Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionların sosial-iqtisadi inkişafından təhsil sahəsinə də pay düşüb

Regionların sosial-iqtisadi inkişafından təhsil sahəsinə də pay düşüb

31.03.2016 [11:13]

Dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində respublikanın regionlarında yeni məktəb binaları tikilərək istifadəyə verilib, çoxlu sayda təhsil müəssisəsi əsaslı şəkildə təmir olunub
Hazırda bütün dünyada nümunə kimi göstərilən inkişafın Azərbaycan modelinin ən səciyyəvi cəhətlərindən biri ölkənin regionlarının tarazlı inkişafının təmin edilməsi ilə bağlıdır. Son 13 ildə ölkədə iqtisadi potensialın artması, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsi, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşması və digər parametrlər baxımından paytaxt Bakı və digər iri şəhərlərlə regionlar arasındakı fərq, demək olar ki, tam aradan qalxıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət sayəsində iqtisadi potensialın yalnız paytaxtda və yaxud bir neçə regionda cəmləşdirilməsinin qarşısı alınaraq bütün ölkə boyu inkişaf təmin edilib, ayrı-ayrı bölgələr tarixən formalaşan ənənələrinə, əmək ehtiyatlarına uyğun olaraq respublikanın ümumi tərəqqisi prosesinə qoşulub. Düşünülmüş səmərəli siyasət nəticəsində ölkənin iqtisadi potensialının artması, maliyyə imkanlarının genişlənməsi sosialyönümlü layihələrin və proqramların həyata keçirilməsinə geniş imkanlar açıb. Məhz bu kontekstdə son 13 ildə təhsil sahəsində həyata keçirilən islahatlar, o cümlədən təhsil sistemində müasir infrastrukturun yaradılması və respublikanın bütün regionlarında məktəb tikintisinin geniş vüsət alması isə xüsusilə diqqətəlayiqdir. Yəni tam əminliklə demək mümkündür ki, son 13 ildə ölkəmizin təhsil sistemində əldə olunan uğurlardan biri, heç şübhəsiz ki, məktəb tikintisi ilə bağlıdır. Təkcə onu vurğulamaq kifayətdir ki, haqqında bəhs olunan dövrdə məktəb tikintisinə dair bir neçə ayrıca Dövlət Proqramı qəbul edilib. Bundan başqa, digər sahələri əhatə edən Dövlət proqramlarında da məktəb tikintisinə böyük diqqət yetirilir. Məsələn, regionların, Bakı şəhərinin və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı, eləcə də yoxsulluğun azaldılması, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması ilə bağlı Dövlət proqramlarında məktəb tikintisinə dair geniş müddəalar öz əksini tapıb. Məhz bunun nəticəsində əvvəlki illərdə olduğu kimi, 2015-ci ildə də ayrı-ayrı şəhər və rayonlarda yeni məktəb binaları tikilərək istifadəyə verilib, çoxlu sayda təhsil müəssisəsi əsaslı şəkildə təmir olunub və müasir avadanlıqla təchiz edilib.
Məsələn, bəhs edilən dövrdə Quba rayonunun Qımılqışlaq kəndində 220 şagird yerlik, Afurca kəndində isə 180 şagird yerlik tam orta məktəb binaları tikilib istifadəyə verilib. Məckəxacə və Aspərəsti kəndlərinin hər birində 180 şagird yerlik yeni məktəb binalarının, Ərməki və Çartəpə kəndlərində isə 132 şagird yerlik tam orta məktəb binalarının tikintisi aparılır.
Ötən il Oğuz rayonunun Yaqublu kəndində də tam orta məktəb üçün 220 şagird yerlik yeni məktəb binası tikilib istifadəyə verilib.
Şimal bölgəsinin digər rayonu olan Şəkidə isə 2015-ci ildə bir sıra obyektlərlə yanaşı Qoxmuq kənd tam orta məktəbin 840 şagird yerlik yeni binası, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 160 yerlik körpələr evi-uşaq bağçası da istifadəyə verilib.
Bu kontekstdə vurğulamaq yerinə düşər ki, son illər Zaqatala rayonunda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Təkcə 2010-2015-ci illər ərzində rayonda dövlət vəsaiti hesabına 32 yeni məktəb binası tikilib istifadəyə verilib, 7 məktəb əsaslı təmir olunub. Bu məktəb binalarından 23-ü bölgədə baş vermiş güclü zəlzələ nəticəsində qəzalı vəziyyətə düşən məktəblər üçün inşa edilib. Zəlzələdən zərər çəkmiş daha 6 məktəb binasında isə bərpa-gücləndirmə işləri aparılıb. Müasir standartlara uyğun inşa edilən məktəb binalarında tədrisin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin yaxşı təhsil almaları üçün hər cür şərait yaradılıb, məktəblər yeni inventar və avadanlıqla təchiz olunub.
Bütün bunların fonunda 2015-ci il də rayonda yeni məktəb binalarının tikintisi ilə yaddaqalan olub. Belə ki, il ərzində rayonun Yuxarı Tala və Yengiyan kəndlərində tam orta məktəblər üçün 450 və 264 şagird yerlik yeni binalar, həmçinin Kebeloba kəndində ümumi orta məktəb üçün 5 sinif otağından ibarət əlavə tədris korpusu tikilib şagirdlərin istifadəsinə verilib. Rayon təhsil şöbəsindən verilən məlumata görə, hazırda rayonda fəaliyyət göstərən 67 ümumtəhsil məktəbindən 62-də tədris bir növbəlidir. Bu məktəblərdə oxuyan 16 mindən çox şagirdin böyük əksəriyyəti yeni tikilən məktəblərdə təhsil alır.
Bundan başqa ötən il ərzində Salyan rayon Peyk kəndində 220 yerlik yeni məktəb binası, həmçinin Lənkəran rayonunun Darquba kəndində yeni məktəb binası, Lənkəran şəhərində 120 yerli uşaq bağçası tikilərək istifadəyə verilib.
Dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində Xaçmaz rayonunda da təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində nəzərəçarpacaq işlər görülüb. Son illər ərzində rayonda 40-a yaxın məktəb binası inşa edilib və bu istiqamətdə işlər 2016-cı ildə də davam etdirilir. Məsələn, verilən məlumata görə, Xaçmaz şəhərindəki Abumüslüm Səlimov adına 7 nömrəli tam orta məktəb üçün ikimərtəbəli yeni binanın tikintisinə başlanılıb. Bununla yanaşı, təhsil müəssisəsinin köhnə binasında da əsaslı yenidənqurma işləri aparılacaq. Artıq 220 şagird yerlik yeni məktəb binasının təməlinin qazılması işləri yekunlaşmaq üzrədir. Tikilinin ümumi sahəsi 1200 kvadratmetrə yaxındır. Dövlət vəsaiti hesabına inşa olunan yeni məktəb binasının növbəti tədris ilinə kimi təhvil verilməsi nəzərdə tutulub. Məktəbin köhnə binasında yenidənqurma işlərinə isə hazırkı dərs ili başa çatdıqdan sonra başlanacaq. Hər iki korpusda müasir istilik sistemi quraşdırılacaq, binanın elektrik təchizatı tamamilə yenilənəcək. Məktəbin həyətində qazanxana və su çənləri də inşa ediləcək. Yeni məktəb binasını köhnə korpusla birləşdirəcək əlaqələndirici dəhlizin tikilməsi də planlaşdırılır.
Yeri gəlmişkən, bu istiqamətdə həyata keçirilən işlər Naxçıvan Muxtar Respublikasında da geniş vüsət alıb. Daha dəqiq desək, dövlətimizin təhsilə diqqət və qayğısı nəticəsində muxtar respublikanın nəinki mərkəzində hətta ən ucqar kəndlərində də təhsilin inkişafına diqqət yetirilir, müasir məktəb binaları şagird və müəllimlərin istifadəsinə verilir. 2016-cı ilin ilk iki ayı ərzində bu istiqamətdə həyata keçirilən işlər isə prosesin davamlı xarakter aldığını təsdiqləyir.
Beləliklə, bu il yanvarın 14-də muxtar respublikanın Kəngərli rayonunun Yurdçu kənd tam orta məktəbinin açılışı olub. Məlumat verilib ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan məktəb 270 yerlikdir. Müasir tədris avadanlıqları və zəruri inventarlarla təchiz olunan binada 3-ü elektron lövhəli olmaqla 15 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter və müəllimlər otaqları, kitabxana, bufet və idman zalı var. Kompüter otağında internetə çıxışı olan 19 kompüter şagirdlərin istifadəsinə verilib. Məktəbin kitabxana fondunda 4 minə yaxın dərslik və bədii ədəbiyyat var. Məktəbin laboratoriyalarında quraşdırılan avadanlıqlar kimya, biologiya və fizika fənlərinin tədrisində əyani vəsaitlərdən istifadəyə, şagirdlərin keçilən dərsləri daha yaxşı mənimsəmələrinə imkan verəcək.
“Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən quruculuq tədbirlərindən Babək rayonunun Xəlilli kəndinə də pay düşüb, kənddə yeni sosial obyektlər inşa olunub. Yanvarın 22-də isə Xəlilli kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.
Məlumat üçün bildirək ki, 144 yerlik məktəb binasında 12 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 3 elektron lövhəli sinif, şahmat, kompüter və müəllimlər otaqları, kitabxana, bufet və idman zalı var. Məktəbin kompüter otağındakı 13 kompüter internetə qoşulub.
Fevralın 15-də Şərur rayonu Oğlanqala kəndində yeni məktəb binasının, kənd və xidmət mərkəzlərinin, həkim ambulatoriyasının istifadəyə verilməsi də muxtar respublikada kəndlərin inkişafına göstərilən qayğının nümunəsidir. 576 şagird yerlik 3 mərtəbəli məktəb binasında 4-ü elektron lövhəli olmaqla 32 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 2 kompüter otağı, müəllimlər otağı, 2 şahmat otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları yaradılıb. Məktəbin kitabxana fondunda 7357 kitab var.
Verilən məlumata görə, məktəbin yeni binası və müasir tədris bazası dərslərin səmərəli keçirilməsinə imkan verir. Məktəbdə internetə çıxışı olan 38 kompüter quraşdırılıb. Həmçinin elektron lövhələrdə internetə çıxış imkanının yaradılması distant təhsilin tətbiqinə imkan verir.
Məktəb tikintisi ilə bağlı tədbirlər muxtar respublikanın Şahbuz rayonunda da uğurla həyata keçirilir. Fevralın 29-da Daylaqlı kənd tam orta məktəbinin açılışı olub. Məlumat verilib ki, üçmərtəbəli məktəb binası 168 yerlikdir. Burada 14 sinif otağı, o cümlədən 3 elektron lövhəli sinif, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter və müəllimlər otaqları, kitabxana, bufet və idman zalı var. Kompüter otağında 13 kompüter dəsti quraşdırılıb və internetə qoşulub, elektron lövhəli siniflər lazımi multimedia sistemləri və elektron dərsliklərlə təchiz olunub. Fənn laboratoriyalarının müasir təchizatı fizika, kimya və biologiya dərslərinin səmərəli təşkilinə imkan verəcək. Məktəbin həyətində də geniş abadlıq işləri görülüb, yaşıllıqlar salınıb, açıq idman qurğuları qoyulub.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 1019 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30