Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Qazanılmış uğurlar Azərbaycan Prezidentinin İKT-nin inkişafına göstərdiyi yüksək diqqətin təzahürüdür

Qazanılmış uğurlar Azərbaycan Prezidentinin İKT-nin inkişafına göstərdiyi yüksək diqqətin təzahürüdür

30.12.2010 [09:40]

Əli Abbasov: Son illər ərzində həyata keçirilmiş məqsədyönlü fəaliyyət nəticəsində ölkəmizin İKT sahəsində əldə etdiyi uğurlu nəticələr dünyanın müxtəlif nüfuzlu təşkilatları tərəfindən təşviq olunmuş, keçirilən beynəlxalq tədbirlərdə bu nəticələr digər ölkələrə nümunə olaraq təqdim olunmuşdur
Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov www.yap.org.az saytına müsahibə verib:
- Cənab nazir, artıq 2010-cu ili başa vurmaq üzrəyik. Bu il də ölkəmiz üçün uğurlu illərdən biri olub. İnformasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunda da uğurlu nəticələr əldə olunub. Həyata keçirilən işlərlə bağlı nə deyə bilərsiniz?
- öncə qeyd edim ki, digər sahələrdə olduğu kimi, rabitə və informasiya texnologiyaları sektorunun sürətli inkişafı və müasir dövrün tələblərinə uyğun qurulması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Xüsusi qeyd etmək lazımdır ki, Ulu öndər Heydər Əliyevin 2003-cü il 17 fevral tarixində imzaladığı “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” 10 il müddətində müasir informasiya texnologiyalarının Azərbaycanda tətbiqi sahəsində prioritet vəzifələri müəyyənləşdirmişdir. Bu strategiyadan irəli gələn vəzifələr hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla yerinə yetirilir.
Azərbaycanın sürətli iqtisadi inkişafı konkret olaraq 2003-2009-cu illəri əhatə edir. Təbii ki, bu mərhələnin inkişaf göstəricilərində informasiya-kommunikasiya texnologiyaları sektorunun da özünəməxsus payı var. Təsadüfi deyil ki, möhtərəm Prezidentimiz İlham Əliyev səlahiyyətlərinin icrasına başladıqdan sonra - 2003-cü ilin dekabrında ilk xarici səfəri çərçivəsində Cenevrədə keçirilən informasiya cəmiyyəti üzrə ümumdünya sammitində iştirak etmiş, informasiya-kommunikasiya sektorunun əsas inkişaf tezisini ortaya qoymuşdur. Möhtərəm Prezidentimizin səsləndirdiyi “qara qızılı insan qızılına çevirək” tezisi inkişafın prioritet istiqamətlərini müəyyənləşdirmişdir.
2003-2009-cu illər ərzində möhtərəm Prezidentimiz cənab İlham Əliyev İKT-nin inkişafını nəzərdə tutan iki mühüm dövlət proqramı imzalamışdır. ümumi bazanın yenidən qurulub təkmilləşməsi məqsəd kimi qarşıya qoyulmuş, islahatlar, özəlləşdirmə, liberallaşdırma, mütəşəkkil qaydada tənzimləmə siyasəti həyata keçirilmişdir. Qazanılmış uğurlar Azərbaycan Prezidentinin İKT-nin inkişafına göstərdiyi yüksək diqqətin təzahürüdür. Bu tədbirlərin nəticəsi olaraq son illər Azərbaycanda İKT sektoru üzrə yüksək göstəricilər əldə olunmuşdur. Belə ki, bu sektor 6 ildə 5 dəfə böyümüş, 2009-cu ili çıxmaq şərti ilə illik artım tempi orta hesabla 30-32 faiz olmuşdur. Onu qeyd edim ki, bu, müvafiq ümumdünya orta göstəricisindən 3 dəfə böyükdür.
Artıq Azərbaycan əhalisinin təxminən 50 faizi internet istifadəçisidir. Genişzolaqlı internetə çıxış 12 faiz təşkil edir və bu da ümumdünya orta göstəricisini təxminən 2 dəfə qabaqlayır. Haşiyə çıxaraq qeyd edim ki, bu hesablamalar Beynəlxalq Telekommunikasiya İttifaqının metodikası əsasında aparılır. Bu uğurlu statistik göstəricilərin siyahısını davam etdirsək deyə bilərik ki, ölkənin rabitə sisteminin müasir dünya standartları səviyyəsinə çatdırılması, müasir texnologiyaların tətbiqi mühüm məsələ kimi rabitə birlik və müəssisələri qarşısında qoyulmuşdur. Aparılan məqsədyönlü işlərin nəticəsi kimi 2008-ci ilin sonunda MDB məkanında ilk dəfə olaraq ölkəmizdə bütün yaşayış məntəqələrinin telefonlaşdırılması tam başa çatdırılmışdır.
- Cənab nazir, əhalinin xüsusi maraqla gözlədiyi layihələrdən biri də rəqəmli televiziya yayımı ilə bağlıdır. Bu istiqamətdə həyata keçirilən işlər hansı mərhələdədir?
- İlk olaraq qeyd edim ki, respublikada rəqəmli TV yayımına keçidlə əlaqədar nazirlik tərəfindən Zaqafqaziyada ilk dəfə olaraq 2004-cü ildə Bakı şəhərində rəqəmli TV yayımı tətbiq edilmişdir. Hazırda Bakı və Gəncə şəhərlərində MPEG-4 standartında rəqəmli TV yayımı həyata keçirilir ki, bu da əhalinin təxminən 35-40 faizinin rəqəmli TV yayımı ilə təmin edilməsi deməkdir. Bu istiqamətdə mərhələlərlə aparılan işlərin davamı olaraq cari ilin sonuna kimi Lerik və Naxçıvan şəhərlərində də rəqəmsal TV yayıma keçidin həyata keçirilməsi nəzərdə tutulur ki, bununla da ölkə əhalisinin təxminən 60 faizi rəqəmli yayımla təmin olunacaq. Əhali tərəfindən rəqəmli TV proqramlarının qəbulu üçün 2010-cu ildən Mingəçevir şəhərində yerləşən “Kür” MMC tərəfindən rəqəmli TV qəbul avadanlıqlarının (set-top box-ların) istehsalına başlanılmışdır.
- Bu il həm də Beynəlxalq İnkişaf Assosiasiyası ilə birgə həyata keçirilən Maliyyə Xidmətlərinin İnkişafı Layihəsinin başa çatması baxımından uğurlu oldu. Nəticələr qənaətbəxşdirmi?
- Məlum olduğu kimi, Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında “İnkişaf krediti haqqında” Saziş (Maliyyə Xidmətlərinin İnkişafı Layihəsi) (MXİL) 24 may 2005-ci il tarixində imzalanmışdır. ölkə Prezidentinin 25 avqust 2005-ci il tarixli 973 nömrəli Sərəncamı ilə təsdiq edilmiş layihə, ilk növbədə, “Azərpoçt” MMC-nin mövcud platformasından istifadə etməklə maliyyə xidmətlərinin inkişafına şərait yaratmağı, kənd yerlərində və kiçik şəhər mərkəzlərində əhalinin bank-maliyyə xidmətlərinə sərbəst çıxışını təmin etməyi və 1200 poçt şöbəsi vasitəsilə müştərilərə geniş həcmli xidmətlər təklif etməyi nəzərdə tutur. Layihənin həyata keçirilməsinə 2005-ci ilin 14 oktyabr tarixindən başlanılmışdır.
Layihə çərçivəsində Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) texniki yardımı ilə “Azərpoçt” MMC üçün yeni hesablar planı hazırlanmış və Maliyyə Nazirliyi tərəfindən təsdiq edilərək tətbiqinə başlanmışdır. Layihənin ən vacib komponentlərindən biri olaraq “Azərpoçt” MMC-nin Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin (AKİS) satınalınması və sistemin quraşdırılması 14.10.2009-cu il tarixində uğurla sona çatdırılmış, ilk növbədə, “Azərpoçt” MMC-nin baş idarəsi tam avtomatlaşdırılmış, daha sonra Bakı şəhərində və digər bölgələrdə yerləşən PF və PŞ-lərin avtomatlaşdırılması həyata keçirilmişdir. 16 aprel 2010-cu il tarixində AMB tərəfindən “Azərpoçt” MMC-yə maliyyə xidmətlərinin göstərilməsi üçün lisenziya verilmiş və həmin vaxtdan indiyədək 41 PF və 480 PŞ üçün maliyyə xidmətlərinin göstərilməsi məqsədilə AMB-dən icazə alınmışdır.
Görülmüş işlər nəticəsində “Azərpoçt” MMC tərəfindən ölkənin bütün ərazisini əhatə edən şəbəkə vasitəsilə əhaliyə keyfiyyətli poçt-maliyyə xidmətlərini göstərmək üçün şərait yaradılmışdır.
- RİTN tərəfindən reallaşdırılması nəzərdə tutulan qlobal layihələrdən biri də ölkəmizdə kosmik sənayenin yaradılmasıdır. Bu il ölkə başçısı tərəfindən bu istiqamətdə müvafiq qərarlar da qəbul olundu. Qərarların icra vəziyyəti ilə bağlı nə deyə bilərsiniz?
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsinə və informasiya təhlükəsizliyinin təmin olunmasına xüsusi önəm verərək imzaladığı “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” Sərəncam və təsdiq etdiyi “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” Azərbaycanın dünya peyk ailəsinin üzvünə çevrilməsi və ölkədə peyk texnologiyalarının istehsalı və tətbiqi üçün geniş imkanlar açmışdır.
Nəzərə alsaq ki, peykin orbitə çıxarılması üçün zəruri olan şərtlərdən biri orbital mövqenin əldə olunmasıdır və Sovet İttifaqı dağılarkən, yurisdiksiyasında olan orbital mövqelərin onun hüquqi varisi olan Rusiyaya keçməsi səbəbindən digər MDB ölkələri kimi Azərbaycan da özünün orbital mövqeyinə malik deyildi. Buna görə də, Azərbaycan orbital mövqenin əldə edilməsi məqsədilə Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) ilə danışıqlar aparmaqla paralel olaraq, peykin orbitə çıxarılması üzrə region ölkələrinin etdiyi cəhdlərin üstələnməsi üçün peykin yerləşəcəyi orbital mövqenin əldə olunması üzrə səylərini artırmışdır. Mövcud bazar şəraitində Malayziya hökumətinə məxsus və “Measat” şirkəti tərəfindən birgə istifadə üçün təklif olunan 460Ş orbital mövqedən istifadənin kommersiya baxımından daha cəlbedici olduğu məqbul hesab edilmiş və cari ilin may ayında birgə istifadə barədə müqavilə bağlanmışdır. Qeyd edim ki, BTİ ilə aparılan danışıqların nəticəsi olaraq, Azərbaycana məxsus orbital mövqelər müəyyən edilmiş və təsdiqlənmişdir. Demək olar ki, növbəti peyklərimiz Azərbaycanın özünə məxsus orbital mövqelərdə fəaliyyət göstərəcək.
Artıq peykin orbitə çıxarılması tədbirləri çərçivəsində peykin istehsalı və orbitə çıxarılması üzrə müvafiq olaraq “Orbital” və “Arianespace” şirkətləri ilə müqavilə imzalanıb və ölkəmizin ilk telekommunikasiya peykinin 2012-ci ilin sonuncu rübündə orbitə çıxarılması nəzərdə tutulur.
Azərbaycan peykinin tutumlarının kommersiya məqsədilə digər ölkələrə satışı ilə yanaşı, ölkənin bütün ərazisində keyfiyyətli yayımın təmin edilməsi, simli rabitənin mümkün olmadığı yerlərdə peyk vasitəsilə internet, VPN və s. kimi sürətli IP xidmətlərindən istifadə edilməsi mümkün olacaq ki, telekommunikasiya peykinin orbitə çıxarılması ilə Azərbaycan MDB məkanında süni peykə malik Rusiyadan sonra ikinci ölkə olacaq və regionda bu sahədə öz liderliyini daha da gücləndirəcək.
- “Elektron Azərbaycan “Dövlət Proqramının icrası istiqamətində işlər nə yerdədir?
- İnkişafın daha bir təzahürü ölkəmizdə yeni cəmiyyətin - informasiya cəmiyyətinin formalaşdırılması prosesidir.
Azərbaycan Respublikasında informasiya cəmiyyətinin formalaşdırılması üçün ümummilli lider Heydər Əliyevin 2003-cü il fevral ayının 17-də imzaladığı “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)”nın ilkin mərhələsindən irəli gələn vəzifələrin reallaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində 2005-2008-ci illərdə İKT-nin inkişaf etdirilməsi ilə informasiya cəmiyyətinə keçidin təmin olunması istiqamətində mühüm tədbirlər nəzərdə tutulmuşdur. Həmin tədbirlər vaxtında müvəffəqiyyətlə icra edilmiş və növbəti işlər üçün zəmin yaratmışdır.
Görülən işlərin davam etdirilməsi və genişləndirilməsi məqsədilə cari ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev informasiya cəmiyyətinə keçidin 2010-2012-ci illəri əhatə edən növbəti mərhələsinin tədbirlərini özündə cəmləşdirən yeni “Elektron Azərbaycan” Dövlət Proqramını təsdiq etmişdir. Hazırda dövlət orqanları bu Dövlət Proqramının icra edilməsi üzrə fəaliyyət göstərirlər.
Bu istiqamətdə görülən işlərin əsas tərkib hissələrindən biri “Elektron hökumət”in formalaşdırılması ilə bağlıdır. Son illərdə müxtəlif dövlət qurumları “Elektron hökumət” layihələri həyata keçirirlər və müəyyən nailiyyətlər əldə olunmuşdur. Hazırkı mərhələdə isə başlıca vəzifə bu layihələrin inteqrasiyasını, sistemli fəaliyyətini təmin etmək üçün lazımi işlərin görülməsidir. Nazirlər Kabinetinin 2010-cu il 14 may tarixli sərəncamı ilə təsdiq edilən Azərbaycan Respublikasında 2010-2011-ci illərdə “Elektron hökumət”in formalaşdırılması üzrə Fəaliyyət Proqramı”nda nəzərdə tutulmuş tədbirlər məhz bu istiqamətdə görülməli işlərin əsasını qoyur. Aydındır ki, “Elektron hökumət”in formalaşdırılması təkamül prosesi olduğu üçün növbəti dövrlərdə də bu işlərin davam etdirilməsi, genişləndirilməsi, təkmilləşdirilməsi nəzərdə tutulur.
“Elektron hökumət”in formalaşdırılması dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi ilə yanaşı, vətəndaşlarla əlaqələrin inkişaf etdirilməsi, daha münasib və sadə formalarda həyata keçirilməsinə, onların dövlət orqanları ilə ünsiyyətinin asanlaşdırılmasına, etimadın yüksəlməsinə şərait yaradacaq. Dövlət orqanlarının indi həyata keçirdiyi fəaliyyətin elektron xidmətlər şəklində reallaşdırılması məhz buna xidmət edəcək. Hazırda dövlət idarəçiliyində İKT-nin geniş tətbiqi, “e-imza” və “e-sənəd”in istifadəsini təmin edən infrastrukturun yaradılması üzrə işlər görülür, bir sıra dövlət xidmətləri elektron üsullarla həyata keçirilir. Vergi bəyannamələri və hesab-fakturaların elektron şəkildə təqdim olunması, tələbə qəbulu üzrə ərizələrin internet vasitəsilə doldurulması, milli ödəniş sisteminin, vətəndaşlar üçün “e-sağlamlıq” kartlarının, gömrük prosedurlarında elektron xidmətlərin tətbiqi və s. bunlara əyani misaldır. Dövlət orqanları arasında etibarlı və təhlükəsiz informasiya mübadiləsini təmin etmək üçün vahid multiservis şəbəkə qurulmuş, vergilər, səhiyyə, ədliyyə, gömrük, təhsil, sosial müdafiə sahələrində vətəndaşların hökumət orqanları ilə əlaqələrinin sadələşdirilməsinə xidmət edən informasiya sistemləri qurulmuş, bir çox digər orqanlarda isə qurulmaqdadır.
ölkədə “e-hökumət”in fəaliyyəti üçün vacib sayılan dövlət reyestrləri yaradılmaqdadır. Əhalinin reyestri, daşınmaz və daşınan əmlakın reyestrləri, normativ aktların reyestri, ünvan reyestri, inzibati-ərazi bölgü reyestri, hüquqi şəxslərin reyestri və s. mühüm reyestrlərin formalaşdırılması dövlət orqanlarında göstərilən “e-xidmət”lərin sayını daha da artıracaqdır.
“E-hökumət” mühitində mühüm əhəmiyyət kəsb edən informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə əməli tədbirlər görülür, standartlar işlənilir, milli informasiya sistemlərində tətbiq olunacaq təsnifatlar hazırlanır. “E-hökumət”in formalaşdırılması üzrə işlərə təkan vermək məqsədilə “Elektron hökumət” haqqında qanun layihəsi işlənməkdədir. Bu qanun layihəsində dövlət orqanı-vətəndaş-biznes əlaqələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və istifadəsi zamanı yaranan münasibətlərin hüquqi-təşkilati baxımdan tənzimlənməsi, tərəflərin hüquq və vəzifələrinin dəqiqləşdirilməsi və sair məsələlər nəzərdə tutulacaq. Güman edirik ki, kompleks şəkildə aparılan bu fəaliyyət müsbət nəticələr verəcək və ölkədə informasiya cəmiyyəti quruculuğu prosesi uğurla həyata keçiriləcək.
- Reallaşdırılması nəzərdə tutulan Regional İnnovasiya Zonaları və “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) kimi önəmli layihələr barədə nə deyə bilərsiniz?
- Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 2007-ci ildən etibarən ABŞ-ın aparıcı konsaltinq şirkəti olan “Booz Allen Hamilton” ilə birgə Azərbaycanda “Regional İnnovasiya Zonası”nın (RİZ) yaradılması istiqamətində məqsədyönlü işlər aparır. Azərbaycanda RİZ-in yaradılması layihəsinin əsas üstünlüyü və spesifik xüsusiyyəti bu günədək dünyada mövcud olan bu tip zonaların müsbət və mənfi təcrübələrinin ətraflı öyrənilərək reallaşdırılması praktik baxımdan mümkün olan və eyni zamanda, nəzəri biliklərə əsaslanan Azərbaycan modelinin işlənilib hazırlanmasından ibarətdir.
Analitiklərin qənaətinə görə region ölkələrinin bu cür zonaların yaradılması sahəsində aktiv işlər gördüyü və regional İKT bazarında əhəmiyyətli paya sahib olmaq uğrunda cəhdlər göstərdiyi bir şəraitdə RİZ mümkün qədər qısa zaman çərçivəsində yaradılmalıdır və belə olduğu halda bir çox sahələrdə regional lider kimi qəbul olunan Azərbaycanın İKT sahəsində də liderə çevrilməsi ideyası reallaşacaq.
Məlum olduğu kimi, məhz Azərbaycanın təşəbbüsü ilə irəli sürülən və BMT-nin Baş Assambleyasının 2009-cu ilin dekabr ayında keçirilən 66-cı plenar iclasında xüsusi qətnamə ilə yekdilliklə qəbul edilən “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi bu problemlərin aradan qaldırılmasına yönəlmişdir. Qeyd etmək istərdim ki, bu magistralın reallaşmasının yalnız İKT-nin inkişafına deyil, eyni zamanda Minilliyin çağırışlarının - yəni, yoxsulluğun və savadsızlığın azaldılmasına və sosial-iqtisadi inkişafın sürətlənməsinə təkan verəcəyi BMT-nin qətnaməsində xüsusi olaraq vurğulanmışdır.
Bu magistralın həyata keçirilməsi üzrə nəzərdə tutulan birinci mərhələdə əsas etibarı ilə Qərbi Avropadan çinə qədər olan ərazidə yerləşən ölkələrə xidmət edəcək transmilli optik şəbəkə yaradılacaq, Xəzəraltı kabel magistralı çəkiləcək, ikinci mərhələdə isə yaranmış infrastrukturdan Avrasiya ölkələrinin, xüsusilə də Mərkəzi Asiya ölkələrinin bu gün bazarlarda təklif olunan qiymətlərdən bir neçə dəfə aşağı qiymətlərlə qoşulması təmin ediləcək. Hazırda 6 ölkənin - Azərbaycan, Rusiya, Türkiyə, Gürcüstan, Qazaxıstan və çinin aparıcı telekommunikasiya operatorları layihənin həyata keçirilməsi üçün konsorsiumun yaradılması üzrə apardığı danışıqların ilkin mərhələsi başa çatmışdır.
- Bilirik ki, RİTN tərəfindən İKT sektorunun inkişafını stimullaşdıran sosialyönümlü layihələr də uğurla həyata keçirilir.
- Qlobal informasiya cəmiyyətinin qurulması istiqamətində həyata keçirilən mühüm işlərdən biri də sosial vəziyyətindən asılı olmayaraq, hər bir vətəndaşa İKT-nin geniş imkanlarından istifadə üçün əlverişli şəraitin yaradılmasıdır. Azərbaycanda da cəmiyyətin hər bir üzvünün, o cümlədən, məhdud imkanlı insanlar üçün müasir texnologiyalardan və elektron informasiya resurslarından istifadə imkanlarının yaradılmasına xüsusi önəm verilir.
Respublikamızda ilk belə təşəbbüs Heydər Əliyev Fondu tərəfindən irəli sürülmüşdür. Belə ki, 2005-ci ildə Heydər Əliyev Fondu və BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilən “Görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsinə dair” layihə çərçivəsində Bakıda gözdən əlil və görmə qabiliyyəti zəif olan uşaqlar üçün model İKT sinifləri yaradılmışdır.
Bu işin davamı olaraq Heydər Əliyev Fondu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdiyi layihə əsasında məhdud imkanlı insanların İKT-dən istifadə imkanlarının artırılması məqsədi ilə Naxçıvan Muxtar Respublikasında, Gəncə şəhərində Regional İnformasiya Mərkəzləri yaradılmışdır. Müasir texnologiyalarla təchiz olunmuş bu mərkəzlərdə oxu zalı, təlim-tədris mərkəzi, audiokitabxana, kitabxana fondunun audioformata çevrilməsi üçün səsyazma studiyası, sürətli internetə çıxışla və xüsusi olaraq kor və görmə qabiliyyəti zəif uşaqlar üçün nəzərdə tutulmuş son model kompüterlərlə təmin olunmuş kompüter mərkəzi qurulmuşdur. Mərkəz görmə qabiliyyəti zəif olan insanlar üçün elektron böyüdücü cihazlar, brayl şriftli kitablar, lal və karlar üçün subtitrli filmlər, əqli cəhətdən zəif insanlar üçün zehni inkişaf etdirən kompüter oyunları, internet ilə təhciz olunmuşdur.
Birgə əməkdaşlıq çərçivəsində yaradılan bu mərkəzlər məhdud imkanlı insanların cəmiyyətin həyatında fəal iştirakını, informasiya kommunikasiyaları vasitəsilə məlumat əldə etmək və biliklərini artırmaq imkanlarının genişləndirilməsini, bütövlükdə yaşayış tərzinin yaxşılaşdırılmasını təmin etməyə yönəlmişdir.
RİTN-nin təşəbbüsü və dünyanın aparıcı şirkətlərinin iştirakı ilə həyata keçirilən sosial layihələrdən biri də “Xalq kompüteri” layihəsidir. Layihə ölkədə informasiya cəmiyyəti quruculuğu prosesində əhalinin iştirakının genişləndirilməsi, müxtəlif sosial qrupların münasib qiymətlərlə lisenziyalı proqramlarla təchiz edilmiş müasir kompüterlərin güzəştli şərtlərlə əldə etməsinə şəraitin yaradılması, regionlardakı əhalinin də mövcud imkanlardan yararlanmasının təmin edilməsi və aztəminatlı sosial qrupların dəstəklənməsi, təhsil prosesində müasir vasitələrdən istifadənin genişləndirilməsi, yeni milli informasiya resurslarının və proqramlarının yaradılmasına təkan vermək məqsədi daşıyır.
Hazırda “Xalq kompüteri” layihəsindən ümumtəhsil məktəblərinin müəllimləri, şagirdləri, həmçinin, ali təhsil müəssisələrinin tələbələri də yararlana bilirlər. Kompüterlərin 12 ay müddətinə faizsiz kreditlə verilməsi, lisenziyalı proqramlarla təchiz edilməsi, qiymətlərin bazar qiymətindən xeyli aşağı olması layihəyə marağı gündən-günə artırır. RİTN və Təhsil Nazirliyinin dəstəyi, “HP”, “Microsoft” və yerli “Bestcomp” şirkətinin iştirakı ilə 2009-cu ilin aprelindən başlanan “Xalq kompüteri” layihəsindən yararlananların sayı 10000-nə çatmışdır. Bu da sosialyönümlü layihəyə cəmiyyətdə tələbatın olduğunu göstərir.
Sosialyönümlü layihələrin həyata keçirilməsi istiqamətində digər vacib məsələ rəqəmli geriliyin aradan qaldırılması, İKT savadlılığının artırılmasına yönəlmiş tədbirlərdir. Bu istiqamətdə RİTN və AMEA İnformasiya Texnologiyaları İnstitutunun da dəstəyi ilə Goranboy, Tərtər və Qax rayonlarında ümumtəhsil məktəblərinin informatika müəllimləri üçün təlim kursları təşkil olunmuşdur. Bölgələrdə müxtəlif qruplar üçün “Elektron hökumət” üzrə seminarların keçirilməsi, kompüter mərkəzlərinin açılması da bunlara əyani misallardır.
Yüksəkixtisaslı müasir kadrların hazırlanması zəruriliyi nəzərə alınaraq, RİTN-də “İnsan resurslarının inkişafı fondu” yaradılmışdır. Bu çərçivədə xarici ali təhsil məktəblərində bakalavr, magistr pilləsində təhsil almaq üçün gənclərə dəstək göstərilir. Hesab edirəm ki, həyata keçirilən bu kimi tədbirlər Azərbaycanda iqtisadiyyatın mühüm sahəsi olan İKT sektorunun dayanıqlı inkişafına zəmin yaradır.
- RİTN-in beynəlxalq əlaqələri barədə nə deyə bilərsiniz?
- Son dövrlər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən beynəlxalq və regional təşkilatlarla sıx əməkdaşlıq münasibətləri qurulmuş, ölkəmizin İKT və həmçinin, telekommunikasiya, poçt və peyk rabitəsi sahələrində aparıcı ölkələr qrupuna daxil edilməsi üçün rekoqnasiya - “tanınma” prosesi tamamlanmışdır.
Qeyd edək ki, BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin İqtisadi və Sosial məsələlər üzrə Departamenti (UNDESA), Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), ümumdünya Poçt İttifaqı (üPİ), Rabitə sahəsində Regional Rabitə Birliyi (RRB), BMT-nin İKT-nin İnkişafı üzrə Qlobal Alyans (GAID), Avropa İttifaqı, Avropa Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (BSEC), İslam Konfransı Təşkilatı (OIC), Beynəlxalq Telekommunikasiya Peyk Rabitəsi (ITSO), BMT-nin “Genişzolaqlı Rəqəmli İnkişaf üzrə Komissiya”, İntersputnik, Davos Forumu, İslam Gənclər Forumu və onlarla digər beynəlxalq təşkilatlarda ölkəmizin nüfuzunun möhkəmləndirilməsinə nail olunmuş və bu qəbildən olan təşkilatların rəhbərləri ilə səmərəli görüşlər keçirilmiş, onların ölkəmizə səfərləri təşkil edilmişdir.
Əməkdaşlıq etdiyimiz ölkələrlə müxtəlif sahələr üzrə müqavilə-hüquq bazasının inkişaf etdirilməsi və qurulmuş əlaqələrinin təsbit olunması məqsədilə bilavasitə hökumət səviyyəsində və həmçinin, müvafiq sazişlər və digər hüquqi sənədlər imzalanmışdır.
İlkin dövrlərdə iqtisadi inteqrasiyanı sürətləndirmək hazırda isə ölkə rəhbərliyi tərəfindən təşviq olunan investisiya ixracını artırmaq məqsədilə Azərbaycanda və müxtəlif ölkələrdə (ABŞ - Azərbaycan, Azərbaycan - İsrail, Azərbaycan - Estoniya, Belarus - Azərbaycan, Kuba - Azərbaycan və s. kimi) informasiya texnologiyalarına həsr olunmuş biznes forumları keçirilmiş, rabitə və İKT sahəsinə investisiya qoyuluşu, habelə bu sahədə fəaliyyət göstərən yerli şirkətlərin dünya bazarına ekspansiyasını təmin etmək üçün münbit şərait yaradılmışdır.
Son illər ərzində həyata keçirilmiş məqsədyönlü fəaliyyət nəticəsində ölkəmizin İKT sahəsində əldə etdiyi uğurlu nəticələr dünyanın müxtəlif nüfuzlu təşkilatları tərəfindən təşviq olunmuş, keçirilən beynəlxalq tədbirlərdə bu nəticələr digər ölkələrə nümunə olaraq təqdim olunmuşdur. Həmçinin, 2009-cu ilin oktyabr ayında İsveçrənin Cenevrə şəhərində keçirilmiş “ITU Telecom World 2009” sərgi və forumunda ölkəmizin milli pavilyonu ilə tanışlıq zamanı BMT-nin baş katibi Pan Gi Munun ölkəmizə marağı və “Trans-Avrasiya Super İnformasiya Magistralı “(TASİM) layihəsinə dəstək verməsi və bunun məntiqi nəticəsi olaraq “Bakutel 2010” sərgi-konfrans iştirakçılarına şəxsən öz adından salamlama məktubunu göndərməsi, sərginin əhəmiyyəti və miqyasını nəzərə alaraq beynəlxalq və nüfuzlu media qurumları, əsasən də Avropanın ən aparıcı “Euronews” televiziya kanalında işıqlandırılması xüsusi qeyd olunmalıdır.
Hər il ölkəmizdə keçirilən beynəlxalq səviyyəli tədbirlərin ölkənin müsbət imicinin qorunmasına və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynamasına xidmət etdiyini nəzərə alaraq, ənənəvi “Bakutel” və bu qəbildən olan sərgi, konfrans və forumların da əhəmiyyəti qeyd olunmalıdır. ölkə rəhbərliyinin və beynəlxalq miqyasda tanınmış şəxslərin bu tədbirlərə olan marağı və himayəsi görülən işlərin miqyasının və səviyyəsinin daha da yüksəldilməsinə əlavə stimul yaradır.

Paylaş:
Baxılıb: 1072 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30