Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Mərkəzi icra hakimiyyəti orqanlarının regionlarda təşkil etdikləri görüşlər vətəndaşlar tərəfindən böyük razılıqla qarşılanır

Mərkəzi icra hakimiyyəti orqanlarının regionlarda təşkil etdikləri görüşlər vətəndaşlar tərəfindən böyük razılıqla qarşılanır

23.01.2016 [10:50]

Artıq tarixə dönən 2015-ci ildə ölkənin 16 şəhər və ya rayonunda “Kütləvi çıxarış” kampaniyası həyata keçirilib və 6000-dən çox vətəndaş bu kampaniyadan faydalanıb
Ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq həyata keçirilən xəlqi, cəmiyyətdən gələn sosial sifarişlər əsasında formalaşan siyasət getdikcə həm məzmunca, həm də forma baxımından daha da zənginləşir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, respublikamızda həyata keçirilən siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır. Dövlət başçısı, eyni zamanda, məmurlara vətəndaşlarla daha sıx təmaslar qurmağı, yerlərdəki problemləri vaxtında aşkara çıxarıb operativ tədbirlər görməyi tapşırıb. Deyilənlərin kontekstində vurğulamaq yerinə düşər ki, son illərdə ölkəmizdə gözəl ənənə formalaşıb. Belə ki, ayrı-ayrı mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələri vaxtaşırı bölgələrə səfərlərə gedərək yerlərdə vətəndaşlarla görüşlər keçirirlər. Belə görüşlər isə, bir qayda olaraq, izsiz ötüşmür. Regionlarda keçirilən görüşlərdə vətəndaşların qaldırdıqları məsələlər mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən ciddi nəzarətə alınaraq onların həlli məqsədilə operativ tədbirlər həyata keçirilir. Beləliklə də, regionlarda əhali üçün müəyyən narahatlıqlara səbəb olan problemlər öz həllini tapır.
Əhalinin sosial müdafiəsi ilə bağlı məsələlər Neftçalada müzakirə edilib
“Mövcud iqtisadi şəraitdə əhalinin etibarlı sosial müdafiəsinin təmin olunması Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzindədir. Dövlət başçısı tərəfindən təkcə son bir həftə ərzində bu məqsədlə 16 Fərman və Sərəncam imzalanıb. Onlardan 6-sı məhz əmək pensiyasının baza hissəsinin, məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin, 20 Yanvar əlillərinə, müharibə əlillərinə (o cümlədən Qarabağ müharibəsi əlillərinə), şəhid ailələrinə Prezident təqaüdlərinin, sosial müavinətlərin artırılmasını nəzərdə tutur və müvafiq təbəqələrdən olan 2,3 milyon nəfərə yaxın şəxsi əhatə edir. Digər 10 Sərəncamla isə büdcə təşkilatlarında çalışanların əmək haqları artırılıb”. Bu fikirləri Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Neftçala rayonunda Neftçala, Biləsuvar, Cəlilabad, Salyan və Cəbrayıl rayonlarının sakinlərini fərdi qaydada qəbul edərkən vurğulayıb. Qəbul zamanı vətəndaşlar əhalinin sosial müdafiəsinin gücləndirilməsinə göstərilən diqqət və qayğının davamı olaraq, bu günlərdə əmək pensiyalarının baza hissəsinin, müavinət və təqaüdlərin, əmək haqlarının artırılması üçün Fərman və sərəncamların imzalanmasına görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.
Qəbula gələn vətəndaşların müraciətləri əsasən məşğulluğun təminatı, imtiyazlı şəxslərin mənzil və reabilitasiya vasitələri ilə təmin olunması, bərpa müalicəsinə köməklik edilməsi, avtomobil növbəsinə dayanma üçün tibbi göstərişin verilməsi və s. məsələləri əhatə edib. Müraciətlər nazirliyin aidiyyəti üzrə məsul şəxsləri ilə birlikgə obyektiv şəkildə araşdırılaraq müvafiq tədbirlər görülüb. Nazirin tapşırığına uyğun olaraq, müraciətləri əsasında iki nəfər əlilliyi olan şəxs əlil arabası ilə təmin edilib, ayrı-ayrı şəxslər bərpa müalicəsinə cəlb olunmaları üçün qeydiyyata götürülüb, bir qrup şəxsə isə məşğulluqlarının təmin olunması üçün münasib iş yerlərinə göndərişlər verilib.
Mənzillə təmin olunmaqla əlaqədar müraciətləri cavablandıran S.Müslümov bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev cari ildə də bütün sosial proqramların uğurla icra ediləcəyini bəyan edib: “Ötən il nazirlik tərəfindən 281 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsinə yeni mənzil verilib, həmçinin 132 mənzilli yaşayış binası dövlət başçısının iştirakı ilə gözdən əlillərə təqdim olunub. Hazırda sakinlərini qəbul etdiyimiz Neftçala rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 10 ədəd, Cəlilabad rayonunda 8 ədəd, Biləsuvar rayonunda 3 ədəd fərdi ev tikilir. Salyan rayonunda isə ötən ay 17 ədəd fərdi yaşayış evi bu təbəqələrdən olan insanlara təqdim edilib”.
Nazir qəbula gələn bir sıra vətəndaşların ailələrinin ünvanlı dövlət sosial yardımı almaq hüququna baxılması, əlillik müayinələrinin aparılması, iş tapmaqda çətinlik çəkən şəxslərin yeni peşələrə yiyələnmələri üçün peşə hazırlığı kurslarına cəlb edilmələri və s. barədə göstərişlər də verib. Eyni zamanda, nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Şimal bölgəsində məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirilib
Bu günlərdə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində şimal bölgəsindən olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib. Qəbulda iştirak edən Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının sakinləri əsasən pensiya təyinatı, əmək pensiyası növünün dəyişdirilməsi, pensiyaların yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, o cümlədən başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin, eləcə də müvafiq arxiv sənədlərinin olmaması səbəbindən keçmiş sovet dövründə işlədikləri müddətin əmək stajlarına daxil edilməsi ilə bağlı müraciətlər ediblər.
Görüş zamanı əmək pensiyasının üzərinə qulluq stajına görə əlavənin hesablanması, əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi və digər məsələlərə dair çoxsaylı təklif və şikayətlər də dinlənilib.
Fondun məsul əməkdaşlarının, o cümlədən beş rayonun şöbə müdirlərinin iştirakı ilə keçirilən qəbul zamanı, ümumilikdə, 30-dək vətəndaşın müraciətinə baxılıb. “Açıq qapı” şəraitində davam etdirilən görüşdə Fondun sədri Elman Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, onların problemlərinin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün konkret tapşırıqlar verib.
Qeyd edək ki, vətəndaşların rahatlığının təmin olunması məqsədilə Dövlət Sosial Müdafiə Fondunun sspf.gov.az rəsmi internet saytında qəbula əvvəlcədən yazılmaq imkanı yaradılıb, müraciət üçün əlaqə nömrələri göstərilib, qəbulda iştirak edənlərin Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçirildiyi ünvana aparılıb-gətirilmələri təmin olunub.
Qəbulda iştirak edən sakinlər Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən mütəmadi olaraq yerlərdə vətəndaşların qəbulunun təşkilindən razı qaldıqlarını bildirərək, pensiyaçılara göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
Yevlaxda keçirilən “Kütləvi çıxarış” kampaniyasında 200-ə yaxın sakin mülkiyyət sənədi alıb
Cari ildə ilk “Kütləvi çıxarış” kampaniyası yanvarın 15-də Yevlaxda keçirilib. Sosial əhəmiyyətli kampaniya çərçivəsində rayon sakinlərinə bilavasitə yerlərdə və ünvanlarda evlər, mənzillər və torpaqların qeydiyyatına dair operativ xidmətlər göstərilib. Bu xidmətlər dövlət reyestrindən çıxarışların təqdim olunması və ilkin mülkiyyət sənədlərinin qəbulunu əhatə edir.
Yevlax rayonunun bir neçə kəndindən olan 200-ə yaxın sakin ərazi idarəsinə getmədən komitənin mobil ofisləri vasitəsilə çıxarış əldə ediblər. Həmçinin 100-ə yaxın vətəndaşdan onların mülkiyyətinə dair ilkin sənədlər qəbul olunub. Belə ilkin mülkiyyət sənədlərinə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minən tarixədək vətəndaşlara verilmiş aktlar, şəhadətnamələr, qeydiyyat vəsiqələri, mənzillər barədə orderlər, kolxoz və sovxozlar tərəfindən verilmiş əmrlər və digərləri aiddir.
Kampaniya daxilində yeni aksiyaya da start verilib. Belə ki, kampaniya çərçivəsində komitənin hüquqi yardım aksiyası da keçirilir. Komitənin hüquqşünasları kampaniyada iştirak edən vətəndaşlara evlər, mənzillər, torpaqlara çıxarış və texniki pasport, yüklülük və digər arayışların alınması, qeydiyyat üçün zəruri ilkin sənədlər, çatışmayan sənədlərin əldə olunması, uyğunsuzluqların aradan qaldırılması, dövlət rüsumu və xidmət haqları, qeydiyyat proseduru və mərhələləri ilə bağlı hüquqi izah veriblər. Aparılmış maarifləndirmə nəticəsində vətəndaşların nəzərinə çatdırılıb ki, qeydiyyata alınmış əmlak hüququ təhlükəsizdir və perspektiv gəlir mənbəyidir. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlak biznes alətinə çevrilə, gəlir götürülməsi məqsədilə istifadə oluna bilər.
Həmin gün komitənin mobil ofisləri vasitəsilə mütəxəssislər bir neçə fiziki məhdudiyyətli vətəndaşın evinə gedərək çıxarışları elə onların evində təqdim ediblər. Birbaşa evlərdə xidmətlərin göstərilməsi maksimum əlçatanlığı, vaxta qənaəti və rahatlığı təmin etmək məqsədi daşıyır. Kampaniya vətəndaşın ərazi idarəsinə müraciət, idarəyə gəlib-getmə məcburiyyətlərinə son qoyur, nəqliyyat xərclərinin qarşısını alır, qeydiyyatla bağlı dövlət xidmətlərini birbaşa ünvana çatdırır. Xidmətin çatdırılması üçün əlavə ödəniş tələb olunmur, mobil xidmətlər yalnız qanunla müəyyən edilmiş dövlət rüsumu və xidmət haqqı əsasında həyata keçirilir. Bu rüsumlar yalnız bank vasitəsilə və ya elektron qaydada ödənilir. Bütün bu sosial addımlar son nəticədə şəffaflıq, çeviklik, rahatlıq və məmnunluq səviyyəsinin yüksəlməsini təmin edir.
Kampaniyanın digər faydası vətəndaşların qeydiyyat xidmətlərindən əlverişli şəkildə faydalanması, daşınmaz əmlakın hüquqi etibarlılığı və iqtisadi səmərəsini daha da artırmasıdır. Bununla yanaşı, kampaniya daşınmaz əmlak bazarının aktivləşməsinə, əmlak sahiblərinin biznes proseslərinə cəlb edilməsinə də öz töhfəsini verir.
Qeyd edək ki, təkcə 2015-ci ildə kampaniya 16 şəhər və ya rayonda həyata keçirilib. Bu günədək, ümumilikdə, 6000-dən çox vətəndaş kampaniyadan faydalana bilib.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 1209 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Analitik

Sosial

“Müqəddəs axşam”

31 Oktyabr 08:57  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30