Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Onun ölməz musiqisi daim insanlara işıq bəxş edəcək...

Onun ölməz musiqisi daim insanlara işıq bəxş edəcək...

17.08.2013 [13:34]

Bu gün onunla bağlı fikirlər keçmiş zamanda səslənsə də, o, təkrarolunmaz ifası ilə milyonların könlündə taxt quran əbədiyaşar bir sənətkardır. Onu qədim yunan mifologiyasının qəhrəmanlarından olan Orfeylə də müqayisə ediblər. Əfsanəyə görə, Orfey səsi ilə insanlara işıq, ümid gətirirmiş.
Qeyri-adi ifası ilə milyonların qəlbini fəth etmiş, hələ sağlığında ikən əfsanələşmiş Müslüm Maqomayev də öz ecazkar səsi ilə insanlara işıq, ümid gətirdiyinə görə çox haqlı olaraq XX əsrin Orfeyi adlandırılıb. Bu gün artıq əbədiləşmiş, əfsanələşmiş Müslüm Maqomayevin zəngin tərcümeyi-halının hər anı bu böyük musiqiçinin mənalı ömür yoluna işıq salır...
Bəlkə də düz 71 il bundan əvvəl - 1942-ci ildə Bakıda dünyaya göz açan bu uşağa babasının - görkəmli bəstəkar Müslüm Maqomayevin adı qoyulanda heç kim zənn edə bilməzdi ki, çox keçməyəcək, bu adın daşıyıcısı dünyaya yeni, daha şöhrətli “Müslüm Maqomayev” təqdim edəcək. Deyilənə görə, balaca Müslüm babasını görməsə də, ağlı söz kəsəndən onun həyat yolu ilə maraqlanıb, babasının yolunu davam etdirməli olduğunu körpə qəlbi ilə duyub. Bəstəkar Müslüm ağlına belə gətirməzdi ki, 1916-cı ildə yazığı “Şah İsmayıl” operasındakı Aslan şahın ariyasını illər keçəcək, üzünü belə görmədiyi nəvəsi - Müslüm Maqomayev ifa edəcək.
Birinci dəfə 14 yaşında dənizçilər klubunda çıxış edən Müslüm Maqomayev ilk uğurunu 1962-ci ildə qazanıb. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına yollanan Müslüm medalla qayıtıb. Bu münasibətlə populyar “Oqonyok” jurnalı onun şəkilini və “Bakılı gənc dünyanı fəth edir” başlıqlı məqalə dərc edib.
Müslüm Maqomayev XX əsrin 60-cı illərində Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, dünya şöhrətli “La Skala” Milan Teatrında təcrübə keçib. Enriko Pyatsa ilə “Sevilya bərbəri” operasından Fiqaronun, “Toska” operasından Skarpianın partiyalarını hazırlaıb.
1963-cü ildə Moskvanın P.Çaykovski adına salonunda ilk solo, 1966-cı ildə Parisdə ilk konsertini verib, dünyanın əksər ölkələrində qastrolda olub. Ötən əsrin 60-70-ci illərində SSRİ-nin Qərb ölkələri ilə diplomatik münasibətlərinə Müslüm Maqomayev öz səhnə ustalığı ilə bir inam gətirib.
1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında Müslüm Maqomayevin dövlət imtahanı isə konsert zalına və binanın ətrafına çoxsaylı pərəstişkarların toplaşması ilə yadda qalıb.
Müslüm Maqomayevin sonrakı yaradıcılığı Moskva ilə bağlıdır. Rusiyanın görkəmli bəstəkarları onun üçün mahnılar yazıblar. Lakin müğənninin repertuarından Azərbaycan musiqisi (Üzeyir Hacıbəyli “Sənsiz”, “Sevgili canan” və s.) heç vaxt əskik olmayıb. “Azərbaycan mənim atam, Rusiya isə anamdır. Mən həyatımı Azərbaycansız təsəvvür etmirəm”, - deyən müğənninin repertuarında 600-dək əsər var.
Azərbaycan musiqi mədəniyyətinə misilsiz töhfələr verən, təkrarolunmaz bariton səs sahibi Müslüm Maqomayev bir neçə nəsil üçün doğma və yaxın insana çevrilib. Gənc yaşlarında yüksək və ağlasığmaz uğurlara nail olmuş Müslim Maqomayev 31 yaşında SSRİ Xalq artisti fəxri adına layiq görülüb.
Müğənni səsinin qüdrəti, vüqarlı qaməti, gözəl siması, səhnə davranışı ilə hamını valeh edib. Səsinin geniş diapazonu ona vokal sənətinin müxtəlif sahələrində, o cümlədən opera, estrada janrlarında, caz üslubunda uğurlu ifalara imkan verib. Əlbəttə, müğənninin yaradıcılığında estrada janrının xüsusi yeri var. Bu janrda ifası ilə o, musiqisevərlərin və geniş kütlənin ürəyinə yol tapmış və oxuma tərzinin təkrarsızlığını dəfələrlə təsdiqləyib. Onu əbəs yerə sovet estradasının son yarım əsrdəki ən parlaq ulduzu, kralı adlandırmayıblar. Klassik ariyaları və mahnıları estradaya məhz Müslüm Maqomayev gətirib.
Ənənəyə sadiq qalaraq, Müslüm Maqomayev öz bacarığını bəstəkarlıq sahəsində də müvəffəqiyyətlə sınayıb. Onun yaradıcılığında Xalq şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi və dillər əzbəri olan “Azərbaycan” mahnısı xüsusi yer tutur. Mahnının mükəmməlliyi, yüksək ifa tərzi, müğənninin əzəmətli görkəmi tamaşaçıda böyük qürur doğurur.
Müğənni həm də “Oxuyur Müslüm Maqomayev”, “Nizami”, “Moskva notlarda” filmlərində çəkilib. Dərin məzmunlu Nizami obrazını o, böyük məharətlə oynayıb. Babası Müslüm Maqomayev Şah İsmayılı operada əbədiləşdirdiyi kimi, nəvəsi də Nizami obrazını kinofilmdə əbədiləşdirib.
Məşhur opera müğənnisi Tamara Sinyavskaya sədaqətli, etibarlı ömür-gün yoldaşı kimi Müslüm Maqomayevin həyatını daha mənalı və maraqlı edib.
Müslüm Maqomayevin iti müşahidəsi və gözəl qələmi olub. O, “Dahi Lansa” kitabını məşhur italyan mənşəli Amerika müğənnisi Mario Lansaya həsr edib. “Mənim məhəbbətim melodiya” kitabında isə biz gözəl insan, dahi şəxsiyyət və dünya şöhrətli müğənnini, ən əsas isə - vətənpərvər insanı, əsl azərbaycanlını görürük.
Müslüm Maqomayevin milli musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri yüksək qiymətləndirilib və o, müstəqil Azərbaycan Respublikasının ali mükafatları - “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilib.
Dünya şöhrətli müğənni Müslüm Maqomayev 2008-ci il oktyabr 25-də vəfat etmiş və Bakıda Fəxri xiyabanda dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 11 may tarixli Sərəncamına əsasən görkəmli müğənni və bəstəkar Müslüm Maqomayevin 70 illik yubileyi dövlət səviyyəsində qeyd edilib. Təsadüfi deyildir ki, ötən il IV Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk konserti məhz SSRİ Xalq artisti, dünya şöhrətli musiqiçi Müslüm Maqomayevin 70 illik yubileyinə həsr edilib.
Azərbaycan xalqı yaşadıqca Müslüm Maqomayevin böyük sənəti və əziz xatirəsi yaşayacaq, onun ölməz musiqisi daim insanlara işıq, ümid bəxş edəcək.

Paylaş:
Baxılıb: 1377 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30