Azərbaycanın bütün bölgələrində yeni su layihələri böyük uğurla həyata keçirilir
20.09.2016 [10:07]
Qarşıya qoyulan hədəf yaxın perspektivdə respublikanın bütün şəhərlərini 24 saat fasiləsiz içməli su ilə təmin etməkdən ibarətdir
Hazırda dünyanın ayrı-ayrı ölkələrində öyrənilən və təbliğ edilən inkişafın Azərbaycan modelinin ən səciyyəvi cəhətlərindən biri ondan ibarətdir ki, son 12 ildə respublikanın bütün regionlarında infrastruktur təminatının gücləndirilməsi daim diqqət mərkəzində saxlanılıb. Belə ki, bölgələrdə yeni yolların çəkilməsinə, şəhər və kəndlərin qazlaşdırılmasına, enerji təminatının gücləndirilməsinə böyük həcmlərdə maliyyə vəsaitləri yönəldilib. Həyata keçirilən layihələrin nəticəsidir ki, bu gün respublikanın bölgələrinin infrastruktur təminatı ən müasir tələblər səviyyəsinə çatıb. Yaradılan mükəmməl infrastruktur əhalinin həyat səviyyəsinin yüksəlməsinə təsir göstərən mühüm faktor qismində çıxış etməklə yanaşı, qeyri-neft sektorunun üstün inkişafı, daxili istehsalın genişləndirilməsi baxımından da böyük əhəmiyyət daşıyır. Ölkəmizin regionlarında müasir infrastruktur yaradılmasının əsas xarakterik cəhəti isə ondan ibarətdir ki, dövlət yeni obyektlərinin yaradılmasının maliyyə təminatını bir qayda olaraq öz öhdəsinə götürür. Sonradan bu layihələr bölgələrin və bütövlükdə ölkənin inkişafına təkan verən vacib faktora çevrilir. Əlamətdar haldır ki, Prezident İlham Əliyev paytaxtda və bölgələrdə yeni istifadəyə verilən əksər sosial təyinatlı infrastruktur obyektlərinin açılışında şəxsən iştirak edib və Öz tövsiyələrini verib.
Azərbaycan etibarlı su təchizatına nail olunmasını strateji hədəf kimi qarşıya qoyub
Son illərdə bütün ölkə boyu müasir infrastruktur qurulmasından söhbət açarkən bütün ölkə boyu su təchizatı sisteminin intensiv şəkildə yenilənməsini də xüsusi vurğulamaq lazımdır. Azərbaycanın ölkədə etibarlı və səmərəli su təchizatı sistemi yaradılmasına ciddi önəm verməsi isə heç də təsadüfi deyil. Məlumdur ki, müasir dövrdə dünya bir sıra yeni çağırışlarla üz-üzə dayanıb. Yeni minillikdə etibarlı su təchizatının da hər bir ölkə üçün strateji əhəmiyyət daşıyan məsələ səviyyəsinə yüksəldiyi, hətta dövlətlərarası münasibətlərə təsir göstərə bilən faktorlar sırasında yer aldığı artıq heç kəsdə şübhə doğurmur. Mütəxəssislər yeni minillikdə su ehtiyatlarının geostrateji əhəmiyyətinə diqqət çəkərək bildirirlər ki, XXI əsrdə su neftin ötən əsrdəki yerini tuta bilər. Son dövrlərdə Yaxın Şərqdə, MDB-də və başqa məkanlarda baş verən geosiyasi kataklizmlərin həm də bu və ya digər su mənbələrinə nəzarəti ələ keçirmək iddialarından qaynaqlandığı deyilənləri bir daha təsdiqləyir. Getdikcə daha çox sayda dövlət malik olduğu su ehtiyatlarından başqa dövlətlərə qarşı təzyiq, iqtisadi-siyasi rıçaq vasitəsi kimi istifadə etməyə üstünlük verir.
Bir sözlə, müasir dövrdə su mənbələrinin çatışmazlığı dünyanı təhdid edən qlobal problemlərdən birinə çevrilib. BMT-nin yaydığı hesabat həyəcan təbili çalmağa əsas verir. Qurumun hazırladığı hesabatda göstərilir ki, ötən əsrin 50-ci illərində əhalisi 50 milyondan az olan yalnız 12 ölkə su qıtlığı problemi ilə qarşılaşıb. Ötən əsrin 90-cı illərində bu göstərici 2 dəfədən çox artıb və əhalisi 300 milyon nəfər olan 26 ölkə su çatışmazlığı problemindən əziyyət çəkib. Bu minvalla 2050-ci ildə 65 ölkədə 10 milyard nəfərə yaxın insanın su çatışmazlığı ilə üz-üzə qalmaq ehtimalı var.
Bütün bu deyilənlərə su çatışmazlığının ayrı-ayrı ölkələrdə yaratdığı ekoloji problemləri, iqtisadi əngəlləri və digər mənfi təzahürləri də əlavə etsək, onda etibarlı su təchizatı qayğısına qalmağın hər bir ölkə üçün həyati əhəmiyyətli məsələ olduğu barədə konkret təsəvvür yaranar. Azərbaycan da bu cəhətdən istisna deyil. Respublika ərazisində içməyə yararlı sular məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanıb. Hazırda ölkənin yerüstü su ehtiyatları 27 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20-21 kubkilometrə qədər azalır. Yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Ölkəmizin şirin su ehtiyatlarının 70-72 faizi ölkə hüdudlarından kənarda formalaşır. Respublikamızı qidalandıran əsas su mənbələrinin ölkənin hüdudlarından kənarda formalaşması məsələyə daha həssas yanaşmağı tələb edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev etibarlı su təchizatına nail olunmasını müstəqil Azərbaycanın strateji hədəfindən biri kimi müəyyənləşdirib. Şabran rayonu ərazisində inşa olunan Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılış mərasimindəki çıxışında dövlət başçısı İlham Əliyev bununla bağlı fikirlərini ifadə edərək deyib: “Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək, yeni layihələri icra etmək, yeni kanalları inşa etmək və su anbarlarını yaratmaq Azərbaycan üçün strateji əhəmiyyətli bir məsələdir”.
Respublikanın bütün bölgələrində su təchizatı sistemi müasir tələblər səviyyəsində yenidən qurulur
Hazırda içməli su təchizatı sisteminin müasir səviyyəyə qaldırılması ilə bağlı layihələr respublikanın bütün bölgələrində həyata keçirilir. Son 12 ildə dövlət investisiyaları və beynəlxalq maliyyə qurumlarından cəlb olunan kreditlər hesabına 40 şəhərdə içməli su və kanalizasiya layihələrinin icrasına başlanılıb. Artıq bir sıra şəhərlərdə bu layihələrin icrası yekunlaşıb. “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində Azərbaycan Respublikasının 4 şəhər və rayon mərkəzində, o cümlədən onlara yaxın kəndlərdə etibarlı və davamlı su təchizatı və kanalizasiya xidmətlərinin təmin edilməsi məqsədi ilə 17 avqust 2007-ci il tarixində Azərbaycan Respublikası Hökuməti və Dünya Bankı arasında Kredit Sazişi imzalanıb və Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 247 s saylı Sərəncamı ilə təsdiq edilib. Layihə Şamaxı, Qəbələ, Saatlı və Sabirabad şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını əhatə edir. İndiyədək layihə çərçivəsində nəzərdə tutulan bir sıra işlər yekunlaşdırılıb, ayrı-ayrı ünvanlarda isə işlər uğurla davam etdirilir.
Almaniya İnkişaf Bankı ilə birgə maliyyələşdirilən “Açıq Kommunal İnfrastruktur” layihəsi çərçivəsində 24 kilometr uzunluğunda Göygöl-Gəncə magistral su kəməri istismara verilib. Layihəyə uyğun olaraq hazırda Gəncə şəhərinin bir hissəsinin su təchizatı bu mənbədən təmin olunur. Bundan başqa, Gəncə şəhərinin digər su mənbəyi-Qızılqayada drenaj sistemlərinin və magistral xəttin çəkilişi başa çatdırılıb.
Ümumiyyətlə, Şəmkirçay su anbarının istismara verilməsi nəticəsində Gəncə şəhərinin, Şəmkir və Samux rayonlarının etibarlı içməli su mənbəyi yaranıb. Gəncə şəhərini qidalandıran 27 kilometr uzunluğunda Şəmkirçay-Gəncə magistral kəmərinin inşası artıq yekunlaşıb.
Asiya İnkişaf Bankının krediti hesabına Beyləqan və Göyçay şəhərlərində su şəbəkəsinin tikintisi yekunlaşıb. Hazırda Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutan “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi də böyük müvəffəqiyyətlə reallaşdırılır.
Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında da su layihələrinə geniş yer verilib
Qeyd edək ki, 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramında da içməli su təchizatı və kanalizasiya sisteminin təkmilləşdirilməsi layihələrinə geniş yer verilib. Yeni Dövlət Proqramının icrasının arxada qalan iki ili ərzində respublikanın müxtəlif şəhər və rayonlarında bu qəbildən çoxsaylı layihələr reallaşdırılıb. Bu sahədə həyata keçirilən ən böyük layihələrdən biri Kür sutəmizləyici qurğularından Sabirabad və Saatlı şəhərlərinə qədər çəkilən magistral su kəmərinin tikintisidir. Prezident İlham Əliyev Sabirabad şəhərinə içməli suyun verilməsi mərasimində şəxsən iştirak edib və Özünün dəyərli tövsiyələrini verib. Kəmərlə ötürüləcək suyun həcmi perspektiv inkişaf nəzərə alınmaqla Sabirabad şəhəri və rayonun 28 kəndinin 100 min, Saatlı şəhəri və rayonun 12 kəndinin 47 min, Hacıqabul rayonunun isə 4 kəndinin 10 min sakininin tələbatının ödənilməsinə imkan verir.
Bəhs olunan Dövlət Proqramı çərçivəsində həmçinin Mingəçevir şəhərində 41 kilometr yeni su xətti, 30 kilometr kanalizasiya xətti, 3 ədəd kanalizasiya nasos stansiyası tikilib. Eyni zamanda, şəhərdə müasir texnologiyalara əsaslanan və məhsuldarlığı sutkada 50 min kubmetr olan sutəmizləyici qurğunun tikintisinin birinci mərhələsi başa çatdırılıb. Yeni Dövlət Proqramının icrası çərçivəsində Ucar şəhərində su şəbəkəsinin tikintisi tam başa çatdırılıb, 4900 mənzildə smart tipli sayğac quraşdırılıb və şəhər sakinləri fasiləsiz su ilə təmin olunublar.
Yuxarıda sadalanan faktlar son illərdə respublikanın indiki dövrdə kifayət qədər aktual olan su təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən işlərin miqyası barədə konkret təsəvvür yaradır. Qarşıya qoyulan hədəflər isə daha böyükdür. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində bildirib ki, ölkənin bütün şəhərləri 24 saat fasiləsiz keyfiyyətli içməli su ilə təchiz edilməlidir: “İçməli su layihələri bir çox şəhərlərdə artıq icra edilib, 24 saat fasiləsiz təmiz, beynəlxalq standartlara, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilir. Bu layihələr davam edir, davam edəcəkdir. Bütün şəhərlərdə əhaliyə 24 saat fasiləsiz, təmiz içməli su verilməlidir”.
Dünyada ən böyük sutəmizləyici infrastruktur obyektinin Abşeronda yaradılması tarixi hadisədir
Son illərdə ölkəmizdə reallaşdırılan müasir su layihələrindən söhbət açarkən 2015-ci ilin ikinci yarısında Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksini xüsusi qeyd etmək lazımdır. Bu, dünya miqyasında ən iri və ən mükəmməl sutəmizləyici kompleksdir və belə bir obyektin Abşeronda yaradılması tarixi hadisədir. Yeni kompleksin əsas obyekti ultrasüzgəcli sutəmizləyici qurğudur. 5,6 hektar ərazidə yerləşən bu qurğu mürəkkəb geoloji ərazidə inşa olunub. Xam su anbarından suyun süzgəclərə sabit təzyiqlə ötürülməsini 16 nasos təmin edir. Emal prosesinə verilən su əvvəlcə 200 mikronluq süzgəclərdən keçir, sonra qurğunun əsas təmizləyici modullarında süzülür. Süzgəclərə 4,5 atmosfer təzyiqlə ötürülən su modulların içərisində quraşdırılan 0,02 mikronluq xüsusi süzgəclərdən keçməklə, cəmi 20 saniyədə təmizlənir. Tam qapalı, avtomatik rejimdə təmizlənən suda bulanlıq həddi bir litrdə maksimum 0,03 milliqram təşkil edir. Beləliklə, ultrasüzgəclərdə emal edilən su Dünya Səhiyyə Təşkilatının, digər beynəlxalq qurumların qəbul etdiyi standartlara tam cavab verir.
Kompleksdə emal olunan su istehlakçılara Ceyranbatan-Zirə magistral kəməri ilə ötürülür. Kəmərin 61 kilometrlik Ceyranbatan-Balaxanı-Ramana-Qala hissəsinin tikintisi 2013-cü ildə, 22,5 kilometrlik Qala-Zirə hissəsinin tikintisi isə 2014-cü ildə başa çatdırılıb. Əsasən Abşeron yarımadasının qəsəbə və kəndlərinin su təchizatına hesablanan Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə kəməri ilə ötürülən suyun səmərəli paylanması, bu ərazilərdə əhalinin fasiləsiz su təminatına nail olunması üçün kəmərin marşrutu boyunca tutumu 90 min kubmetr olan Saray, Balaxanı, Ramana, Qala və Zirə anbarları tikilib.
Son illərdə ölkəmizdə reallaşdırılan yeni su layihələri, o cümlədən də Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin istifadəyə verilməsi müstəqil Azərbaycan dövlətinin siyasi iradəsini və gücünü nümayiş etdirir. Prezident İlham Əliyev kompleksin açılış mərasimindəki çıxışında belə bir unikal, geniş texniki parametrlərə malik infrastruktur obyektinin ölkəmizdə istismara verilməsindən qürur duyduğunu bildirib: “Bu sutəmizləyici qurğular kompleksi dünyanın ən böyük təmizləyici infrastruktur obyektidir. Biz fəxr edirik ki, bu, Azərbaycanda, Bakıda yaradılıb. Bu kompleksin tikintisi üçün böyük həcmdə dövlət vəsaiti ayrılıb”.
Qusar rayonunun su problemi həllini tapıb
Qeyd etdiyimiz kimi, su təchizatının yaxşılaşdırılması ilə bağlı layihələr ölkənin bütün bölgələrində həyata keçirilir. Elə bu günlərdə Qusar şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi başa çatıb. Prezident İlham Əliyev Qusar rayonuna səfəri çərçivəsində sentyabrın 8-də bu münasibətlə keçirilən mərasimdə iştirak edib.
Xatırladaq ki, əvvəllər Qusar rayonunda su təchizatı problemi çox kəskin dururdu. Həyata keçirilən yeni layihə sayəsində rayonun su problemi tam həllini tapıb. Qusar rayonunda içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri ilə yanaşı, dövlət büdcəsi vəsaiti hesabına Qusar-Quba kanalizasiya kollektorunun tikintisi də tamamlanıb. “Şahdağ” Qış-Yay Turizm Kompleksinin və Qusar şəhərinin tullantı sularının Quba-Xaçmaz kollektoruna ötürülməsi məqsədilə 27,2 kilometr uzunluğunda kanalizasiya kollektoru qısa müddətdə tikilərək istismara verilib. Kollektorun 7,6 kilometrlik hissəsi 1000, 19,6 kilometrlik hissəsi isə 800 millimetrlik borulardan inşa olunub. Bu layihələrin icrası Qusar sakinlərinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsini yaxşılaşdırmaqla yanaşı, ətraf mühitin ekoloji tarazlığının qorunmasına imkan verib.
Bəhs olunan layihə Azərbaycan Hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində həyata keçirilib. Layihə 2030-cu ilə perspektiv inkişaf nəzərə alınmaqla Qusar şəhərində 19 min 600 nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.
Qusar şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına 2012-ci ildə başlanılıb. Layihənin birinci mərhələsində Qusar şəhərini və 10 kəndi keyfiyyətli içməli su ilə təmin etmək üçün Qusarçayın məcrasında məhsuldarlığı saniyədə 102 litr və ya sutkada 8800 kubmetr olan drenaj tipli suqəbuledici qurğu tikilib, su mənbəyindən şəhərə qədər 17,4 kilometr uzunluğunda magistral kəmər çəkilib. Şəhərin dayanıqlı su təchizatını təmin etmək məqsədilə ümumi tutumu 3 min kubmetr olan 3 su anbarı tikilib və bu anbarlar arasında 2,8 kilometr uzunluğunda su xətləri çəkilib, yeni xlorator binası inşa olunub. Layihənin ikinci mərhələsində isə Qusar şəhərində içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri həyata keçirilib. Bu işlər çərçivəsində 106 kilometr içməli su şəbəkəsi yaradılıb, abonentlərə ev birləşmələri verilib, yanğın hidrantları quraşdırılıb. İçməli su şəbəkəsi ilə paralel olaraq, şəhərin kanalizasiya sistemləri də müasir standartlar səviyyəsində yenidən qurulub, 105 kilometr uzunluğunda şəhərdaxili şəbəkə qurulub. Şəhərdə yaranacaq tullantı suları Xaçmaz rayonu ərazisində inşa ediləcək və məhsuldarlığı sutkada 70 min kubmetr layihələndirilən tullantı sutəmizləyici qurğuda təmizlənib zərərsizləşdiriləcək. Bu qurğuda həmçinin Quba və Xaçmaz şəhərlərinin də tullantı suları emal olunacaq. Prezident İlham Əliyev Qusar şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin başa çatması münasibətilə keçirilən mərasimdə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdəki çıxışında yeni su layihəsinin tamamlanmasını əlamətdar hadisə kimi səciyyələndirərək deyib: “Artıq Qusar şəhərinə keyfiyyətli, təmiz, Dünya Səhiyyə Təşkilatının standartlarına tam uyğun su verilir. Bununla bərabər, Qusar rayonunun yeddi və Quba rayonunun üç kəndinə də bu mənbədən su veriləcək. Bu problem də Qusarda artıq tarixdə qaldı. Digər problemlər və qarşıda duran bütün vəzifələr icra edilir”.
Yeni su layihələri həmçinin Masallı və Salyan rayonlarında da yekunlaşıb
Daha bir su layihəsi bir qədər bundan əvvəl respublikamızın dilbər guşələrindən olan Masallıda yekunlaşıb. Prezident İlham Əliyev sentyabrın 3-də Masallı şəhərinin içməli su təchizatı layihəsinin (şəhər su və kanalizasiya sisteminin) açılışında iştirak edib.
Masallı rayonunun su təchizatının yaxşılaşdırılması işləri Dünya Bankının krediti ilə həyata keçirilən “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə” çərçivəsində reallaşdırılıb. Bəhs olunan layihəyə əsasən, respublikanın 8, o cümlədən də Masallı rayonunda şəhər əhalisinin içməli su ilə təmin olunması məqsədi ilə içməli su şəbəkəsinin və təmizləyici qurğunun, çirkab sularının şəhər ərazisindən kənarlaşdırılması üçün kanalizasiya şəbəkəsinin və çirkabtəmizləyici qurğunun tikintisi nəzərdə tutulub. Dövlətimizin başçısının 2013-cü il 15 mart tarixli Sərəncamına əsasən Masallı şəhərinin ərazisinə birləşdirilən Ərkivan və Kosagül qəsəbələrinin 16 min nəfər əhalisinin içməli su ilə təmin olunması məqsədilə içməli su və kanalizasiya şəbəkəsinin tikintisi də layihəyə əlavə edilib. Layihədə Masallı şəhərinin, Ərkivan və Kosagül qəsəbələrinin 2030-cu ilə proqnozlaşdırılan 50 min nəfərə yaxın, eləcə də Cəlilabad şəhərinin əhalisinin də içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə su mənbəyi Viləşçay su anbarı qəbul edilib və onun yaxınlığında su anbarından götürülən suların təmizlənməsi məqsədilə gündəlik gücü 22 min kubmetr olan qurğunun tikintisi nəzərdə tutulub.
“Masallı rayonunda su təchizatı və çirkab su şəbəkəsinin, içməli və çirkab sutəmizləyici qurğuların tikintisi”nin aparılması məqsədilə Dünya Bankının tələblərinə uyğun beynəlxalq tenderlə tikinti podratçısının seçimi aparılıb və tenderin qalibi Türkiyənin “Eser” şirkəti ilə bağlanılmış müqaviləyə əsasən 2012-ci ildə tikinti işlərinə başlanıb. Tikinti işlərinin aparılmasına əsasən yerli işçi qüvvəsi cəlb olunub. Layihəyə uyğun olaraq Masallı şəhərinin, Ərkivan və Kosagül qəsəbələrinin, eləcə də Cəlilabad şəhərinin əhalisinin də içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə Viləşçay su anbarından götürüləcək saniyədə 258 litr suyun təmizlənməsi üçün su anbarının yaxınlığında gücü gündə 22 min kubmetr olan və müasir təmizləmə texnologiyasına əsaslanan qurğu kompleksi inşa edilib. Masallı-Yardımlı yolunun 7-ci kilometrliyindən sutəmizləyici qurğuya qədər uzunluğu 2838 poqonmetr, eni 6 metr olan asfalt örtüklü yol çəkilib.
Təmizləyici qurğudan çıxan suyun Masallı şəhərinə, Ərkivan və Kosagül qəsəbələrinə verilməsi üçün qurğunun yanında inşa olunmuş tutumu 5 min kubmetr olan su anbarından suyun öz axını ilə nəqli üçün diametri 630 millimetr və uzunluğu 7190 poqonmetr olan magistral boru kəməri çəkilib. Magistral boru kəmərindən Masallı şəhərinin, Ərkivan və Kosagül qəsəbələrinin əhalisinə içməli su verilməsi üçün müxtəlif diametrli borulardan ibarət şəbəkə inşa edilib, 9022 yaşayış evi su sayğacı ilə təmin olunaraq bu şəbəkəyə qoşulub.
Cari il sentyabrın əvvəlində Prezident İlham Əliyevin iştirakı ilə Salyan şəhərinə Şirvan-Muğan magistral kəmərindən çəkilmiş yeni içməli su xəttinin açılışı olub. Yeni layihənin icrası nəticəsində 35 mindən artıq əhalisi olan Salyan şəhərinin 12 min 500 sakini mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunacaq. “Azərsu” ASC-nin mütəxəssislərinin hazırladıqları layihənin birinci mərhələsində 9 kilometr magistral və 28 kilometr paylayıcı su xətlərinin, həmçinin ümumi tutumu 15 min kubmetr olan 2 su anbarının tikintisi, 7 min sayğacın quraşdırılması nəzərdə tutulur. Bu işlərin görülməsi nəticəsində şəhərdə mərkəzləşmiş qaydada su alan əhalinin sayının 2 dəfə artırılaraq 25 min nəfərə çatdırılması mümkün olacaq.
Salyanın içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə şəhərdə 130 kilometr içməli su, 123 kilometr kanalizasiya şəbəkəsinin tikintisi planlaşdırılır. Eyni zamanda, 9 kilometr uzunluğunda kanalizasiya kollektorunun və məhsuldarlığı sutkada 20 min kubmetr olan tullantı sularını təmizləyəcək qurğunun inşası nəzərdə tutulub. Ümumilikdə, perspektiv inkişaf nəzərə alınmaqla layihədən 35 mindən artıq insan faydalanacaq.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41
