Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın regionlarında tarixi mədəniyyət abidələri bərpa olunur

Azərbaycanın regionlarında tarixi mədəniyyət abidələri bərpa olunur

05.02.2016 [09:31]

Şəki sakinləri şəhərin tarixi hissəsinin qorunmasını Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərimizin, tarixi keçmişimizin, maddi-mədəniyyət abidələrimizin qorunmasına yüksək qayğısının bariz nümunəsi kimi dəyərləndirirlər
Son illərdə Azərbaycanın regionlarının dinamik inkişafı fonunda ayrı-ayrı bölgələrdə yerləşən tarixi mədəniyyət abidələrinin qorunması və bərpası istiqamətində görülən işlər də diqqəti cəlb edir. Məlumdur ki, Azərbaycan nadir memarlıq elementləri ilə fərqlənən tarixi-dini və mədəniyyət abidələri ilə zəngin bir diyardır. Ölkəmizdə ulularımızın yaratdıqları və keçmişimizlə bu günümüz arasında körpü, qırılmaz mənəvi bağlantı rolunu oynayan bu abidələrin gələcək nəsillər üçün saxlanılmasına, həmçinin yenilərinin yaradılmasına dövlət tərəfindən böyük qayğı göstərilir. Son illərdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, respublikamızın bütün regionlarındakı tarixi-dini və mədəniyyət abidələrinin qorunması, təbliği və elmi cəhətdən araşdırılması istiqamətində böyük iş həcmi yerinə yetirilib və görülən məqsədyönlü tədbirlərin nəticəsi olaraq ayrı-ayrı abidələrimiz UNESCO-nun dünya mədəni irs siyahısına daxil edilib.
Gəncədəki İmamzadə kompleksi əsaslı bərpa-yenidənqurmadan sonra yaxın vaxtlarda istifadəyə veriləcək
Nizami yurdu Gəncədə 504 tarixi abidə siyahıya alınıb. Bunlardan 288-i dövlət tərəfindən qorunur. VIII əsrə aid tarixi memarlıq abidəsi - xalq arasında Göy günbəz, Göy məscid, yaxud Göy İmam kimi tanınan İmamzadə kompleksi isə Gəncə şəhərinin və bütövlükdə ölkənin ən maraqlı memarlıq abidələrindən biridir. Türbə bu kompleksin ən qiymətli abidəsidir. Burada beşinci imam Məhəmməd Bağırın oğlu İbrahim dəfn olunub. Memarlıq quruluşuna görə türbənin XIV əsrin sonu - XV əsrin əvvəllərində, ətrafındakı kompleksin isə XVII əsrdə tikildiyi ehtimal edilir. Türbə sonralar ziyarətgaha çevrilib və onun ətrafında müxtəlif binalar inşa edilib. Orta əsr Azərbaycan memarlığının dəyərli nümunələrindən olan İmamzadə piri Şərqin qədim karvan-ticarət yolunun üzərində yerləşib. İmamzadə əsrlərdən bəri Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də başqa ölkələrdən gələn müsəlmanların ziyarətgahına çevrilib. Bu dini abidə Gəncənin qədimliyini sübut etməklə yanaşı, şəhərin İslam aləmindəki yerini və nüfuzunu da göstərir. Prezident İlham Əliyev bu abidə-ziyarətgahın da təmiri və bərpası ilə bağlı xüsusi Sərəncam imzalayıb. Sərəncama əsasən 2010-cu ildən kompleksin əsaslı şəkildə yenidən qurulması davam etdirilir. İmamzadənin bərpası və təmiri üçün dövlət başçısı İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Prezidentin ehtiyat fondundan 9 milyon manat, 2014-cü ilin mayında isə daha 3 milyon manat vəsait ayrılıb. Dövlət başçısı burada görülən işlərlə şəxsən bir neçə dəfə tanış olub, müvafiq tapşırıq və tövsiyələrini verib.
Təmir-bərpa layihəsini icra edən “Gəncəkörpütikinti-2” Səhmdar Cəmiyyəti ziyarətgahda təmir-bərpa və tikinti işlərini apararkən qədim memarlıq üslubunu saxlamağa xüsusi diqqət yetirib. Kompleksin daxilində 200 kvadratmetr ərazini əhatə edən qurbangah yaradılıb. Ziyarətgahın əsas binası üçmərtəbəlidir. Birinci mərtəbəsi dəstəmazgah, ikinci mərtəbəsi inzibati otaqlar, üçüncü mərtəbəsi isə mehmanxanadan ibarət olan binada zəvvarlar üçün hər cür şərait yaradılıb. Kompleksdə həmçinin 1000 nəfərlik zaldan və mətbəxdən ibarət ehsanxana da fəaliyyət göstərəcək.
İmamzadə kompleksində bərpa-yenidənqurma işləri tamamlanmaq üzrədir. Baş mühəndis Rafiq Mehrəliyev bildirib ki, nəzərdə tutulan işlərin təxminən 95 faizi yekunlaşıb. Hazırda əsas diqqət həyətyanı sahənin abadlaşdırılmasına və yaşıllaşdırma işlərinə yönəldilib.
“Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında” Sərəncam şəhər ictimaiyyəti tərəfindən dərin rəğbətlə qarşılanıb
Yuxarıda qeyd etdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycanın regionlarında yerləşən tarixi-memarlıq abidələrinin bərpa olunmasına və qorunmasına böyük qayğı göstərir. Dövlət başçısının “Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında” cari il yanvarın 19-da imzaladığı Sərəncam da şəhər ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb. Şəki sakinləri Prezident İlham Əliyevin “Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında” Sərəncam imzalamasını müstəqilliyin verdiyi imkanlardan maksimum bəhrələnən xalqımızın və Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərə, tarixi keçmişimizə, maddi-mədəniyyət abidələrinə yüksək və həssas münasibətinin bariz nümunəsi kimi dəyərləndirirlər.
“Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Təranə Abdullayevanın AZƏRTAC-a müsahibəsində verdiyi məlumata əsasən, qoruq keçmiş Azərbaycan SSR Nazirlər Sovetinin müvafiq qərarına əsasən 1967-ci ildə yaradılıb. Ümumi ərazisi 283 hektardır. Hazırda qoruğun ərazisində dövlət qeydiyyatına alınan dünya, ölkə və yerli əhəmiyyətli 25 tarixi-memarlıq, arxeoloji və park-monumental abidə mövcuddur. Son illər aparılan araşdırmalar nəticəsində qoruğun ərazisində XVII-XX əsrlərə aid olan daha 205 abidə aşkar edilib. Bunlar əsasən, mülklər, yaşayış evləri, kustar emalatxanalar, kiçik ipək sexləri, anbarlar, ticarət obyektləridir. Bu abidələrin də dövlət qeydiyyatına alınması üçün Mədəniyyət və Turizm Nazirliyinə müvafiq məlumatlar təqdim olunub.
Qoruğun ərazisində yerləşən abidələr arasında Azərbaycan memarlığının nadir incisi hesab olunan XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsini - Şəki xanlarının sarayını xüsusi qeyd etmək lazımdır. Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştağın dövründə, 1761-1762-ci illərdə inşa edilən bu sarayın dünyada bənzəri yoxdur. Təsadüfi deyildir ki, vaxtilə dünya şöhrətli türk şairi Nazim Hikmət bu sarayla tanışlıqdan sonra deyib: “Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı, bircə Şəki xanlarının sarayını dünyaya göstərmək bəs edərdi”.
Qoruğun ərazisində həmçinin V-VI əsrlərə aid dairəvi məbəd, 1300 metr uzunluğu olan qala divarları, Yuxarı və Aşağı karvansaraylar, Şəkixanovların evi, xalq tətbiqi sənəti və tarix-diyarşünaslıq muzeyləri, Dövlət Rəsm Qalereyası, “Sənətkarlar evi”, məscidlər, körpülər və digər qədim abidələr yerləşir.
Əlincəqala tarixi abidəsi və Gülüstan türbəsinin bərpası uğurla davam etdirilir
Hazırda Naxçıvanda iki mühüm tarixi abidənin - Əlincəqalanın və Gülüstan türbəsinin bərpası uğurla aparılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri 2014-cü il fevralın 11-də “Culfa rayonundakı Əlincəqala tarixi abidəsinin bərpa edilməsi haqqında” Sərəncam imzalayıb. Bu gün Əlincəqalada genişmiqyaslı bərpa işləri də həmin Sərəncama uyğun aparılır.
Əlincəqala tədqiqat qrupunun rəhbəri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev bu tarixi abidə barədə AZƏRTAC-a müsahibəsində qeyd edib ki, qalanın iki əsas girişi olub. Girişlərdən biri Culfa-Qazançı yolunun sağ tərəfindədir. Bərpa işlərinə bu hissədən başlanması məqsədəuyğun hesab edilib və Əlincə dağının müəyyən hissəsinə qədər, daha doğrusu, qala istehkamlarınadək torpaq yol çəkilib. Buna baxmayaraq, bərpa üçün zəruri olan tikinti materialları qalaya əllə və digər yardımçı vasitələrlə qaldırılır. Qısa zamanda qalanın şərq və qərb darvazaları bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. İri qaya parçalarından inşa edilən qala divarlarının bərkidilməsi üçün, əsasən, əhəng məhlulundan istifadə edilib. Təmir və bərpa işlərinə rəhbərlik edənlər nəinki divarların əslinə uyğun şəkildə bərpasına səy göstərib, həmçinin bu əvəzedilməz abidənin neçə min il bundan əvvəlki əzəmətli görkəmini də göstərməyə nail olublar.
Gülüstan türbəsində aparılan bərpa işləri isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2015-ci il oktyabrın 7-də imzaladığı “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında” sərəncama uyğun həyata keçirilir.
Orta əsr Azərbaycan mədəniyyətini müasir dövrümüzədək yaşadan Gülüstan türbəsi xatirə memarlığının ən dəyərli nümunələrindən biri, Əcəmi Naxçıvani memarlıq məktəbinin yadigarı kimi böyük əhəmiyyətə malikdir. Buna görə də AMEA-nın Naxçıvan Bölməsinə Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə bərpa işlərinin elmi əsaslarla aparılmasının təmin olunması tapşırılıb. Həmçinin sərəncamla AMEA Naxçıvan Bölməsinə Gülüstan türbəsi tədqiqat qrupunun yaradılması, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinə və Naxçıvan Əlahiddə Sərhəd Diviziyasına bərpadan sonra Gülüstan türbəsinin ziyarətçilərə açıq olması üçün zəruri tədbirlər görülməsi barədə tapşırıq da verilib.
Gülüstan türbəsi tədqiqat qrupunun rəhbəri, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli bildirib ki, “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında” Sərəncamın imzalanmasından bir gün sonra, yəni 2015-ci il oktyabrın 8-də AMEA Naxçıvan Bölməsində tədqiqatçıları özündə birləşdirən Gülüstan türbəsi tədqiqat qrupu yaradılıb. Həmin il oktyabrın 12-də tədqiqat qrupunun ilk yığıncağı keçirilib və qarşıda duran vəzifələr müəyyənləşdirilib.
Fəxrəddin Səfərli deyib ki, Naxçıvan memarlıq məktəbinin ən gözəl nümunələrindən sayılan, Azərbaycanın qülləvarı türbələri sırasına daxil olan abidə iki hissədən - sərdabə və türbədən ibarətdir. Digər türbələrdə sərdabə hissəsi yerin altında yerləşdirildiyi halda, burada yerin səthindən yuxarıda inşa olunub. Türbənin aşağı hissəsini təşkil edən yonulmuş daşdan tikilmiş kürsülük xaricdən kəsik piramida, daxildən silindrik quruluşa malikdir. Yuxarı hissə isə 12 üzlü qüllədən ibarətdir.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 1323 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30