Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın regionlarında qış turizmi mövsümü uğurla davam edir

Azərbaycanın regionlarında qış turizmi mövsümü uğurla davam edir

23.12.2015 [10:17]

Qarşıdakı günlərdə Bakıdan, respublikanın müxtəlif şəhər və rayonlarından, həmçinin xarici ölkələrdən 20 minə yaxın xizək həvəskarının Qəbələdəki “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinə gələcəyi gözlənilir
Dünyanın ayrı-ayrı ölkələrinin iqtisadiyyatında mühüm yer tutan turizmin Azərbaycanda da geniş inkişaf perspektivləri var. Prezident İlham Əliyev bir neçə mühüm sahə ilə yanaşı, ölkəmizdə turizmin inkişafını da qeyri-neft sektorunun əsas istiqamətlərindən biri elan edib. Dövlət başçısı Şabran rayonunun ərazisində yerləşən “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin açılışındakı çıxışında diqqəti bir daha ölkəmizdə turizmin inkişaf etdirilməsinin zəruriliyinə çəkərək deyib: “Hər bir ölkə, xüsusilə Azərbaycan kimi belə gözəl yerlərə, təbii sərvətlərə malik olan bir ölkə mütləq turizmi inkişaf etdirməlidir. Çünki bu, daimi gəlir mənbəyidir. Təbii sərvətlər, neft, qaz - bunlar tükənən sərvətlərdir. Ancaq ölkəmizin dayanıqlı inkişafı üçün daim gəlir gətirən sahələr mütləq inkişaf etməlidir. Onların içərisində turizm xüsusi yer tutur”.
Yeni yaradılan müasir infrastruktur regionlarda turist cəlbediciliyini artırır
Son illər ölkəmizin uğurlu sosial-iqtisadi inkişafı, möhkəm daxili sabitlik respublikamıza turist axınını şərtləndirən əsas amillərdəndir. Azərbaycanın coğrafi baxımdan əlverişli məkanda yerləşməsi, flora və fauna növlərinin müxtəlifliyi, Xəzər dənizi, infrastruktur təminatının yaxşılaşdırılması ölkəmizin turizm imkanlarını daha da artırır. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsi bu sahənin daha da inkişaf etdirilməsinə güclü təkan verib.
Respublikamızın turist cəlbediciliyinin yüksəlməsi ölkəmizə gələn turistlərin sayının artmasında da öz əksini tapır. Belə ki, son bir neçə ildə dünyada və Avropa ölkələrində turistlərin gəlməsində cəmi 5 faiz artım müşahidə edilmişdirsə, Azərbaycana turist axınının artım dinamikası 10 faiz səviyyəsində olub. Burada, heç şübhəsiz ki, bütün turist marşrutları üzrə mükəmməl infrastruktur şəbəkəsi yaradılması da mühüm rol oynayır. Son illərdə Azərbaycanda müxtəlif turist marşrutları üzərində beynəlxalq səviyyəli turizm mərkəzlərinin yaradılması ölkəmizin turizm reytinqinin yüksəlməsində mühüm rol oynayıb.
Ölkəmizdə müxtəlif turist marşrutları üzrə geniş infrastruktur qurulmasından söhbət açarkən dünya miqyasında məşhur brend hotellərin tikintisini də ayrıca vurğulamaq gərəkdir. Respublikamızda mehmanxana və mehmanxana tipli obyektlərin sayı 2003-cü illə müqayisədə 5,4 dəfə artaraq 516-ya çatıb ki, onların da böyük əksəriyyəti regionlarda yerləşir.
Regionlarda qış turizmi də sürətlə inkişaf edir
Azərbaycanın regionlarında turizmin müxtəlif növlərinin inkişafı üçün əlverişli imkanlar var. Respublikanın bir sıra bölgələrində dağlıq ərazilərin olması və münasib iqlim şəraiti ölkəmizdə qış turizminin inkişafı üçün də geniş perspektivlər açır. Qusar rayonunda yaradılan “Şahdağ” Qış-Yay Turizm Kompleksi qış turizmi üçün kifayət qədər gözəl məkan hesab olunur. Bu kompleks Azərbaycanda ilk dağ-xizək kurortudur. Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə, Şahdağ Milli Parkının ərazisində yerləşən kompleksin tikintisinin hazırlıq işlərinə 2006-cı ildən başlanılıb. Həmin il keçirilən tenderdə dünyanın aparıcı şirkətləri qalib gəliblər. Bu kompleksin təməli 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. O vaxtdan görülən işlər nəticəsində “Şahdağ” Qış-Yay Turizm Kompleksinə çəkilən avtomobil yolu genişləndirilib, körpülər tikilib, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri həyata keçirilib. Dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdə yerləşən turizm kompleksinin ərazisi 2058 hektardır.
Azərbaycanda və ümumiyyətlə, dünyada ən mükəmməl layihələrdən olan “Şahdağ” Qış-Yay Turizm Kompleksi oxşar istirahət mərkəzlərindən bənzərsizliyi ilə fərqlənir və ilboyu fəaliyyət göstərmək iqtidarındadır. Bu layihənin reallaşdırılması Azərbaycanda dağ-xizək və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açır. Azərbaycanda sürətlə inkişaf edən turizm sektoruna böyük töhfə olan “Şahdağ” Qış-Yay Turizm Kompleksində inşa edilən hotellər bu istirahət məkanına marağı daha da artırır. Qonaqların istirahətinin yüksək səviyyədə təmin olunduğu bu hotellərdə yaradılan şərait bir daha təsdiqləyir ki, bu gün ölkəmizdə turizm sektorunun inkişafına xüsusi fikir verilir. Kompleksin ərazisində qısa müddətdə bir neçə yüksək səviyyəli hotel tikilib istifadəyə verilib. Onlardan “Şahdağ”, “Qaya”, “Zirvə”, “Pik Palas” hotellərini sadalamaq mümkündür. Cari ilin yanvarında isə kompleksin ərazisində tikilən “Park Chalet” hoteli Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. “Park Chalet Shahdag” hoteli Bakıdan 210 kilometr şimal qərbdə yeganə alp üslublu dəbdəbəli məkandır. Əzəmətli dağlarla əhatə olunan hotelin 164 eleqant qonaq otağı var. Hoteldəki restoranlar, barlar və istirahət guşələri dağlarda zövqlə nahar etmək üçün nadir vəhdət yaradır. Bu hoteldə qonaqlara təqdim olunan xidmətlər çoxçeşidliliyi ilə fərqlənir. Burada quraşdırılan müxtəlif trenajorlar, müasir idman avadanlığı və hovuzlar qonaqların istirahət imkanlarını daha da artırır. “Park Chalet” hotelində tam təchizatlı fitness və SPA mərkəzi, 20 metrlik qapalı hovuz qonaqlarını gözləyir. Dəbdəbəli SPA mərkəzində çalışan təcrübəli terapevtlər müxtəlif aromaterapiya, masajlar və prosedurlar, o cümlədən kosmetik qulluq və müalicə təqdim edirlər. 130 nəfərədək qonağı qəbul etmək iqtidarında olan çoxfunksiyalı və banket üslubundakı konfrans zalı günəş işığı ilə işıqlanır və möhtəşəm dağ mənzərəsi ilə əhatə olunub.
Kompleksdə yeni qış turizm mövsümü uğurla start götürüb. Burada yeni mövsüm üçün bütün hazırlıq işləri yüksək səviyyədə aparılıb. Kompleksdə ticarət mərkəzləri, restoran, kafe, oyun zalı, xizəksürmə, kanat, tibb xidmətləri, bar və digər xidmətlər fəaliyyət göstərir. İstirahət mərkəzində xizək sürmək üçün lazım olan bütün avadanlıq və geyimlərin satıldığı, eləcə də kirayə verildiyi obyektlər turistlərə yüksək səviyyədə xidmət göstərir.
“Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində yeni xizəkçilik mövsümünə start verilib
Bölgədə ən çox turist qəbul edən “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinin tikintisində işlərin birinci mərhələsi başa çatdırılıb. Hazırda ikinci mərhələ üzrə işlər görülür. Ötən il yanvarın 3-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən kompleksin 4 kanat xəttinin hamısı və 10 xizək yolundan 8-də tikinti işləri yekunlaşıb. Turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranlar və beşulduzlu “Tufandağ” hoteli açılıb, bütün dağ-xizək trassası süni qaryağdıran generasiya sistemi ilə təchiz edilib və gün ərzində kompleksdə 3 min nəfərə xidmət göstərilməsi üçün şərait yaradılıb. Ümumilikdə 4 kanat xəttinin uzunluğu 6 kilometr, 10 xizək yolunun uzunluğu isə 17 kilometrdir.
“Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinin xidmətlərindən ötən iki il ərzində 270 min nəfər yerli və xarici qonaq bəhrələnib. Hazırda kompleksin ərazisi qalın qar örtüyü ilə əhatə olunub və xizəkçilik üçün əlverişli şərait mövcuddur. Qarşıdakı günlərdə, eləcə də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ilə əlaqədar tətil günlərində Bakıdan, respublikanın müxtəlif şəhər və rayonlarından, xarici ölkələrdən 20 minə yaxın xizək həvəskarının Qəbələyə gələcəyi gözlənilir. Hazırda müxtəlif turizm şirkətləri tərəfindən “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində xizəkçiliklə əlaqədar xüsusi turlar təşkil edilir.
Turistlər əvvəlcə kanat yolu ilə qarla örtülmüş uca dağların zirvəsinə qalxaraq oradan Qəbələ şəhərini, Duruca kəndini və ətrafdakı çayları, meşələri, gözəl mənzərəni seyr edir, xatirə şəkli çəkdirirlər. Bir nəfər üçün 10 manat ödəməklə kompleksin 4 kanat yolu ilə dağlarda 6 kilometr məsafə qət etmək mümkündür. Turistlərin 1660 metr hündürlüyə qalxaraq dağın zirvəsindəki kafe və restoran xidmətlərindən də bəhrələnmək imkanı var. Kompleksin ərazisində böyüklər və uşaqların istirahəti üçün hər cür şərait mövcuddur.
Dekabrın 18-də “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində yeni xizəkçilik mövsümünün açılışı olub və dağ-xizək idman növü üzrə ödənişsiz təlimlərə start verilib. Kompleksdən bildirilib ki, orta məktəb şagirdlərinin dağ-xizək idman növünə marağının artırılması, xizəkçiliyin sirlərinə yiyələnməsi və onların peşəkar idmançı kimi yetişdirilməsi üçün kompleksdə hər cür şərait yaradılıb. Bu xizək mövsümündə Qəbələ və ətraf rayonların şagirdləri qrafikə uyğun olaraq kompleksdə göstərilən kanat və xizək xidmətlərindən bəhrələnəcəklər. Peşəkar təlimçilər kompleksin yeni xizəkçilik məktəbində yeniyetmə qız və oğlanlara 50 dəqiqə ərzində buz üstə xizəklə necə hərəkət etməyi öyrədirlər. Şagirdlərin məktəbdən kompleksə gətirilməsi və geri qaytarılması üçün avtobuslar təşkil olunur, onlar xizək geyim formaları ilə təmin edilirlər.
Kompleksdə növbətçi və həkim qrupları fəaliyyət göstərir. Şagirdlərin böyük marağına səbəb olan bu təmənnasız xizəkçilik təlimləri martın sonunadək davam edəcək. Ölkəmizdə qış turizminin inkişafına kömək məqsədilə keçirilən təlimlərdə iştirak edən yeniyetmə və gənclər arasında gələcəkdə müxtəlif yarışların təşkili, onların yerli və beynəlxalq turnirlərdə iştirakının təmin olunması nəzərdə tutulur. Şagirdlər üçün ötən xizəkçilik mövsümündə də pulsuz təlimlər təşkil edilmişdi və ümumilikdə 1000-dən çox məktəbli təlimlərdən bəhrələnərək xizəkçiliyin sirlərinə yiyələnib. Hazırda xizək trassasında 8 sürüşmə zolağı turistlərin istifadəsinə verilib. Xizəkdən istifadə etmək üçün yarım günə 20 manat ödənilməlidir.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 1257 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Analitik

Sosial

“Müqəddəs axşam”

31 Oktyabr 08:57  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30