Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanda yol-nəqliyyat infrastrukturunun yenilənməsi regionların inkişafına təkan verir

Azərbaycanda yol-nəqliyyat infrastrukturunun yenilənməsi regionların inkişafına təkan verir

14.08.2015 [10:36]

Sosial-iqtisadi inkişafa yönəlik Dövlət proqramlarının uğurlu icrası həm respublika əhəmiyyətli, həm də kəndarası yolların yenilənməsində əhəmiyyətli rol oynayır
Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin ən mühüm istiqamətlərindən biri də məhz respublikada müasir standartlara cavab verən nəqliyyat, yol infrastruktur sisteminin yaradılmasıdır. Sözsüz ki, hər hansı bir ölkənin yol-nəqliyyat sisteminin inkişafı səviyyəsi onun iqtisadiyyatının, ticarət əlaqələrinin inkişafına təsir edən mühüm amillərdən biridir. Təsadüfi deyil ki, Azərbaycan regionun sürətlə inkişaf edən ölkəsi kimi bütün sahələrdə, eyni zamanda, ölkənin nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasında olduqca maraqlıdır. Son illər Azərbaycanda nəqliyyat infrastrukturunun sürətli templərlə yenidən qurulması istiqamətində mühüm işlər görülüb. Vətəndaşların rahatlığı və təhlükəsizliyinin təmin edilməsi, yollarda tıxacların yaranmasının qarşısının alınması, iri tonnajlı yük maşınlarının şəhərə daxil olmadan rahat mənzil başına çatdırılması üçün yeni yollar, yol qovşaqları, yeraltı və yerüstü piyada keçidləri, körpülər tikilərək istifadəyə verilib. Həmçinin, Bakıda və eləcə də, bölgələrdə taksi xidmətinin yaxşılaşdırılması məqsədilə taksi parklarının yaradılması və müasirləşdirilməsi istiqamətində mühüm işlər aparılıb. Yeri gəlmişkən, Azərbaycanda yol infrastrukturu sahəsində tikinti işləri sadəcə magistral yolları deyil, eyni zamanda, kənd və ucqar bölgələrdəki yolları da əhatə edir. Eyni zamanda, respublikasının paytaxtında mərkəzlə yanaşı Bakının kəndlərində də yol infrastrukturunun inkişaf etdirilməsi ilə bağlı bir sıra sistemli tədbirlər həyata keçirilib.
Qeyd olunduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf strategiyasının əsas hədəflərindən biri Azərbaycanı müasir dünya çağırışlarına uyğun olaraq yüksək infrastruktur təminatına malik ölkəyə çevirməkdən ibarətdir. Bu baxımdan dövlət başçısının müvafiq fərmanları ilə təsdiqlənən və ölkəmizdə 2004-cü ildən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları (indiyədək respublikamızda regionların sosial-iqtisadi inkişafına dair 2004-2008, 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı yerinə yetirilib və hazırda 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramı da uğurla həyata keçirilir-P.S) çərçivəsində reallaşdırılan layihələr Azərbaycanı infrastruktur təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri sırasına çıxarıb. Öz növbəsində, bütün ölkə boyu yol-nəqliyyat infrastrukturunun yenilənməsi də müasir Azərbaycanın mənzərəsini xarakterizə edən əsas cəhətlərdəndir. Belə ki, son 12 ildə haqqında bəhs olunan Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yol infrastrukturunun yenilənməsi istiqamətində irimiqyaslı layihələr həyata keçirilib, dünya standartlarına cavab verən yeni yollar çəkilib, yol ötürücüləri, körpülər, yeraltı və yerüstü piyada keçidləri tikilib.
Digər tərəfdən, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarına uyğun olaraq bütün ölkə boyu yaradılan müasir infrastruktur sayəsində son illərdə Azərbaycanın tranzit imkanları əhəmiyyətli dərəcədə artıb və respublikamız bütövlükdə regionun nəqliyyat, logistika mərkəzinə çevrilməkdədir. Ümumiyyətlə, son 12 ildə Azərbaycanda yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı statistika kifayət qədər zəngindir. Məsələn, Dövlət proqramlarında dəmir yolu, hava, su nəqliyyatı və avtomobil yolları ilə bağlı 64 tədbirin reallaşdırılması nəzərdə tutulub. Artıq nəzərdə tutulan layihələrin bir çoxu yüksək səviyyədə tamamlanıb. Belə ki, ilk 2 Dövlət Proqramının həyata keçirildiyi 2004-2013-cü illərdə respublikada yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yolların uzunluğu 9 min kilometri ötüb, bu müddətdə 250 yeni körpü, tunel və yol ötürücüsü inşa edilib. Haqqında bəhs olunan dövrdə Azərbaycanın bölgələrində 6 aeroport tikilib ki, onlardan da 4-ü beynəlxalq səviyyəlidir. Heydər Əliyev beynəlxalq aeroportunun yeni terminal binası isə ötən il istifadəyə verilib. Bütün bunların nəticəsidir ki, indi respublikanın bölgələrindən də beynəlxalq uçuşlar həyata keçirilir və bu amil Azərbaycanın regionlarının inkişafına əlavə impuls verir.
Yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı layihələr regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramı çərçivəsində də intensiv şəkildə davam etdirilir. Yeni Dövlət Proqramının icrasının birinci ili ərzində daha 960 kilometr ölkə və yerli əhəmiyyətli avtomobil yolu, 30-dan çox yeni körpü və yol ötürücüləri tikilib və ya təmir olunub. O cümlədən, cari ilin birinci rübündə Qəbələ-Ağdaş, Kürdəmir-İmişli, Bəhramtəpə-Biləsuvar, Cəlilabad-Yardımlı, İsmayıllı-Lahıc, Qusar-Ənik-Ləzə, Şəki-Qax və digər avtomobil yollarında əsaslı təmir işləri davam etdirilib. Hacıqabul-Kürdəmir (80 km), Kürdəmir-Ucar-Yevlax (87 km) avtomobil yollarının birinci texniki dərəcə səviyyəsində tikintisi, Muğanlı-Yevlax yolunun yenidən qurulması (115 km), Bakı-Şamaxı-Yevlax yolunun 15-67-ci kilometrlik hissəsində əlavə 2 zolağın tikintisi (52 km), Ələt-Astara avtomobil yolunun Masallı-Lənkəran (22 km) hissəsinin, Kür çayı üzərində yeni körpünün tikintisi davam etdirilib. Haqqında bəhs olunan layihələrin 2015-ci ilin sonunadək tamamlanması nəzərdə tutulub. Bundan başqa, avtomobil nəqliyyatı sahəsində daşımaların tənzimlənməsi, xidmət səviyyəsinin yüksəldilməsi, hərəkətin təhlükəsizliyinin təmin olunması üzrə davamlı tədbirlər həyata keçirilməkdədir. Bu məqsədlə Bərdə, Ağsu, Gədəbəy, Qəbələ, Şamaxı, Xaçmaz, Quba, Yevlax, Daşkəsən, İsmayıllı və Goranboyda yeni avtovağzallar tikilib, Qusar, Oğuz, Xudat, Biləsuvar və Tovuz avtovağzalları yenidən qurulub. Hazırda Gəncə, Horadiz və Quzanlıda isə yeni avtovağzallar inşa olunur.
Yuxarıda bəhs olunan işlərin fonunda Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 116-cı kilometrliyində, Hacıqabul rayonu ərazisində yerləşən körpüdə təmir işləri həyata keçirilir. Körpüdə yolun hərəkət hissəsinin deformasiyaya uğramış ərazilərinin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınıb. Hazırda frezlənmiş ərazilərdə asfaltlanma işləri aparılır. Ümumilikdə 10 min kvadratmetr sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılıb. 2002-ci ildə inşa edilən 4 aşırımlı körpünün uzunluğu 78 metr, eni isə 33,4 metrdir. Körpünün hərəkət hissəsinin eni 26,4 metr, hündürlüyü isə 6,5 metrdir.
Bundan başqa, Hacıqabul-Kürdəmir avtomobil yolunun birinci texniki dərəcəyə təkmilləşdirilməsi layihəsi çərçivəsində son tamamlanma işləri həyata keçirilir. Bakı-Qazax-Gürcüstan dövlət sərhədi yolunun tərkib hissəsi olan layihə mövcud 120-ci kilometrdən başlayıb 200-cü kilometrdə başa çatır. Ümumi uzunluğu 80 kilometr olan yeni yolda torpaq yatağının eni 27,5 metr, 2 zolaq əlavə edilməklə hərəkət zolağının sayı 4, hərəkət zolağının eni isə 3,75 metrdir. Yol örtüyü polimer asfalt-betondur. Yeni yolda asfalt-beton örtüyünün döşənməsi işləri də tamamlanmaq üzrədir. Layihəyə əsasən yeni yolda 160-a yaxın müxtəlif diametrli suötürücü borunun və 15 alt keçidin tikintisi işləri artıq yekunlaşıb. Mövcud 2 hərəkət zolaqlı avtomobil yoluna paralel tikilən yeni 2 hərəkət zolaqlı yolda 5 ədəd yol qovşağı və Girdman çayı üzərində körpünün də tikilməsi nəzərdə tutulub. Bu çərçivədə isə işlər davam etdirilməkdədir. Hazırda yanaşma yollarında işlər yerinə yetirilir. Ümumilikdə işlərin 89 faizi görülüb.
Respublika əhəmiyyətli yollarda görülən işlər bununla yekunlaşmır. Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun Şabran rayonunun Gəndob kəndi ərazisindən Bakı istiqamətinə doğru olan 11 kilometrlik hissəsində aparılan təmir-bərpa işləri də artıq yekunlaşıb. Yolun bu hissəsi tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib. Təmir-bərpa işləri Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə aparılan kompleks tədbirlər çərçivəsində həyata keçirilib.
Təmir-bərpa işləri magistral yolun 119-130-cu kilometrlik hissəsində aparılıb. Sözügedən ərazidə normadan artıq yüklənmiş ağırtonnajlı yük maşınlarının hərəkəti nəticəsində deformasiyaya uğramış yolun hərəkət hissəsinin bərpası işləri görülüb. İşlər aparılan zaman həmin hissədə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılmışdı.
Aparılan təmir-bərpa işləri çərçivəsində ərazidə qazma-dolma və torpaq işləri görülüb, bundan sonra yola alt və üst qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Yolda hərəkətin intensivliyi nəzərə alınaraq işlər qısa müddət ərzində yüksək keyfiyyətlə aparılıb. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
Görülən işlər nəticəsində yolun hərəkət hissəsinin eni 1,5 metr genişlənib. Yol kənarında təqribən 3 metr enində çiyin yaradılıb. Bundan başqa, yolun ayırıcı zolağında olan əyrixətli dəmir tirlər beton arakəsmə ilə əvəzlənir. Beton plitələr üzərində təkərqaytaranların mövcudluğu sürücü və sərnişinlərin təhlükəsizliyi baxımından çox önəmlidir. Artıq təmir olunmuş yolun bir hissəsinə bu cür beton arakəsmələr qoyulub və bu işlər davam etdirilir.
Beləliklə, görünən odur ki, ölkədə nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi diqqət mərkəzindədir. Və atılan addımlar bu sahəyə investisiyaların qoyuluşunun, ticarət potensialının artmasına, yeni iş yerlərinin açılmasına, eləcə də, turizmin inkişafına da şərait yaradır.
Pərviz SADAYOĞLU

 
Paylaş:
Baxılıb: 1047 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30