Azərbaycan regionun müasir nəqliyyat və enerji xəritəsini yaradır
11.08.2018 [10:04]
Respublikamız təşəbbüskarı olduğu bütün transmilli layihələrdə o mövqedən çıxış edir ki, Xəzər hövzəsi regionunda, həmçinin daha geniş coğrafiyada qarşılıqlı əməkdaşlıq dərinləşsin və bundan bütün tərəfdaşlar fayda götürsünlər
Dünyaya hər cəhətdən nümunəvi olan yeni inkişaf modeli təqdim edən və müsbət reallıqları ilə diqqət çəkən Azərbaycan, eyni zamanda, regional və qlobal əhəmiyyət daşıyan proseslərin fəal iştirakçısıdır. Bu strateji kursa uyğun olaraq respublikamız özünün imkanlarını, iqtisadi və maliyyə resurslarını təqdim edərək indiyədək bir sıra transmilli nəqliyyat və enerji layihələrinin həyata keçirilməsinə sanballı töhfələr verib. Azərbaycan təşəbbüskarı olduğu bütün transmilli layihələrdə o mövqedən çıxış edir ki, Xəzər hövzəsi regionunda, həmçinin daha geniş coğrafiyada qarşılıqlı əməkdaşlıq dərinləşsin və bundan bütün tərəfdaşlar bəhrə götürsünlər.
2018-ci ilin ilk 6 ayında Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yükaşırmanın həcmi 2 milyon tona çatıb
Respublikamız nəqliyyat-logistika sahəsindəki imkanlarından maksimum səmərə ilə istifadə etməyə çalışır. Qeyd edək ki, ölkəmizin bu sahədə imkanları kifayət qədər genişdir. Coğrafi mövqeyi, quru və su sərhədlərinə malik olması, möhkəm daxili sabitlik Azərbaycanın daşımalar üçün cəlbediciliyini artıran amillərdir. Hazırda ölkəmizdə rəqabətqabiliyyətli nəqliyyat-logistika infrastrukturunun yaradılması istiqamətində intensiv iş aparılır. Bu baxımdan Azərbaycanın ərazisindən keçən Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində həyata keçirilən layihələrin önəmi kifayət qədər böyükdür. Deyə bilərik ki, ölkəmizin moderatorluğu ilə reallaşdırılan bu layihələr regionun nəqliyyat xəritəsini əhəmiyyətli dərəcədə dəyişib. Azərbaycan qədim İpək Yolunun bərpasında fəal iştirak edir. Çox doğru olaraq istər Şərqdən Qərbə, istərsə də Şimaldan Cənuba gedən yolların ölkəmizdə kəsişməsi qlobal məkanda tranzit daşımaları üçün mühüm yenilik kimi dəyərləndirilir.
Regionun tranzit imkanlarının genişləndirilməsi məqsədilə yaradılan müasir infrastruktur sırasında Ələtdə inşa olunan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının önəmi kifayət qədər böyükdür. Bəhs olunan liman Şərq-Qərb nəqliyyat dəhlizinin çox mühüm seqmentini təşkil edir.
Hazırda ölkə iqtisadiyyatında qeyri-neft sektorunun inkişafında aparıcı qurumlardan olan “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC öz fəaliyyətini uğurla davam etdirməkdədir. QSC-dən verilən məlumata görə, 2018-ci ilin birinci yarısında liman vasitəsilə yükaşırmanın həcmi 2 milyon tona çatıb. Ümumi yükaşırmanın 86 faizi tranzit yüklərin payına düşüb.
Hesabat dövrü ərzində ən çox artım konteyner aşırılmasında qeydə alınıb. Belə ki, 2018-ci ilin birinci yarımilində TEU ekvivalentində 10746 ədəd konteyner aşırılması qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 53 faiz artım deməkdir.
Sərnişin daşımasında isə 37 faiz artım olub. Belə ki, cari ilin arxada qalan 6 ayında 19 965 sərnişin limanın imkanlarından istifadə edib. Onlardan 16 526 sərnişin (82,8 faiz) Türkmənistan, 3 439 sərnişin (17,2 faiz) isə Qazaxıstan və əks istiqamətdə səfərlər edib.
Ələt qəsəbəsində yerləşən Bərə Terminalında vaqon aşırılması 1 faizə yaxın artaraq 21 960 ədədə çatıb. Vaqonların 9 409-u (42,8 faiz) Bakı-Türkmənbaşı-Bakı istiqamətində, 161 vaqon (0,8 faiz) Bakı-Aktau-Bakı istiqamətində, 12 390 vaqon (56,4 faiz) isə Bakı-Kurik-Bakı istiqamətində hərəkət edib.
Hesabat dövrü ərzində Bakı Limanından istifadə edən irihəcmli nəqliyyat vasitələrinin sayı 9 512 ədədə çatıb. Bunlardan 5 353 ədədi (56,3 faiz) Bakı-Türkmənbaşı-Bakı istiqaməti, 4 047 ədədi (42,5 faiz) Bakı-Aktau-Bakı istiqaməti, 112 ədədi (1,2 faiz) isə Bakı-Kurik-Bakı istiqaməti üzrə hərəkət edib.
Cari ilin birinci yarısında neft terminalında xam neft və neft məhsullarının aşırılması 30 faiz artaraq 280 min tona çatıb.
Şimal-Cənub nəqliyyat dəhlizi beynəlxalq yükdaşımalarda xərclərin azalmasına səbəb olacaq
Hazırda üç region dövlətinin - Azərbaycanın, Rusiyanın və İranın iştirakı ilə Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində intensiv işlər həyata keçirilir. Azərbaycan Şimal-Cənub dəlizinin yaradılmasında üzərinə düşən bütün öhdəlikləri qısa müddətdə yüksək səviyyədə yerinə yetirib. Artıq Azərbaycan-Rusiya sərhədindən Azərbaycan-İran sərhədinə qədər dəmir yolu istismara tam hazır vəziyyətdədir. Layihə çərçivəsində Azərbaycan 8,4 km dəmir yolu xəttinin çəkilməsini, hər biri 1050 metr olan 4 stansiya yolunun tikintisini həyata keçirib.
Azərbaycan, eyni zamanda, İran ərazisində Astara-Rəşt dəmir yolunun tikintisində yaxından iştirak edir. Qeyd edək ki, İran ərazisində 35 hektarlıq ərazi 1,4 kilometr yol və terminallar tikilməsi üçün Azərbaycana uzunmüddətli icarəyə verilib.
Mütəxəssislər Şimal-Cənub marşrutunun yüksək səmərə ilə işləyəcəyini bildirirlər. “Rəşt-Astara dəmir yolunun yekunlaşması və istismara verilməsi regionda ticarət əlaqələrinin genişlənməsinə imkan verəcək”. Bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə Gilan vilayətində dövlət və özəl sektor nümayəndələrinin birgə görüşü zamanı deyib.
Yeri gəlmişkən, Şimal-Cənub nəqliyyat dəhlizinin önəmi Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində Rusiya Gömrük Akademiyasının rəisi, professor Vladimir Mantusovla görüşdə də müzakirə mövzusu olub. Tərəfdaş dövlətlərin birlikdə reallaşdırdığı Şimal-Cənub nəqliyyat dəhlizinin əhəmiyyətinə toxunan Vladimir Mantusov bu layihənin beynəlxalq yükdaşımalar zamanı xərclərin azalmasına və vaxta qənaət olunmasına, hər iki ölkənin gəlirlərinin artmasına şərait yaradacağını bildirib.
Görüşdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev Azərbaycan və Rusiya arasında bütün sahələrdə mehriban qonşuluq və səmərəli əməkdaşlıq əlaqələrindən, qarşılıqlı münasibətlərin inkişafından bəhs edib.
Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan enerji layihələrinə dünyada böyük maraq göstərilir
Zəngin karbohidrogen ehtiyatlarına malik olan, eyni zamanda, neft-qaz resurslarının işlənməsində böyük təcrübə qazanan Azərbaycan müstəqillik illərində regional və qlobal əhəmiyyət daşıyan bir sıra yeni, diversifikasiya edilmiş enerji layihələrini reallaşdırmağa nail olub. Şaxələndirilmiş uğurlu enerji siyasəti hazırkı qlobal risklər şəraitində respublikamıza böyük iqtisadi və siyasi dividendlər gətirməklə yanaşı, tərəfdaş ölkələrin də enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Hazırda Avropa İttifaqı ölkələrinin bəziləri neftin 40 faizini respublikamızdan alır. Bununla belə, ölkəmiz Avropanın enerji təhlükəsizliyində daha fəal şəkildə iştirak etmək əzmindədir və bu məqsədlə öz potensialına əsaslanaraq müxtəlif təşəbbüslərlə çıxış edir. Gələcəkdə Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolunun daha da artacağı şəksizdir. Belə ki, Azərbaycanın fəal iştirakı ilə reallaşdırılan Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini tamamilə dəyişəcək. Respublikamızın zəngin qaz ehtiyatları bu marşrutla qardaş Türkiyəyə və Avropa ölkələrinə nəql olunacaq.
“Şahdəniz-2”, Cənubi Qafqaz boru kəməri, TANAP və TAP kimi 4 seqmentdən ibarət Cənub Qaz Dəhlizinin icrasına 4 il bundan əvvəl Bakıda başlanılıb. Arxada qalan 4 il ərzində layihənin bütün seqmentləri üzrə böyük iş həcmi yerinə yetirilib. Xəbər verildiyi kimi, cari il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib. Cari il iyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.
Hazırda Cənub Qaz Dəhlizi üzrə əsas diqqət TAP seqmentinin icrasına yönəldilib. İndiyədək layihə çərçivəsində nəzərdə tutulan işlərin 74 faizi tamamlanıb. Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə reallaşdırılan digər enerji layihələri kimi, TAP-a da bütün dünyada böyük maraq var. Layihəyə Avropa Şurası, Avropa Komissiyası və Avropa Parlamenti tərəfindən böyük dəstək nümayiş etdirilir. Elə bu yaxınlarda İtaliyanın Baş naziri Cuzeppe Konte ilə birgə mətbuat konfransı zamanı ABŞ Prezidenti Donald Trampın TAP-la bağlı danışması layihəyə olan böyük marağı bir daha təsdiqləyir. Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycanın tərəfdaşları qismində çıxış edən İtaliya və ABŞ rəsmilərinin yüksək səviyyəli görüşündə TAP-ın müzakirəyə çıxardılması layihənin Qərb üçün nə qədər strateji əhəmiyyətə malik olduğunun göstəricisidir. Hazırda dünyada yaşanan məlum gərginliklər fonunda ölkələrin milli təhlükəsizliyinə yaranan təhdidlər enerji təhlükəsizliyinin aktuallığını daha da artırıb. Bunu ABŞ Prezidentinin İtaliyanın Baş naziri ilə görüşündə səsləndirdiyi fikirlər də təsdiq edir. Donald Tramp Baş nazirə xitabən bildirib ki, TAP-a gəlincə, rəqabətqabiliyyətli boru kəməri görmək istəyir. Burada diqqət həm kəmərin strateji əhəmiyyətinə, həm də iqtisadi baxımdan onun rəqabətqabiliyyətli olmasına yönəldilir.
Qeyd edək ki, Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan TAP qaz boru kəmərinin təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən - Yunanıstan, Albaniya və İtaliyadan keçir. TAP-ın Adriatik dənizindən keçəcək hissəsi 2019-cu ilədək başa çatdırılacaq. Avropaya ilk qazın verilməsi isə 2020-ci ilə planlaşdırılır.
Uğurlu enerji layihələri sayəsində Azərbaycan dünyada etibarlı və strateji tərəfdaşa çevrilib
“İtaliyanın Baş naziri Cuzeppe Konte ilə birgə mətbuat konfransı zamanı ABŞ Prezidenti Donald Trampın TAP layihəsinə dəstək nümayiş etdirməsi Azərbaycanın həyata keçirdiyi layihələrin dünya üçün nə qədər vacib olduğunu göstərir”. Bunu KİV-ə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat qeyd edib ki, bu, eyni zamanda, Azərbaycanın dünyada artan nüfuzunun göstəricisidir: “Uğurlu enerji layihələri sayəsində Azərbaycan artıq dünyada etibarlı və strateji bir tərəfdaşa çevrilib, Azərbaycanın həyata keçirdiyi iri layihələr dünya ölkələri tərəfindən dəstəklənir və getdikcə bu layihələrə qoşulmaq istəyən ölkələrin sayı artır. Dünya liderlərinin görüşlərində TAP-ın müzakirə edilməsi Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir”.
A.Hüseynovun sözlərinə görə, Azərbaycan artıq Avropanın təbii qaz təchizatında çox etibarlı bir ölkəyə çevrilməkdədir: “Bu həm də ölkəyə gələcəkdə böyük investisiyaların yatırılması deməkdir. Yəni bu layihədə bir çox ölkələr, eyni zamanda, transmilli şirkətlər iştirak edirlər. Həmin şirkətlərin təkcə neft-qaz sənayesinə deyil, eləcə də ölkəmizdə digər sahələrə də böyük yatırımlar edəcəyi reallığa çevrilməkdədir”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

