Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycan məhsulları xarici bazarlarda

Azərbaycan məhsulları xarici bazarlarda

24.11.2021 [10:12]

Ölkədən qeyri-neft ixracı 41 faiz olmaqla Azərbaycanın müstəqillik tarixində ən böyük həcmdə artıb

Yaponiyanın yüksək səviyyəli texnoloji avadanlıqları, Fransanın ətirləri və içkiləri, Almaniyanın avtomobil markaları, Belçikanın qənnadı məhsulları, Braziliyanın qəhvələri, Türkiyənin tekstil malları, Özbəkistanın çərəzləri... Bəli, ayrı-ayrı ölkələrdə ənənəvi olaraq buraxılan məhsullar sonradan həmin ölkələrin bütün dünyada məşhurlaşmasında çox mühüm amilə çevrilir. Təbii ki, müxtəlif məhsulların bu və ya digər ölkənin, necə deyərlər, vizit vərəqinə çevrilməsi asan və tez başa gəlməyib. Bundan ötrü uzun illər ərzində milli brendlərə həssas yanaşma tələb olunub. Xarici bazarları fəth edən yüksək rəqabətqabiliyyətli məhsullar istehsalçıların inkişaf səviyyəsi, ənənələri barədə konkret təsəvvür formalaşdırır və ölkələrə inam yaradır.

Qarşıya yüksək ixrac hədəfləri qoyulub

Özünəməxsus zəngin tarixi-milli ənənələri olan və müasir dövlət kimi inkişaf edən Azərbaycan da qarşısına ixrac həcmlərini artırmaqla bağlı geniş hədəflər qoyub. Bu hədəflər Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixdə imzaladığı müvafiq Fərmanla təsdiqlənən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə öz əksini tapıb. Milli iqtisadiyyatın yaxın, orta və uzunmüddətli dövrdə inkişaf prioritetlərinin müəyyənləşdirildiyi sənəddə qeyd edildiyi kimi, Azərbaycanın adambaşına düşən ixrac həcminin 2025-ci ilə qədər 450 ABŞ dollarına çatdırılması planlaşdırılır. Bu isə o deməkdir ki, bəhs olunan dövrün sonunda Azərbaycanın qeyri-neft ixracı 5 milyard ABŞ dollarına çatdırılacaq. Bu, hazırkı qeyri-neft ixracı həcmindən təxminən 4-5 dəfə çox artım deməkdir.

Təbii ki, Azərbaycanın ixracı deyəndə ilk yada düşən neft olur. Quruda və dənizdə hasilat sahəsində zəngin ənənələri olan Azərbaycan dünya bazarına yüksək keyfiyyətli neft və neft məhsulları çıxardır. Son illərdə “Şahdəniz” yatağının işlənməsi, Cənub Qaz Dəhlizinin istismara verilməsi ilə bu siyahıya həm də “mavi yanacaq” əlavə olunub. Hazırda respublikamız Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır və istehlakçılar ölkəmizi etibarlı tərəfdaş kimi dəyərləndirirlər.

Ölkəmiz neft-qaz ixracı istiqaməti üzrə ənənəvi mövqeyini qoruyub saxlamaqla yanaşı, dünya bazarında yeni məhsullarla təmsil olunmaq niyyəti sərgiləyir. Belə potensial isə kifayət qədər böyükdür. Son illərdə Sumqayıtda işə salınan bir sıra iri istehsalat müəssisəsi ölkəmizin neftdən kənar iqtisadiyyat üzrə ixrac imkanlarını əhəmiyyətli dərəcədə artırıb. “SOCAR Polymer” zavodları ildə 10 çeşiddə 184 min ton polipropilen və 4 çeşiddə 120 min ton yüksək sıxlıqlı polietilen istehsal etmək gücünə malikdir. SOCAR-ın yeni sənaye kompleksi daxili bazarın tələbatını tam ödəyir və məhsulun izafi qalan hissəsi Türkiyə və Avropa bazarlarına ixrac edilir. Sumqayıt Kimya Sənaye Parkının ərazisində SOCAR Karbamid zavodu da geniş istehsal imkanlarına malik olan müəssisədir. Müəssisənin istehsal həcminin 70 faizi ixrac üçün nəzərdə tutulub.

Azərbaycanın qısa müstəqillik tarixində dünya kosmos ailəsinin sıralarına daxil olması ölkəmizin dünya dövlətlərinə yeni məhsul ixracına imkanlar açıb. Hazırda dünyanın ayrı-ayrı dövlətləri Azərbaycanın yüksək keyfiyyətlə ötürülən kosmik xidmətlərindən bəhrələnirlər və ölkəmiz bundan valyuta qazanır.

Hazırda Azərbaycandan qeyri-neft ixracında meyvə-tərəvəz məhsulları xüsusi paya malikdir. Son illərdə bölgələrdə aqrar sektorda ixrac tutumu kifayət qədər böyük olan pambıqçılıq, baramaçılıq, tütünçülük kimi sahələrin inkişafı ölkəmizin ixrac imkanlarını artırıb. Fındıq respublikamıza ən çox valyuta gətirən məhsuldur. Ölkəmizdə fındıq bağlarının sahəsi 30 min hektardır. Prezident İlham Əliyev qarşıya daha 40 min hektar fındıq bağı salınması ilə bağlı mühüm vəzifə qoyub.

Ölkəmizin digər bir ixrac qabiliyyətli məhsulu qızılgül yağıdır. Verilən məlumatlara görə, dünya üzrə ildə təxminən 3 ton qızılgül yağı istehsal olunur. Bu bazarda Azərbaycanın da təmsil olunması ölkəmizə yeni valyuta axınını təmin edəcək, həmçinin “Made in Azerbaijan” brendinin dünyada daha da məşhurlaşmasına səbəb olacaq.

Mütəxəssislərin qənaəti belədir ki, Azərbaycan perspektivdə özünün ixrac həcmlərini bir sıra məhsullar hesabına daha da genişləndirmək imkanına malikdir. Belə məhsullara xalçalarımız yaxşı nümunə ola bilər. Qürurverici haldır ki, Azərbaycan xalçaları ölkəmizin hüdudlarından kənarda da yaxşı tanınır və dünyanın bir sıra aparıcı muzeylərində təqdim olunur. Prezident İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İsmayıllı filialının açılışında Azərbaycan xalçalarının xarici bazarlara çıxış imkanlarının geniş olduğuna diqqət çəkərək vurğulayıb: “Ölkəmizdə 30 xalçaçılıq fabriki yaradılacaq və minlərlə insan, xüsusilə qadınlar işlə təmin olunacaqlar. Bu fabriklərdə çalışanlar da qadınlardır. Biz qadınlar üçün də iş yerləri yaradırıq. Burada istehsal olunan, toxunan xalçalar həm ölkə daxilində, həm də xaricdə satılacaq və beləliklə, Azərbaycan öz ixrac məhsullarını dünyaya daha da geniş formada təqdim edəcəkdir”.

İxracın səmərəli təşviqi və xarici ticarət dövriyyəsində yaranan müsbət saldo

Ölkəmizdə ixrac səmərəli təşviq mexanizmlərinin tətbiqi yolu ilə dəstəklənir. Prezident İlham Əliyevin ixracın təşviqinin stimullaşdırılması ilə bağlı imzaladığı müvafiq sənədlərə uyğun olaraq ixrac təşviqinin ödənilməsi qaydası, ixrac təşviqi şamil olunan məhsulların siyahısı və ixrac təşviqi üzrə tətbiq olunan əmsallar təsdiqlənib. İxrac təşviqi şamil olunan malların siyahısına bal, xurma, nar, qovrulmuş fındıq kimi kənd təsərrüfatı məhsulları, qurudulmuş meyvələr, konservləşdirilmiş meyvə-tərəvəz, mürəbbə və cemlər, turşular, spirtli içkilər və şərab, mineral sular və şirələr, unlu qənnadı məmulatları, habelə dəri məmulatları, ipək parçalar və xalçalar kimi digər məhsullar daxil edilib. Həmin məhsulların növündən asılı olaraq sahibkarlara ixrac etdikləri qeyri-neft məhsullarının gömrük dəyərinin 3-6 faizi həcmində təşviq vəsaiti ödənilir. Ölkəmizin ixrac imkanlarının genişləndirilməsi baxımından “Made in Azerbaijan” brendinin yaradılması böyük əhəmiyyət daşıyır. Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracatçısı olaraq Azərbaycan Respublikasında vergi ödəyicisi kimi uçota alınmış fiziki və hüquqi şəxslər müəyyən olunmuş dəstək tədbirlərindən istifadə etmək hüququna malikdirlər.

Ölkəmizdə qeyri-neft sektoru üzrə ixracın müxtəlif vasitələrlə güclü şəkildə dəstəklənməsi öz müsbət nəticələrini verir. Bunu rəqəmlərdən də görmək mümkündür. 2021-ci ilin 9 ayında respublikamızın xarici ticarət dövriyyəsi 30 faizədək artaraq 20 milyard 100 milyon ABŞ dollarına çatıb. Nəticədə xarici ticarət dövriyyəsində 5 milyard 400 milyon ABŞ dolları məbləğində müsbət saldo yaranıb. Bəhs olunan dövrdə qeyri-neft ixracının qeyri-neft ÜDM-də payı ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz bəndi artaraq 7,7 faizə çatıb. “Cari ilin 9 ayında qeyri-neft ixracının həcmində 41 faizədək artım müşahidə olunub. Bu, Azərbaycan tarixində ən yüksək göstəricidir”. Bunu Bakının ev sahibliyi etdiyi Beynəlxalq Biznes Forumunda iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. O bildirib ki, 2021-ci il üzrə qeyri-neft ixracının həcminin 2,4 milyard ABŞ dolları ətrafında olacağı gözlənilir.

Məhsullarımız beynəlxalq sərgilərdə

Azərbaycan ölkədən qeyri-neft məhsulları ixracının coğrafiyasını getdikcə genişləndirir. 2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 182 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçiriblər. O cümlədən respublikamızdan 112 ölkəyə məhsul ixrac olunub.

Məhsullarımız, həmçinin beynəlxalq sərgilərdə də uğurla təmsil olunur. Bir qədər bundan əvvəl Azərbaycan məhsulları 4-cü Çin Beynəlxalq İdxal Sərgisində nümayiş olunub. Sərgiyə ölkəmizin 15 şirkətinin istehsal etdiyi məhsullar çıxardılıb. Şirkətlər öz məhsullarını vahid ölkə stendində təqdim edib. Pavilyonda təqdim olunan nar şirəsi, şərab və digər spirtli içkilər, mineral sular, un və qənnadı məmulatları, limonad, gül yağları və digər məhsullarımız sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirib, məhsul ixracına dair müzakirələr aparıblar.

Azərbaycan məhsulları, həmçinin noyabrın 17-də Yaponiyanın Osaka şəhərində açılan “JFEX-2021” (Yaponiya Beynəlxalq Emal Edilmiş Qida Məhsulları Sərgisi) beynəlxalq qida məhsulları sərgisində böyük diqqət çəkib. Burada Azərbaycanın “Balxurma” şirkətinin məhsulları təqdim olunub. Təxminən 40 minədək ziyarətçinin qatıldığı sərgidə “Balxurma”nın məhsullarına maraq kifayət qədər böyük olub. Milli şirkətimizin sərgidəki meydançasını həm istehsalçı, həm də alıcı şirkətlərin çoxsaylı nümayəndələri ziyarət ediblər.

Mübariz ABDULLAYEV

 

Paylaş
Baxılıb: 90 dəfə

Xəbər lenti

Hamısına bax

Manata inam artır

27 Noyabr 10:15

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30