Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Sosial islahatların yeni mərhələsi başlayır - Pensiyalar artırılacaq

Sosial islahatların yeni mərhələsi başlayır - Pensiyalar artırılacaq

29.09.2022 [10:13]

Azərbaycan sosial dövlətdir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkəmizdə aparılan siyasətin mərkəzində vətəndaşların maraqları dayanır. Gələn il və sonrakı mərhələ üçün hazırlanan büdcə sənədlərinin layihələrində də Azərbaycanın sosial dövlət konsepti əsas götürülüb. Belə ki, 2023-cü il üzrə dövlət büdcəsinin sosialyönümlü xərcləri cari illə müqayisədə 9,2 faiz çox nəzərdə tutulub. Bu isə o deməkdir ki, respublikamızda həyata keçirilən siyasətdə növbəti ildə də sosial sferanın prioritetliyi təmin olunacaq. 

Cari ildə pensiyalarda artımlar

Azərbaycanın dərinməzmunlu sosial siyasətində əhalinin, xüsusilə də aztəminatlı insanların gəlir imkanlarının artırılması xətti xüsusi yer tutur. Bu baxımdan respublikamızda dövlət başçısının imzaladığı müvafiq sənədlər əsasında reallaşdırılan üçüncü sosial paket çərçivəsində əməkhaqlarının və pensiyaların artırılması diqqət çəkir. Sözügedən sosial paketin əhatə dairəsi kifayət qədər genişdir. Təxminən 3 milyon 400 min insan yeni islahat tədbirlərindən faydalanmaq imkanı qazanıb. Bu paket çərçivəsində əməkhaqqı seqmenti üzrə 1 milyon 200 min vətəndaşa əlavə olaraq 1 milyard 100 milyon manat məbləğində əməkhaqqı artımları edilib. Həm də minimum əməkhaqqı 20 faiz artırılaraq 300 manata çatdırılıb. Eyni zamanda, bir çox sektorda çalışanların əməkhaqları ciddi şəkildə artırılıb. Əlavə olaraq sosial ödənişlər seqmenti 2 milyon 300 min vətəndaşı əhatə edib.

Bəhs olunan sosial paket, həmçinin pensiyaların artmasını əhatə edib. Ölkəmizdə pensiyaların artımı iki istiqamətdə reallaşdırılıb. Belə ki, minimum pensiyalar 20 faiz artırılaraq 110 manatdan  240 manata yüksəldilib.

İkinci istiqamət pensiyaların indeks­ləşdirilməsi ilə bağlıdır. Pensiyalar orta aylıq əməkhaqqı artımına uyğun indeksləşdirilərək artırılıb. Bundan başqa, pensiyaçılara bu il üzrə 200 manat məbləğində maddi yardım ayrılıb.  Beləliklə, pensiyalarda orta hesabla 9 faiz artım edilib. Ölkə üzrə 1,1 mln. pensiyaçını əhatə edən bu artım üçün dövlət büdcəsindən illik əlavə 352 mln. manat sərf olunacaq. Hazırda respublikamızda orta aylıq pensiya 364 manat, yaşa görə pensiya  isə 395 manat səviyyəsindədir.

Yeni ildə yeni artımlar olacaq

Azərbaycanın sosial siyasəti ardıcıl səciyyə daşıması ilə diqqət çəkir. O cümlədən respublikamızda cari ildə aparılan sosial islahatların davamı olaraq 2023-cü ildə  bütün növ pensiyalarda artımlar olacaq. Bu barədə “Yeni Azərbaycan”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib. Qurumdan redaksiyamıza daxil olan məlumatda vurğulanır ki,  Azərbaycan Prezidentinin 2022-ci il 8 fevral tarixli Sərəncamı ilə qulluq stajına görə əlavə alan əmək pensiyaçılarının (dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslər və s.) pensiyalarının indeksləşdirilməklə artırılması mexanizminə dair təkliflər Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan “Əmək pensiyaları haqqında” Qanununa dəyişiklik layihəsinə əsasən 2023-cü il yanvarın 1-dən bütün növ pensiyaların indeksləşdirilərək artırılması mexanizmi tətbiq ediləcək. 2022-ci ildən xüsusi şərtlərlə pensiya alan şəxslərin aylıq pensiyalarına ödənilən 10%, həmçinin digər pensiyaçılara il ərzində ödənilən 200 manat maddi yardım onların pensiyalarının tərkibinə daxil edildikdən sonra yekun pensiya məbləğləri orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdiriləcək. Misal üçün, 400 manat pensiya və il ərzində 200 manat maddi yardım alan pensiyaçının pensiya məbləği yeni ildən 416,7 manat (400+200/12) qəbul edilərək, üzərinə indeksasiya faizi qədər artım hesablanacaq. Həmçinin xüsusi şərtlərlə pensiya alan hərbi qulluqçunun cari il ərzində aldığı, misal üçün, 800 manat pensiya və 10%-lik maddi yardım toplanaraq, 880 manat kimi qəbul ediləcək, üzərinə indeksasiya faizi qədər artım hesablanacaq.

Bildirildiyi kimi, vahid indeksasiya mexanizminin tətbiqi xüsusi şərtlərlə pensiyaya çıxan şəxslərin pensiyalarında davamlı artımı şərtləndirəcək. Belə ki, son 10 ildə bu kateqoriyadan olan şəxslərin böyük əksəriyyətinin pensiyası maksimum 70% artıb. Ümumi əsaslarla pensiyaya çıxan şəxslərin pensiyaları isə bu müddət ərzində indeksasiya nəticəsində 98% artıb.

Pensiyaların elektron qaydada hesablanması

Respublikamızda sosial islahatlar çərçivəsində, həmçinin xidmət səviyyəsinin yüksəldilməsi, inklüzivliyin təmin olunması da hədəflənib. Bu baxımdan ölkəmizdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata vəsiqə alan “DOST” mərkəzlərinin fəaliyyəti təqdirəlayiqdir. Vətəndaş məmnunluğunun təxminən 98 faiz civarında olduğu belə mərkəzlərin şəbəkəsi getdikcə genişləndirilir.

Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq ayrı-ayrı sosial təminat növlərinin təyinatı elektronlaşdırılıb. Həmin vaxt­­dan ötən dövrdə ölkə üzrə 456,1 min pensiya, müavinət və təqaüd e-qaydada təyin edilib. 2022-ci ilin birinci yarısında isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təxminən 18,6 mini pensiya, qalanları müavinət və təqaüd olmaqla, 187,1 min təyinat rəqəmsal infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib. Bununla da vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən onlara müvafiq sosial ödənişlərin təyinatı e-sistem üzərindən aparılıb.

İslahatlar çərçivəsində pensiyaların indeksləşdirilərək artırılması da elektron qaydada həyata keçirilir. Xüsusi şərtlərlə pensiyaların bu metodla artırılması, həm də aidiyyəti qurumların bu sahədə inzibatçılığının yüngülləşdirilməsinə, əməkhaqqı artımı ilə bağlı hər hansı məlumat təqdim etmə öhdəliyinin aradan qalxmasına imkan yaradacaq. Beləliklə, layihə qəbul ediləndən sonra:

- qulluq əlavəsi alan şəxslərin pensiyası hazırkı mexanizmlə müqayisədə daha çox artacaq. İndeksasiya bütün pensiya məbləğlərinə - həm qulluq əlavəsinə, həm də sığorta hissəsinə şamil ediləcək;

- pensiyaların məbləği hər il vahid qaydada - indeksləşdirilərək artırılacaq (əvvəllər qulluq əlavəsi alanların pensiyası təqribən 3-5 il intervalı ilə artırdı);

- dövlət qulluqçusu, hərbi qulluqçu və digər bu kateqoriyadan olan şəxslərə pensiya təyin edildikdən sonra 6 il işlədikdə və ya işdən çıxdıqda, topladıqları kapitala əsasən pensiyalarının ümumi məbləği yenidən hesablanaraq artırılacaq;

- pensiyaçılar və onların xidmət keçdiyi qurumların əməkhaqqının artımı ilə bağlı məlumat təqdim etmək öhdəliyi aradan qalxacaq;

- bütün pensiyaların indeksləşdirilməsinin tamamilə elektron qaydada aparılması təmin olunacaq.

Ekspertlərin dəyərləndirmələri

Ekspertlər Milli Məclisə təqdim olunan və özündə gələn ildən pensiyaların artırılmasını ehtiva edən sənədi yüksək dəyərləndirirlər. Bununla bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, parlamentdə müzakirələrə çıxarılan layihədə əksini tapan yeni təkliflər iki mühüm istiqaməti əhatə edir: Maddi yardımların pensiyaların tərkibinə daxil edilməsi və qulluq əlavəsi alan şəxslərin pensiyasının gələn ilin 1 yanvarından indeksasiya olunması. Fikirlərinə davam edən Vüqar Bayramov vurğulayıb: “Vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əməkhaqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur. Qanunvericilik əvvəlki illərdə bütün əmək pensiyalarının indeksasiyasını nəzərdə tutmadığı üçün belə dəyişikliklərə ehtiyac var idi. Digər tərəfdən, pensiyaları indeksasiyaya cəlb olunmayan şəxslərin əməkhaqları isə 3-5 ildən bir artırılırdı ki, nəticədə qulluq əlavəsi alan şəxslərin pensiyasında artımlar hiss olunmurdu. Onların pensiyaları indeksasiya olunmadığı üçün əvvəlki qaydalar həmin vətəndaşlarımızın bu imkandan da faydalanmasına imkan vermirdi. Yeni dəyişikliklər qəbul olunandan sonra həmin vətəndaşlarımız bu hüquqdan istifadə edə biləcəklər. Məsələn, 2001-2011-ci illərdə onillik indeksasiya faizi 98.0 faiz olub. Bu müddətdə dövlət qulluqçusunun pensiyasında 69.0, hakimlərdə 25, hərbi qulluqçularda 59, xüsusi rütbəlilərdə 81, ədliyyə işçilərində 69 faiz artım qeydə alınıb. Göründüyü kimi, əgər həmin vətəndaşlarımız da bu müddətdə vahid indeksasiya sistemindən istifadə etsəydilər, pensiya məbləğlərində daha çox artım qeydə alınardı. Yeni dəyişikliklər məhz həmin vətəndaşlarımıza bu imkandan faydalanmağa şərait yaradacaq. Bu baxımdan, yeni dəyişikliklər ilə qulluq stajına görə əlavə almaq hüququ olan şəxslərin pensiyası əvvəlki metoda nisbətən daha çox artacaq ki, bu da  onların sosial rifahına müsbət təsir göstərəcək”.

Vüqar Bayramov əlavə edib ki, indeksasiya hər il yanvar ayında aparılır. Bu o deməkdir ki, yeni dəyişikliklər qəbul olunandan sonra 2023-cü ilin ilk ayında bütün növ əmək pensiyalarının məbləğlərində artımlar olacaq. “Bu il minimum əməkhaqqı məbləğində artım olduğu üçün orta aylıq əməkhaqqında əvvəlki illərə nisbətən daha yüksək faizli artım qeydə alınacaq. Bu ilin ilk 7 ayında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,1 faiz artıb. Bu o deməkdir ki, mövcud tendensiya saxlanacağı halda gələn ilin yanvar ayında pensiyalar 14-15 faizə indeksasiya olunacaq. Təbii ki, daha dəqiq rəqəm 2023-cü ilin yanvar ayında elan olunacaq. Məsələn, əgər 2022-ci ildə orta aylıq əməkhaqqı 15 faiz artarsa o zaman 500 manat pensiya alan vətəndaşımızın pensiyasında 75 manat artım olacaq”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

MÜBARİZ

Paylaş:
Baxılıb: 234 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xarici siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30