Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycan yalnız neftdən, qazdan deyil...

Azərbaycan yalnız neftdən, qazdan deyil...

11.02.2022 [23:32]

Elektrik enerjisindən də valyuta qazanacaq

Mübariz ABDULLAYEV

Azərbaycan indiyədək dünya miqyasında əsasən neft və qaz ixracatçısı kimi tanınırdı. Son vaxtlarda isə buraya daha bir mühüm pozisiya da əlavə olunub. Söhbət Azərbaycanın həm də elektrik enerjisi ixrac edən ölkəyə çevrilməsindən gedir. Hazırda respublikamız dörd qonşu ölkəyə - Rusiyaya, İrana, Gürcüstana və Türkiyəyə elektrik enerjisi ixrac edir. 2021-ci ildə respublikamızda 27 milyard kilovat/saat elektrik enerjisi istehsal edilib və bunun 1,6 milyard kilovat/saatı ixraca yönəldilib. “Qobu” Enerji Qovşağının açılışından sonra Azərbaycan Dövlət İnformasiya Agentliyinə verdiyi müsahibəsində bunu rekord göstərici kimi səciyyələndirən Prezident İlham Əliyev vurğulayıb: “Biz artıq çox ciddi elektrik enerjisini ixrac edən ölkəyə çevrildik. Qeyd etdiyim kimi, həm daxili tələbat, həm də xaricdə enerji gücümüzə olan tələbat bizi yeni addımların atılmasına sövq edəcək”.

Nə üçün bərpaolunan enerji sahəsinə sərmayələr yönəldilir?

Bərpaolunan enerji sektoruna keçid dünyada son vaxtlarda meydana çıxan yeni çağırışlardan biridir. Dünya təcrübəsinə nəzər salsaq, görərik ki, adətən təbii enerji resursları olmayan və yaxud az olan ölkələr bərpaolunan enerji sektorunun inkişafına sərmayələr yönəldirlər. Onlar nefti və qazı əvəzləmək üçün bərpaolunan bu sektora üstünlük verirlər. Prezident İlham Əliyevin bildirdiyi kimi, respublikamızda da bərpaolunan enerji sektoru prioritet sahələrdən biri kimi müəyyənləşdirilib və bu sahəyə böyük həcmlərdə investisiyalar yönəldilir. Bəs neft və qaz ehtiyatları ilə zəngin olan Azərbaycan nə üçün bərpaolunan enerji sahəsinə böyük həcmlərdə sərmayələr yönəldir? Prezident İlham Əliyevin müsahibəsində bu sualın cavabı verilib. İlk növbədə, ona görə ki, bu, ən təmiz enerji növüdür. Azərbaycan dövləti ətraf mühiti qorumaq üçün bərpaolunan enerji növlərinin inkişafına xüsusi diqqət yetirir. İkinci səbəb ondan ibarətdir ki, ölkəmizin bərpaolunan enerji sektorunu inkişaf etdirməyə hər cür imkanı var. Respublikamızda bərpaolunan enerji mənbələrinin potensialı 26 940 MVt, o cümlədən külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 040 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Hazırda bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1300,7 MVt-dır ki, bu da ölkənin ümumi elektrik enerjisi istehsalı gücünün  təxminən 17,3%-ni təşkil edir. Qarşıya qoyulan hədəf isə 2030-cu ilədək olan dövrü əhatə edən strateji mərhələdə ölkənin elektrik enerjisinin istehsal gücündə bərpaolunan enerji mənbələrinin payının 30%-ə çatdırılmasıdır.

Əlverişli sərmayə mühiti yerli və xarici şirkətləri ölkəmizdə bərpaolunan enerji sektoruna böyük həcmlərdə investisiyalar yönəltməyə sövq edir. Ötən ay Azərbaycanla “ACWA Power” şirkəti arasında imzalanan müqaviləyə uyğun olaraq, yeni bərpaolunan enerji stansiyasının təməlqoyma mərasimi keçirildi. Gələn il istifadəyə verilməsi nəzərdə tutulan həmin külək elektrik stansiyanın gücü 240 meqavat təşkl edir. Stansiyaya sərmayə qoyuluşu bütünlüklə xarici şirkətə məxsusdur. Bütövlükdə, Xəzər dənizinin böyük həcmdə bərpaolunan enerji potensialı olduğunu bildirən Prezident İlham Əliyev vurğulayıb: “Bizim ən böyük potensialımız Xəzər dənizindədir və təsadüfi deyil ki, hazırda dünyanın aparıcı enerji şirkətləri Xəzər dənizinə çox böyük diqqət yetirirlər, bizə artıq təkliflər gəlməyə başlamışdır. Xəzər dənizinin bərpaolunan enerji istehsalı ilə bağlı potensialı 150 min meqavatdan çoxdur. Ona görə bütün bu işləri biz düzgün planlaşdırmalıyıq”.

Bərpaolunan enerji vadisi

Azərbaycanın bərpa, olunan enerji resursları ilə zəngin olan daha bir guşəsi işğaldan azad olunmuş ərazilərdir. Buranı bərpaolunan enerji vadisi kimi səciyyələndirmək mümkündür. Bütövlükdə, işğaldan azad edilmiş ərazilərimiz 7200 meqavat günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Keçən il burada “Güləbird”, “Suqovuşan-1”, “Suqovuşan-2”, Kəlbəcərdə Lev çayı üzərində 4 su elektrik stansiyası yenidən qurularaq istifadəyə verildi. Cari ildə isə  işğaldan azad edilmiş torpaqlarda 5 su elektrik stansiyasının inşasının tamamlanması nəzərdə tutulur. Bəhs olunan ərazilərdə ermənilər tərəfindən dağıdılmış 30-a yaxın su elektrik stansiyasının tikintisi mümkündür. Güclü dövlət olan Azərbaycan perspektivdə bu layihələrin hamısını reallaşdırmaq əzmindədir. Hazırda BP şirkəti ilə Cəbrayıl rayonunda 200 meqavatdan çox gücə malik olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir. Yeni günəş elektrik stansiyasının inşası ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin “Mazdar” şirkəti ilə danışıqlar aparılır. Hər iki layihə təqribən 400-450 meqavat gücündədir. Bundan başqa, “Xudafərin” və “Qız qalası” su anbarlarında İranla bərabər 280 meqavatlıq elektrik stansiyalarının tikintisi nəzərdə tutulur. Bu gücün yarısı ölkəmizə çatacaq.  Prezident İlham Əliyev özəl şirkətləri bu gəlirli sahəyə investisiyalar yönəltməyə çağırıb. “Yaxşı olardı ki, özəl şirkətlər də bu sahəyə investisiya qoysunlar. Əlbəttə ki, bizim böyük potensialımız Kəlbəcər-Laçın zonasındadır və azad edilmiş digər torpaqlarda. Mən bu rəqəmləri bildirmişdim, 9 min meqavatdan çox təsdiq edilmiş enerji potensialı var, günəş və külək stansiyalarını nəzərə alaraq”.

Azərbaycan Zəngəzur dəhlizinin yaradılmasında israrlıdır. Prezident İlham Əliyev bildirib ki, Zəngəzur dəhlizi təkcə dəmir yolu, avtomobil yolu, hava nəqliyyatı üçün deyil. Buradan, həmçinin elektrik enerjisinin ötürülməsi təmin ediləcək. “Eyni zamanda, Zəngəzur dəhlizi enerji növlərinin ixrac edilməsi ilə bağlı öz rolunu oynayacaq. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını elektrik enerjisi ilə təmin etmək üçün və oradan xarici bazarlara çıxmaq üçün və Türkiyədən sonra Avropaya çıxmaq üçün yeni bir xəttimiz olacaq. Bir xətt Gürcüstan-Türkiyə üzərindən keçir və ikinci xətt oradan keçməlidir. Biz bunun üzərində işləyirik və artan ixracımız həm önəmimizi artıracaq, geosiyasi önəmimizi artıracaq, eyni zamanda, bizə əlavə valyuta gətirəcək. Biz təkcə neftdən, qazdan yox, eyni zamanda, elektrik enerjisindən də valyuta qazanacağıq və ölkəmiz daha da firavan yaşayacaq”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Paylaş:
Baxılıb: 899 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30