sovet hökumətində mühüm vəzifələrdə idi. Digər tərəfdən, Azərbaycanı Naxçıvandan və Türkiyədən coğrafi nöqteyi-nəzərdən ayırmaq üçün atılmış bir addım idi”.

İrəvanın güzəştə gedilməsi və İrəvan bölgəsində erməni dövlətinin yaradılması müqabilində Ermənistan Respublikası Türkiyə və Azərbaycan qarşısında öz üzərinə aşağıdakı öhdəlikləri götürmüşdü:

1. Ermənilər türk-müsəlmanlara qarşı düşmənçiliyi aradan qaldırmalı, erməni hərbi hissələrini Bakıdan çıxarmalı və Şaumyanla əlaqəyə girib Bakıdakı müsəlman əhalinin təhlükəsizliyini təmin etməli idilər;

2. Azərbaycan qəzalarında erməni silahlı birləşmələri tərəfindən müsəlmanlara qarşı həyata keçirilməkdə olan kütləvi qırğınlar dayandırılmalı idi;

3. Ermənistan hökuməti İrəvanda və yeni yaradılan erməni dövlətinin digər ərazilərində qalan müsəlmanların sərbəst dini ibadət, mədəniyyət, siyasi və ana dilində təhsil almaq hüquqlarını təmin etməli idi;

4. Ermənilər Yelizavetpol quberniyasının bir hissəsinə, konkret olaraq Qarabağa olan ərazi iddialarından imtina etməli idilər.

Bütün bu öhdəliklər tərəflər arasında imzalanan razılaşma, protokol və 4 iyun 1918-ci il tarixli Osmanlı-Ermənistan “Sülh və Dostluq” müqaviləsi və əlavə müqavilələrdə və Aleksandropol protokollarında təsbit edildi. Bununla belə,  ermənilər məqsədlərinə nail olduqdan sonra bu öhdəliklərin heç birini yerinə yetirmədilər. Heç bir halda ermənilərin hiylələrinə və vədlərinə aldanmaq olmazdı. Nə qədər çətin proseslər getsə də, qətiyyət göstərilməli idi. Mən AXC-nin məlum qərarına hansısa bir formada haqq qazandıranlara sual verirəm: Bu gün biz İrəvana, Göyçəyə, digər tarixi torpaqlarımıza gedə bilirikmi? Yox! Bu gün tarixi torpaqlarımızda bir nəfər də olsun azərbaycanlı yaşayırmı? Yox! Prezident İlham Əliyevin bildirdiyi kimi, ermənilər İrəvanın onlara güzəşt edilməsi ilə nəinki kifayətlənmədilər, hətta daha böyük iddialar irəli sürdülər, ölkəmizə qarşı işğalçılıq siyasəti həyata keçirdilər. Hətta 44 günlük müharibədəki sarsıdıcı məğlubiyyətdən də dərs almayıblar, yenə də absurd iddialarını səsləndirirlər. Prezident çox doğru olaraq tarixin qaranlıqlarını işıqlandırır. Bəzilərinin isə sanki qarınlarına sancı dolub. Burada heç də söhbət cümhuriyyəti yaradanları ittiham etməkdən getmir. Mən tarixə istinad etmək istəyirəm: Biz görürük, Fransanın və yaxud başqa bir Avropa dövlətinin ərazilərini bölmək olmaz. Azərbaycana gəldikdə isə, bu, niyə məqbul sayılmalıdır?  Biz 1905-1906-cı illərdə Bakıda, Şuşada ermənilərə layiqli şəkildə cavablarını verirdik. 1918-ci ildə isə söhbət müstəqil dövlətimizin yaradılmasından gedirdi. Deməli, daha qətiyyətli olmalı idik. İndi bəziləri iradlar səsləndirirlər, AXC-ni kortəbii olaraq müdafiə edirlər. AXC-yə belə müdafiə heç lazım da deyil. Prezident İlham Əliyev tarixə obyektiv qiymətini verib. Söhbət 44 günlük müharibəni Qələbə ilə başa çatdıran dövlət başçısının iradəsindən gedir. Yaddan çıxarmamalıyıq ki, ölkəmiz bu müharibəni heç də kiçik, zəif Ermənistana qarşı yox, həm də bu ölkəyə havadarlıq göstərən böyük güclərə qarşı aparıb və bütün müqavimətləri qıraraq özünün ərazi bütövlüyünə nail olub. Biz tariximizi gələcək nəsillərə olduğu kimi çatdırmaqla özümüzü növbəti faciələrimizdən hifz etmiş oluruq. Dövlət başçımızın yanaşması da məhz bu məqsədə xidmət edir. Saxta qəhrəmanlar həmişə olub. Biz onlara öz yerlərini göstərməliyik və göstəririk də.

- İrəvanın ermənilərə güzəştə gedilməsinə etiraz edən üç nəfərin adı tarix dərslərinə niyə salınmır?

- Mən onların AXC-nin məlum qərarına etirazlarını bildirmələrinə diqqət çəkdim. Onların adlarının tarix dərsliklərinə salınmaması manqurt düşüncəli insanların, saxtakarların əməllərinin nəticəsidir. Azərbaycan Prezidenti mükəmməl bir siyasətçidir, hər dövlətin rəhbəri ilə öz dilində danışmağı bacarır, ölkəmizin milli maraqlarını qətiyyətlə qoruyur. Avropa dövlətlərinin rəhbərləri Prezident İlham Əliyevin qoca qitəni fəth etməsindən heyranlıqla danışırlar, Onun uğurlarına təəccüblərini bildirirlər. Belə bir siyasətçinin yanaşması, mövqeyi ortada ikən bəzi saxtakarların

AXC-nin yalançı müdafiəçilərinə çevrilmələrinə ad tapmaq mümkün deyil. Azərbaycanda xalq Prezidenti sevir və Onu yekdilliklə dəstəkləyir. Təəssüf ki, bununla yanaşı, son 200 ildə olduğu kimi, yenə də Azərbaycana xələl gətirənlər var içimizdə. Onlar gerçək tariximizin dərsliklərə salınmasını və gənc nəslə çatdırılmasını da istəmirlər. Yəqin ki, bundan sonra belələrinin “fəaliyyətlərinin” qarşısı da birdəfəlik alınacaq.

- Ayrı-ayrı alimlər AXC-nin tarixini araşdırıblar. Onlar yeni hansısa məqamları üzə çıxarmağa nail olublarmı?

- Buraxılan səhdlərə baxmayaraq, ölkəmizin uğurlarında alimlərimizin əməyi çox böyükdür. Mən özüm və digər alimlərimiz müxtəlif beynəlxalq tədbirlərdə faktlara istinad etməklə əsaslandırmışıq ki, havadarları olmasaydı, ermənilərin faşizm ideologiyasına əsaslanan siyasəti bu qədər geniş miqyas almazdı. Azərbaycan alimləri ideoloji müstəvidə böyük xidmətlər göstəriblər. Erməni alimləri olmayan “faktlara” istinad edirlər, saxta tarix yaratmağa çalışırlar. Bizim alimlərimizin araşdırmaları isə tarixi həqiqətlərə söykənir. AXC-nin fəaliyyəti ilə bağlı bir çox alimlərimiz araşdırmalar aparıblar. Xüsusilə də Vasif Qafarovun “Türkiyə-Rusiya münasibətlərində Azərbaycan məsələsi” kitabında həmin fəaliyyətin obyektiv təqdimatını görə bilərik. Əlbəttə, indiyədək, bu sahədə boşluqlar olub. Hesab edirəm ki, indi meydanda bir çoxlarının fəallaşmaları və AXC-nin boğazdanyuxarı müdafiəçilərinə çevrilmələri də məhz bu boşluqların nəticəsidir.

- Qərbi Azərbaycan İcmasının tərkibində Elm Komissiyasının yaradılmasında məqsəd nədən ibarətdir? Qarşıda hansı hədəflər dayanır?

- Bəli, artıq Qərbi Azərbaycan İcmasının tərkibində belə bir komissiya yaradılıb və mən də həmin komissiyanın üzvüyəm. Biz tarixi ərazilərimiz, abidələrimiz, milli miraslarımız, coğrafiyamız, ümumiyyətlə, bütün sahələr üzrə faktları elmi təsdiqdən, ekspertizadan keçirməliyik ki, qarşı tərəfi himayə edənlər ortaya heç bir arqument qoya bilməsinlər. Biz sənədlərlə işləyirik. Fərq eləmir, tarix boyunca neçə nəfər azərbaycanlı erməni vəhşiliyinin qurbanına çevrilib. Cinayətin mahiyyətini açmalıyıq, erməni faşizminin mahiyyətini, içini göstərməliyik. Mənim qənaətim belədir ki, faşizmin, nasizmin baniləri ermənilərdirlər. Ermənilər XIX əsrin əvvəllərində Zəngəzurda, Şimali və Cənubi Azərbaycanda, İrəvanda azərbaycanlılara qarşı tarixin şahidlik etmədiyi ən qəddar işgəncə və təhqir üsullarına əl atıblar. Almaniyanın tarixində belə ermənilərin azərbaycanlılara qarşı cinayətlər törədilməsinə dair faktlarla üzləşmirik. Ermənilər insanlıq və bəşəriyyət əleyhinə bir ilkə imza atıblar, insanafobiya cərəyanı yaradıblar. Acı həqiqətdir ki, bunun eksperimentlərini də azərbaycanlılar üzərində reallaşdırıblar. Nasistlər özlərinin müxtəlif xalqlara qarşı bəd əməllərini məhz onlardan əxz ediblər. Biz bununla bağlı kitab da nəşr etdirmişik. Bu kitabda erməni faşizminin nasistlər üçün necə bir “məktəb” olduğunun təfərrüatlarına varmışıq. Biz indi işin başlanğıcındayıq. Prezident İlham Əliyev Onun üçün özəl bir gündə-ad günündə Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşə gələrək hədəfləri bizə nişan verdi. Qarşıda bizi gərgin fəaliyyət gözləyir. Çiyinlərimizi çox ağır, lakin şərəfli, xalqımız, doğma Azərbaycanımız üçün vacib bir işin altına vermişik.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 772 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Birləşmək amalı

04 Oktyabr 14:53

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Sosial

Sosial

4 il əvvəl, 4 oktyabrda...

04 Oktyabr 08:18  

Dünya

Dünya

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31