Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Azərbaycanın incisi Qəbələdə yenicə başa çatmış V Beynəlxalq Musiqi Festivalı möhtəşəmliyi ilə yaddaşlara həkk olunub

Azərbaycanın incisi Qəbələdə yenicə başa çatmış V Beynəlxalq Musiqi Festivalı möhtəşəmliyi ilə yaddaşlara həkk olunub

17.08.2013 [13:36]

Bu gün Azərbaycan musiqisi bütün dünyanı dolaşmaqdadır. Yerli və xarici sənətçilərin ifasında səslənən ecazkar musiqimiz Şərq-Qərb mədəniyyətlərinin vəhdətini təmin etmək baxımından əvəzsiz mənbədir.
Azərbaycanın dahi bəstəkarlarının-Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, Arif Məlikovun, Tofiq Quliyevin və adlarını çəkmədiyimiz onlarla digər sənət korifeylərinin Avropada, Amerikada, Asiyada ifa edilən əsərləri, sadəcə istedadlı bir xalqın ənənələrinə və düşüncə tərzinə bağlı ekzotika kimi deyil, ümumbəşəri musiqi kimi dəyərləndirilir.
Bu gün beynəlxalq mədəni əlaqələr, inteqrasiyalar Azərbaycanın dövlətlərarası siyasətinin əsas prioritetlərindən biridir. Zəngin mədəniyyəti ilə dünyada tanınan Azərbaycana beynəlxalq marağın gündən-günə artması məhz bu siyasətin məntiqi nəticəsidir.
Son illərdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü və bilavasitə rəhbərliyi altında həyata keçirilən çoxsaylı mədəniyyət layihələri xalqımızın mədəniyyətinin inkişafını və təbliğini yeni, yüksək bir səviyyəyə qaldırıb.
Artıq hamıya bəllidir ki, Heydər Əliyev Fondu xalqımızın mədəni irsinin dünyada təbliğinə, dünya mədəniyyət nümunələrinin ölkəmizdə tanıdılmasına xidmət edən, xalqlararası mədəni-mənəvi inteqrasiyanın səmərəliliyini artıran layihələri daim dəstəkləyib və bu gün də dəstəkləməkdə davam edir. Müxtəlif mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə səbəb olan belə tədbirlər ildən-ilə daha böyük vüsət alır. Təsadüfi deyildir ki, ölkəmiz Avropanın ən mötəbər yarışması olan “Eurovision-2012” mahnı müsabiqəsinə ev sahibliyi edib və milliyyətindən, musiqi dinindən və siyasi baxışlarından asılı olmayaraq Bakıya toplaşan bütün insanları birləşdirib.
UNESCO tərəfindən bəşər mədəniyyətinin incisi elan edilmiş Azərbaycan muğamına həsr olunmuş beynəlxalq musiqi festivalları dünyada geniş əks-səda doğurub.
Azərbaycanda belə mötəbər musiqi bayramlarından biri-nüfuzu ildən-ilə artan Qəbələ Beynəlxalq Musiqi Festivalının keçirilməsi artıq ənənəyə çevrilib. Bu gün Qəbələnin adı beynəlxalq tədbirlərin təşkil olunduğu şəhərlərlə eyni cərgədə durur. Dünyanın bir çox ölkəsindən çoxsaylı musiqiçilərin iştirak etdikləri bu dostluq və musiqi bayramı mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yaradaraq, mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə öz töhfəsini verir.
Qəbələ festivalı həm də Azərbaycan təbiətinin, qonaqpərvərliyinin nümayişinə çevrilib. Bu möhtəşəm tədbir Ulu öndərimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin mədəniyyətə, incəsənətə, sənət adamlarına böyük diqqəti və qayğısı sayəsində reallaşıb.
Klassik Azərbaycan və dünya bəstəkarlarının əsərlərinin eyni şövqlə ifa olunduğu builki festival da tamaşaçılarda xoş təəssüratlar yaradıb. Ümumiyyətlə, sayca beşinci olan builki Qəbələ Beynəlxalq Musiqi Festivalı da özündən əvvəlkilər kimi Heydər Əliyev Fondunun möhtəşəm mədəniyyət layihələrindən biri olaraq beynəlxalq aləmdə böyük əks-səda doğurmuş və yenicə başa çatmış bu möhtəşəm musiqi bayramı nüfuzlu festivallar arasında silinməz iz qoyub.
Dünyanın bir çox tanınmış səyyahları Qəbələni Azərbaycanın İsveçrəsi adlandırırlar. Olduqca heyrətamiz bir coğrafi məkanda yerləşən Qəbələ Azərbaycanın ən qədim şəhərlərindən biridir. Böyük Qafqaz dağlarının ətəyində yerləşən Qəbələnin gözəl havası, təbiəti, sıx meşələri, sərin bulaqları, beşulduzlu otellərdə yüksək səviyyəli xidmət turistləri ardıcıl olaraq cəlb etməkdədir. Əlbəttə ki, belə bir turizm axınına beynəlxalq musiqi festivalının da təsiri böyükdür. Hər il olduğu kimi, yenə də festival günlərində Qəbələyə minlərlə yerli və xarici turist gəlib. Kütləvi informasiya vasitələri tərəfindən festival haqqında məlumatların geniş yayılması müştəri bolluğu baxımından rayonun turizm obyektlərinin fəaliyyətinə müsbət təsir edib.
Avropanın nüfuzlu “Euronews” telekanalında yayımlanan videoçarxlarda Qəbələ Beynəlxalq Musiqi Festivalının Odlar Yurdunun mədəniyyətinin, incəsənətinin, turizminin təbliği baxımından gözəl layihə olduğu, Azərbaycanın dünya musiqi mədəniyyəti mərkəzinə çevrildiyi bildirilib.
Artıq beynəlxalq brendə çevrilməkdə olan Qəbələ festivalının proqramı ildən-ilə zənginləşir. Festival çərçivəsində reallaşdırılan gənc pianoçuların beynəlxalq müsabiqəsi, muğam, klassik, kamera, caz, vokal musiqisi axşamları tələbkar auditoriyanı hər dəfə heyrətləndirməyə müvəffəq olub.
Hər il olduğu kimi, V Qəbələ Beynəlxalq Musiqi Festivalına da Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar qatılıblar.
Festival ərəfəsində çoxsaylı yerli və xarici qonaqların mənalı istirahətləri üçün Qəbələdə geniş hazırlıq işləri görülüb. Şəhərin küçələri, park və bağları daha da abadlaşdırılıb, gecə işıqlandırma sistemi qaydaya salınıb, hər yerdə səliqə-sahman yaradılıb.
Builki festivalın iştirakçıları arasında Rusiya, Türkiyə, Böyük Britaniya, ABŞ, İtaliya, Fransa, Koreya Respublikası, İsrail, Litva, Kuba, Qazaxıstandan dünya şöhrətli dirijorlar, musiqiçilər və kollektivlər - Yerusəlim simfonik orkestri, Yuri Başmet və “Yeni Rusiya” simfonik orkestri, Kuba caz qrupu, Amos Talmon, Boris Berezovski, Vadim Repin, Oksana Yablonskaya, Dmitri Yablonski, Yader Benyamini, Mirko Roverelli, Karmelo Korrado Karuzo, İdil Biret, Nina Koqan, Jan Bernard Pommier, Jan Latam Koniq, Ayman Musaxacayeva, Aleksandr Solovyov, Sergey Leyferkus, Muza Rubayskite, Hee Youn Çou, Mixail Qutman və digər görkəmli musiqiçilərin olması bu möhtəşəm musiqi bayramına beynəlxalq marağı qat-qat artırıb.
Həmçinin, festivalın konsertlərində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri, Bakı Musiqi Akademiyasının kamera orkestri, Xalq artistləri Fərhad Bədəlbəyli, Rauf Abdullayev, Murad Adıgözəlzadə, Yalçın Adıgözəlov, Murad Hüseynov, Yeganə Axundova, Mənsum İbrahimov, Əməkdar İncəsənət Xadimi Fəxrəddin Kərimov, Əməkdar artistlər Gülnaz İsmayılova, Toğrul Qəniyev, Elçin Əzizov, Fəridə Məmmədova, Səbinə Əsədova, Elçin Həşimov, Elnur Əhmədov, Sahib Paşazadə, beynəlxalq müsabiqələr laureatları Fuad İbrahimov, Yusif Eyvazov, Elvin Qəniyev, Azər Rzazadə, istedadlı gənc solistlər, muğam ifaçıları çıxış ediblər.
Tam əminliklə demək olar ki, bir çox dünya şöhrətli musiqi xadimlərinin iştirakı ilə keçirilmiş V Qəbələ Beynəlxalq Musiqi Festivalı da dünya musiqi mədəniyyəti tarixində parlaq səhifələrdən biri kimi qalacaq.

Paylaş:
Baxılıb: 1424 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30