Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Bölgələrin elektrik enerjisi ilə təchizatında ciddi dönüş yaranıb

Bölgələrin elektrik enerjisi ilə təchizatında ciddi dönüş yaranıb

16.08.2016 [15:11]

Ötən dövr ərzində regionlarda elektrik enerjisinin təminatı sahəsində ardıcıl tədbirlər görülüb, mühüm nailiyyətlər əldə olunub
Müasir müstəqil Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir. Həyata keçirilən institusional islahatlar, praqmatik tədbirlər davamlı iqtisadi inkişafın əsası qismində çıxış edir. Bu siyasətə uyğun olaraq ölkəmizdə qeyri-neft sektorunun mühüm bölməsi olan qeyri-neft sənayesinin inkişafına xüsusi əhəmiyyət verilir. Zəngin yerli xammal, nəhəng və çoxşəbəkəli sənaye kompleksinin imkanlarının səfərbər edilməsi sənaye sektorunun son illərdə keyfiyyət və kəmiyyət baxımından sıçrayışına təkan verib. Sənayenin strukturuna diqqət yetirdikdə qeyri-neft sənayesi sahələrinin artım tempinin daha yüksək olduğunu görmək mümkündür. Başqa sözlə, rəqabətədavamlı istehsal və emal müəssisələrinin yaradılması, yerli istehsalın stimullaşdırılması, sahibkarlara güzəştli maliyyə yardımı mexanizmlərinin gücləndirilməsi, habelə sənaye potensialının möhkəmləndirilməsi istiqamətində görülən işlər inkişaf dinamikasını qeyri-neft sektorunun xeyrinə dəyişib.
Sadalananlara paralel olaraq Azərbaycanın sürətli sosial-iqtisadi inkişaf dinamikasında regionların payı ilbəil artır. Bu da, ilk növbədə, bölgələrin ənənələri, inkişaf perspektivləri, əmək resursları və digər cəhətlər nəzərə alınmaqla qəbul edilən məqsədli Dövlət proqramları nəticəsində mümkün olur. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları bölgələrin tarazlı inkişafını şərtləndirir. Belə ki, Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, kommunal infrastruktur daha da yaxşılaşdırılıb, rabitə və digər xidmətlərin səviyyəsi yüksəlib, çoxsaylı sənaye, kənd təsərrüfatı, xidmət, ticarət müəssisəsi fəaliyyətə başlayıb.
Ümumiyyətlə, son 12 ildə paytaxt Bakıda və bölgələrdə geniş proqramlar həyata keçirilib, bilavasitə insanların gündəlik həyatı, məişət şəraitlərinin yaxşılaşdırılması, kommunal ehtiyaclarının dolğun şəkildə ödənilməsi ilə bu və ya digər dərəcədə bağlı olan infrastruktur obyektləri istifadəyə verilib. Məhz bunun nəticəsidir ki, hazırda bölgələrin infrastruktur təminatı 12 il bundan qabaqkı vəziyyətlə müqayisədə kəskin şəkildə fərqlənir. Bu da qlobal iqtisadi çətinliklər fonunda Azərbaycanın iqtisadi potensialından daha səmərəli istifadə olunmasında, daxili istehsalın genişləndirilməsində mühüm rol oynayan faktor qismində çıxış etməklə yanaşı, eyni zamanda, insanların sosial təminatının möhkəmlənməsinə, kommunal ehtiyaclarının ödənilməsinə etibarlı zəmin yaradır.
Azərbaycanın güclü infrastruktur təminatına malik ölkəyə çevrilməsindən söhbət açarkən respublikanın enerji təminatının güclənməsini də xüsusi qeyd etmək lazımdır. 2004-cü ildən etibarən bu sahədə ardıcıl surətdə həyata keçirilən tədbirlər sayəsində paytaxt Bakının və bölgələrin elektrik enerjisi ilə təchizatında, sözün əsl mənasında, dönüş yaranıb. Belə ki, ötən müddətdə Azərbaycanın elektrik enerjisi sistemində 25 yeni elektrik stansiyası istismara buraxılıb, 10 min kilometrdən çox yeni elektrik xətləri çəkilib, 1500-dən çox yarımstansiya inşa edilib və yaxud yenidən qurulub. Nəticədə 2400 meqavatdan artıq yeni generasiya gücləri əldə edilib. Ölkənin enerji təminatının daha da gücləndirilməsi istiqamətində tədbirlər 2015-ci ildə də davam etdirilib. Belə ki, 2015-ci ildə Azərbaycanın regionlarında 2 elektrik stansiyası istifadəyə verilib, 1289 transformator və 20 yarımstansiya quraşdırılıb və ya təmir olunub, 8200 kilometrdən artıq elektrik xətti çəkilib. Hazırda respublikanın elektrik enerjisi sisteminin tərkibində 13 istilik və 15 su elektrik stansiyası fəaliyyət göstərir. Respublika ərazisindəki istilik və su elektrik stansiyalarının ümumi layihə gücü 6 231.6 MVt-a bərabərdir. Bir sözlə, ölkə ərazisindəki bütün enerji güclərinin uğurlu istismarı müvəffəqiyyətlə təmin olunur və bu istiqamətdə addımların atılması davamlı xarakter daşıyır.
İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yarımstansiyalarda, ötürücü qurğularda əsaslı və cari təmir işlərinin yerinə yetirilməsi, itkilərin azaldılması energetiklərin ən mühüm vəzifələrindən biridir. Enerji təchizatı müəssisələrinin daha da keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə həyata keçirilən yenidənqurma işləri çərçivəsində respublikanın bütün bölgələrinfdə enerji təchizatının yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməkdədir.
Bütövlükdə, elektrik enerjisinin təminatı sahəsində ardıcıl tədbirlər görülüb, mühüm nailiyyətlər əldə olunub. Belə ki, bu ilin may ayında “Füzuli” Su Elektrik Stansiyasında (SES) 4,9 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib. 2016-cı ilin ilk beş ayında isə stansiyada elektrik enerjisi istehsalı 17,4 milyon kilovat-saatdan artıq olub. Ötən illərdə olduğu kimi, bu ildə də avadanlığın iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi sisteminin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik stansiyasının digər texniki iqtisadi göstəriciləri də qənaətbəxşdir. Stansiya dispetçer qrafikinə uyğun istismar edilir. İstehsal edilən elektrik enerjisi 110 kilovoltluq “Haramı” yarımstansiyası vasitəsilə respublikanın enerji sisteminə ötürülür. Burada da yay mövsümünə hazırlıqla əlaqədar yanğına qarşı təhlükəsizlik tədbirləri gücləndirilib.
Eləcə də “Şimal” RETSİ-də yenidənqurma işləri davam etdirilir. Belə ki, Şəbəkənin balansında olan 110/35/10/6 kV-luq yarımstansiyalarda avadanlıqlar cari təmir edilib, transformatorların böyük əksəriyyətinin kommutasiya dövrələri sazlanaraq mühafizələri yüksək həddə çatdırılıb. Hazırda Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazilərinə daxil olan Sumqayıt, Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, Xızı Elektrik şəbəkələrində genişmiqyaslı yenidənqurma işləri aparılır. Elektrik şəbəkələrində 8 ədəd 35/10-6 kV-luq yarımstansiya inşa edilib. 58,15 km 2 və 1 dövrəli hava xətti çəkilib, 81 ədəd transformator təmir olunub, 165 ədəd 10/6-0,4 kV-luq KTM quraşdırılıb, 17 926 ədəd dəmir-beton dayaq basdırılıb. 646,435 km uzunluğunda müxtəlif tipli elektrik xətləri çəkilib. Regionda 9055 ədəd yeni tipli sayğac da quraşdırılaraq istifadəyə verilib. 8641 ədəd dəmir-beton dayaq rənglənərək normal hala gətirilib. Görülən işlər istehlakçıların davamlı, etibarlı və təhlükəsiz elektrik enerjisi ilə təminatında böyük dönüş yaradıb.
Bundan başqa, yerlərdə tikilmiş yeni inzibati binalar da xüsusi əhəmiyyət daşıyır. Yeni ofislərdə abonentlərə xidmət ən yüksək həddə qurulub. “Şimal” RETSİ üzrə Siyəzən və Xızı rayonlarında yeni ofis binaları artıq tikilərək istifadəyə verilib. Səmərəli fəaliyyət üçün bütün texniki şəraiti olan binalar energetika sahəsinin avadanlıqları ilə bərabər kompüter texnikası və internetlə təmin edilib. Burada elektrik şəbəkəsinin əməkdaşlarının asudə vaxtlarını rahat keçirmələri üçün hər cür iş şəraiti yaradılıb. İnzibati binaların ətrafında abadlıq işləri aparılıb və yaşıllıq zolağı salınaraq dekorativ ağaclar əkilib.
Qeyd edək ki, bu il ərzində “Şimal” RETSİ üzrə görüləcək işlər sırasında Siyəzən şəhərində 35/10 kV-luq 2x10 MVA gücündə yeni “Siyəzən “ YS-nın tikilməsi, 110 kV-luq “Siyəzən” YS-dan 3,5 km uzunluğunda 2 dövrəli 35 kV hava xəttinin çəkilməsi nəzərdə tutulub. Abşeron rayon, Saray qəsəbəsi YPX-nin yanında, 35x10 kV-luq 2x10 MVA gücündə “Saray” YS-nın, Şabran rayonu, Əmirxanlı kəndində 35/10 kV-luq 1x2,5 MVA gücündə “Əmirxanlı” YS-nın, Quba rayonu Afurca kəndində 35x10 kV-luq 1,8 MVA gücündə “Afurca” YS-nın tikintisi planlaşdırılıb. 35 kV-luq Siyəzən-Altıağac EVX-də yenidənqurma işlərinin aparılması nəzərdə tutulub. Qarşıdakı aylarda “Şimal “ RETSİ üzrə 144 ədəd 10/6-0,4 kV-luq KTM-lər quraşdırılacaq, 29 ədəd 6-10 kV-luq EVX-lərdə də yenidənqurma işləri aparılacaq.
Hazırda bu sahədə müvafiq tədbirlər davam etdirilir. Yeri gəlmişkən, “Şirvan” Regional Elektrik Şəbəkəsinin (REŞ) xidməti ərazisində keyfiyyətli elektrik enerji təchizatının təminatı məqsədilə 330 kilovoltluq (kV) 3-cü “Şirvan” hava xəttinin (HX) 8 kilometri əsaslı təmir edilib, 300-dən artıq izolyator yenisi ilə əvəz olunub. 330 kilovoltluq “Cənub” və 3-cü “İmişli” HX-lərdə və müəssisənin balans mənsubiyyətinə aid olan 220 kilovoltluq elektrik verilişi xətlərində də təmir işləri görülüb. Müxtəlif təyinatlı təmir işləri 110 kilovoltluq HX-lərdə də aparılıb. Belə ki, 110 kilovoltluq 1-ci “Qazıməmməd” hava xəttinin 6 kilometri əsaslı təmir edilib, 180 ədəd izolyator isə yenisi ilə əvəzlənib. Bununla yanaşı, 3-cü “Sabirabad” HX-nin “Muğan-1” budaqlanmasında 1,5 kilometr xətt əsaslı təmir edilib, iki ədəd xətt armaturu quraşdırılıb və 80-dən artıq izolyator dəyişdirilib. Ümumiyyətlə, müəssisənin balans mənsubiyyətinə aid gərginliyi 110 kilovoltluq HX-lərin 42 kilometrə yaxın xətti əsaslı təmir edilib, 1350-dən artıq izolyator yenisi ilə əvəz olunub və 20-dən çox xətt armaturu quraşdırılıb.
O da qeyd edilməlidir ki, regionların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması və sərf olunmuş enerjinin dəyərinin ödənilməsi məqsədi ilə praktiki işlər aparılır. Məqsəd Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq ölkə ərazisində ən müasir standartlara cavab verən elektrik enerjisi təminatlılığını və nümunəvi xidməti yaratmaqdır.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 972 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30