Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycan neft hasilatına görə dünyada aparıcı ölkəyə çevrilib

Azərbaycan neft hasilatına görə dünyada aparıcı ölkəyə çevrilib

28.08.2009 [00:29]

“Azəri-çıraq-Günəşli” yatağı hasilatın həcminə görə dünyada 3-cü yerdə dayanır
Gün ərzində 1 milyon barelə yaxın neft hasil edilən Azərbaycanın “Azəri-çıraq-Günəşli” yatağı hasilatın həcminə görə dünyada 3-cü yerdə durur. Bu yüksək göstərici ölkəmizin mühüm enerji istehsalçısı olduğunu bir daha sübut edir. Qeyd edək ki, dünyanın ən iri neft şirkətlərinin daim diqqət mərkəzində olan “Azəri-çıraq-Günəşli” yatağında proqnozlaşdırılan neft ehtiyatlarının miqdarı 925 milyon tondan artıqdır. ölkəmizdə aparılan düzgün enerji siyasəti Azərbaycanı iqtisadi baxımdan dünyada ən cəlbedici və etibarlı tərəfdaşlarından birinə çevirib. Belə ki, bu günə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 21 ölkənin 40-dan çox şirkəti ilə neft və qaz yataqlarının birgə işlənməsinə dair 30-a yaxın saziş imzalayıb. “Azəri-çıraq-Günəşli” layihəsinə qoyulan sərmayə artıq 18,4 milyard ABŞ dolları təşkil edir. Neft resurslarını Bakı-Novorossiysk, Bakı-Supsa, 2006-cı ildən isə Bakı-Tiflis-Ceyhan boru xətti vasitəsilə Avropa ölkələrinə ixrac edən Azərbaycan beynəlxalq enerji bazarlarında vacib yerlərdən birini tutub. Azərbaycan ildən-ilə ixrac etdiyi neftin həcmini artırmaqla öz mövqeyini daha da möhkəmləndirir. Hesablamalara görə, bu il ərzində ölkəmizdə neft hasilatı təqribən 45 milyon ton təşkil edəcək. Növbəti illərdə isə hasilatın daha da artırılaraq 2010-2015-ci illərdə 66-67 milyon tona çatdırılacağı proqnozlaşdırılır. Bu isə ölkəmizi gündəlik neft hasilatına görə gələcəkdə də ön pillələrdə saxlayacaq.
Xatırladaq ki, “Azəri-çıraq-Günəşli” yatağının dərin sulu hissəsi ötən əsrin 70-80-ci illərində Xəzərin Azərbaycan sektorunda neftçilərimiz tərəfindən kəşf olunub və həmin yataqlardan neft hasilatına başlanılıb. Neft sənayemizin inkişafında əsaslı dönüş 1993-cü ildə Ulu öndərin hakimiyyətə gəlişindən sonra baş verdi. Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın mükəmməl neft strategiyası hazırlandı. Yeni strategiyanın əsasında ölkəmizin milli maraqları, xalqın sərvətinin onun gələcəyi üçün istifadə olunması, gələcək nəsillərə güclü, firavan Azərbaycanın bəxş edilməsi dayanır. Ulu öndərin dediyi kimi “1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyanın da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən, neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir”.
Torpaqlarımızın bir hissəsinin işğal altında olmasına, xarici qüvvələrin ölkədə qarışıqlıq yaratmaq cəhdlərinə baxmayaraq, Heydər Əliyev qısa müddət ərzində daxili siyasi, iqtisadi sabitlik yaratmaqla xarici şirkətlərin ölkəmizə maraq və inamını artırdı. Bunun nəticəsində 1994-cü ildə dünyanın nüfuzlu dövlətlərinin ən iri şirkətləri “Əsrin müqaviləsi”ni imzalamaqla “Azəri-çıraq-Günəşli” yatağının uzunmüddətli geniş işlənməsini üzərlərinə götürdülər. Bununla da Azərbaycan növbəti dəfə bütün dünyada neft ölkəsi kimi tanındı. Onu da qeyd edək ki, “Əsrin müqaviləsi” ilə Qərb şirkətləri keçmiş SSRİ ölkələri arasında ən böyük həcmdə sərmayəni ilk dəfə olaraq Azərbaycana yatırdılar.
Beləliklə, Azərbaycanın bərabər tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan neft siyasəti ilə yanaşı, ölkədə demokratikləşmə prosesinin sürətlə getməsi və dünyaya açıq ölkə olması ildən-ilə ölkəmizin neft sektoruna yatırım qoyan xarici investorların sayını artırdı. Düzgün seçilmiş strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi isə 160 illik tarixə malik olan neft sənayemizin son illər ərzində daha sürətlə inkişafına səbəb olub.
ölkəmizdə həyata keçirilən qlobal enerji layihələri həm də Cənubi Qafqazda daimi sabitliyin mövcud olmasını şərtləndirir. Bu baxımdan, Azərbaycanla əməkdaşlıq edən dövlətlər də ölkəmizdə sabitliyin və əmin-amanlığın qorunub saxlanılmasında maraqlıdırlar. Bildiyimiz kimi, son illərdə enerji mübadiləsi sahəsində əlaqələrin siyasi spekulyasiya və təzyiq vasitəsinə çevrildiyi bir vaxtda Qərb ölkələri Azərbaycana istər ixracatçı, istərsə də tranzit ölkə kimi daha böyük diqqət göstərirlər. Bu baxımdan, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində rolu və önəmi danılmazdır.
Qeyd edək ki, Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarının aşkara çıxarılması istiqamətində işlər bu gün də davam etdirilir. Hesablamalara görə, müxtəlif ölkələrin şirkətləri ilə imzalanmış sazişlər çərçivəsində karbohidrogen resurslarının kəşfiyyatına, işlənilməsinə və nəqlinə ümumi sərmayə qoyuluşu təqribən 60 milyard dollar həcmində olacaqdır. Bu vaxta qədər aparılan kəşfiyyat işləri yüksək səmərəliliyi ilə yadda qalıb. Belə ki, 1997-2007-ci illərdə aparılan axtarış-kəşfiyyat işləri zamanı qazılan 36 quyuda həcmi 2 milyard tondan çox olan karbohidrogen ehtiyatı aşkar olunub. Zaman keçdikcə Azərbaycanın daha geniş neft ehtiyatlarına malik olduğu aşkara çıxır. Bu da onu deməyə əsas verir ki, ölkəmiz gələcəkdə dünya bazarlarına da yüksək keyfiyyətli xammal çıxararaq daha böyük həcmdə gəlir əldə edəcək. Əldə olunan gəlirlər isə ümummilli liderimizin Sərəncamı əsasında yaradılmış Dövlət Neft Fonduna daxil olur. Bu isə birbaşa olaraq Azərbaycanın gələcəyi üçün atılmış addımdır. Dövlət Neft Fondunun yaradılmasında əsas məqsəd neftdən gələn gəlirlərin nəsillər arasında ədalətlə bölünməsi və səmərəli şəkildə istifadə olunmasıdır.
Aparılan siyasətə uyğun olaraq neft gəlirləri qeyri-neft sahələrinin inkişafına və müxtəlif layihələrin həyata keçirilməsinə yönəldilir. Dövlət Neft Fondunun bu ilin ilk 6 ayı ərzində gəlirlər və xərclərlə bağlı hesabatına əsasən qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 20,2 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinə ümumilikdə 130 milyon manatdan çox vəsait ayırıb. Bununla yanaşı, Dövlət Neft Fondu “Bakı-Tiflis-Qars yeni dəmir yolu” layihəsinin və “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsində də iştirak edir.
Bir sözlə, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi “Neft amili bizim üçün məqsəd deyil, bu, sadəcə, məqsədə çatmaq üçün vasitədir”.
Hülya MƏMMƏDLİ


Paylaş:
Baxılıb: 1374 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30