Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / İnanıram ki, yeni təhsil naziri bu məsələyə ciddi nəzarət edəcək

İnanıram ki, yeni təhsil naziri bu məsələyə ciddi nəzarət edəcək

15.10.2021 [10:41]

Gənc rejissor Kamran Meydanəli: Teorik və praktiki dərs vəsaitləri olmayan universitetdə ciddi təhsildən söz gedə bilməz

- İndi gənclər daha çox pul gətirən sahələrə meyillidirlər. Sizi film, kino çəkməyə həvəsləndirən nə oldu?

- Hələ məktəbdə oxuyurdum, 3-cü sinifdə. Elza Seyidcahanın ifasında “Mən aktyoram” mahnısını eşitdim və ondan sonra məndə bu sənətə maraq yarandı. Kiçik olduğuma baxmayaraq, tam olaraq mahnının sözlərini anlaya bilmişdim. O mahnıda aktyorların necə dondan-dona girməsini və minlərlə həyatı yaşayıb, min dəfələrlə ölməsindən bəhs olunurdu. Sonra məktəbin son illərində Şəki teatrında fəaliyyət göstərən studiyaya daxil oldum, daha sonra da teatr, kinorejissor və aktyor arasındakı fərqləri praktiki olaraq anladım. Başa düşdüm ki, mən rejissorluq təhsili alsam, həm də aktyor ola bilərəm. Kino və tv rejissoru olsam insanların həyatını dəyişə biləcək nələrsə edə bilərəm. Bu səbəbdən, mən teatra olan sevgimə baxmayaraq, kino və televiziya fakültəsini və həm rejissor, həm də aktyor ola bilmək üçün rejissor sənəti ixtisasını seçdim.

İlk ali təhsilimi 2015-2019-cu illər arasında ADMİU-nun Kino və Televiziya fakültəsində almışam. Daha sonra isə elə məzun olduğum 2019-cu il Türkiyənin Anadolu Universitetində İletişim fakültəsinin Sinema və Televizyon bölümündə təqaüdlü magistr təhsilini qazandım.

- Hansısa işlər görə bilmisinizmi?

- Mən kino sahəsində rejissor kimi qısa filmlər, qısa kommersiya filmləri, musiqi klipləri, sənədli filmlər, sosial çarxlar çəkmişəm. Bunların bir çoxu tələbə filmi olub. Daha sonra rejissor köməkçisi kimi “SONUNCU PƏRDƏ” filmində çalışmışam. Aktyor kimi fəaliyyətim isə yenə universitet illərində qrup yoldaşlarımın qısa filmlərində olub. Çəkdiyim filmlərdən ən uğurlusu “KOLEYDOSKOP” qısa filmi olub. 2017-ci ilin sonlarında “Azerbaijani Youth İnternational Film Festival”da peşəkar film nominasiyasında bu qısa filmlə birincilik qazanmışam.

- Ən sevdiyiniz və filmlərindən nümunə götürdüyünüz, ustad hesab etdiyiniz rejissor kimdir?

- Elə “KOLEYDOSKOP” filmimizin Christopher Nolanın tərzinə bənzər bir tərzdə çəkildiyini deyirdilər. Amma mən öz fəaliyyətimdə yeni bir şeylər düşünməyə çalışıram. Öncə xəyal edib yazıram, daha sonra isə ssenarini storyboard vasitəsilə previzualizasiya edib elə storyboardda da düzəlişlər edirəm. Amma işini çox sevdiyim rejissorlar var təbii ki. Stanley Kubrick, Christopher Nolan, Emir Kusturica, Nuri Bilge Ceylan, Andrey Tarkovski bu rejissorlardandır.

“What the fact”? Niyə rusca?

- Tələbə və gənc kadr olaraq dövlətdən və peşəkar sənətkarlardan hansı dəstəyi görmüsünüz?

- Bu günə qədər film sahəsində dəstək görməmişəm, əslində, bundan sonra da düşünmürəm ki, dəstək olacaq. Çünki film yeni sənət növü sayılsa da, həm də bir kommersiya növüdür. Ora doğru yatırımlar olunarsa, doğru bir şəkildə gəlir də əldə etmək olar. Amma tələbəlik illərində, təhsil dönəminin sonundakı imtahanlarda, həm də məzuniyyət imtahanı üçün çəkilən filmlərdə maddi-texniki dəstəyə ehtiyac olur. Nəzərə alsaq ki, tələbəlik dövrü peşəkarlığa doğru nəzəri və praktiki “iməkləmə” və “addımlama” dönəmidir, o zaman tələbə kommersiya ilə bağlı heç bir şey edə bilməz. Ona hansısa dövlət təşkilatından, QHT-dən maddi dəstək lazımdır.

- Ölkəmizdə kino sahəsində verilən təhsil sizi qane edirmi? Kinonun inkişafı üçün təhsil sistemində nələr dəyişməlidir?

- Sənət baxımından çox qane edir. Amma digər tərəfdən, o qədər də ürəkaçan deyil. Bir universitetdə teorik və praktiki dərs vəsaitləri yoxdursa, orada ciddi təhsildən söz gedə bilməz. Belə olduğu halda tələbə nə etməlidir? Təbii ki, üz tutacaq wikipedia-ya. Bu isə elm etikası baxımından heç də doğru deyil. Hətta bəziləri tələbəni qınayırlar ki, sən rusca bilmirsənsə, necə rejissor olacaqsan? Tələbə isə haqlı olaraq cavab verir ki “əfəndim”, biz Azərbaycanda yaşayırıq və rəsmi dilimiz Azərbaycan dilidir. Azərbaycan dili bölməsində təhsil alırıq, bəs “what the fact”? Niyə rusca? İngilis dili desəydin, başa düşmək olardı ki, bu dil demək olar ki, dünyanın hər yerində anlaşılan, rahat ünsiyyət qurmağı təmin edən bir dildir. Hətta Rusiyada belə. Amma bu gün rus dili ilə hansısa inkişaf etmiş bir ölkəyə getsən, sənin ünsiyyət qurma ehtimalın dəfələrlə aşağıdır. Mən inanıram ki, yeni təhsil nazirimiz bu məsələylə bağlı ciddi işlər görəcək.

- Türkiyədə magistrliyi oxuyursunuz. Azərbaycan və Türkiyə ekran işləri təhsilindəki ən böyük fərq nədir?

- Mən bunu tam deyə bilməyəcəyəm, çünki bakalavr səviyyəsi ilə magistr dərəcəsindəki təhsil arasında Türkiyədə böyük fərq var. Burada bakalavr dərəcəsində teorik və praktiki təhsil varsa, magistr dərəcəsində yalnız yüksək akademik səviyyədə teorik dərslər olur. Gərəkli olan da budur. Çünki ingilis dilindəki adına uyğun olaraq, tələbə burada master olmaq üçün çalışır. Master olmaq üçün isə ciddi akademik təhsil lazımdır. Ölkəmizdə isə bu sahədə magistr təhsili almadığım üçün tam olaraq fərqi bilmirəm. Eşitdiyimi desəm, orada bakalavrdan o qədər də fərqlənməyən dərslər olur və 2 il yox 1.5 il müddətinə bitir.

Komediya dedikləri “Yalançı komediya”, “Söyüşlü dodaqqaçdı”dan başqa bir şey deyil...

- Ölkəmizdə ən çox hansı janrların çəkilməsini və inkişafını görmək istərdiniz?

- Təəssüflər ki, sinemalarda olan filmlərin böyük əksəriyyəti “yalançı komediya”, “söyüşlü dodaqqaçdı” janrlarındadır. İndi deyə bilərsiniz ki, belə janrlar yoxdur. Bunu mən də bilirəm. Amma “komediya” filmi adı ilə satışa çıxarılan filmlərin böyük əksəriyyətində ya bir yerdə komik hadisə olur, ya da qətiyyən komediya deyilən bir şey olmur. Komediya dedikləri şey isə söyüşlər, təhqirlər, ədəbsiz hərəkətlərdir. Bunlar yolverilməzdir demirəm. Bunlar da olmalıdır. Çünki biz normal həyatı rəsmi şəkildə yaşamırıq. Əsas demək istədiyim odur ki, sitkom (situasiya komediyaları) və ya söz oyunu qalır ən arxa planda və ya istifadə edilmir. Buna rəğmən bu tip filmlər çox çəkilir və deyirlər ki “nə edək?, tamaşaçılar bunu xoşlayır”. İstərdim ki, ssenari yazarlarımız və rejissorlarımız film çəkməyə janr axtarmasınlar, hekayə axtarsınlar. Hekayə olandan sonra orada həyatın və kinonun qaydalarına uyğun və özlərinin yaratdığı əsaslı qaydalarla daha gözəl işlər ortaya qoya bilərlər. Belə olduğu halda hekayə hansı janra uyğun hekayədirsə, qoy elə janr da o olsun. Amma ortada həqiqi kino sənəti olsun.

Kinomuz o vaxt dünyada tanınacaq ki....

- Bizdə tələbat olmadığı üçün film az çəkilir, yoxsa az çəkildiyi üçün tələbat yoxdur? Tələbatı və keyfiyyəti necə artırmaq olar?

- Dediyim kimi, film sənətdən əlavə həm də kommersiya işidir. Ola bilsin ki, ölkəmizdə əhali sayı az olduğu üçün filmlərdən o qədər də çox gəlir əldə etmək mümkün deyil. Bəlkə də buna görə filmlər demək olar ki, az çəkilir. Amma filmləri dünya bazarına çıxara bilərik. Bəs niyə çıxarmırıq? Bu da başqa bir problem. Bu gün “rejissoram” deyən insanların bir çoxu aidiyyəti olmayan sahələrdə təhsil alıb və ya ali təhsilsizdir. İndi siz düşünün ki, heç vaxt yemək bişirməmiş bir insan gəlib aşpazlıq edir. Bu necə olar? O yeməyi kim yeyə bilər? Heç ətrafındakı insanlar yeməz, o ki qaldı dünya bazarı... Film də belədir. Amma mən bu hadisələri yaxından izləyirəm, xeyli irəliləyiş var. İnanıram ki, nə vaxtsa dünya kinosundan bəhs edərkən orada Azərbaycan kinosunun da adı çəkiləcək.

İndi Netflix platforması dünya bazarında xüsusi yer tutur. Mən düşünürəm ki, gənc rejissorlarımız bu gün Netflix üzərindən dünya bazarına çıxış etməlidirlər. Əgər buradakı missiyamız uğurlu olsa, daha sonra isə dünya sinemalarında Azərbaycan filmlərinə yer ayrılacaq.

- Azərbaycan kinosunun gələcəyində əhəmiyyətli rol oynaya biləcəyinizə əminsinizmi? Bunun üçün nə etməyi planlaşdırırsınız?

- Düşünürəm ki, yaxşı rejissor ola bilmək üçün ilk olaraq yaxşı təhsil lazımdır. Ölkəmizdə ustadlarımızdan çox gözəl sənət təhsili almışam, bu isə o deməkdir ki, mən ilk mərhələni uğurla keçmişəm. Daha sonra isə yaxşı PR menecer olmaq, prodüserlik bacarığına yiyələnmək lazımdır. Belə olarsa, hələ kağız üzərində olan filmin previzualizasiya olunmuş versiyası ilə və ya fotolarla yaxşı təqdimatını hazırlayıb o filmə yatırım edəcək şirkətlər, şəxslər cəlb etmək lazımdır. Yaxud da filmlə yanaşı başqa biznes sahələri ilə məşğul olmaq lazımdır. Bu halda isə filmə yatırımı da şəxsin özü edər və gəliri də özü götürər. Yəni, başqa biznesdən əldə etdiyin qazancı film biznesinə yatırırsan və gəlir də sənə qalır. Əgər mən yaxşı PR-çı olmasam, fərqli bizneslə məşğul olmasam, o zaman məndən kinorejissor olmağı heç kim gözləməsin. Sənədli filmlər çəkib festivallara göndərəcəyəm və bunu bu sənəti sevdiyim üçün edəcəyəm. Əslində, bir uğursuz filmim oldu, bunun isə səbəbi kiçik büdcə və məsuliyyətsiz insanlar oldu. Amma bu heç kimi maraqlandırmır. Nəticədə rejissor günahkar çıxır. Mən isə bu filmi istədiyim səviyyəyə gətirmək üçün əlimdən gələni edəcəyəm, hələ ki, təslim olmamışam. Uğursuz filmim məni çox yormuşdu. Onda düşündüm ki, bəlkə də ən rahat və stresi az olan işi görməliyəm.

- Sabahın rejissoru, aktyoru olmaq istəyənlərə nə demək istərdiniz?

- Rejissorluq və aktyorluq həm müqəddəs sənətdir, həm də möcüzəvi. Sən bu gün bir yerdə, sabah isə heç ağlına gəlməyəcək qədər başqa yerdə ola bilərsən. Burada kaprizlər, ambisiyalar qalır bir kənarda. Sənət və həyatın birgə oyununda önəmli fiqursansa, möcüzəvi bir şəkildə yüksələcəksən - sənət-həyat vəhdətinin şıltaq övladı olacaqsan. Yox, əgər bu vəhdət səni özünə layiq görmürsə, deməli, hər şey daha da yaxşı olacaq. Amma başqa yerdə! Ən önəmli olan yorulmadan çalışmaq, daim yeni şeylər öyrənmək, daha çox bacarıqlar qazanmaqdır. Əgər nəsə, hansısa filmin yaxşı olmursa, üzülmə, demək ki, daha da yaxşı olacaq. Harada? Nə vaxt? Necə? Bunu yaşayanda görəcəksən. İndi isə, sadəcə çalış, çalış və çalış... İrəli atılmaqdan qorxma, unutma ki, təsəvvür edə bildiyin və inandığın qədərsən!!!

Aysel Naibova

BDU-nun jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi

 

 

 

 

Paylaş
Baxılıb: 159 dəfə

Xəbər lenti

Hamısına bax

Hava dəyişəcək

29 Noyabr 15:05

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30