Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Davamlı inkişaf strategiyası nəticəsində Azərbaycanda bütün sahələrdə mühüm irəliləyişlərə nail olunub

Davamlı inkişaf strategiyası nəticəsində Azərbaycanda bütün sahələrdə mühüm irəliləyişlərə nail olunub

18.09.2015 [09:58]

Həyata keçirilən Dövlət proqramları fonunda aqrar sahədə əldə edilən uğurlardan ölkənin cənub regionuna da pay düşüb
Hazırda dünyada qlobal maliyyə böhranı hökm sürdüyü halda Azərbaycanda bütün sahələrdə uğurlar əldə edilməkdədir. Bunun əsasında duran başlıca amil isə Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən inkişaf strategiyasıdır. Heç şübhəsiz, bu inkişaf strategiyasının mühüm həlqələrindən biri regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarıdır. Çünki məhz bu Dövlət proqramları sayəsində Azərbaycanda bütün sahələrdə, o cümlədən aqrar sektorda, kənd təsərrüfatı sahəsində də mühüm irəliləyişlərə nail olunub.
Ümumiyyətlə, Azərbaycanda kənd təsərrüfatının inkişafı ölkə iqtisadiyyatının mühüm tərkib hissəsi kimi qeyri-neft sektorunun inkişafı baxımından dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Yəni ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin sistemli və kompleks şəkildə həyata keçirilməsi, fermerlər üçün bir sıra güzəştlərin müəyyən edilməsi və güzəştli şərtlərlə kredit, toxum, gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarının yaradılması, yüksək məhsuldarlığın təmin edilməsi, yerli məhsulların rəqabət qabiliyyətinin artırılması, kənd təsərrüfatının gəlirli sahələrinin inkişaf etdirilməsi aqrar sahədə dövlət siyasətinin mühüm istiqamətləri kimi diqqət mərkəzindədir.
Təsadüfi deyil ki, son illərdə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətində kənd təsərrüfatında yüksək inkişafa nail olunması əsas hədəflərdən biridir. Dövlət başçısı respublikamızda kənd təsərrüfatının inkişaf etdirilməsi və bu sahədə yüksək nəticələrə nail olunması üçün güclü siyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyevin cari il 12 yanvar tarixli müvafiq Sərəncamı ilə 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan olunması isə respublikamızda aqrar sektorun inkişaf etdirilməsinin dövlət siyasətinin mühüm istiqamətini təşkil etdiyini bir daha təsdiqləyir.
Yeri gəlmişkən, dövlətin bu sahəyə diqqət və qayğısından cənub regionuna, o cümlədən bu regionun aparıcı rayonlarından biri olan Astara rayonuna da pay düşüb. Məlumat üçün bildirək ki, Astara rayonu zəngin və əlverişli iqlim şəraitinə malik kənd təsərrüfatı rayonlarından biridir. Rayonun ərazisi 61 min 643 hektar olmaqla, 17 min 564 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi, 7684 ha əkinə yararlı torpaq sahəsi, 4052 ha sahədə çoxillik əkmələrdir. Rayonda kənd təsərrüfatının əsasını çayçılıq, tərəvəzçilik, sitrusçuluq, dənli-paxlalı bitkilər, taxılçılıq, heyvandarlıq, arıçılıq, balıqçılıq və digər kənd təsərrüfatı sahələri təşkil edir. Kəndli (fermer) və fərdi təsərrüfatlarda tərəvəzçilik, sitrusçuluq, çayçılıq, kartofçuluq, çəltikçilik, heyvandarlıq, taxılçılıq və başqa sahələrlə məşğul olurlar. Rayonda hazırda 71 kəndli (fermer) təsərrüfatı var. Onlardan 18-i çayçılıq, 29-u bitkiçilik, 18-i heyvandarlıq və 6-sı meyvəçilik üzrə ixtisaslaşıb. Çayçılıq isə Astara rayonunun kənd təsərrüfatı sahəsində strateji əhəmiyyətə malik sahədir. Bu barədə bir qədər sonra.
Hələlik isə qeyd edək ki, bu ilin ilk altı ayı ərzində ölkənin hər yerində olduğu kimi, Astara rayonunda da bütün sahələrdə, həmçinin kənd təsərrüfatı sahəsində inkişaf əldə edilib. Bəhs edilən dövrdə rayonda sahibkarlığın inkişaf etdirilməsi məqsədilə fermer təsərrüfatlarına və fiziki şəxslərə 112 ton həcmində mineral gübrələr güzəştli şərtlərlə satılıb, sahibkarlara və fermerlərə 12 layihə üzrə 165 min manat dəyərində güzəştli kreditlər verilib, 765 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına çoxillik əkmələrin becərilməsinə görə dövlət büdcəsi vəsaiti hesabına 2015-ci il üçün 104 min 821 manat yardım (subsidiya) verilməsi nəzərdə tutulub.
Məlum olduğu kimi, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycanın regionlarında iri fermer təsərrüfatlarının yaradılmasına start verilib. Dövlət Torpaq Fondunun hesabına yaradılan iri fermer təsərrüfatlarının fəaliyyətə başlaması ilə ölkəmizdə, əslində, yeni bir kənd təsərrüfatı sisteminin formalaşdığını söyləmək mümkündür. İri fermer təsərrüfatlarının yaradılması respublikamızda kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını stimullaşdırmaq və əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədi daşıyır. İri fermer təsərrüfatları yaradılarkən respublikanın bölgələrinin coğrafi-iqlim xüsusiyyətləri, o cümlədən də tarixən formalaşan ənənələri əsas götürülür. Bu baxımdan zəngin çayçılıq ənənələri olan Astarada “Astaraçay” kənd təsərrüfatı müəssisəsinin fəaliyyətə başlaması təsadüfi deyil.
Astarada yetişdirilən yaşıl çay öz dadı və keyfiyyəti ilə seçilir. Bu bölgədə ekoloji cəhətdən təmiz şəraitdə yetişdirilən məhsul dünyanın müxtəlif şəhərlərində keçirilən beynəlxalq sərgilərdə dəfələrlə qızıl medala layiq görülüb. Son illərdə bu sahədə yaranan durğunluq artıq aradan qalxır. İndi Astarada çayçılığın əvvəlki şöhrətinin özünə qaytarılmasına geniş imkanlar açılıb. Çünki çayçılıq Astaranın kənd təsərrüfatı sektorunda strateji əhəmiyyətə malik sahədir.
Yəni “Astaraçay” kimi müəssisələrin istifadəyə verilməsi, ilk növbədə, Azərbaycanda böyük ənənəsi olan çayçılığın yenidən dirçəlməsinə şərait yaradır. Qeyd edək ki, “Astaraçay” kənd təsərrüfatı müəssisəsi 2010-cu ildə yaradılıb. Təsərrüfatın ümumi əkin sahəsi 640 hektardır. Çay plantasiyalarında müasir suvarma şəbəkəsi yaradılıb və hazırda təsərrüfatda 400 hektara yaxın çay sahəsi mövcuddur. Əkilən “Kolxida” çay toxumları Gürcüstanın Batumi şəhərinin Çayçılıq Elmi-tədqiqat İnstitutunun tədris-təcrübə sahəsindən toplanıb. Toxumlar sınaqdan keçirilərək yerli şəraitə uyğunlaşdırılıb.
Burada həmçinin Koreya Respublikası şirkətinin layihəsi əsasında çay fabriki inşa edilib. Ərazisi 5 hektar olan fabrikdə xaricdən gətirilən ən müasir avadanlıq quraşdırılıb. Müəssisənin məhsuldarlığı gün ərzində 12 tondur. Gələcəkdə gündəlik çay istehsalını 24 tona çatdırmaq mümkündür. Çəkici-bükücü sex də müasirliyi ilə diqqəti çəkir. Burada çəkisi 100, 200 və 400 qram olan çay bükümləri hazırlanacaq. Müəssisədə dəqiqədə 8 ədəd çay bükümünün istehsalı mümkündür. Onu da bildirmək yerinə düşər ki, Prezident İlham Əliyev cari ilin aprelində bölgəyə səfəri çərçivəsində Astaradakı çay fabriki ilə tanış olub. Dövlət başçısı kollektiv üzvləri və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Azərbaycanın yaxın gələcəkdə özünü keyfiyyətli yerli çayla təmin edəcəyinə əminliyini nəzərə çatdıraraq bildirib: “Astarada çayçılığın çox qədim və gözəl ənənələri var. Sovet dövründə böyük çay plantasiyaları salınmışdır. Əfsuslar olsun ki, sonrakı dövrdə bu sahə bir qədər tənəzzülə uğramışdır. Biz məcbur olub çayı xaricdən idxal etməyə başlamışdıq. Amma indi belə gözəl müəssisələr yarandıqda əminəm ki, Azərbaycan yaxın gələcəkdə özünü keyfiyyətli yerli çayla təmin edəcək”.
Bir sözlə, göründüyü kimi, Astarada çayçılığın əvvəlki şöhrətinin özünə qaytarılmasına geniş imkanlar açılıb. Bu isə yuxarıda da vurğuladığımız kimi, heç də təsadüfi deyil. Çünki çayçılıq Astaranın kənd təsərrüfatı sektorunda strateji əhəmiyyətə malik sahədir. Yəni bu cür müəssisələrin istifadəyə verilməsi respublikanın iqtisadi inkişafına təkan verməklə yanaşı, eyni zamanda, rayonda böyük ənənəsi olan çayçılığın yenidən dirçəlməsinə şərait yaradacaq.
Və artıq rayonun kəndlərində göstərilən istiqamətdə mühüm addımlar atılır. Belə ki, Çayoba kəndində tikilib istifadəyə verilmiş yeni çay emalı fabriki bu mövsüm ilk dəfə çay məhsulunu emal üçün qəbul edib. Eyni zamanda, rayonun Şuvi və Ojakəran kəndi ərazisində çayçılıq təsərrüfatı yaradılıb, 1 milyondan çox çay şitilləri yetişdirilərək Şuvi kəndi ərazisində 65 hektar yeni çay plantasiyalarının yaradılmasına sərf olunub. Beləliklə ümumi çay plantasiyalarının sahəsi 372 ha olub ki, bunun da 212 hektarını məhsuldar, 177 hektarını isə cavan çay plantasiyaları təşkil edir. Çay sahələrinə mineral və üzvi gübrələr verilmiş, mövsümi yağan yağışlar nəticəsində sel sularından qorunmaq məqsədilə su arxları və sahə içi xəndəklər təmizlənib.
Sadalananlarla yanaşı, bu ilin ilk altı ayı ərzində Astara rayonunda 88 hektar sahədə buğda, 517 hektar sahədə paxlalı bitkilər, 234 hektar sahədə qarğıdalı, 1351 hektar sahədə kartof, 2727 hektar sahədə faraş tərəvəz, 682 hektar sahədə dənli bitkilər, 539 hektar sahədə bostan bitkiləri, 88 hektar sahədə yonca əkilib.
Rayonda iribuynuzlu mal-qaranın sayı 45824 başa, xırdabuynuzlu mal-qara isə 29102 başa çatdırılıb. Ət istehsalı (diri çəkidə) 1750 ton, süd istehsalı 15049 ton, yun istehsalı 20,5 ton olub. Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 2015-ci ilin birinci yarımilində 30 ha sahədə meşə bərpa tədbirləri görülüb, o cümlədən 10 hektar əkin və 20 hektar səpin yolu ilə meşə əkinləri aparılıb. Əkinlər müəssisədə yetişdirilmiş yerli şəraitə uyğun ağac növləri ilə, səpin isə şabalıdyarpaq palıd toxumları ilə aparılıb.
Bütün bunlar onu deməyə əsas verir ki, həyata keçirilən Dövlət proqramları və islahatların fonunda aqrar sahədə mühüm uğurlar əldə edilib. Və bu uğurlardan ölkənin cənub regionuna, o cümlədən Astara rayonuna da pay düşüb.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 1248 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30