Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Ölkəmizin zəngin qaz ehtiyatları həm daxili istehlakı ödəməyə, həm də ixracı genişləndirməyə imkan verir

Ölkəmizin zəngin qaz ehtiyatları həm daxili istehlakı ödəməyə, həm də ixracı genişləndirməyə imkan verir

13.08.2020 [08:39]

Prezident İlham Əliyev: Biz bütün bu işləri görməklə Avrasiyanın yeni enerji xəritəsini tərtib edirik və Azərbaycan uzun müddət bundan sonra bir çox ölkələr üçün strateji tərəfdaş olaraq qalacaqdır
Bir vaxtlar dünyada qaz yataqlarının işlənilməsi o qədər də böyük maraq doğurmurdu. Çünki mənfəət neft yataqları ilə müqayisədə daha aşağı idi. Bu səbəbdən də qaz layihələrinə investorları cəlb etmək asan məsələ deyildi. Ancaq hadisələrin sonrakı gedişi, ələlxüsus da bir neçə il bundan əvvəl Avropanın ayrı-ayrı ölkələrinin soyuq qış aylarında “mavi yanacaq” qıtlığı səbəbindən ciddi çətinliklərlə üzləşməsi təsəvvürləri dəyişdi. Bu gün “mavi yanacaq” mənbələrinin, eləcə də nəql marşrutlarının şaxələndirilməsi istehsalçı və istehlakçı ölkələrin gündəliyində duran çox vacib məsələlər sırasında yer alır. Deyilənlər baxımından zəngin qaz resurslarına malik olan Azərbaycanın təşəbbüsləri böyük önəm daşıyır. Azərbaycan o mövqedən çıxış edir ki, enerji amili heç bir halda ölkələr arasında təzyiq vasitəsinə çevrilməməlidir. Digər tərəfdən, ölkəmiz özünün “mavi yanacaq” resurslarını şaxələndirilmiş marşrutlarla istehlakçılara çatdırılmasına qətiyyətli siyasi iradə nümayiş etdirir. Azərbaycan qazının Avropa ölkələrinə çatdırılmasına hesablanan Cənub Qaz Dəhlizinin təşəbbüskarı və moderatoru məhz respublikamızdır. Cənub Qaz Dəhlizi layihəsinin resurs mənbəyini Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” və digər qaz yataqları təşkil edir.
Zəngin neft-qaz resurslarına malik olan “Qarabağ” Azərbaycanın müstəqilliyi illərində kəşf olunan ilk yataqdır
Məlumdur ki, hazırda Avropa İttifaqı ölkələrinin bəziləri neftin 40 faizini Azərbaycandan alır. Ölkəmiz Avropanın enerji təhlükəsizliyində daha fəal şəkildə iştirak etmək əzmindədir. Respublikamız belə bir siyasi iradə ortaya qoyarkən həm də özünün zəngin “mavi yanacaq” resurslarına əsaslanır.
Azərbaycanın ən böyük qaz ehtiyatları “Şahdəniz “ yatağındadır. Yuxarıda bəhs olunan çətinliklərə baxmayaraq, respublikamız “Şahdəniz yatağının işlənməsinə tərəfdaşlar və investorlar cəlb etməyə nail olub. Respublikamızın “Əsrin müqaviləsi”ndən sonra transmilli şirkətlərlə imzaladığı ikinci böyük kontrakt “Şahdəniz” qaz yatağı üzrədir. Xatırladaq ki, bu kontrakt 1996-cı il iyulun əvvəlində Xəzər Neft-Qaz Sərgisinin keçirildiyi gündə imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindən sonra Azərbaycan Televiziyasına verdiyi müsahibəsində “Şahdəniz” yatağı üzrə layihənin uğurla icra edilməsindən məmnunluğunu bildirərək vurğulayıb: “Şahdəniz-2” layihəsi uğurla icra edilir. Bu, dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. Bildiyiniz kimi, “Şahdəniz-2”nin tammiqyaslı işlənilməsi bizə əlavə 16 milyard kubmetr qaz verəcək. Həm öz tələbatımızı ödəyəcəyik, həm də ki, ixrac üçün böyük həcm yaranacaqdır”.
Azərbaycanın qaz ehtiyatları yalnız “Şahdəniz” yatağı ilə məhdudlaşmır. Gələn il “Abşeron” qaz-kondensat yatağından ilk qazın hasilatı gözlənilir. “Abşeron” yatağı iki mərhələdə işləniləcək. Birinci mərhələ yataqdan 1,5 milyard kubmetr qaz hasil ediləcək və bu qaz Azərbaycanda istehlak olunacaq. Məlumdur ki, ardıcıllıqla həyata keçirilən məqsədyönlü siyasət sayəsində respublikamızda iqtisadiyyatın və əhalinin “mavi yanacaq”a olan tələbatı artır. Bunu qarşılamaq üçün əlavə qaz həcmləri lazımdır və “Abşeron” yatağının resursları bu tələbatın ödənilməsinə yönəldiləcək. Eyni zamanda, ölkəmiz “Abşeron” yatağının işlənməsinin ikinci mərhələsinin başlanmasına da yaxınlaşıb. İkinci mərhələsinin işlənməsi təmin edildikdən sonra yataqdan hasilat təxminən 3-4 dəfə artacaq ki, bu da respublikamızın ümumi qaz potensialına müsbət təsir göstərəcək.
Azərbaycanın dövlət başçısının bəhs olunan müsahibəsində bildirdiyi kimi, “Şəfəq-Asiman” yatağı üzrə işlər qrafik üzrə gedir. İndi qazma işləri aparılır. Bu yatağın da çox böyük potensialı var.
Zəngin neft-qaz resurslarına malik olan “Qarabağ” Azərbaycanın müstəqilliyi illərində kəşf olunan ilk yataqdır. Buradan iki ildən sonra - 2022-ci ilin sonunda ilk qaz və ilk neft çıxarılmalması proqnozlaşdırılır. Bu yataqdan ildə ən azı 1,5 milyon ton neft və 1,5-1,8 milyard kubmetr qaz hasil ediləcəyi gözlənilir. Müxtəlif geoloji amillərə istinad edən mütəxəssislərin bildirdiklərinə görə, “Qarabağ” yatağının ehtiyatları daha böyükdür. Dayaq blokunun hazırlanması ilə “Qarabağ” yatağının işlənməsində mühüm bir addım atılıb. Bu blok dənizdə suyun dərinliyi 182 metr olan sahədə quraşdırılacaq. Dayaq blokunun quraşdırılması “Qarabağ” yatağının dərin qatlarında neft və qaz hasilatının həyata keçirilməsində böyük rol oynayacaq. “Əminəm ki, özülün üst hissəsi də vaxtında tikiləcək və beləliklə, biz “Qarabağ” yatağının tammiqyaslı işlənməsinə başlayacağıq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Azərbaycan qazı Cənub Qaz Dəhlizi vasitəsilə Avropa məkanına çatdırılacaq
Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycanın yeni neft strategiyasında nəql marşrutlarının şaxələndirilməsi strateji istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Bu strateji xəttə uyğun olaraq inşa olunan Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan kimi marşrutlar ölkəmizin karbohidrogen resurslarının təhlükəsiz şəkildə istehlakçılara çatdırılmasında mühüm rol oynayır. O cümlədən 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verilib. Sözügedən kəmərin işə düşməsindən sonra Azərbaycan özünü dünyaya həm də qaz ölkəsi kimi təqdim etməyə başladı. Lakin”Şahdəniz” yatağının zəngin ehtiyatlarının Avropaya çatdırılması üçün daha böyük həcmli yeni dəhlizin yardılmasına ehtiyac var idi. Beləliklə, respublikamız özünün böyük qaz həcmlərini ixrac etmək və Avropanın enerji təhlükəsizliyinə yeni töhfələr vermək məqsədilə Cənub Qaz Dəhlizinin yaradılması təşəbbüsünü irəli sürdü. Açıq dənizə çıxışı olmayan Azərbaycanı Aralıq və Adriatik dənizləri ilə birləşdirən layihə bir vaxtlar çoxlarına xəyal kimi görünsə də, artıq reallıqdır. 2018-ci il 29 may tarixində Bakıdakı Səngəçal terminalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Amerika Birləşmiş Ştatlarının, Böyük Britaniyanın və bir sıra digər dövlətlərin, Avropa İttifaqının, həmçinin layihədə iştirak edən transmilli şirkətlərin yüksək səviyyəli rəsmilərinin iştirakı ilə ayrı-ayrı mühüm parametrləri baxımından strateji önəm daşıyan Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib.
Xatırladaq ki, Cənub Qaz Dəhlizi 4 mühüm seqmentdən ibarətdir. Bura “Şahdəniz” yatağının işlənməsi, genişləndirilmiş Cənub Qafqaz boru kəməri, TANAP və TAP layihələri daxildir. Arxada qalan 5 il ərzində layihənin bütün seqmentləri üzrə böyük iş həcmi yerinə yetirilib. O cümlədən Azərbaycanda layihə çərçivəsində ilk qazın nəqlinə və sonradan hasilatın artırılmasına hazırlıq məqsədilə “Heydər Əliyev” və “İstiqlal” qazma qurğularından istifadə etməklə istismar quyuları qazılıb. “Şahdəniz Mərhələ 2” çərçivəsində əsas diqqət ildə əlavə 16 milyard kubmetr qaz və gündə 120 min barrelədək kondensat əldə etmək üçün hazırda istismar edilən lay intervallarında qalan ehtiyatlara yönəlib. “Şahdəniz Mərhələ 2”yə bir-birinə körpü ilə birləşdirilən iki yeni hasilat platformasının, iki yarımdalma qazma qurğusundan qazılan 26 sualtı quyunun, suyun 550 metrədək dərinliyində quraşdırılan 500 kilometr uzunluğunda sualtı boru kəmərlərinin inşası və Səngəçal terminalının genişləndirilməsi işləri daxildir. Nəzərdə tutulan işlər tamamlandıqdan sonra Səngəçal terminalı dünyanın ən iri və müasir terminallarından birinə çevrilib. Cənub Qaz Dəhlizinin daha bir mühüm seqmentinin - Trans Anadolu Qaz Boru Kəmərinin (TANAP) inşası da bütünlüklə tamamlanıb. 2019-cu il noyabrın 30-da Prezident İlham Əliyevin iştirakı ilə Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. 2020-ci ildə bu kəmərlə nəql olunacaq qazın həcmi ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq.
Cənub Qaz Dəhlizinin diğər bir seqmenti olan Trans Adriatik Boru Kəməri (TAP) seqmenti üzrə işlər də uğurla davam etdirilir. TAP TANAP layihəsinin davamı kimi seçilib. Azərbaycan qazı məhz TAP vasitəsilə Avropanın mərkəzi ölkələrinə çatdırılacaq. Hazırda bu seqment üzrə işlərin 90 faizdən çoxu tamamlanıb. Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi layhəsinin uğurla reallaşdırılmasına diqqət çəkərək vurğulayıb ki, biz bütün bu işləri görməklə Avrasiyanın yeni enerji xəritəsini tərtib edirik və Azərbaycan uzun müddət bundan sonra bir çox ölkələr üçün strateji tərəfdaş olaraq qalacaqdır. “Əlbəttə, indi bizim əsas diqqətimiz Cənub Qaz Dəhlizinin başa çatmasına yönəldilib. Bu layihə də uğurla icra edilir. Bunun dördüncü və sonuncu layihəsi olan TAP artıq başa çatmaq üzrədir. Beləliklə, hesab edirəm ki, bir neçə aydan sonra Azərbaycan dövlətinin təşəbbüsü ilə və genişmiqyaslı beynəlxalq əməkdaşlıq nəticəsində 3500 kilometr uzunluğunda olan, bir-birinə bağlı üç qaz kəmərinin inşası tam başa çatacaqdır və Azərbaycan qazı artıq Avropa məkanına çatdırılacaq. Beləliklə, Cənub Qaz Dəhlizi tam istismara veriləcək. Bu, bizim üçün çox önəmli və hesab edirəm ki, tarixi hadisədir. Çünki bu, imkan verir ki, “Şahdəniz” yatağının tam işlənilməsi təmin edilsin”, - deyə dövlətimizin başçısı bildirib.
Qeyd edək ki, maraqların balansı Cənub Qaz Dəhlizinin uğurlarını şərtləndirən əsas amillərdən biridir. Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya Cənub Qaz Dəhlizinə üzv dövlətlərdir. Bundan başqa, artıq Bosniya və Herseqovina, Xorvatiya, həmçinin Monteneqro ilə anlaşma memorandumları imzalanıb.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 485 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Analitik

Xəbər lenti

Siyasət

Siyasət

Sülhə doğru...

16 May 10:20

Xəbər lenti

Gündəm

Gündəm

Vaxt yetişib...

16 May 10:00

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31