Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Aqrar sahənin inkişafı baxımından bölgələr böyük potensiala malikdir

Aqrar sahənin inkişafı baxımından bölgələr böyük potensiala malikdir

18.08.2016 [11:28]

Regionlarda kənd təsərrüfatının inkişafı üçün sistemli tədbirlər həyata keçirilir
Yeni iqtisadi şəraitdə Azərbaycan neft amilindən asılılığı aradan qaldırmağa, iqtisadiyyatın neftdənkənar sahələrinin üstün inkişafının təmin olunmasına yönələn ardıcıl tədbirlər həyata keçirir. Müəyyənləşdirilən vəzifələr neft gəlirlərinin azaldığı dövrdə də inkişafın ardıcıllığını qoruyub saxlamağa hesablanıb. Yeni iqtisadi şəraitin meydana çıxartdığı mühüm çağırışlardan biri isə ölkənin regionlarının potensialından geniş istifadə edilməsi, respublikaya valyuta daxilolmalarının artmasına imkan yaradan perspektivli sahələrə maksimum diqqət yetirilməsi zərurəti ilə bağlıdır.
İndiki şəraitdə ölkənin aqrar sektorunda ixractutumlu məhsulların istehsalının genişləndirilməsi strateji əhəmiyyət daşıyır. Sevindirici haldır ki, artıq ölkənin regionlarında ixractutumlu məhsulların istehsalının artırılmasına nail olmaq məqsədilə zəruri tədbirlər həyata keçirilir. Fermerlərə güzəştli subsidiyaların artırılması, dövriyyəyə yeni torpaqların cəlb olunması, kollektiv təsərrüfatların yaradılması, zəruri texnikanın alınması bu kimi tədbirlər sırasındadır. Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına müvafiq olaraq, rayonlarda kənd təsərrüfatı işlərinin gedişinin, fermerlərin, torpaq mülkiyyətçilərinin qayğılarının, təklif və istəklərinin, habelə yerlərdə aqrar sektorun inkişaf perspektivlərinin öyrənilməsi və operativ tədbirlərin görülməsi məqsədilə işçi qrupu yaradılıb. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanovun rəhbərlik etdiyi işçi qrup indiyədək respublikanın müxtəlif regionlarında müşavirələr keçirib. Kənd Təsərrüfatı Nazirliyinin və digər qurumların mütəxəssislərinin, yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin, fermerlərin iştirakı ilə keçirilən müşavirələrdə ölkədə aparılan aqrar islahatlardan, dövlətimizin başçısının tapşırığı ilə qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının, bu sahədə ixracyönümlü məhsul istehsalının genişləndirilməsi perspektivlərindən bəhs olunub.
Rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı qarşıda duran əsas vəzifələrdəndir. Yalnız bu halda məhsullarımız bazarda özünə yer tuta bilər. Hazırda bu istiqamətdə dövlət tərəfindən böyük işlər görülməkdədir. Azərbaycanın bir çox regionlarında müasir suvarma sistemləri qurulur, texnika parkları yaradılır, təsərrüfatçılar üçün müxtəlif güzəştlər tətbiq olunur. Məhz bu fikirlər avqustun 12-də Prezident İlham Əliyevin tövsiyə və tapşırığına müvafiq olaraq, bölgələrdə kənd təsərrüfatı işlərinin gedişinin, fermerlərin, sahibkarların qayğılarının, təklif və istəklərinin öyrənilməsi, aqrar sektorun inkişaf perspektivlərinin müəyyənləşdirilməsi və operativ tədbirlərin görülməsi məqsədilə yaradılan işçi qrupun iştirakı ilə Qusar rayonunda keçirilən müşavirədə səsləndirilib.
İşçi qrupun rəhbəri Azər Əmiraslanov rayondakı fermerlərin, aqrar sahədə çalışan sahibkarların, mütəxəssislərin, müvafiq idarə və təşkilat rəhbərlərinin, təsərrüfat sahiblərinin, bələdiyyə sədrlərinin qatıldığı tədbirdə aqrar sektorun perspektivləri barədə geniş məruzə edib. Bildirib ki, işçi qrup tərəfindən indiyədək 50-dən çox rayonda bu cür görüşlər keçirilib. Məqsəd rayonların aqrar sahədə potensialını və imkanlarını, həmçinin mövcud problemləri öyrənmək, fermerlərlə açıq fikir mübadiləsi aparmaqdır. Azər Əmiraslanov qeyd edib ki, təsərrüfatçılar daha çox gəlir əldə etmək üçün iri fermer təsərrüfatlarının yaradılmasında maraqlı olmalıdırlar. Təcrübə göstərir ki, birgə fəaliyyət göstərən fermerlərin torpağın becərilməsi üçün sərf etdiyi xərc daha az olur.
İşçi qrupun rəhbəri deyib ki, Prezident İlham Əliyev kənd təsərrüfatının gəlirli sahələrinin inkişaf etdirilməsini qarşıda duran əsas vəzifələrdən biri kimi qeyd edib. Bu, Azərbaycanda aqrar siyasətin əsas prinsiplərindən biridir. Dünya bazarlarında xam neftin qiymətinin kəskin ucuzlaşması ölkənin ixrac potensialına və valyuta daxilolmalarına öz təsirini göstərsə də, kənd təsərrüfatının inkişafı bu azalmanı kompensasiya etmək gücündədir.
Qeyd edək ki, bu istiqamətdə bölgələrimizdə əməli addımlar atılmaqdadır. Məsələn, ölkəmizin şimal qapısı sayılan Xaçmaz rayonunun sosial-iqtisadi həyatında baş verən genişmiqyaslı müsbət dəyişikliklər əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində mümkün olub. Azərbaycanın bölgələrinin, o cümlədən Xaçmaz rayonunun bugünkü inkişafa və tərəqqiyə çatmasında regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurla həyata keçirilməsi böyük rol oynayıb. Azərbaycan Prezidentinin tapşırığına əsasən Xaçmaz rayonunun Yalama qəsəbəsində yaradılan, 523 hektar sahəni əhatə edən “Yalama Aqropark”da işlər artıq yekunlaşmaq üzrədir. Aqroparkda müasir texnologiyanın tətbiqi ilə iribuynuzlu cins heyvandarlıq kompleksi qurulub.
Yeri gəlmişkən keyfiyyətli meyvə-tərəvəz məhsullarının istehsalı üzrə ixtisaslaşan Xaçmaz rayonunda hazırda əkinçilik ənənələri davam etdirilir. Eyni zamanda, aqrar sahənin inkişafı üçün ixtisaslaşma ilə yanaşı, bazarın formalaşması, iri fermer təsərrüfatlarının yaradılması, növbəli əkinə üstünlük verilməsi də vacibdir.
Onu da bildirək ki, Azərbaycan Prezidentinin tapşırığı ilə “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi çərçivəsində ilkin mərhələdə Taxtakörpü su anbarı zonasında Xızı və Siyəzən rayonlarında 10 min hektardan çox əkin sahəsi suvarma suyu ilə təmin edilib. Şabran rayonunda isə 14 min hektara yaxın yeni suvarılacaq torpaqlarda meliorativ tədbirlərin layihə sənədlərinin hazırlanması başa çatdırılıb. Bu il regionun rayonlarında və Şabranda meliorativ işlər davam etdirilməklə 6 min 200 hektar, o cümlədən 4 min 500 hektar yeni suvarılan torpaqların istifadəyə verilməsi və 1700 hektar sahənin su təminatının yaxşılaşdırılması təmin ediləcək. Bu, rayonda kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında önəmli rol oynayacaq.
Quba rayonunda da kənd təsərrüfatı məhsullarının istehsalının artırılması yönündə ciddi işlər gedir. Çünki Qubada həm bitkiçilik, həm də heyvandarlığın inkişaf etdirilməsi üçün imkanlar mövcuddur.
İnkişaf baxımından Lənkəran rayonunun da böyük potensialı var. Bu rayonda çəltik və sitrus sahələri, çay plantasiyaları, tinglik təsərrüfatları inkişaf etdirilir. Lənkəranda 2016-cı ilin məhsulu üçün 6550 hektarda yazlıq əkinləri keçirilib. İndiyədək sahələrdən 31 min 440 ton tərəvəz, 4 min 400 ton kartof, 871 ton taxıl, 1880 ton meyvə, 159,5 ton yaşıl çay yarpağı yığılıb. Rayonda ənənəvi sahələrdən olan çəltikçiliyin bərpa olunmasına da böyük önəm verilir. Hazırda 309 hektar sahədə çəltik əkilib. Eləcə də heyvandarlıq məhsullarının istehsalında artım qeydə alınıb, diri çəkidə 3043 ton ət, 15881 ton süd və 7,1 milyon ədəd yumurta istehsal edilib. İribuynuzlu mal-qaranın sayı 53 min 641 başa, xırdabuynuzlu mal-qaranın sayı 22 min 243 başa çatdırılıb. Lənkəranda ixtisaslaşdırılmış “yaşıl market”in yaradılması məqsədilə Göyşaban kəndi ərazisində torpaq sahəsinin ayrılması nəzərdə tutulub.
Lənkəranın ölkəmizdə kənd təsərrüfatının inkişafında böyük töhfəsi olub. Aqrar bölmədə çalışanların faraş tərəvəzin yetişdirilməsində, çayçılığın inkişafında zəngin təcrübəsi var. Rayon ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində böyük imkanlara malikdir. Həmçinin Lənkəranın çəltikçilik təsərrüfatında müasir texnikalar tətbiq edilir. Çəltikçilikdə texnika parkının yaradılması da nəzərdə tutulur.
Qeyd edək ki, bu yöndə Qarabağ zonasında da sistemli tədbirlər həyata keçirilir. Bu baxımdan Ağdam rayonunda görülən işləri də vurğulamaq olar. Rayonun Eyvazlı kəndi ərazisində tingçilik təsərrüfatı və Səfərli kəndində isə geniş pambıq tarlaları var. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, rayonda pambıqçılıq və baramaçılığın dirçəldilməsi istiqamətində tədbirlər həyata keçirilir. Bu il 2250 kiloqram barama tədarük edilib, 551 hektar sahədə pambıq əkilib. Gələn il 3000 hektarda pambıq əkilməsi üçün hazırlıq işləri görülür. Hazırda Ağdam rayonunda 35 min 300 hektar əkin sahəsi 794 subartezian quyusu vasitəsilə suvarılır. 2014-2015-ci illərdə rayonda 47 belə quyu qazılıb. Prezident İlham Əliyevin Sərəncamına əsasən, 2016-cı ildə daha 18 subartezian quyusu qazılacaq.
Beləliklə, ölkədə kənd təsərrüfatı sahəsində yeni mərhələ başlanıb. Pambıqçılığın, tütünçülüyün, baramaçılığın, heyvandarlığın inkişafı istiqamətində böyük işlər görülür. Məqsəd ənənəvi kənd təsərrüfatı sahələrini bərpa etməkdir. Bu baxımdan bölgələrin müəyyən kənd təsərrüfatı məhsulları istehsalı üzrə ixtisaslaşması böyük əhəmiyyət kəsb edir. Dünya bazarlarında xam neftin qiymətinin kəskin ucuzlaşması ölkənin ixrac potensialına və valyuta daxilolmalarına öz təsirini göstərib. Belə bir şəraitdə kənd təsərrüfatının gəlirli sahələrinin inkişaf etdirilməsi qarşıda duran əsas vəzifələrdəndir. Bu, Azərbaycanda aqrar siyasətin əsas prinsiplərindən biridir.
Bütövlükdə, Azərbaycanın regionlarında aqrar sektorda kifayət qədər yaxşı təcrübə və nəticələr qazanılmış sahələr sırasında pambıqçılığı, tütünçülüyü, baramaçılığı xüsusi qeyd etmək mümkündür. Son illərdə respublikanın bölgələrində yaradılan müasir infrastruktur, həmçinin aqrar sektorun zəruri texnika ilə təminatının gücləndirilməsi, yeni suvarma sistemlərinin yaradılması, genişmiqyaslı meliorasiya və irriqasiya tədbirlərinin həyata keçirilməsi, toxumçuluğun inkişafına göstərilən diqqət ayrı-ayrı perspektivli sahələrdə məhsuldarlığın artırılmasına geniş imkanlar açır.
Nardar

Paylaş:
Baxılıb: 941 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30