Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda bol məhsul yığımı davam edir

Regionlarda bol məhsul yığımı davam edir

13.10.2015 [09:25]

Sahələrdə məhsuldarlığın artması onu deməyə əsas verir ki, cari ildə ölkənin aqrar sektorunda artım dinamikası daha yüksək olacaq
Son illərdə Azərbaycanda regionların sosial-iqtisadi inkişafına ölkə rəhbərliyi tərəfindən güclü siyasi iradə nümayiş etdirilməsinin fonunda respublikamızda aqrar sektorun intensiv inkişaf relsləri üstünə çıxması və bu əsasda əhalinin ərzaq təminatının daxili istehsal hesabına ödənilməsində əsaslı dönüş yaranması böyük nikbinlik doğurur. Ölkədə kənd təsərrüfatının inkişafına göstərilən davamlı dövlət qayğısı bu sahədə diqqətəlayiq uğurlar əldə olunması ilə nəticələnib. Dünya Bankının məlumat bazasına əsasən, son on il ərzində dünya miqyasında kənd təsərrüfatı sahəsi üzrə artım 31,8 faiz təşkil edib. Azərbaycanda isə bu göstərici 48,9 faiz, yəni dünya üzrə orta göstəricidən 17,1 faiz çox olub ki, bu da respublikamızda aqrar sahənin dinamik inkişafını təsdiqləyir.
Ölkəmizdə regionların sosial-iqtisadi inkişafına dair 2004-cü ildən bəri reallaşdırılan Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin uğurla həyata keçirilməsi sayəsində aqrar sektorun intensiv inkişafı cari ildə də davam edib. Belə ki, 2015-ci ilin birinci yarısında ölkəmizdə kənd təsərrüfatında 5,7 faiz artıma nail olunub. Payız mövsümündə bölgələrdə bol məhsul yığımı isə cari ildə ölkənin aqrar sektorunda daha yüksək artım dinamikası olacağını söyləməyə hər cür əsas verir.
Ölkədə pambıqçılığın şöhrəti geri qayıdır
Son illərdə ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlər, o cümlədən də iri fermer təsərrüfatlarının yaradılmasının təşviq edilməsi və dəstəklənməsi, texnika və mineral gübrələrlə təminatın yaxşılaşdırılması, çoxlu sayda tədarük məntəqələrinin yaradılması, ən əsası isə satış qiymətlərinin artırılması sayəsində ölkənin ənənəvi pambıqçılıq bölgələrində bu sahəyə maraq yenidən artmağa başlayıb.
Azərbaycanın ənənəvi pambıqçılıq rayonlarından biri İmişlidir. Ötən il 3 min 11 ton pambıq istehsal edən imişlili əkinçilər cari mövsümdə pambıq sahələrindən 3 min 500 ton “ağ qızıl” toplamağı qarşılarına məqsəd qoyublar. Bu il İmişlidə 2 min 555 hektar sahədə pambıq əkilib. Artıq torpaq mülkiyyətçiləri sahələrdə məhsul yığımını başa çatdırmaq üzrədirlər. Yığılmış sahələrin hər hektarında məhsuldarlıq orta hesabla 25-30 sentner təşkil edir. Fermerlər pambığı əsasən texniki vasitələrlə yığmağa üstünlük verirlər. Məhsulun yalnız 10 faizinin əllə toplanması nəzərdə tutulub. Torpaq sahibkarları deyirlər ki, pambığın maşınla yığılması məhsulu daha ucuz və itkisiz əldə etməyə imkan yaradır.
Pambıq yığımı Sabirabad rayonunda da intensiv şəkildə davam etdirilir. Ötən il 2 min 676 ton pambıq istehsal edən Sabirabad pambıqçıları bu mövsümdə 3 min ton “ağ qızıl” istehsal etməyi qarşılarına məqsəd qoyublar. Cari ildə rayonda, ümumilikdə 1643 hektar sahədə pambıq əkilib. “Krogen”, “Marış” kimi yüksək reproduksiyalı toxuma üstünlük verilməsi əkin sahələrini genişləndirmədən istehsalın artmasına səbəb olub. Hazırda təsərrüfatlarda pambıq yığımı kampaniyasına kifayət qədər işçi qüvvəsi, müxtəlif təyinatlı maşın və mexanizm cəlb edilib. “Conder” və “Newholland” tipli müasir texnikalardan istifadə olunması məhsulun vaxtında və itkisiz yığılmasına imkan yaradıb.
İndiyədək pambıq yığımı aparılmış hər hektar sahənin məhsuldarlığı orta hesabla 20 sentnerə çatıb ki, bu da rayon üzrə ötən ildəki göstəricidən 4 sentner çoxdur. Onu da qeyd edək ki, pambığın qısa müddətdə və itkisiz yığılması məqsədilə rayonda xüsusi qərargah yaradılıb və qarşıya çıxan bütün çətinliklər operativ həllini tapır. Ümumiyyətlə, rayonda pambıq istehsalını 2 dəfəyədək artırmağa hər cür imkan vardır.
Yevlax rayonundan verilən məlumatda bildiriblər ki, cari ilin məhsulu üçün rayonda 958 hektar sahədə pambıq becərilib. Bu, ötən illə müqayisədə 119 hektar çoxdur. İndiyədək torpaq mülkiyyətçiləri sahələrdən 2 min tonadək məhsul toplayıblar. Yığılan pambıq əsasən “Qarabağ” Regional MKT-nin Yevlax məntəqəsinə təhvil verilir.
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda pambıqçılığın inkişafına böyük diqqət göstərilir. Cari ildə rayonda 550 hektar sahədə pambıq becərilib. Sahələrdə məhsuldarlıq yüksəkdir. Yığılan pambığın 168 tonu “MKT İstehsalat Kommersiya” MMC-nin Qarabağ regional filialının Tərtər məntəqəsinə, 38 tonu “CTS Aqro” MMC-nin Tərtər pambıq istehsalı və tədarükü məntəqəsinə təhvil verilib.
Rayonun pambıqçılıqla daha çox məşğul olan kəndlərindən biri Azad Qaraqoyunludur. Bu il inzibati ərazi dairəsində 63 hektar sahədə pambıq becərilib. 5 hektar sahədə “ağ qızıl” becərən fermer Vahid Paşayev bildirib ki, “MKT İstehsalat Kommersiya” MMC ilə bağlanan müqaviləyə əsasən, pambıqçılıqla məşğul olan torpaq mülkiyyətçiləri toxum, gübrə, dərman və texnika ilə təmin edilirlər. Suvarma, gübrələmə, kultivasiya, zərərverici və xəstəliklərə qarşı mübarizə və sair kimi aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsi nəticəsində tarlalarda bol məhsul yetişib. Məhsul pambıqyığan maşınlar vasitəsilə yığılır. Birinci yığımı başa çatdıran fermer hər hektardan orta hesabla 35 sentner pambıq əldə edildiyini bildirib.
Yerli düyü istehsalı ilbəil genişlənir
Azərbaycanın ayrı-ayrı regionlarında çəltik əkilib-becərilməsi üçün geniş imkanlar mövcuddur. Son illərdə həyata keçirilən stimullaşdırıcı tədbirlər sayəsində bu sahədə də böyük dönüş yaranıb. Bu il Ağdaşın 14 kəndində 83 fermer ümumilikdə 680 hektar sahədə çəltik yetişdirib. Rayonun Yenicə, Şordəhnə, Güvəkənd, Binələr, Cardam, Ovuclu, Mürsəl, Qumlax, Şıxlı, Aşağı Ləki, Məşəd, Nemətabad, Hapıtlı kəndlərindən toplanan çəltik Ağdaşda fəaliyyət göstərən 8 düyü dəyirmanında emal olunur. Kəndlilər bu günədək 520 hektar sahədən 1380 ton məhsul toplayıblar. Çəltik yığımının bu ayın sonunadək başa çatdırılması nəzərdə tutulur. Bu il rayonda çəltik əkini ötən ildəkindən 215 hektar çox olub.
Torpaq mülkiyyətçiləri yüksək keyfiyyəti ilə tanınan Ağdaş düyüsünü satmaqda heç bir problemlə qarşılaşmırlar. Ağdaş düyüsü hələ bazara çıxarılmamış, elə dəyirmandaca kiloqramı bir manatdan satılır. Mütəxəssislərin sözlərinə görə, Ağdaşda çəltikçiliyin inkişaf etdirilməsinin başqa bir səmərəli faydası da var. Belə ki, daim su içində yetişən çəltiyin əkilib-becərildiyi torpaqlarda şoranlaşmanın qarşısı alınır. Fermerlərin sözlərinə görə, şoran torpağa əkilən çəltik daim suyun içində olduğu üçün həmin ərazidəki yeraltı qrunt suları torpağın üzərinə çıxmır və tədricən şoran torpaqlar yuyulur. Çəltik şoran torpaqları saflaşdırdıqdan sonra onun yerində taxıl və tərəvəz əkini də aparmaq mümkün olur. Çəltikçiliklə məşğul olan kəndlilər hər hektara görə dövlətdən ildə 80 manat məbləğində maddi yardım alırlar. Düyü istehsal etməklə maddi gəlirlərini artıran fermerlər ildən-ilə çəltikçiliyi inkişaf etdirirlər. Qeyd edək ki, ötən il Ağdaşda 495 hektar sahədən 1650 ton çəltik yığılıb.
Lənkəran rayonunda isə bu il100 hektar sahədə çəltik əkilib. Rayonda ilk dəfə olaraq biçin kampaniyasına İtaliyadan gətirilmiş kombaynlar vasitəsilə başlanılıb. İndiyədək çəltikçiliklə məşğul olan fermerlər və məhsul istehsalçıları biçini taxılyığan kombaynlar vasitəsilə həyata keçirirdilər. Bu isə 20 faiz məhsul itkisinə səbəb olurdu.
Əkin zamanı yerli iqlimə uyğunlaşdırılmış çəltik növləri ilə yanaşı, xaricdən gətirilmiş toxumlara, o cümlədən vaxtilə rayonda geniş yayılmış “Sədri” və “Haşimi” kimi məhsuldar və keyfiyyətli növlərə üstünlük verilib.
Hava şəraitinin əlverişli keçməsi nəticəsində sahələrdə məhsuldarlıq yüksəkdir. Bu il çəltik sahələrində hər hektarın məhsuldarlığının 80-90 sentner olacağı gözlənilir.
Sahələrdən biçilmiş çəltik məhsulu müəyyən müddət ərzində qurudulduqdan sonra dəyirmanlarda emal edilərək növlərə ayrılacaq və satışa çıxarılacaq.
Zərdabda çəltikçiliklə məşğul olan fermerlər məhsul yığımını başa çatdırıblar.
Bu rayonda çəltikçilik əsasən Məlikli ərazi inzibati dairəsində geniş yayılıb. Cari ilin yaz aylarında 24 hektar sahədə çəltik əkilib. Sahibkarlar Nazir Ağamiyev, Rəşadət Qurbanov, Azər Qurbanov və başqaları builki mövsümdə əkin sahələrində bol məhsul yetişdirməyə nail olublar.
Çəltik yığımı kampaniyasını müvəffəqiyyətlə başa çatdıran sahibkarlar əkin sahələrindən 85 ton məhsul götürüblər. Hər hektardan orta məhsuldarlıq 35 sentner təşkil edib ki, bu da onları razı salıb. Qeyd edək ki, sahibkarlar istehsal etdikləri məhsulun hər kiloqramını 80 qəpiyə satıblar. Əldə olunan gəlir onları gələn il çəltik sahələrini daha da genişləndirməyə həvəsləndirib.
Şabalıd yığımında məhsuldarlıq artıb
Qəbələnin dağətəyi kəndləri olan Mıxlıqovaq, Bum, Tikanlı, Abrıx, Xırxatala, Vəndam, Cığatelli, Uludaş, Nohurqışlaq, Həmzəlidə şabalıd əhalinin əsas gəlir mənbəyi hesab edilir. Sakinlər həyətyanı sahələrdə, pay torpaqlarında meyvə bağı salarkən şabalıd ağaclarına üstünlük verirlər. Bu il fərdi təsərrüfatlarda 15 hektara yaxın sahədə şabalıd ağacları əkilib. Hazırda kəndlərdə şabalıd yığımı uğurla davam etdirilir. Məhsulun vaxtında və itkisiz toplanılması üçün bağlarda iməciliklər təşkil olunur. Mütəxəssislərin sözlərinə görə, bu il havanın əlverişli olması və ağaclara lazımi aqrotexniki qulluğun göstərilməsi onu deməyə əsas verir ki, məhsuldarlıq ötənilkindən daha çox olacaq. Ötən il rayonda 490 ton məhsul yığılıb. Kəndlilər öz həyətlərində bir kiloqram şabalıdı müştərilərə 6-7 manata satırlar.
Rayon meşələrin mühafizəsi və bərpası müəssisəsindən bildiriblər ki, hazırda Qəbələ ərazisində 386 hektar sahədə şabalıd bağları mövcuddur. Cari ildə dövlət meşə fondunun ərazisində 5 hektar sahədə 5500 ədəd keyfiyyətli, dadı və iri meyvəsi ilə tanınan “Xandıx” şabalıdı tingi əkilib.
Eyni zamanda, meşələrdə və həyətyanı sahələrdə yaşı 500-800 il, hündürlüyü 30-40 metr olan irigövdəli qiymətli şabalıd ağacları xüsusi mühafizə olunur. Rayonun Həmzəli kəndində isə yaşı 800-1000 il, diametri 2-2,5 metr olan 10 ədəd nadir şabalıd ağacı təbiət abidəsi kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin siyahısına daxil edilib.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 1142 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30