Azərbaycanın regionlarında güclü su-drenaj şəbəkəsi qurulur
11.03.2016 [10:05]
Bu istiqamətdə həyata keçirilən layihələr bölgələrin zəngin iqtisadi potensialından səmərəli istifadə edilməsi baxımından müstəsna əhəmiyyət daşıyır
Son illərdə Azərbaycanın regionlarının məqsədyönlü şəkildə inkişaf etdirilməsindən söhbət açarkən bölgələrdə yüksək səviyyədə reallaşdırılan infrastruktur layihələrini xüsusi qeyd etmək lazımdır. Bölgələrin infrastruktur təminatı 12 il bundan qabaqkı vəziyyətlə müqayisədə kəskin şəkildə fərqlənir. Respublikamızda müxtəlif sahələrdə infrastruktur layihələrinə böyük sərmayə qoyulur. Ardıcıllıqla və yüksək səviyyədə həyata keçirilən layihələr sayəsində bu gün Azərbaycan güclü, ən müasir dünya standartları səviyyəsində qurulan infrastruktur təminatına malik ölkəyə çevrilib. Yaradılan mükəmməl infrastruktur əhalinin həyat səviyyəsinin yüksəlməsinə təsir göstərən mühüm faktor qismində çıxış etməklə yanaşı, bölgələrin iqtisadi potensialından səmərəli istifadə olunması, qeyri-neft sektorunun üstün inkişafı, daxili istehsalın genişləndirilməsi baxımından da böyük əhəmiyyət daşıyır.
Etibarlı su təchizatına nail olunması yeni minillikdə hər bir ölkə üçün önəm kəsb edir
Məlumdur ki, müasir dövrdə dünya bir sıra yeni çağırışlarla üz-üzə dayanıb. Yeni minillikdə etibarlı su təchizatının da hər bir ölkə üçün strateji əhəmiyyət daşıyan məsələ səviyyəsinə yüksəldiyi, hətta dövlətlərarası münasibətlərə təsir göstərə bilən faktorlar sırasında yer aldığı artıq heç kəsdə şübhə doğurmur. Mütəxəssislər yeni minillikdə su ehtiyatlarının geostrateji əhəmiyyətinə diqqət çəkərək bildirirlər ki, XXI əsrdə su neftin ötən əsrdəki yerini tuta bilər. Son dövrlərdə Yaxın Şərqdə, MDB-də və başqa məkanlarda baş verən geosiyasi kataklizmlərin həm də bu və ya digər su mənbələrinə nəzarəti ələ keçirmək iddialarından qaynaqlandığı deyilənləri bir daha təsdiqləyir. Getdikcə daha çox sayda dövlət malik olduğu su ehtiyatlarından başqa dövlətlərə qarşı təzyiq, iqtisadi-siyasi rıçaq vasitəsi kimi istifadə etməyə üstünlük verir.
Bir sözlə, müasir dövrdə su mənbələrinin çatışmazlığı dünyanı təhdid edən qlobal problemlərdən birinə çevrilib. Verilən məlumatlara görə hazırda dünyada təxminən 1,5 milyard nəfər içməli su çatışmazlığından əziyyət çəkir. BMT-nin yaydığı hesabat həyəcan təbili çalmağa əsas verir. Qurumun 1998-ci ildə hazırladığı hesabatda göstərilir ki, ötən əsrin 50-ci illərində əhalisi 50 milyondan az olan yalnız 12 ölkə su qıtlığı problemi ilə qarşılaşıb. Ötən əsrin 90-cı illərində bu göstərici 2 dəfədən çox artıb və əhalisi 300 milyon nəfər olan 26 ölkə su çatışmazlığı problemindən əziyyət çəkib. Bu minvalla 2050-ci ildə 65 ölkədə 10 milyard nəfərə yaxın insan su çatışmazlığı ilə üz-üzə qalacaq.
Bütün bu deyilənlərə su çatışmazlığının ayrı-ayrı ölkələrdə yaratdığı ekoloji problemləri, iqtisadi əngəlləri və digər mənfi təzahürləri də əlavə etsək, onda etibarlı su təchizatının qayğısına qalmağın hər bir ölkə üçün həyati əhəmiyyətli məsələ olduğu barədə konkret təsəvvür yaranar. Azərbaycan da bu cəhətdən istisna deyil. Respublika ərazisində su ehtiyatları məhdud olmaqla, qeyri-bərabər paylanıb. Hazırda ölkənin yerüstü su ehtiyatları 27 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20-21 kubkilometrə qədər azalır. Yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Azərbaycanın şirin su ehtiyatlarının 70-72 faizi ölkə hüdudlarından kənarda formalaşır. Ölkəmizi qidalandıran əsas su mənbələrinin respublikanın hüdudlarından kənarda formalaşması məsələyə daha həssas yanaşmağı tələb edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev etibarlı su təchizatına nail olunmasını müstəqil Azərbaycanın strateji hədəflərindən biri kimi müəyyənləşdirib. Şabran rayonu ərazisində inşa olunan Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılış mərasimindəki çıxışında dövlət başçısı İlham Əliyev bununla bağlı fikirlərini ifadə edərək deyib: “Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək, yeni layihələri icra etmək, yeni kanalları inşa etmək və su anbarlarını yaratmaq Azərbaycan üçün strateji əhəmiyyətli bir məsələdir”.
Tamamlanan su layihələrinin sayəsində dövriyyəyə yeni torpaqlar cəlb edilir
Azərbaycanda kənd təsərrüfatının kifayət qədər geniş potensiala malik olduğunu nəzərə alsaq, ölkənin regionlarında reallaşdırılan yeni su layihələrinin rolu barədə konkret təsəvvür yaranar. Bu layihələr regionların zəngin iqtisadi potensialından səmərəli istifadə edilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Əlamətdar haldır ki, ölkəmizdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının həyata keçirildiyi illərdə su-drenaj layihələrinə əsaslı kapital qoyuluşu dəfələrlə artıb, sahənin maddi-texniki bazası xeyli gücləndirilib, minlərlə kilometr suvarma kanallarının və kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi həyata keçirilib. Belə ki, son 12 ildə ölkə miqyasında 170 min hektardan çox sahənin su təminatı və təxminən bu qədər də ərazinin meliorativ vəziyyəti yaxşılaşdırılıb, 20 min hektar yeni suvarılan sahə dövriyyəyə cəlb edilib. Eyni zamanda, respublikada sel və daşqınlara qarşı Kür, Araz və dağ çaylarında 1000 kilometrdən artıq sahilbərkitmə, bəndlərin möhkəmləndirilməsi işləri yerinə yetirilib.
2013-cü ildə dövlət başçısının iştirakı ilə istifadəyə verilən Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının inşası layihələri Azərbaycanın su təchizatı probleminin həllində çox böyük uğurdur. Kanal üzərində 57 mükəmməl hidrotexniki qurğu quraşdırılıb. Samur-Abşeron suvarma sistemi üzrə nəzərdə tutulan digər tədbirlərin də reallaşdırılması nəticəsində şimal bölgəsi rayonlarında 150 min hektara qədər torpaq sahəsinin su təminatı yaxşılaşdırılacaq və 31 min hektar sahədə yeni suvarılan torpaqlar istismara veriləcək. 2014-cü ilin noyabrında istifadəyə verilən Şəmkirçay su anbarı da böyük investisiya tutumlu su layihəsidir. Layihənin yerinə yetirilməsinə 700 milyon manatdan çox dövlət vəsaiti yönəldilib. Layihəyə əsasən orta illik su ehtiyatı 265,2 milyon kubmetr olan Şəmkirçay çayının sularını bu anbarda nizamlamaqla ildə 207,9 milyon kubmetr sudan istifadə olunacaq.
Üçüncü Dövlət Proqramında regionlarda yeni su layihələrinin icrası nəzərdə tutulub
Regionlarda su-drenaj layihələrinin icrasına regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramında da geniş yer verilib. Bəhs olunan Dövlət Proqramında respublikanın 50 rayon və 3 şəhərində çoxsaylı su layihələrinin, meliorasiya-irriqasiya tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub. Həmin tədbirlər üzrə arxada qalan iki il ərzində böyük iş həcmi yerinə yetirilib. Yeni Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə uyğun olaraq şimal zonasının 6 çayından Samur-Abşeron kanalına əlavə 320 milyon kubmetr su verilməsi üçün tikinti işlərinə başlanılıb və hazırda bu işlər davam etdirilir. Dünya Bankının krediti hesabına respublikanın 10 rayonunda 36 min hektar sahədə suvarma-drenaj şəbəkələrinin təmir-bərpası işləri başa çatdırılıb.
Bundan başqa, dövlət başçısının ölkədə iri taxılçılıq təsərrüfatlarının yaradılması barədə tapşırığına uyğun olaraq Füzuli və Ağcabədi rayonlarının ərazilərində 1725 hektar az məhsuldar qış otlaq sahələri suvarma suyu ilə təmin edilib, Neftçala rayonunda isə bu məqsədlə Kür çayı üzərində nasos stansiyasının və suvarma kanalının tikintisi işləri davam etdirilib.
Tovuzçay su anbarı qərb bölgəsində su ehtiyatlarından səmərəli istifadə olunmasında böyük əhəmiyyətə malikdir
O da əlamətdar haldır ki, Prezident İlham Əliyev regionlarda inşa olunan əksər infrastruktur obyektlərinin açılışında və təməlqoyma mərasimlərində şəxsən iştirak edərək Öz dəyərli tövsiyələrini verir. Dövlət başçısı cari ilin fevralında Tovuz rayonuna səfəri çərçivəsində bütövlükdə ölkənin qərb bölgəsi üçün mühüm əhəmiyyətə malik yeni infrastruktur obyektinin - Tovuzçay su anbarının açılışında iştirak edib.
Tovuzçay su anbarı respublikanın qərbində, Tovuzçay və Axıncaçay çaylarının birləşdiyi ərazidə, Tovuz şəhərinin yaxınlığında yerləşir. Anbarın tikintisinə 1982-ci ildə “Azərdövlətsulayihə” İnstitutu tərəfindən hazırlanan layihə əsasında 1986-cı ildə başlanılıb. Layihəyə uyğun olaraq, bəndin nüvəsinə gil, onun sol sahilinin bir hissəsinə torpaq tökülüb, qülləli suburaxıcı tikilib. Lakin vəsait çatışmazlığı üzündən tikinti işləri 1992-ci ildən dayandırılıb. İnşası yarımçıq qalan Tovuzçay su anbarının tikintisinin davam etdirilməsi Azərbaycan Prezidentinin 2004-cü il 11 fevral tarixli Fərmanı ilə təsdiq edilən və 2004-2008-ci illəri əhatə edən “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na və 2005-ci il 14 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunan “Tədbirlər Planı”na daxil edilib. 2006-cı ildə isə tikinti işlərinə başlanılıb. Ümumi su tutumu 20 milyon kubmetr, faydalı həcmi 18 milyon kubmetr olan Tovuzçay su anbarının gil nüvəli torpaq bəndinin hündürlüyü 45 metr, üstdən eni 10 metr, uzunluğu isə 1340 metrdir. Anbarın su hövzəsinin sahəsi 160 hektar, uzunluğu 2,6 kilometrdir. Layihəyə uyğun olaraq, anbarda suburaxma qabiliyyəti saniyədə 250 kubmetr və uzunluğu 731 metr olan qəza sutullayıcısı, maksimum suburaxma qabiliyyəti saniyədə 125 kubmetr olan dəmir-beton borulu qülləli suburaxıcı, saniyədə 6 kubmetr suvarma suyunun verilməsi üçün uzunluğu 468,8 metr olan nov-kanal inşa olunub.
Su anbarının inşası zamanı tarixi abidələrin mühafizəsi, köçürülməsi, avtomobil yolunun və körpülərin tikintisi, eləcə də digər tədbirlər həyata keçirilib. Belə ki, Qazqulu qəbiristanlığı, Şərif Sultan və Məhəmməd-Hüseyn Sultan türbələri köçürülüb. XVII əsr memarlıq abidəsi olan Sultan körpüsünün mühafizəsi üçün uzunluğu 344 metr olan torpaq damba tikilib. Həmçinin Vahidli kənd qəbiristanlığının mühafizəsi məqsədilə suyığıcı kanalın və mühafizə dambasının tikintisi həyata keçirilib. Bundan başqa, layihənin icrası zamanı Tovuzçay çayı üzərində 8 aşırımlı avtomobil körpüsü tikilib, bəndə və ətraf kəndlərə gedən, ümumi uzunluğu 6800 metr olan avtomobil yolu yenidən qurulub. Uzunluğu 86 metrdən çox olan Axıncaçay çayı üzərində körpünün tikintisi də başa çatdırılıb.
Görülən mühüm işlərdən biri də Tovuz və Şəmkir rayonlarının mövcud əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə bu sahələri suvarma suyu ilə təmin edən Ağstafaçay sağ sahil kanalına əlavə su verilməsi üçün sərfi saniyədə 1,5 kubmetr, uzunluğu 7004 metr olan polad boru kəmərinin tikintisidir.
Tovuzçay su anbarı qərb bölgəsində su ehtiyatlarından səmərəli istifadə olunmasında böyük əhəmiyyətə malikdir. Qeyd edək ki, bölgəni qidalandıran əsas su mənbələrindən biri olan Tovuzçay çayının sululuq səviyyəsi ilin fəsillərinə uyğun dəyişir. Çayın ən yüksək sululuq səviyyəsi bir qayda olaraq yazda qeydə alınır. İsti yay günlərində isə Tovuzçayın sululuq səviyyəsi aşağı düşür, hətta bəzən çay tamam quruyur. Beləliklə də, yay mövsümündə əhalinin və ərazidəki təsərrüfatların su təminatında ciddi gərginlik yaşanır. Bundan sonra Tovuzçayın su ehtiyatları yeni inşa olunan anbara yığılacaq ki, bu da bölgənin ilin bütün fəsillərində tələbata uyğun su təchizatına imkan yaradacaq.
Başqa bir amil də çox önəmlidir. Tovuz və digər qonşu rayonlar Azərbaycana qarşı iyirmi ildən artıqdır ki, işğalçılıq siyasəti həyata keçirən Ermənistanla sərhəd bölgəsində yerləşir. Məlumdur ki, bu işğalçı ölkə Azərbaycana münasibətdə bütün beynəlxalq normaları pozur və respublikamıza təzyiq göstərmək məqsədilə müxtəlif vasitələrə əl atır. Ermənistan Azərbaycanı qidalandıran bəzi su mənbələrinin işğalçı ölkənin ərazisindən keçməsindən və yaxud işğal altındakı torpaqlarda qalmasından sui-istifadə etməyə çalışır. Su mənbələrinin davamlı olaraq çirkləndirilməsi, mövsüm vaxtı süni su qıtlığı yaratması bu ölkənin respublikamıza qarşı sərgilədiyi çirkin əməllərin siyahısına daxildir. Bütün bu deyilənlər Tovuzçay su anbarının istifadəyə verilməsinin sərhədyanı rayonların su təminatı üçün necə strateji əhəmiyyət daşıdığı barədə konkret təsəvvür yaradır. Qeyd edək ki, Tovuzçay su anbarının ümumi su tutumu 20 milyon kubmetr, faydalı həcmi isə 18 milyon kubmetrdir.
Yeni infrastruktur obyekti bölgədə kənd təsərrüfatının inkişafına güclü təkan verəcək
Yeni su layihələri regionların zəngin iqtisadi potensialından səmərəli istifadə edilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Prezident İlham Əliyev Tovuzçay su anbarının açılış mərasimindəki çıxışında ölkəmizdə həyata keçirilən su layihələrinin kənd təsərrüfatının inkişafında böyük önəm daşıdığına diqqət çəkərək bildirib: “Əlbəttə, su olan yerdə kənd təsərrüfatı da inkişaf edəcək. Bizim əsas arzumuz ondan ibarətdir ki, bütün bölgələrdə kənd təsərrüfatı daha da sürətlə inkişaf etsin”.
Yuxarıda qeyd etdiyimiz kimi, indiyədək respublikamızda aqrar sektorun inkişafı baxımından böyük önəm daşıyan Taxtakörpü və Şəmkirçay su anbarları istifadəyə verilib. Öz növbəsində, Tovuzçay su anbarı da qərb bölgəsində aqrar sektorun inkişafına yeni impuls verəcək. Tovuzda və digər qonşu rayonlarda kənd təsərrüfatının geniş inkişaf potensialı var. Münbit torpaqlar, əmək ehtiyatları, ayrı-ayrı sahələrdə tarixən formalaşan ənənələr bu bölgədə aqrar sektorun rentabelliliyini təmin etmək baxımından geniş imkanlar yaradır. Bölgənin ehtiyatlarından səmərəli istifadə etməklə məhsul istehsalını artırmaq və bütövlükdə, ölkənin ərzaq təminatının möhkəmləndirilməsinə sanballı töhfələr vermək mümkündür. Tovuz rayonunda aqrar sektorda tarixən bir sıra ənənələr formalaşıb. Şübhə yoxdur ki, yeni su anbarının istifadəyə verilməsi bu ənənələrdən maksimum dərəcədə bəhrələnməyə, dövriyyəyə yeni torpaqlar cəlb etməyə, o cümlədən də üzümçülüyü yeni inkişaf səviyyəsinə qaldırmağa imkan verəcək.
Qeyd edək ki, “Tovuzçay su anbarının tikintisinin davam etdirilməsi” layihəsində nəzərdə tutulan tədbirlərin tam başa çatdırılması nəticəsində Tovuzda 16886 hektar, Şəmkirdə isə 2939 hektar olmaqla ümumilikdə 19825 hektar mövcud torpaq sahələrinin su təminatı yaxşılaşdırılacaq. Eyni zamanda, Tovuz rayonunda 300 hektar yeni suvarılan torpaqlar suvarma suyu ilə təmin olunacaq. Beləliklə, yeni su anbarının istifadəyə verilməsi ilə bölgədə aqrar sektorun qarşısında yeni inkişaf perspektivləri açılıb.
Regionlarda əhalinin içməli su təminatı da əhəmiyyətli dərəcədə yaxşılaşıb
Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji kursa uyğun olaraq son 12 ildə paytaxt Bakı da daxil olmaqla ölkəmizin bütün bölgələrində irimiqyaslı su-kanalizasiya layihələri həyata keçirilib. Ölkə Prezidenti mütəmadi olaraq dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrı-ayrı şəhərlərin su-kanalizasiya sisteminin yaxşılaşdırılmasına lazımi qədər vəsait ayırır. Bundan başqa, Dövlət Neft Fondundan da su-kanalizasiya layihələrinin yerinə yetirilməsinə kifayət qədər irihəcmli maliyyə tranşları yönəldilir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında su-kanalizasiya layihələri ilə bağlı konkret müddəalar öz əksini tapıb. Son 12 ildə dövlət investisiyaları və beynəlxalq maliyyə qurumlarından cəlb olunan kreditlər hesabına 40 şəhərdə içməli su və kanalizasiya layihələrinin icrasına başlanılıb və artıq bir sıra şəhərlərdə bu layihələrin icrası yekunlaşdırılıb. “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində Azərbaycan Respublikasının 4 şəhər və rayon mərkəzində, o cümlədən onlara yaxın kəndlərdə etibarlı və davamlı su təchizatı və kanalizasiya xidmətlərinin təmin edilməsi məqsədi ilə 17 avqust 2007-ci il tarixində Azərbaycan Respublikası Hökuməti və Dünya Bankı arasında Kredit Sazişi imzalanıb. Bu saziş Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 247s saylı Sərəncamı ilə təsdiq edilib. Layihə Şamaxı, Qəbələ, Saatlı və Sabirabad şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını əhatə edir. Artıq layihə çərçivəsində nəzərdə tutulan bir sıra işlər yekunlaşdırılıb, ayrı-ayrı ünvanlarda isə işlər uğurla davam etdirilir. Hazırda Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutan “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi də böyük müvəffəqiyyətlə reallaşdırılır.
Qeyd edək ki, 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramında da içməli su təchizatı və kanalizasiya sisteminin təkmilləşdirilməsi layihələrinə geniş yer verilib. Yeni Dövlət Proqramının icrasının arxada qalan iki ili ərzində respublikanın müxtəlif şəhər və rayonlarında bu qəbildən çoxsaylı layihələr reallaşdırılıb. Bu sahədə həyata keçirilən ən böyük layihələrdən biri Kür sutəmizləyici qurğularından Sabirabad və Saatlı şəhərlərinə qədər çəkilən magistral su kəmərinin tikintisidir. Bəhs olunan Dövlət Proqramı çərçivəsində həmçinin Mingəçevir şəhərində 41 kilometr yeni su xətti, 30 kilometr kanalizasiya xətti, 3 ədəd kanalizasiya nasos stansiyası tikilib. Eyni zamanda, şəhərdə müasir texnologiyalara əsaslanan və məhsuldarlığı sutkada 50 min kubmetr olan sutəmizləyici qurğunun tikintisinin birinci mərhələsi başa çatdırılıb. Yeni Dövlət Proqramının icrası çərçivəsində Ucar şəhərində su şəbəkəsinin tikintisi tam başa çatdırılıb, 4900 mənzildə “Smart” tipli sayğac quraşdırılıb və şəhər sakinləri fasiləsiz içməli su ilə təmin olunublar.
Rayon mərkəzlərində və respublika tabeli şəhərlərdə həyata keçirilən layihələr çərçivəsində yeni su mənbələrinin yaradılması, anbarların, nasos stansiyalarının və paylayıcı şəbəkələrin tikintisi ilə yanaşı, tullantı sularının zərərsizləşdirilib kənarlaşdırılması üçün müasir təmizləyici qurğular da inşa olunur. Artıq Oğuz, Zaqatala, Goranboy, Göygöl şəhərlərində ekoloji tarazlığın qorunması baxımından xüsusi əhəmiyyət daşıyan belə qurğular istismara verilib.
Son illərdə ölkəmizdə reallaşdırılan yeni su layihələrindən biri də Oğuz-Qəbələ-Bakı su kəməridir. Oğuz-Qəbələ-Bakı su kəmərinin icrasına Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının, o cümlədən Qəbələ, İsmayıllı, Oğuz və Şamaxı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 25 avqust 2005-ci il tarixli müvafiq Sərəncamı ilə start verilib. Layihə çərçivəsində tikinti işlərinə 2007-ci ilin martında başlanılıb. Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşən Oğuz-Qəbələ-Bakı su kəmərinin inşasına 779,6 milyon manat vəsait ayrılıb. Kəmərin rəsmi açılış mərasimi 2010-cu il dekabrın 28-də keçirilib.
Bu məqamda qeyd edək ki, ölkə ərazisində içməli su təchizatının yaxşılaşdırılmasında modul tipli qurğulardan, o cümlədən də subartezian quyularından geniş istifadə olunur. Ötən il 125 minə yaxın əhalisi olan 58 yaşayış məntəqəsində modul tipli təmizləyici qurğular quraşdırılıb, əhalisi 630 min nəfərə yaxın olan 34 şəhər və rayonun 241 yaşayış məntəqəsində subartezian quyusu qazılıb. Ümumiyyətlə, son illər ərzində ölkə ərazisində 1500-ə yaxın subartezian quyusu qazılıb. 2015-ci ilin sonunda isə bu məqsədlə daha 10 milyon manat vəsait ayrılıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08
