Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Deputatdan səlahiyyətləri çərçivəsində tələb etmək lazımdır

Deputatdan səlahiyyətləri çərçivəsində tələb etmək lazımdır

21.01.2022 [23:57]

Özümü xalqdan qorumağa ehtiyacım yoxdur

 “Məclisdən kənar” söhbətlər...

Günel Abbasla

(Əvvəli 18 yanvar sayımızda...)

- Müxalifətin fəaliyyətini necə dəyərləndirirsiniz?

- Bu gün Azərbaycanda müxalif partiyalar aktiv fəaliyyət göstərir, onlar parlamentdə təmsil olunurlar. Müstəqil televiziyalarda müxalif partiyaların sədrləri və nümayəndələri ilə debatlarda oluram. Yeri gələndə müvafiq mövzular ətrafında kəskin fikirlər səsləndirirlər. Bu azad fikirlərinə görə də heç vaxt təqib olunmurlar. Azərbaycanda dəmir barmaqlıqlar arasına düşən şəxslərin həbs olunma səbəbləri siyasi mövqeləri deyil, onların fəaliyyətində konkret cinayət tərkibi var. Bəzən də tutduqları yol onları həbsxanaya aparanda siyasi ritorikanı gücləndirir, bəyanatların kəskinlik əmsalını artırırlar. Sonra cinayət əməlləri aşkara çıxanda bundan istifadə edirlər.

Prinsip etibarilə iqtidarın güclü olması üçün güclü müxalifət lazımdır. Azərbaycan dövləti də öz fəaliyyətini bu məntiqlə davam etdirir. Bu səbəblərdən dolayı Prezident Administrasiyasında siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradılıb. Həmin şöbənin də əsas işi siyasi partiyaların ölkəmizin ictimai həyatındakı rolunu artırmaq, partiyaları mənzil qərargahla təmin etmək, qurultayları keçirməkdir. Ədalət Vəliyevin rəhbərliyi altında həmin şöbənin fəaliyyətinin konkret nəticələri göz önündədir. Partiyaların çoxunun keçirilməyən qurultayları təşkil edilib, yeni siyasi partiyalar qeydiyyata alınıb. Bütün bunlar partiyaların güclənməsi, siyasi fəaliyyətlərindən asılı olmayaraq, Azərbaycan dövlətinə xidmət etmələri üçündür. İqtidarın bu və ya digər yanlışlığı varsa, tənqid edə bilərlər, amma tənqid qərəzli olmamalıdır. Təkcə tənqid yox, məsələdən çıxış yolu üçün təkliflər də irəli sürsünlər. Müxalifət də yaxşı bilməlidir ki, iqtidar müxalifətsiz qala bilər, amma müxalifət iqtidarsız qala bilməz. Təəssüf ki, bəzi partiyalar, bunlara Milli Şura və AXCP aiddir, onlar baş verən müsbət proseslərdə yaxşı nəsə görə bilmirlər. Neftin qiyməti düşəndə sevinən adamlardan söhbət gedir. Deməli, onlar xalqın güzəranının daim pis olmasının tərəfdarıdırlar. Çünki vəziyyət nə qədər pis olsa, xalq ayağa qalxacaq və onların hakimiyyətdə olmaq planları gerçəkləşəcək. Unutmasınlar ki, xalq onların hakimiyyətdə olduğu dövrü də gördü və bu vəziyyətə cəmi bir il tab gətirə bildi.

Vətəndaş sualları:

- “Yeni Azərbaycan” partiyasina üzv olmaq istəyənlərin sosial şəbəkə hesablarını şəxsən yoxladığı doğrudur?

- “Müsavat”ın efirində partiya sədrlərindən biri ilə debat zamanı bu məsələ ətrafında danışmışdıq. Ancaq mən elə bir fikir səsləndirmədim ki, biz hər kəsi bir-bir yoxlayırıq. Bizə fəal üzvlər lazımdır, məsələnin bu tərəfi doğrudur. Hətta mən bunu partiyanın gənclər təşkilatına da bildirirəm. Ancaq şəxsən sosial şəbəkə hesablarını yoxlamağım doğru deyil.

- Sizi ora seçən seçicilərdən problemlə müraciət edənlərdən 10 nəfərin ad, familiyasını deyə bilərsinizmi? Hansı ki, bu problemin həll olunmasında yardımçı olmusunuz?

- Az öncə də sadaladığım kimi mən bir seçicinin problemlərini yox, onlarla kəndin problemlərini həll edirəm. Bəzən elə olur ki, bələdiyyəyə müraciət etmədən birbaşa mənimlə əlaqə saxlayırlar. Səbəbini soruşanda deyirlər ki, zəng edirik açmırlar. Dəfələrlə bununla bağlı icra orqanlarına öz iradımı bildirmişəm. Ona görə də düşünürəm ki, yerlərdə icra orqanları və bələdiyyələrin fəaliyyətinə yenidən baxılmalıdır. Bəzən o insanlara sual verirəm, iş saatı bitəndə özlərinə bu gün hansı problemi həll etmələri barədə sual edirlərmi? Onların vəzifəsi müraciətləri cavablandırmaq, həll etməkdir.

- Hazırda hansı kitabları oxuyur? Sonuncu oxuduğu kitabın adı nə olub? Ən çox xoşladığı yazıçı kimdir? Hansı kitabı oxumaq üçün tövsiyə edə bilər?

- Dincəlmək istəyəndə poeziyaya üz tuturam. Bəxtiyar Vahabzadə yaradıcılığını çox sevirəm. Atamın da yaxşı şeir yazmaq qabiliyyəti var, satirik, lirik janrlarda müxtəlif şeirlər yazır, hələ ki, şeirləri kitab halında dərc etdirməyə razı sala bilmirəm. Ancaq hazırda oxuduğum kitabların çoxu siyasi və elmi mövzudadır.

Ən son oxuduğum bədii ədəbiyyat nümunəsi “Xatirələr” əsəridir. Bu kitab İran şahı Məhəmməd Rza Pəhləvinin xanımı əslən azərbaycanlı olan Şahbanu Fərəh Pəhləvi haqqındadır. Sualı ünvanlayan vətəndaşımıza bu kitabı oxumağı tövsiyə edərdim.

Xalqla hər mövzuda eyni fikirdəyik

- Azərbaycanda onu nə qane etmir? Xalqla hansı məsələdə ortaq fikirdədir?

- Xalqla hər mövzuda eyni fikirdəyik. Biz xalqın problemlərini aidiyyəti qurumlara çatdıran adamlarıq.

- Deputatlara xidməti silah verilməsi ilə bağlı məsələ yayılmışdı. Belə bir sözü həqiqətən demişdi?

- Mənə zəng edirlər. Belə bir fikri həqiqətən səsləndirdiyimi soruşurlar. Onda deyirəm ki, belə böhtanla üzbəüz qalanda nə edirsiniz, necə sübut edərsiniz? Bu cür ittihamlarla çox qarşılaşıram. Ancaq belə bir ifadə işlətməmişəm. Xalqın bir nümayəndəsi də mənəm, özümü xalqdan qorumağa ehtiyacım yoxdur.

- Vətən müharibəsi iştirakçıları üçün universitet təhsil haqqından azadolma, ya da müəyyən güzəştlərlə bağlı məsələnin Milli Məclisdə gündəmə gəlməsi aktualdırmı?

- Parlamentdə çıxışım zamanı bu məsələyə toxunmuşdum. Hazırda bildiyiniz kimi veteranlara 80 manat məbləğində təqaüd müəyyən olunub. Ancaq mən hesab edirəm ki, bu rəqəm artacaq və dövlətimiz buna qadirdir. Ümumiyyətlə, veteranlara böyük hörmətim var. Onlar şəhidləri və qaziləri döyüş bölgəsindən çiyinlərində çıxaran şəxslərdir.

- Koronavirusa yoluxmada artım var. Pandemiya nə zaman bitəcək?

- İstənilən virusun yaranma və məhv olma tarixi var. Artıq tendensiya müsbətdir. Dünya post-pandemiya dövründən danışır. 1941-1945-ci illər müharibəsindən sonra aclıq müşahidə olundu. Bu da müharibənin bir növüdür. Çətinliklər yaşana bilər, ancaq bu həmişəlik deyil, müvəqqətidir.

- 2021-ci ildə neçə seçici ilə görüşüb? Neçəsinin problemini həll edib? Neçəsi yarımçıq qalıb?

- Dəqiq rəqəmlərlə bağlı Milli Məclisə hesabat təqdim etmişik. Ancaq hazırda davam edən problemin həlli işıqla bağlıdır. O da tam sürətlə davam edir.

- Boş qalan mandatlara kimləri uyğun görür?

- Həmin mandatı qazanmaq üçün xalqın dəstəklədiyi, buna layiq olan insanları görmək istəyirəm.

Bu qədər sadəlövh deyilik...

- Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya tam şəkildə həll olduqdan sonra, Azərbaycanın strateji əhəmiyyətli ərazilərində yenidən şəhid xəbərlərinin olması nə dərəcə qeyri-real ola bilər? Rusiya sülhməramlılarının rolu bundan sonra nə dərəcə əhəmiyyətli olacaq?

- Bizim əsgərlərimiz de-yure olaraq sərhəddə xidmət edirlər, sərhədlər dəqiqləşdiriləndən sonra de-fakto olaraq da bu baş tutacaq. Ermənistan böyük sülh sazişini imzalayacaq. Ancaq Cənab Prezident də bildirdi ki, biz bundan sonra tam arxayınlaşa bilmərik. Sərhədlərimiz bərpa olunduqdan sonra da təxribatlara hazır olmalıyıq. Ermənistan BMT-nin qətnamələrindən imtina etmiş bir dövlətdir, bu qədər sadəlövh deyilik ki, onların bu sazişə həmişəlik sadiq qalacağını düşünək. Sadəcə, bu sənəd bizim üçün hüquqi bir əhəmiyyət daşıyacaq və fəaliyyətimizi genişləndirəcək.

- Mənə ev tikmək üçün 2 sot torpaq lazımdır, bunu təşkil edə bilər?

- Çox qəribə vəziyyətdir, bir yandan korrupsiyaya yox deyirlər, digər yandan belə fikirlər səsləndirirlər. Tutaq ki, bir nəfərə öz şəxsi vəsaitim hesabına yardım etdim, onda digərləri məni ayrıseçkiliklə günahlandıracaq. Aylıq maaşımı problemlər üçün sərf etsəm belə, məsələ onunla yekunlaşmayacaq. Deputatdan səlahiyyətləri çərçivəsində olanları tələb etmək lazımdır. Bizim birinci vəzifəmiz vətəndaşların rifahı üçün qanunların qəbul edilməsində iştirak, digəri isə onların problemlərini aidiyyəti orqanlara çatdırmaqdır.

- Millət vəkillərinin bizneslə məşğul olması nə dərəcədə düzdür?

- Millət vəkillərinin biznes fəaliyyəti ilə məşğul olması məsələsi doğru deyil. Belə bir hal ola da bilməz. Çünki qanunda qeyd edilir ki, deputatlıq fəaliyyəti ilə məşğul olan şəxslər biznesdən imtina etməlidir. İnsanlar bu cür ittihamlar, versiyalar irəli sürə bilərlər, ancaq heç bir fakt göstərə bilməzlər.

- Qazaxıstana rus müdaxiləsinin səbəbləri nədir?

- Rəsmi mövqe ondan ibarətdir ki, ölkə rəhbərliyi baş verən çevrilişi yatıra bilmədi. İnsanlar mağazaları yandırır, hökumət binalarına zərər vururdular. Məsələ ciddiləşəndə hökumət KTMT-yə müraciət etdi. Onlar isə ölkənin daxili işinə qarışa bilməzdi. Qazaxıstan prezidenti xalqa müraciətində bildirdi ki, terror əməllərini törədənlər xaricdən gələnlərdir. Bu halda qoşunlar yeridildi. Yanvarın 19-da müəyyən olunmuş qaydaya əsasən tam tərk etdi.

- Anakonda siyasəti nədir?

- Anakonda ilanları zəhərli olmasa da, öz şikarlarını sıxaraq, boğaraq öldürürlər. Siyasətdə də belə bir hal var. İqtisadi sanksiyalar həyata keçirirsənsə, qeyri-hərbi təzyiq metodlarından istifadə edirsənsə, bu artıq anakonda siyasəti adlanır.

- Neftin qiyməti qalxıb, bəs qiymətlər niyə artır?

- Bunun həm obyektiv, həm də subyektiv səbəbləri var. Bəzi iqtisadi və siyasi amillərin neftin qiymətinin artmasında böyük rolu var. Azərbaycan öz siyasətində qeyri-neft sektorunun inkişafına əsas yer ayırır. Çünki neft və qaz tükənən ehtiyatlardır. Elə etməliyik ki, bu ehtiyatlar tükənən zaman ölkə iqtisadiyyatında problemlər yaşanmasın.  

İstəyirlər susum, danışmayım

- Barəsində yazılanları oxuyurmu?

- Haqqımda fikir səsləndirənləri yox, buna inananları qınayıram. İnanın ki, bu ittihamları səsləndirən adamlar qaragüruha gedən adamlara baxıb gülürlər. Fikirləşirlər ki, bir-iki nəfərin təxəyyül məhsulu kütlə tərəfindən necə bəyənilir. Açığı onların bu hərəkəti mənə stimul verir, istəyirlər bir də problemlərdən, inkişafdan danışmayım. Deməli, fəallığımı gözləri götürmür, son zamanlarda isə birbaşa hədəf alıblar. İnkişaf tempi artdıqca daha da irəli gedirlər.

Hökumət də məsələ ilə bağlı ölçü götürsün

- Prezident yanvardan ölkə üzrə 20% maaş artımı göstərişi verib, niyə bəzi dövlət obyektlərində 20% əvəzinə 16% artım edəcəklər?

- Artım 20% nəzərdə tutulub və o cür də tətbiq ediləcək. Faktlarla çıxış etmədən bəzi dövlət müəssisələri deyərək bu fikri əsaslandırmaq qeyri-mümkündür. Onu yazan vətəndaşa səslənirəm, belə bir hal varsa, konkret müəssisənin adını səsləndirsin, hökumət də məsələ ilə bağlı ölçü götürsün. 

Deputatlar onlara söyüş dili ilə cavab verməyəcək

- Son zamanlar hörmətli  müəllimə və digər millət vəkillərinə qarşı qarayaxma, böhtan, uydurma və heç zaman demədikləri fikirləri şəkillərinin altından yazıb yayırlar. Sizcə, bunu edən bəlli şəbəkənin əsas məqsədi siyasətə çirkinlik gətirmək deyil?

- Bunun bir sıra səbəbləri var. Dövlətimiz güclənməkdədir, bu səbəbdən yad qüvvələr daim kimlərinsə üzərindən qarayaxma kampaniyası həyata keçirirlər. Bunu da ictimaiyyət tərəfindən tanınan adamları hədəf götürməklə edirlər. Bu təhqirlər bəzən həddini aşır, ancaq təhqir edən şəxslər rahatdır. Bilirlər ki, deputatlar onlara söyüş dili ilə cavab verməyəcək.

- Sosial sahənin inkişafı ilə bağlı parlamentin hansı təklifləri var?

- Builki büdcəmizdə sosial rifah məsələləri ilə addımlar atılması istisna deyil. İlk dəfədir ki, 30 milyard dövlət büdcəsi təyin edilir. Müharibədən çıxmış dövlətdə sosial paketin 46%-dən çox təşkil etməsi təqdirəlayiq haldır. Bəzi seçicilər mənə deyirlər ki, Qarabağın bərpası işlərinə görə təqaüdlərin artmayacağını düşünürdük. Bu da Cənab Prezidentin uğurlu siyasətinin bir nəticəsidir. Hazırda bu siyasət nəticəsində əsas diqqət şəhid ailələri, qazilər və veteranlara yönəlib. Dünya praktikasında belə bir hal ya yoxdur, ya da çox nadir hadisədir.

- Axırıncı dəfə nə vaxt deputat təyin olunduğu rayonun problemindən danışıb?

- Bir il yarımdır mən Cəlilabadın problemlərini Milli Məclisdə qaldırıram. Onu da qeyd edim ki, verilən sualın quruluşunda da səhvlik var. Deputat təyin olunmur, seçilir. Sualı ünvanlayan vətəndaşa da tövsiyə edirəm ki, seçkilərdə iştirak etsin və öz namizədinə səs versin. Ondan sonra da səs verdiyi şəxs haqqında danışarkən seçilən ifadəsini işlətsin. 

- Bazarda axırıncı dəfə nə vaxt olub?

- Bizim evin yaxınlığında supermarket var. Oradan alış-veriş edirəm.

Paylaş:
Baxılıb: 330 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

28 May 10:15

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31