Aqrar sektorun prioritetləri: özünütəminat və xarici bazara çıxış
16.01.2016 [10:25]
Kənd Təsərrüfatı Nazirliyi öz səylərini Prezidentin aqrar sektorun inkişafı sahəsində qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə yönəldir
Prezident İlham Əliyev iqtisadiyyatın diversifikasiyasını, qeyri-neft sektorunun inkişafını prioritet vəzifə kimi qarşıya qoyub. Dövlətimizin başçısı Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu barədə danışarkən deyib: “İxrac qabiliyyətimizi artırmalıyıq. Çünki gələcəkdə bizim neft və qazdan başqa əsas ixrac məhsullarımız kənd təsərrüfatı məhsullarıdır. Xüsusilə nəzərə alsaq ki, ənənəvi bazarlarımıza çıxışımız var, biz yeni bazarlar axtarmalıyıq”.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firdovsi Fikrətzadə Prezidentin nitqindən irəli gələn vəzifələrlə bağlı fikirlərini AZƏRTAC-ın müxbiri ilə bölüşüb və aqrar sektordakı mövcud vəziyyət, dövlətin bu sahəyə dəstəyi, ərzaq təhlükəsizliyinin, xarici bazara çıxışın təmin olunması istiqamətində görülən işlər barədə məlumat verib.
Ötən il kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən dövlət dəstəyi tədbirlərinin həcminin artırılması ilə yanaşı, əhatə dairəsinin də genişləndirildiyini vurğulayan F.Fikrətzadə deyib: “Dövlət aqrar sahənin inkişafına dəstəyi getdikcə artırır. 2015-ci ildə Prezident İlham Əliyev tərəfindən müvafiq Fərman və sərəncamlar imzalanıb, məhsul istehsalçılarına bir sıra güzəştlər tətbiq olunub. Buna misal olaraq, buğda və çəltik əkininə, yanacaq və motor yağlarına və gübrənin güzəştli satışına görə kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsindən ayrılan subsidiyanı göstərmək olar. Belə ki, bu subsidiyanın həcmi əvvəlki illə müqayisədə 26,5 faiz artırılıb. Müvafiq subsidiya tədbirlərinin təkrar əkinlərə də şamil olunması, suvarma sistemləri dəstinə və avadanlığına 40 faiz həcmində güzəştin, eləcə də süni mayalandırma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 manat məbləğində subsidiyanın müəyyən edilməsi kimi yeni dövlət dəstəyi mexanizmləri tətbiq edilir.
Kənd təsərrüfatı məhsulları istehsalçılarının texniki təminatının gücləndirilməsi, əvvəllər müşahidə edilən problem və çətinliklərin aradan qaldırılması məqsədilə 2015-ci ildə “Aqrolizinq” ASC-nin xətti ilə əsasən Avropa istehsalı olan 3566 texnika, o cümlədən 196 kombayn, 1082 traktor və 2288 digər texnika istehsalçılara güzəştli şərtlərlə lizinqə verilib və ya satılıb. Eyni zamanda, heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması məqsədilə “Aqrolizinq” ASC tərəfindən 6630 baş iribuynuzlu və 1050 baş xırdabuynuzlu cins heyvanlar dəyərinin 50 faizi həcmində güzəştlə və lizinq şərti ilə istehsalçılara verilib.
Ümumiyyətlə, son iki ildə “Aqrolizinq” ASC tərəfindən istehsalçılara lizinqə verilən kənd təsərrüfatı texnikasının sayı Səhmdar Cəmiyyətin yarandığı tarixdən gətirilən texnikaların 62 faizinə, lizinq yolu ilə satılan cins heyvanlar isə əvvəlki illərdə gətirilənlərin 110 faizinə bərabər olub”.
Nazirliyin şöbə müdiri bildirib ki, görülən məqsədyönlü tədbirlər nəticəsində 2015-ci ildə kənd təsərrüfatının ümumi məhsulu 2014-cü illə müqayisədə 6,6 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 11,3 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 2,5 faiz artıb, cari qiymətlərlə 5,6 milyard manatlıq məhsul istehsal edilib.
Məhsul istehsalının ümumi artımı sayəsində meyvə-tərəvəz ixracının həcmi 311,9 milyon ABŞ dollarına çatıb və ya 2014-cü illə müqayisədə 7,2 faiz çox olub.
2015-ci il həm bitkiçilikdə, həm də heyvandarlıqda inkişafın daha çox intensiv faktorlar hesabına təmin edilməsi ilə də xarakterikdir. Belə ki, hesabat ilində ümumi əkin sahələrinin ötən illə müqayisədə 1,8 faiz, o cümlədən dənli bitkilərin əkin sahələrinin 5 faiz və buğda əkininin 11,5 faiz az olmasına baxmayaraq, məhsuldarlığın yüksəlməsi hesabına bitkiçilik məhsulları 5 faizdən 20 faizə qədər artıb. Eyni zamanda, təsərrüfatlarda mövcud olan heyvanların sayı da demək olar ki, keçən illə eyni səviyyədə olsa da, heyvandarlıq məhsulları istehsalının (ət istehsalının 2 faiz, süd istehsalının 3,7 faiz) artımı bu sahədə də intensiv inkişaf trendinin yarandığını göstərir.
Aqrar sektorun inkişafının intensiv faktorlar hesabına təmin edilməsi üçün müvafiq baza yaradılması məqsədilə tədbirlər həyata keçirildiyini bildirən F.Fikrətzadə deyib ki, istehsalçıların yüksək məhsuldar və quraqlığa davamlı toxum sortlarına olan tələbatlarının stabil və əlverişli şərtlərlə ödənilməsinə dəstək məqsədilə Dövlət Toxum Fondu yaradılıb. Həmçinin Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış vəsait hesabına yaradılmaqda olan modern Süni Mayalama Mərkəzi yaxın zamanlarda istifadəyə veriləcək.
Kənd təsərrüfatı məhsulları ilə özünü təminetmə səviyyəsindən də danışan nazirliyin rəsmisi bildirib ki, Nazirlər Kabinetinin ötən ilin yekunları ilə bağlı iclasında Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafından danışarkən, kənd təsərrüfatı sahəsində aparılan islahatların daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb. Bu islahatlar, ilk növbədə, ölkə əhalisinin ərzaq məhsulları ilə yerli istehsal hesabına təminatına və ixrac potensialının artırılmasına yönəldilməlidir. Ərzaq balansı məlumatlarına əsasən, hazırda ölkəmizin müvafiq ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsi göstəriciləri belədir: mal əti - 87 faiz, qoyun əti - 97 faiz, quş əti - 98 faiz, yumurta - 100 faiz, süd və süd məhsulları - 76 faiz, taxıl - 60 faiz, tərəvəz - 103 faiz, kartof - 90 faiz, bostan məhsulları - 100 faiz, meyvə və giləmeyvə - 120 faiz, üzüm - 98 faiz, şəkər və şəkərdən hazırlanan məhsullar - 170 faiz, bitki yağları və marqarin - 77 faiz, kərə yağı - 52 faiz, pendir - 80 faiz, makaron məmulatları - 58 faiz.
Hazırda ərzaq buğdası ilə özünütəminat səviyyəsinin yüksəldilməsi daha çox aktuallıq kəsb edir. Ölkənin ərzaq buğdasına olan tələbatının təqribən yarısı qədər ehtiyatlar formalaşdırılıb və bu ehtiyatların saxlanılmasını təmin edən infrastruktur yaradılıb. Bu göstəricinin tələb olunan səviyyəyə çatdırılması məqsədilə iri taxılçılıq təsərrüfatlarının yaradılması, yeni taxıl anbarlarının qurulması, keyfiyyəti buğda toxumu istehsalının artırılması və buğda əkininin stimullaşdırılması üçün büdcədən subsidiyalar verilir və güzəştli kreditlər ayrılır.
Həmçinin süd məhsulları üzrə özünütəminat göstəricilərinin yüksəldilməsi üçün intensiv ferma modelinə dəstək tədbirləri çərçivəsində yüksək məhsuldar cins heyvandarlıq təsərrüfatları yaradılır ki, bu da nəticə etibarilə emal sənayesinin inkişafı üçün stabil xammal təminatı deməkdir.
F.Fikrətzadə ixrac potensialının yüksəldilməsi barədə danışarkən bildirib ki, kənd təsərrüfatı məhsullarının ənənəvi bazarlara ixracının daha da artırılması və yeni bazarlara çıxışın təmin edilməsi üçün kompleks tədbirlər görülür. Belə ki, həm ölkə daxilində, həm də ixrac bazarlarında dövlət dəstəyi və özəl sektorun investisiyaları hesabına logistik mərkəzlər yaradılır. Qazaxıstanda müasir logistik baza tikilib, Rusiyada və digər ixrac bazarlarında da belə logistik mərkəzlərin qurulması üçün müvafiq işlərə başlanılıb. Ölkənin müxtəlif regionlarında soyuducu anbarların tikilməsi və aqroparkların salınması kənd təsərrüfatı məhsullarının böyük həcmdə tədarükü və ixrac olunması üçün əlavə imkanlar yaradır.
Bunlarla yanaşı, hazırda kənd təsərrüfatı məhsullarının keyfiyyətinə nəzarət və məhsulların sertifikatlaşdırılması prosedurlarının beynəlxalq standartlara uyğunlaşdırılması üçün kompleks tədbirlər görülür. Bu məqsədlə həm bitkiçilik, həm də heyvandarlıq məhsullarının keyfiyyətinə nəzarət üzrə müasir laboratoriyalar qurulur. Laboratoriyaların beynəlxalq akkreditasiyadan keçirilməsi üçün müvafiq proseduralara başlanılıb. Bu tədbirlər Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının keyfiyyət standartlarının beynəlxalq tələblərə uyğunlaşdırılması və yeni bazarlara çıxış üçün əlverişli şərtlər təmin edəcək.
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

