Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Rayonlarda heyvandarlığın inkişafına xüsusi diqqət göstərilir

Rayonlarda heyvandarlığın inkişafına xüsusi diqqət göstərilir

26.02.2016 [10:18]

Cins heyvanların yetişdirilməsi, çoxaldılması istiqamətində atılan addımlar ət və süd istehsalının artımına səbəb olub
Ölkəmizin güclü iqtisadi potensialı, coğrafi amillər, tarixən formalaşan ənənələr, əhalinin təxminən yarısının bölgələrdə məskunlaşması və digər bu kimi amillər ölkədə aqrar sektorun inkişafına güclü stimul verir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində kənd təsərrüfatını ölkəmizin qeyri-neft ixracını, ərzaq təhlükəsizliyini, insanları işlə təmin edəcək sahə kimi səciyyələndirib: “Bizim üçün kənd təsərrüfatı o sahədir ki, qeyri-neft ixracımızı, ərzaq təhlükəsizliyini, insanları işlə təmin edəcək. Ona görə keçən il “Kənd təsərrüfatı ili” olmuşdur. Ancaq hesab edin ki, bu il də “Kənd təsərrüfatı ili”dir. Hər il “Kənd təsərrüfatı ili” olmalıdır”.
Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatında neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahə olmaqla əhalinin iş yerləri ilə təminatında ən böyük pay sahibidir. Nəticədə, bu sahənin inkişafı kənd yerlərində yoxsulluğun azaldılmasına əsaslı təsir etmək imkanına malikdir. Bununla yanaşı, dövlət ərzağa olan daxili tələbatını əsasən öz potensialı və imkanları hesabına ödəyə bilmək üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar həyata keçirib, həmçinin bu istiqamətdə bir sıra Dövlət proqramları reallaşdırılıb. Bu səbəbdən də istər məhsul yığımında, istərsə də heyvandarlıq sahəsinin inkişafında mühüm və uğurlu nəticələr əldə edilir.
Qeyd edilməlidir ki, son illərdə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətində kənd təsərrüfatında yüksək inkişafa nail olunması istiqaməti mühüm yer tutur. Dövlət başçısı respublikamızda kənd təsərrüfatının inkişaf etdirilməsi və bu sahədə yüksək nəticələrə nail olunması üçün güclü siyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyevin ötən il 12 yanvar tarixli müvafiq Sərəncamı ilə 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan olunması respublikamızda aqrar sektorun inkişaf etdirilməsinin dövlət siyasətinin mühüm istiqamətini təşkil etdiyini bir daha təsdiqləyir. Bunun nəticəsidir ki, respublikanın regionlarında aqrar sektorun inkişafında diqqətəlayiq uğurların əldə olunması nəzərə çarpıb. Dünya Bankının məlumatına əsasən, son on il ərzində dünya miqyasında kənd təsərrüfatı sahəsi üzrə artım 31,8 faiz təşkil edib. Azərbaycanda isə bu göstərici 48,9 faiz, yəni dünya üzrə orta göstəricidən 17,1 faiz bəndi artıq olub. Son illərdə dövlətin güzəştli kreditləri hesabına 43 müasir quşçuluq və 25 heyvandarlıq kompleksinin, 39 intensiv bağçılıq təsərrüfatının, 53 logistik mərkəzin və 22 taxıl anbarının, 16 meyvə-tərəvəz emalı, 9 süd emalı, 8 ət emalı müəssisəsinin, 28 çörək zavodunun, 46 istixana kompleksinin, 6 yem zavodunun və digər müasir müəssisələrin yaradılması aqrar sektorda dönüşün əldə olunmasına, ixrac potensialının artmasına, idxaldan asılılığın azalmasına, ümumilikdə ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə səbəb olub. “Kənd təsərrüfatı ili”ndə respublikanın aqrar sektorunda 7 faizədək artım qeydə alınıb.
Yeri gəlmişkən, bu artım rayonların timsalında da öz əksini tapır. Məsələn, ötən il Kürdəmir rayonunda da heyvandarlığın və quşçuluğun inkişaf etdirilməsi sahəsində xeyli işlər görülüb. Rayonda məhsuldar cins heyvanların artırılması tədbirləri həyata keçirilib. Lizinq yolu ilə alınmış 217 baş cins düyə artırılaraq 560 başa çatdırılıb, 8 süni mayalanma texniki fəaliyyət göstərir ki, onlar tərəfindən 769 mal süni mayalanmış, 628 baş cinsi yaxşılaşdırılmış bala alınıb. Cins heyvanların yüksək texnologiya ilə saxlanması təmin edilib. Rayonda iribuynuzlu mal-qaranın sayı 64 min başı, qoyun-keçilərin sayı 131814 başı, quşların sayı isə 375903 başı ötüb. 2015-ci ildə ət istehsalı əvvəlki illə müqayisədə 0,4 faiz, süd istehsalı 0,4 faiz, yumurta istehsalı 0,3 faiz, yun istehsalı 2,4 faiz artıb.
Hacıqabul rayonunda isə ötən il diri çəkidə 9498 ton ət istehsal edilib. Bu isə 2014-cü illə müqayisədə 24 ton artıqdır. İl ərzində yumurta istehsalı 4,1 milyon ədəd artaraq 331 milyon 199 min ədəd, süd istehsalı 45 ton artaraq 17217 ton, yun istehsalı isə 1 ton artaraq 225 ton təşkil edib.
Eləcə də Daşkəsən rayonunda heyvandarlığın inkişafı ilə bağlı mühüm tədbirlər görülüb. Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə hazırda 5 kənddə (Quşçu, Mollahəsənli, Əmirvar, Bayan və Qabaqtəpə kəndlərində) süni mayalama məntəqələri fəaliyyət göstərir. Süni mayalama texnikləri tərəfindən 2015-ci il ərzində 57 baş heyvan süni mayalandırılıb. Mayalandırılmış heyvanlardan 32 baş bala alınıb. Gələcəkdə məntəqələrin sayının artırılması üçün işlər davam etdirilir.
Neftçala rayonunda da ötən il heyvandarlığın inkişafı sahəsində müsbət irəliləyişlərə nail olunub. 2015-ci ildə iribuynuzlu mal-qaranın sayı 42042 baş, qoyun və keçilərin sayı 130150 başa çatdırılıb ki, bu da 2014-cü illə müqayisədə müvafiq olaraq 424 və 1319 baş artıb.
Masallı rayonunda 2015-ci ildə kənd, meşə, balıqçılıq təsərrüfatında 111,6 mln manatlıq məhsul istehsal edilib ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,2 mln manat və ya 3,9 faiz çoxdur. Ötən 1 il ərzində rayonda iribuynuzlu mal-qaranın sayı 73 145 başa, xırdabuynuzlu mal-qaranın sayı 84 769 başa çatıb. 2015-ci ildə süd istehsalı 49 018 tona, ət istehsalı 5 821 tona, yumurta istehsalı 56 264 000 ədədə çatıb.
Astara rayonunda 2015-ci ildə iribuynuzlu mal-qaranın sayı 46 min 900 baş, xırdabuynuzluların sayı 28 min 600 baş olub. 3723 ton diri çəkidə ət, 30 min 150 ton süd, 25 ton yun, 11 milyon 400 min ədəd yumurta istehsal olunub.
Bundan başqa, Siyəzən rayonunda ötən il iribuynuzlu mal-qaranın baş sayı 3,2 faiz, məhsuldar ana malın baş sayı 5,3 faiz, qoyun və keçilərin baş sayı 1,4 faiz artıb. Rayonda il ərzində 20 892 ton ət, o cümlədən 18 779 ton quş əti, 12 198 ton süd, 12,2 milyon ədəd yumurta və 86,2 ton yun istehsal edilib. Rayonda sahibkarlığın inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılır. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2002-2015-ci illərdə rayonda fəaliyyət göstərən 89 sahibkara 10 milyon 756 min manat, o cümlədən keçən il 13 sahibkara 4 milyon 168 min manat güzəştli kredit verilib ki, bu da kənd təsərrüfatı subyektlərinin inkişafına öz təsirini göstərib.
Ötən il Bərdə rayonunda da heyvandarlığın inkişafı istiqamətində mühüm işlər görülüb. Rayonda aqrar sektorun aparıcı sahələrindən olan heyvandarlıqda tətbiq edilən müasir təsərrüfatçılıq modelləri intensiv inkişafı təmin edir. Sənaye tipli heyvandarlıq kompleksləri yaradılır, sahibkarlara lizinq yolu ilə güzəştli şərtlərlə yüksək məhsuldar damazlıq heyvanları satılır, mal-qaranın cins tərkibi yaxşılaşdırılır.
Vurğulayaq ki, rayonda heyvandarlıq məhsullarının istehsalının artırılması, habelə damazlıq heyvandarlığın inkişaf etdirilməsi məqsədilə 2015-ci ildə “Aqrolizinq” ASC vasitəsilə 2922 baş damazlıq heyvan gətirilib və kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştlə satılıb. Hazırda rayonda cins damazlıq heyvanların sayı 5 min başdan yuxarıdır.
Rayonda cins maldarlığın inkişafı, heyvanların cins tərkibinin yaxşılaşdırılması üçün süni mayalanma da geniş tətbiq olunur. Yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması məqsədilə 13 süni mayalama texniki fəaliyyət göstərir. Təkcə bu ilin 11 ayında 4526 baş inək və düyə süni yolla mayalandırılıb, 2884 baş sağlam cins buzov alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə süni yolla mayalandırılan heyvanların sayı 449 baş, alınan balaların sayı isə 525 baş çoxdur.
Son illər Bərdə rayonunda ətlik və südlük istiqamətli müasir heyvandarlıq komplekslərinin yaradılması istiqamətində də səmərəli iş aparılır. Mehdili kəndində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən də istifadə edilməklə Qarabağ Aqrar Sənaye Parkı yaradılıb. Onun tərkibinə 5 min tonluq logistik mərkəz, 4200 başlıq ətlik və südlük istiqamətli heyvandarlıq kompleksləri, illik 5,4 min ton istehsal gücünə malik ət kəsimi və emalı fabriki, saatda 10 ton yem istehsal edən zavod daxildir. Aqrar Sənaye Parkında 200 nəfər daimi iş yeri ilə təmin olunub. Buradakı komplekslərdə ən müasir havalandırma, suvarma, qidalandırma, sağım sistemləri və digər ferma avadanlıqları quraşdırılıb, “Aqrolizinq” ASC vasitəsilə Avropadan gətirilmiş xüsusi cinslərdən olan 4200 ətlik-südlük inək bəslənilir. Onlardan 2200-ü sağılan inəklərdir.
Bərdədə yaradılmış digər müasir heyvandarlıq müəssisəsi rayonun Türkmən kəndi ərazisində inşa edilmiş 500 başlıq südlük cins heyvandarlıq kompleksidir. Tikintisi üçün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kredit ayrılan müəssisənin ümumi sahəsi 12 hektardır. Kompleksdəki 2 mexanikləşdirilmiş fermada Almaniyadan gətirilmiş 320 baş “Holştein-friz” cinsli inək bəslənilir. Onlardan 310-u sağmal inək və düyələrdir. Bu inəklər laktasiya dövründə gündə 21 litr südvermə qabiliyyətinə malikdir. Heyvanlardan gün ərzində 6500 litrdən artıq süd sağılaraq süd emalı müəssisələrinə göndərilir. Yaxın günlərdə daha 100 baş südlük istiqamətli inəklər gətiriləcək. Kompleksdə yem və su anbarları, iki silos quyusu, ofis, işçilər üçün otaqlar var.
Görülən işlərin nəticəsində rayonda mal-qaranın cins tərkibi yaxşılaşıb, heyvandarlıq məhsullarının istehsalı və emalı artıb. Bu məhsullar nəinki rayonun, eləcə də ölkə əhalisinin tələbatının ödənilməsində, respublikada ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 1182 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30