Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Ünvan: Ağdam, “Sona bülbüllər” küçəsi

Ünvan: Ağdam, “Sona bülbüllər” küçəsi

14.10.2021 [10:16]

İlqar Rəsul yazır

1989-cu ilin yazı idi. Ağdamda - İmarətdə Xarı Bülbül Festivalı keçirilirdi. Azərbaycan musiqi sənətinin ən yuxarı eşalonu da daxil xeyli sənətkar yığılmışdı İmarətə. SSRİ-nin müxtəlif respublikalarından, dünyanın bir çox yerlərindən musiqiçilər, rəqs qrupları, folklor ansamblları iştirak edirdi festivalda. Paytaxt Bakı da daxil, respublikanın böyük şəhərlərindən gələn qonaqlar, Ağdam və ətraf rayonların camaatı “Qarabağ”ın stadionunda - tribunalarda əyləşib festivalı seyr edirdilər. Çoxlarının, adətən televizorda gördüyü sənətkarlar, eləcə də heç vaxt görmədikləri əcnəbilər idi çıxış edənlər. Tədbirin şirin yerində tribunalardan qəfil bir uğultu keçdi. Əvvəlcə heç də hamı anlamadı nə baş verdiyini. Ancaq qəfil təlatümdən çaş-baş qalıb “nə oldu?” deyə düşünənlərin də baxışları tezliklə İmarətin darvazasına yönəldi.

Qədir Rüstəmov gəlirdi. Onu ilk görənlərin sevinclə “Qədir gəlir” deməsindən yaranmışdı tribunalardakı gözlənilməz canlanma.

Dediyim ki, hamı girişə doğru - Qədir gələn səmtə baxırdı. Çox keçmədi ki, Qədir sonradan Azərbaycan musiqisinin “Qızıl Fond”una daxil edilən həmin o məşhur ifanı etdi, “Sona bülbüllər”i oxudu. İfası müddətində hamı sakitcə dinləyir, hərdən alqış səsləri stadionu bürüyür, yenidən sakitlik yaranırdı. Beləcə, Qədir oxuduğunu oxudu, sonra gəldiyi kimi də çıxıb getdi. Festival da əvvəlki axarı ilə davam elədi.

Əlbəttə ki, o “Sona büllər”i hamımız dəfələrlə televizorda da görmüşük, YouTube-da izləmişik. Amma həmin ifa ərəfəsində və ondan sonra stadionda yaranmış sehrli bir auradan çoxlarımızın xəbəri yoxdur. Həmin vaxt stadionda yaşanan xoş təlatüm festivalda iştirak edən xarici qonaqların da marağına səbəb olur. Soruşurlar: “nə baş verir, niyə bayaqdan çıxışlara sayğı duyan, diqqət kəsilən tamaşaçı, qəfildən üzünü başqa səmtə tutub?” Onlara da deyiblər ki, Qədir Rüstəmov gəlir, ona görə.

Qonaqlar biləndə ki, Qədir Rüstəmov bu şəhərin sakinidir, camaatın onu küçədə, bazarda görmək imkanı var, daha da təəccüblənirlər adama olan marağa. Əcnəbilər arasında - “Gör nə sənətkar olmalısan ki, səni hər dəfə belə canlı-canlı görəndə, el-obanın, xalqın üzündə fərqli bir sevinc, gözündə sehrli bir parıltı yarana” - düşünənlər də az olmamışdı o vaxt əlbəttə ki...

Dediyim odur ki, Qədir Rüstəmov təkcə Qarabağı, Ağdamı yox, həm də o sehrli mühiti itirmişdi. Əlbəttə, onu yandıran tamaşaçı itkisi deyildi. Belə sənətkarlar o sarıdan heç vaxt qıtlıq çəkmirlər, çünki Millət, Məmləkət sevdasını daima öz üzərlərində hiss edirlər. Amma bir iş də var ki, Qədir kimi dərvişanə bir adama heç nə qəlyanı əlində Ağdamın küçələrində gəzmək, İmarətdə tribunalara baxıb keçmişi yad eləmək qədər nə sevinc gətirərdi, nə də rahatlıq.

Olmadı, Qədir də çoxları kimi görmədi bu günləri, Qarabağın, Ağdamın işğaldan azad edildiyini. Yenə sağ olsun Aqil Abbas. Deyir o vaxt (dekabr 2011) İstanbulda xəstəxanada - ömrünün son anlarında Qədirin əlindən tutub, qulağına Ağdamın işğaldan azad olunduğunu pıçıldayıb. Əminəm ki, eşidib Qədir o pıçıltını. Amma inanıbmı? Əmin deyiləm.

Qədirin gözü Ağdamın yollarında qalmışdı və onu tanıyanlar bunu bilirdilər deyə, imkanı olanlar son anında qulağına “narahat olma, həkimlər deyir sağalacaqsan”-filan əvəzinə məhz “Ağdamı almışıq, dur gedək” pıçıldayırdılar... Bəlkə də deyilənə inanmadığından qalxmayıb, ölümə rahatca can verib ki, ta ləngiməsin, ruh olub Ağdama uçsun. Otuz ildir İmarətdə vurnuxan səsi - ən yaxşı “Sona bülbüllər”i kimi əsgəri də, ordunu da, komandanı da özü qarşılasın zamanı gəlincə...

Hər halda indi ruhu şaddır Qədirin. Artıq onun Qarabağı da, Ağdamı da işğaldan azaddır. İndi xarabalıq da olsa, hər gün ağdamlılar Ağdamın dağılmış küçələrində gəzir, hərə öz evinin qalıqlarını bir-birinə göstərib nələrsə deyir. Amma Qədir Rüstəmovun bir vaxtlar yaşamış olduğu küçədən keçənlər bir-birinə həm də onun evinin yerini nişan verirlər: “Bax, bura Qədir Rüstəmovun həyəti idi. Orada da evi idi. Hərdən qəlyanı əlində küçəyə çıxardı...”.

Bəlkə diqqətlə dinləsələr, “Sona bülbüllər”i də eşidər həmin küçədən keçənlər...

 

 

Paylaş
Baxılıb: 276 dəfə

Xəbər lenti

Hamısına bax

Hava dəyişəcək

29 Noyabr 15:05

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30