Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda məhsul bayramı qeyd olunur

Regionlarda məhsul bayramı qeyd olunur

01.12.2015 [09:51]

Son illərdə bir çox rayonlarda məhsul bayramlarının keçirilməsində əsas məqsəd regionların təbliği, bölgələrin mədəni, sosial-iqtisadi potensialının nümayişi, eyni zamanda, turizmin inkişaf etdirilməsidir
Hazırda bütün dünyada nümunə kimi göstərilən inkişafın Azərbaycan modelinin ən səciyyəvi cəhətlərindən biri ölkənin regionlarının tarazlı inkişafının təmin edilməsi ilə bağlıdır. Son 12 ildə tarixi əhəmiyyət daşıyan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla reallaşdırılması Azərbaycanın bölgələrinin simasını dəyişib, regionları da iqtisadi güc amilinə çevirib. Regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramının icrasına start veriləndən etibarən Azərbaycanın bölgələrində 64 mindən çox müəssisə fəaliyyətə başlayıb. Bu müddət ərzində regionlarda ümumi məhsul buraxılışı 3,2, sənaye məhsulu 3,1, rabitə xidmətləri 6,1, əhalinin gəlirləri 6,3, orta aylıq əməkhaqqı 7,3, əhaliyə göstərilən pullu xidmətlər 6 dəfə artıb.
Azərbaycanın regionlarının sürətli inkişafı fonunda ayrı-ayrı bölgələrdə bu inkişafı özündə əks etdirən yeni ənənələrin yaranması da diqqəti cəlb edən xoş məqamlardandır. Əlamətdar haldır ki, son illərdə respublikanın müxtəlif bölgələrində amək adamları məhsul bayramının sevincini birgə yaşayırlar. Bir çox rayonlarda məhsul bayramlarının keçirilməsində əsas məqsəd regionların təbliği, bölgələrin mədəni, sosial-iqtisadi potensialının nümayişi, eyni zamanda, turizmin inkişaf etdirilməsidir.
Göyçayda keçirilən nar festivalında 15 minə yaxın insan iştirak edib
Göyçayın tarixi illər boyu narın yetişdirilməsi mədəniyyəti ilə sıx bağlı olub. Nar Azərbaycanın demək olar ki, bütün rayonlarında yetişdirilir. Amma Göyçay narı dadına, tamına, növlərinə, keyfiyyətinə, insanların sağlamlığında xüsusi əhəmiyyətinə görə digər bölgələrdə yetişdirilən narlardan çox fərqlənir.
Göycay rayonunda narçılığın inkişafında, bu sahəyə marağın daha da artmasında hər il burada keçirilən Nar bayramının böyük əhəmiyyəti var. Ötən ay rayonda təşkil olunan ənənəvi Nar bayramı möhtəşəmliyi ilə əvvəlkilərdən xeyli fərqlənib. Respublikanın dövlət və hökumət nümayəndələrinin, Milli Məclis deputatlarının, xarici ölkələrin Azərbaycandakı səfirlərinin, beynəlxalq təşkilatların, diaspor nümayəndələrinin, yerli və xarici iş adamlarının, ümumilikdə, 15 minə yaxın insanın iştirak etdiyi 10-cu Nar bayramı nadir təbii sərvətlərimizin, milli adət-ənənələrimizin əyani nümayişinə çevrilib.
Bayram iştirakçıları əvvəlcə Heydər Əliyev prospektində musiqi sədaları altında qarşılanıblar. Qonaqlara yerli müəssisələrin istehsalı olan nar şirələri paylanılıb. Festivalın əsas qəhrəmanı olan Nar şahzadəsi iştirakçıları salamlayıb, xalqımıza əmin-amanlıq, bol ruzi-bərəkət arzulayıb.
Sonra tədbir iştirakçıları rayonun 30-a yaxın kəndinin nar və nar məhsullarından ibarət sərgisi ilə tanış olublar. Meydanda təşkil olunan kitab sərgisi, əl işləri və qədim sənət nümunələri, idmançıların, kəndirbazların, pəhləvan və sehirbazların, folklor rəqs və musiqi qruplarının, meyxanaçıların, xor kollektivinin bir-birini əvəz edən çıxışları maraqla izlənilib.
Tədbirdə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev çıxış edərək, artıq 10-cu dəfədir təşkil edilən bu məhsul bayramının Göyçayda meyvəçiliyin inkişafını stimullaşdırmaq baxımından böyük əhəmiyyət daşıdığını bildiriblər. Qeyd olunub ki, bu festival son illər Göyçayda narçılığın inkişafına təkan verib.
Festival iştirakçılarının diqqətinə çatdırılıb ki, Göyçayda narın 67 növü yetişir. Azərbaycanda mövcud olan nar bağlarının 20 faizi, nar ağaclarından toplanan məhsulun isə 30 faizi bu rayonun payına düşür. Narın şirəsindən və qabığından 20-dək xəstəliyin müalicəsində istifadə olunur. Bu il Göyçayda bağlarda bol məhsul yetişib. İlkin hesablamalara görə, cari ildə 47 min tona yaxın nar yığılacaq ki, bu da keçən ildəkinə nisbətən 2 min ton çoxdur. Məhsulun 50 faizi Rusiya, Ukrayna və Gürcüstan bazarlarına çıxarılır. Rayonda yeni və məhsuldar nar sortlarının yetişdirilməsi, təzə bağların salınması istiqamətində də tədbirlər görülür. Son iki ildə 110 hektar sahədə nar bağı salınıb. Bağlarda əsasən “Gülövşə”, “Vələs”, “Şəndi”, “Şirin”, “Bala Mürsəl” sortları əkilib. Eyni zamanda, emal müəssisələrinin istehsal gücü ilbəil artırılır. Hazırda “AzNar” zavodu ABŞ, Polşa, Kanada, Yeni Zelandiya, Almaniya, Rusiya, Avstraliya, Belarus, Avstriya və İsrailə nar şirəsi ixrac edir. Ötən əsrin 90-cı illərinin əvvəllərində Göyçayda cəmi 251 hektar məhsuldar nar bağı vardısa, bu gün bağların sahəsi 3920 hektardan artıqdır.
Sonra qonaqlar tədbirin keçirildiyi Heydər Əliyev parkında isti təndir çörəyinə, narlara və onlardan hazırlanan məhsullara, eləcə də motal pendiri, yuxa, kətə və döşəməli plova, müxtəlif şirniyyatlara qonaq olublar. Tədbir iştirakçıları nar şirəsinin, nar şərabının, nardançanın dadına baxıb, nardan hazırlanan məhsulların sərgisinə maraqla tamaşa ediblər.
Festivalda nara həsr olunan şeir və mahnılar səsləndirilib. Rayon bədii özfəaliyyət kollektivlərinin, aşıqların, meyxanaçıların, kəndirbazların, musiqi məktəbində təhsil alan şagirdlərin çıxışları alqışlarla qarşılanıb. Heydər Əliyev prospektində idmançıların, mahnı-rəqs qruplarının çıxışları olub, müxtəlif mədəni-əyləncəli proqramlar təşkil edilib. Məhəmməd Füzulinin “Meyvələrin söhbəti” əsəri əsasında hazırlanan tamaşa təqdim olunub, “narboll” oyunu keçirilib.
Göyçayda 10-cu dəfə təşkil olunan Nar bayramında rayonda yetişdirilən 67 sort narın hər birindən nümunələr, nardan hazırlanan məhsullar, eləcə də qeyri-adi əl işləri nümayiş etdirilib. Tədbirdə nar dənələrindən hazırlanan Azərbaycan xəritəsi, üçrəngli bayraq, ay və səkkizguşəli ulduzun simvolik təsviri və digər kompozisiyalar iştirakçıların daha çox marağına səbəb olub.
Nar bayramında rayon sakini Zöhrab Eldarovun yetişdirdiyi 1 kiloqram 165 qramlıq nar “Azərbaycanda ilin ən böyük narı” müsabiqəsində qalib gələrək, əsas mükafata layiq görülüb. Builki Nar bayramında, həmçinin cırtdan nar ağacı, tumsuz nar, qeyri-adi görünüşə malik hind narı da nümayiş etdirilib.
Balakəndə zəhmət adamları məhsul bayramını böyük coşqu ilə qeyd ediblər
Bu payız Balakəndə artıq dördüncü dəfə keçirilən “Məhsul bolluğu” bayramının qəhrəmanları da məhz öz halal zəhməti, alın təri ilə rayonun inkişafına, məhsul bolluğunun yaranmasına xidmət edən sadə əmək adamları olub.
Havanın əlverişsiz olması, güclü yağış yağması səbəbindən bu dəfə bayram əvvəlki illərdə olduğu kimi, mədəniyyət və istirahət parkında deyil, rayon Mədəniyyət Mərkəzinin geniş foyesində təşkil olunub. Ənənəvi olaraq rayonda hər payız keçirilən bu bayram iqtisadiyyatında baş verən müsbət dəyişiklikləri, inkişafı, xüsusilə aqrar sahədə qazanılan uğurları təbliğ və nümayiş etdirmək, məhsul istehsalçılarını daha böyük qələbələrə, nailiyyətlərə ruhlandırmaq məqsədi daşıyır.
Balakənlilər builki bolluq, bərəkət bayramını böyük ruh yüksəkliyi ilə qeyd ediblər. Bu da təsadüfi deyildir. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə elan olunan “Kənd təsərrüfatı ili”ndə rayonun məhsul istehsalçıları böyük nailiyyətlər əldə edib, kənd təsərrüfatının bütün sahələri üzrə yüksək məhsuldarlığa nail olublar. Cari ilin doqquz ayında rayonda 53 milyon manatlıq, yəni ötən ildəkindən 8 faiz çox kənd təsərrüfatı məhsulları istehsal edilib. Balakən rayonu qarğıdalı bitkisinin əkin sahəsinə, eyni zamanda, istehsal olunan məhsulun həcminə görə respublikada liderliyini yenə də qoruyub saxlayıb. Fermerlər qarğıdalı əkilmiş 7101 hektar sahədən 40,1 min ton məhsul əldə ediblər. Bu göstərici ötən ildəkindən 500 ton çoxdur. Hər hektardan orta məhsuldarlıq əvvəlki illə müqayisədə 8,8 sentner artaraq 56,3 sentner təşkil edib.
“Kənd təsərrüfatı ili”ndə rayonda kartof istehsalı ötən illə müqayisədə 15,2 faiz, meyvə istehsalı 23,2 faiz, həmçinin ət istehsalı 2,8 faiz, süd istehsalı 0,5 faiz artıb. Bal istehsalı əvvəlki illə müqayisədə 2 dəfə artaraq 39,7 tona çatıb.
Rayon rəhbərliyi və qonaqlar, tədbir iştirakçıları əvvəlcə Mədəniyyət Mərkəzinin foyesində təşkil olunan kənd təsərrüfatı məhsullarının sərgiləri ilə tanış olub, yun darayan, ip əyirən, xalça toxuyan xanımların əl işlərinə baxıb, folklor kollektivlərinin çıxışlarını izləyib, Balakən mətbəxinə aid təamları dadıblar.
Vurğulanıb ki, xurması, alması, armudu, qoz-fındığı ilə məşhur olan, zəhmətkeş insanların əməyi ilə gündən-günə inkişaf edən Balakən bu gün özünün xoşbəxt günlərini yaşayır. Bu gözəlliyi yaradanlar isə ömrünü, gününü torpağa bağlayan sadə və zəhmətkeş balakənlilərdir.
Payız günlərində İmişlidə məhsul bayramı xoş ovqatla keçib
İmişli rayonu “Kənd təsərrüfatı ili”ni yüksək nəticələrlə başa vurur. Bu barədə payız günlərində rayonda təşkil olunan məhsul bayramında ətraflı məlumat verilib. Bayramın təşkil olunduğu meydanda rayonda istehsal edilən kənd təsərrüfatı məhsulları nümayiş etdirilib, taxıl, meyvə-tərəvəz, bostan, ət və süd məhsulları, un məmulatları, şirələrdən ibarət guşələr yaradılıb.
Tədbirdə çıxış edənlər İmişlidə məhsul istehsalının ildən-ilə artdığını bildiriblər. Qeyd olunub ki, bu il rayonda 62 min ton taxıl istehsal edilib. 620 hektar sahədə şəkər çuğunduru əkilib. Məhsul bolluğunun emal sənayesinin də inkişafına şərait yaratdığı, artıq İmişlinin həm də sənaye rayonlarından birinə çevrildiyi diqqətə çatdırılıb. 2006-cı ildən fəaliyyət göstərən Şəkər İstehsalı Zavodu rayonun iqtisadiyyatında mühüm rol oynamaqla 3 mindən artıq sakini işlə təmin edib. Bundan başqa, rayonda şirə emalı zavodu, broyler quşçuluq və damazlıq təsərrüfatları, pambıq emalı zavodu, un dəyirmanları və digər istehsal müəssisələri yaradılıb.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 1273 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30