Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Dövlətimiz və millətimiz 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini daim uca tutur

Dövlətimiz və millətimiz 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini daim uca tutur

20.01.2021 [10:07]

Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı www.yap.org.az saytına müsahibə verib:
- Musa müəllim, 20 Yanvar faciəsinin 31-ci ildönümü tamam olur. 20 Yanvar hadisəsinin tariximizdəki yeri və rolu haqqında fikirlərinizi bilmək istərdik...
- 20 Yanvar hadisəsinin tariximizdəki yeri və rolunu dərindən bilməkdən ötrü, ilk növbədə, ona gətirən prosesləri öyrənmək və təhlil etmək lazımdır. Məlum olduğu kimi, Qarabağ bölgəsinin heç bir zaman Ermənistanın tərkibində və erməni kütləsinin təsiri altında olmamasına baxmayaraq, Ermənistan SSR onu ələ keçirmək üçün müxtəlif zamanlarda əsassız iddialar irəli sürüb. 1985-ci ilin martında M.S.Qorbaçov SSRİ rəhbərliyinə gətirildikdən sonra bu iddialar daha da artdı. Ermənilər Dağlıq Qarabağ Muxtar Vilayətini ələ keçirmək məqsədlərinə çatmaq üçün, ilk növbədə, Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin üzərinə total böhtan dolu hücuma keçdilər. Heydər Əliyev Sov.İKP MK-nın 1987-ci il oktyabrın 21-də keçirilən plenumunda vəzifəsindən azad edildikdən bir neçə gün sonra M.Qorbaçovun iqtisadiyyat məsələləri üzrə müşaviri Abel Aqanbekyanın Parisdə “İnterkontinental” oteldə yerli erməni nümayəndələri qarşısında etdiyi çıxışında Azərbaycanın Dağlıq Qarabağ regionunun guya “əlaqəsini” nəzərə alaraq Ermənistana birləşdirilməsi barədə sovet rəhbərinin razılığını aldığını bildirdi. Bundan az sonra həmin ilin fevralın 11-də Xankəndidə (Stepanakert) mitinqlər və mövcud konstitusiya quruluşu əleyhinə fəaliyyətlər başladı. Ermənistandan gəlib Azərbaycanın Dağlıq Qarabağ regionunda təbliğat aparan “Qarabağ” və “Krunk” təşkilatlarının fəalları iki xalq arasında düşmənçilik toxumları səpir, separatçılığı qızışdırırdılar.
Mərkəzi hökumətin azərbaycanlıların etirazlarına məhəl qoymaması və hüquqlarını qorumaması nəticəsində Azərbaycanda vəziyyət daha da pisləşdi. Uğursuzluqlar daxili siyasi qarışıqlığa və böhrana gətirib çıxardı. Bakıda mitinqlər ara vermirdi. Əhali Ermənistanın təcavüzünü dayandırmağı, Dağlıq Qarabağ regionunda vəziyyəti normallaşdırmağı, Ermənistandan qovulan və küçələrdə qalan adamların problemlərinin həllini tələb edirdi. Xalqdan ayrı düşmüş Azərbaycan hakimiyyəti isə bunları yerinə yetirməyə qadir deyildi. Bir neçə rayonda Azərbaycan Xalq Cəbhəsinin fəalları hakimiyyət orqanlarını ələ keçirdilər.
Yanvarın 17-dən etibarən Azərbaycana əlavə sovet hərbi hissələri gətirilməyə başlandı. Azərbaycana yeridilən sovet əsgərlərinin sayı artıq yanvarın 19-da 24 min nəfərə çatmışdı. Azərbaycan xalqı sovet qoşun hissələrinin qarşısında əliyalın qalmışdı.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan televiziyasının enerji bloku partladıldı. Enerji blokunun partladılmasında başlıca məqsəd ordu hissələrinin Bakıda törətdikləri qanlı hadisələrdən əhalinin xəbər tuta bilməsinin və televiziya ilə müraciət edilməsinin qarşısını almaq idi. Nəticədə əhali baş verən hadisələr barədə heç bir informasiya ala bilmədi. M.Qorbaçov Bakıda fövqəladə vəziyyət elan edilməsi barədə dekret imzaladı. Elə həmin gecə M.Qorbaçov başda olmaqla sovet rəhbərliyi əsasən, Rostov, Krasnodar və Stavropoldan gətirilmiş ehtiyat əsgər və zabitlərdən komplektləşdirilmiş ordu hissələrinə etirazları yatırmaq üçün Bakıda dinc əhaliyə qarşı silah işlətmək əmrini verdi. Ordunun Bakıda və Azərbaycanın digər ərazilərində görünməmiş vəhşiliyi nəticəsində dəhşətli qətliam baş verdi.
20 yanvar hadisəsi nəticəsində Əbdürrəhman Vəzirov respublikadan qaçdı. Azərbaycan Xalq Cəbhəsinin liderləri də qaçıb gizləndilər. Xalq başsız qaldı. Bu zaman sərt nəzarət altında yaşayan böyük dövlət və siyasi xadim Heydər Əliyev oğlu İlham Əliyev və digər ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi və keçirdiyi mətbuat konfransında bəyanat verərək baş verən hadisəni hüquqa zidd, demokratiyaya yad və humanizm prinsiplərinin əleyhinə olan hadisə kimi qiymətləndirdi. Bu cəsur hərəkəti ilə Heydər Əliyev ən çətin anda təkcə xalqının yanında olmadı, eyni zamanda, informasiya blokadasının yarılmasında, Azərbaycanda baş verən qanlı hadisənin dünyaya çatdırılmasında müstəsna rol oynadı. 20 Yanvar hadisəsi Sovet hakimiyyətinin vətəndaşlarına qarşı törətdiyi ağır cinayət idi.
- Sovet imperiyasının çökməsində bu hadisə, Azərbaycan xalqının mübarizliyi nə dərəcədə rol oynadı?
- 20 Yanvar SSRİ-nin sonunun başlanğıcı idi. Bu, SSRİ siyasi sisteminin böhranını və M.Qorbaçovun yenidənqurma, aşkarlıq və demokratikləşdirmə siyasətinin iflasını göstərdi.
Məlum olduğu kimi, planlı sosialist təsərrüfatına əsaslanan sovet iqtisadiyyatı zəncir kimi bir-biri ilə sıx bağlı idi. Həlak olanların xatirəsinə ehtiram olaraq Azərbaycanda fabrik və zavodların 40 gün işləməməsi sovet iqtisadiyyatının dağılmasına ciddi təsir etdi. SSRİ-nin iqtisadi əsasları sarsıldı. Sovet dövləti güc baxımından ordu, polis və xüsusi xidmət orqanları üzərində dayanırdı. Ölkəni xarici hərbi müdaxilədən qorumalı olan ordunun dinc ölkə vətəndaşlarını vəhşicəsinə öldürməsi nəticəsində orduya olan inam sarsıldı.
Sovet İttifaqı ideoloji baxımdan Kommunist Partiyası ilə ayaqda dayanırdı. Partiya rəhbərliyinin dinc əhalinin gülləbaran edilməsinə əmr verməsi partiyanı və ideologiyanı tamamilə gözdən saldı. Kommunistlər partiya biletlərindən imtina etməklə SSRİ-nin ideoloji əsasını sarsıtdılar.
20 yanvar hadisəsi Azərbaycan xalqının həyatında bir dönüş mərhələsi oldu. Xalq bundan sonra “Mərkəz” ilə yolunun bir olmayacağına, keçmişə qayıdışın mümkünsüzlüyünə bir daha əmin oldu, hakimiyyətə də etimad bəsləmədi və gələcək həyatını qəti olaraq dövlət müstəqilliyində gördü. Heç əbəs deyildir ki, 1990-cı il noyabrın 17-də ağsaqqal deputat kimi Heydər Əliyevin Sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin birinci sessiyasının qərarına əsasən Naxçıvan MSSR adından “Sovet Sosialist” ifadələri çıxarılaraq Naxçıvan Muxtar Respublikası adlandırıldı. Azərbaycan Cümhuriyyətinin üçrəngli bayrağı rəsmi olaraq qəbul edildi. Sessiya Azərbaycan SSR Ali Sovetinə müraciət edərək “Sovet Sosialist” ifadələrindən imtina etməyi, üçrəngli bayrağı dövlət bayrağı olaraq qəbul etməyi təklif etdi. Naxçıvanda sovet sistemindən imtina olunması geniş əks-səda doğurdu.
1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Azərbaycan Respublikası adı rəsmi olaraq qəbul edildi. SSRİ-nin saxlanılıb-saxlanılmaması barədə martın 17-də ölkədə keçirilən referendum Naxçıvan Muxtar Respublikasında boykot olundu.
Dünyada və ölkədə baş verən obyektiv proseslərin təsiri altında SSRİ-nin dağılması sürətləndi. 1991-ci il avqustun 19-da M.Qorbaçovun devrilməsi məqsədilə edilən çevriliş cəhdi iflasa uğradıqdan sonra ölkənin dağılması sürətləndi. Azərbaycan 1991-ci il avqustun 30-da dövlət müstəqilliyinin bərpası haqqında Bəyannamə qəbul etdi. Bir müddət sonra hələ SSRİ mövcud olduğu bir şəraitdə - oktyabrın 18-də isə Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya aktı qəbul edildi.
- 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinə olan dövlət qayğısını necə qiymətləndirirsiniz?
- Dövlətimiz və millətimiz 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini daim uca tutur. 20 Yanvar şəhidləri 1918-ci ilin mart soyqırımı qurbanlarının dəfn edildiyi yerdə torpağa tapşırılıb. İlk dəfə məhz Ulu Öndər Heydər Əliyevin hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı kimi “1990-cı il yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” işləyib hazırladığı və qəbul edilən qərar layihəsində qanlı yanvar hadisələrinə düzgün siyasi qiymət verilib, bu hadisədə SSRİ rəhbərliyi ilə yanaşı, respublika rəhbərliyinin də böyük günahı olduğu göstərilib və onların adlarının bir-bir açıqlanaraq məsuliyyətə cəlb edilmələri tələb olunub.
Ulu Öndər ikinci dəfə hakimiyyətə gəldikdən sonra da bu məsələni daim diqqətdə saxladı. Belə ki, Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli Fərmanında Azərbaycan Respublikasının Milli Məclisinə qanlı yanvar hadisələrinə həsr edilmiş xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmağı tövsiyə etdi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi.
Azərbaycan xalqı hər il 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir. Cənab Prezidentimiz İlham Əliyev hər il Şəhidlər xiyabanına gedərək şəhidlərin xatirəsini yad edir və abidəyə əklil qoyur.
Anım günündə Azərbaycanda və dünyanın müxtəlif ölkələrində silsilə mərasimlər, sərgilər, konfranslar keçirilir, bu qanlı qırğın, eləcə də Azərbaycan xalqının müstəqillik əzminin sarsılmazlığı bütün dünyaya çatdırılır. Tarixi həqiqətlərin yayılmasında Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu müstəsna rol oynayır.
20 Yanvar şəhidlərinin adı əbədiləşdirilib, onların adına küçə və məktəblər vardır. Dövlətimiz 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət və qayğı göstərir.

Paylaş:
Baxılıb: 436 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xarici siyasət

Siyasət

Prezident bu gün

Prezident bu gün

07 Dekabr 10:10

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

06 Dekabr 12:28

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31