Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Bakıda qadın sahibkarlığının inkişafı üzrə Beynəlxalq konfrans keçirilib

Bakıda qadın sahibkarlığının inkişafı üzrə Beynəlxalq konfrans keçirilib

25.04.2014 [09:44]

Aprelin 24-də Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatı üzrə Xüsusi Proqram (SPECA) çərçivəsində qadın sahibkarlığının inkişafı üzrə beynəlxalq konfrans keçirilib.
AzərTAc xəbər verir ki, konfransın açılışında Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edib. O, bildirib ki, konfransın məqsədi beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qadın sahibkarların daha səmərəli fəaliyyəti üçün imkanların yaradılmasıdır. SPECA çərçivəsində bir neçə konfrans və forumlar keçirilib. Azərbaycan bu tədbirlərdə fəal iştirak edib. SPECA-ya sədrlik edən ölkəmiz regionda qadın sahibkarlığının inkişafı məsələlərini xüsusi diqqətdə saxlayır.
H.Hüseynova deyib: “Beynəlxalq konfransın Bakıda keçirilməsi bir daha təsdiq edir ki, bu gün Azərbaycan dünyanın inkişaf etmiş nüfuzlu dövlətlərindəndir. Son 10 il ərzində Azərbaycanda 1 milyon 200 min yeni iş yeri açılmışdır. Yoxsulluq isə təxminən 10 dəfə azalmışdır. Son 20 il ərzində əhalinin sayı artaraq 9 milyon 500 min nəfərə çatmışdır”.
Komitə sədri diqqətə çatdırıb ki, qadınların ictimai fəallığının yüksəldilməsi, iqtisadi və sosial həyatda iştirakının təşviqi Azərbaycan hökumətinin daim diqqətindədir. Sahibkarlığın inkişafı qadınlarda özünə inam hissini artırır. Qadınların həm iqtisadi cəhətdən güclü olması, həm də zorakılığa məruz qalmaması üçün hökumət tərəfindən sistemli şəkildə iş aparılır, layihələr hazırlanır, milli qanunvericilik bazası gücləndirilir. Azərbaycanda hər bir ailənin sosial rifahını yüksəltmək, xüsusilə qadınların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırmaq üçün qəbul olunmuş bir sıra dövlət proqramları ölkədə sahibkarlığın inkişafına təkan verir. Bu sənədlərdə qadınların məşğulluğunun artırılmasına xüsusi diqqət yetirilir. Xüsusilə, 400 minə yaxın qaçqın və məcburi köçkün qadının da sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi vacib məsələlərdəndir.
H.Hüseynova bildirib ki, bu gün qadınlarımızın 50 faizə qədəri fəal əməklə məşğuldur. Hazırda qadınlar ölkə iqtisadiyyatının demək olar ki, bütün sahələrində çalışırlar. Ümumi sahibkarlar arasında qadın sahibkarların xüsusi çəkisi 17 faizə çatıb. Qadın sahibkarlığının inkişafı yoxsulluğun azalmasına, qadınların iqtisadi və sosial nüfuzunun artmasına və bir çox hallarda, cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına yardım edir. Qadınların peşə hazırlığı kurslarına cəlb olunmalarının, onların bazar iqtisadiyyatı və sahibkarlıq fəaliyyəti haqqında bilik və təcrübə qazanmaları üçün maarifləndirici tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti vardır.
Qadınların ictimai həyatda və biznesdə rolunun artırılmasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük xidmətləri olduğunu vurğulayan H.Hüseynova deyib ki, sahibkar qadınların fəaliyyətini gücləndirmək üçün Heydər Əliyev Fondu tərəfindən müxtəlif layihələr həyata keçirilir. Bu layihələr qadınlara kiçik və orta biznes müəssisələrin açılmasına kömək edir. Xüsusilə, nisbətən daha aztəminatlı, əlil, qaçqın və məcburi köçkün qadınların sahibkarlıqla məşğul olmasında belə layihələr mühüm əhəmiyyətə malikdir. Rayon və kənd yerlərində infrastrukturu yaxşılaşdırmaqla, mədəni-intellektual mühit formalaşdırmaqla sahibkarlığı inkişaf etdirmək olar.
Komitə sədri bildirib ki, ötən illər ərzində ölkədə qadın sahibkarlığının inkişafı istiqamətində müxtəlif tədbirlər həyata keçirilib, bir sıra mexanizmlər yaradılıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qadın sahibkarlığının gücləndirilməsi üçün maarifləndirici tədbirlər həyata keçirir, xüsusilə kənd yerlərində qadın sahibkarlığının inkişafı ilə bağlı işlər aparır. Bu məqsədlə komitə BMT-nin İnkişaf Proqramı ilə birgə “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqi” ilə bağlı ikiillik texniki yardım layihəsi həyata keçirir. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası regionlarda dövlət qurumları ilə birgə qadın sahibkarların fəaliyyətinin daha da möhkəmləndirilməsi üzrə iş aparır. Ölkədə Biznes Tədris Mərkəzi yaradılmışdır. Mərkəz sahibkarlar üçün məsləhət, marketinq, təlim xidmətlərini və informasiya təminatını sistemli və daimi qaydada həyata keçirən regional şəbəkələrə malikdir. Bu gün istənilən dövlətin qarşısında duran vacib məsələlərdən biri cəmiyyətdə gender amilinin nəzərə alınması və qadının sosial-iqtisadi inkişafın təmin edilməsindəki rolunun daha da artırılmasıdır. Bu baxımdan qadın sahibkarlığının gələcəkdə də inkişaf etdirilməsi üçün xüsusi sənədlər qəbul edilib. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiq edilmiş və ölkəmizin uzunmüddətli inkişafının əsas prioritetlərini müəyyənləşdirən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında gender bərabərliyinin təmin edilməsi, o cümlədən qadınlar və kişilər üçün əmək bazarında bərabər imkanların yaradılması məsələsi də öz əksini tapıb.
Milli Məclisin sədr müavini Bahar Muradova çıxış edərək bildirib ki, Mərkəzi Asiya ölkələrində ümumilikdə insan inkişafının və kapitalının formalaşmasında mühüm amil olan qadın sahibkarlığının, qadın iştirakçılığının təmin edilməsi çox vacib məsələdir. Bu, regionun inkişafına töhfə verəcək çox ciddi amildir. Həyatın bütün sahələrində qadın fəallığının və iştirakçılığının artırılması və şəraitin yaradılması vacibdir. Azərbaycanda qadın sahibkarlığının inkişafı üçün dövlət tərəfindən çox gözəl mühit yaradılıb. Regionda bu sahədə təcrübələri bölüşmək, birgə layihələr həyata keçirmək imkanları var. Buna görə də bu konfrans çox əhəmiyyətlidir. Qadın sahibkarlığının inkişafı üçün maarifləndirici tədbirlərin keçirilməsi mühüm məsələdir. Bu sahədə həyata keçirilən layihələri dəstəkləməyə ehtiyac var. Bu sahədə dünya təcrübəsini ölkəmizə gətirməklə qadınlarımızı biznes işinə həvəsləndirə və stimullaşdıra bilərik.
İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova ölkə iqtisadiyyatının inkişafından, sahibkarlığın tərəqqisi üçün həyata keçirilən tədbirlərdən, qadın sahibkarlığının dəstəklənməsindən danışıb. Bildirilib ki, ölkədə həyata keçirilən tədbirlər nəticəsində son illərdə qadın sahibkarların sayı artıb. Fərdi sahibkar kimi fəaliyyət göstərən qadınların 60 faizi regionlarda, 40 faizi isə Bakıda çalışır. Azərbaycanda fəaliyyət göstərən qadın sahibkarlar əsasən yüngül sənaye, tikiş sənayesi, xalçaçılıq, tətbiqi incəsənət, xalq sənətkarlığı, elm və təhsil, yeyinti sənayesi, kənd təsərrüfatı, ticarət və xidmət sahələrində çalışırlar.
S.Həsənova vurğulayıb ki, 2002-2013-cü illər ərzində 2 min 70 qadın sahibkara 60 milyon dollaradək, o cümlədən 2013-cü ildə 430 qadın sahibkara 12 milyon dollaradək güzəştli kredit verilib. Onlara verilən bu kreditlərin hesabına 2002-2013-cü illər ərzində 3 minədək yeni iş yeri açılıb.
Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə bildirib ki, müstəqil Azərbaycanda sahibkarlıq Ulu öndər Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra inkişaf etməyə başlayıb. Sahibkarlıq dövlətin strateji resursudur. Cəmiyyət inkişaf etdikcə qadınların bu sahədə iştirakı da artır. Prezident İlham Əliyev Azərbaycanda qadınların bütün sahələrdə iştirakının fəallaşdırılmasını zəruri bir istiqamət kimi qiymətləndirib. Sahibkarlıq fəaliyyəti ilə bağlı ölkəmizdə mükəmməl qanunvericilik bazası yaradılıb. Ziyad Səmədzadə qadın sahibkarlığının inkişafında mövcud problemlərdən və onların həlli yollarından da danışıb.
Daha sonra Nazirlər Kabinetinin humanitar məsələlər şöbəsinin müdir müavini Qurban Əmirov, BMT-nin Avropa İqtisadi Komissiyasının İcraçı Komitəsinin gender və sosial məsələlər üzrə məsul şəxsi xanım Malinka Koparanova və Dünya Moda Təşkilatının xoşməramlı səfiri xanım Şeyxa Hend Al-Qasemi çıxış edərək konfransın əhəmiyyətindən, qadın sahibkarlığının inkişafının vacibliyindən, Azərbaycanda bu sahədə görülən işlərdən bəhs edib, ölkəmizdə sahibkarlıq fəaliyyəti üçün münbit şəraitin yaradıldığını söyləyiblər.
Sonra konfrans işini sessiyalarla davam etdirib.
“Qadın sahibkarlar və biznes razılaşmaları: müxtəlif istiqamətlər” adlı birinci sessiyada Milli Televiziya və Radio Şurasının üzvü, “Kaspi” Təhsil Mərkəzinin və “Kaspi” qəzetinin təsisçisi, tanınmış şairə, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva çıxış edərək qadın sahibkarlığının inkişafının vacibliyindən, konfransın əhəmiyyətindən, bu sahənin tərəqqisində innovativ metodların tətbiqinin zəruriliyindən danışıb. Sona Vəliyeva bildirib ki, Azərbaycanın müstəqillik dövründə sahibkarlıq yeni bir terminalogiya, iqtisadiyyatda yeni bir məzmun kimi ortaya çıxıb. Bu mənada “sahibkar qadın” ifadəsi cəmiyyət üçün yeni bir termindir.
Sona Vəliyeva vurğulayıb ki, qadın sahibkarlığının inkişafında innovativ metodların tətbiqi, yüksək və keyfiyyətli təhsil vacib məsələdir. Azərbaycanda bu istiqamətdə mühüm layihələr həyata keçirilir, qadın sahibkarlığının inkişafı dövlət səviyyəsində dəstəklənir. Sahibkarlıq vərdişlərinin formalaşmasında təhsilin rolundan danışan S.Vəliyeva “Kaspi” Təhsil Mərkəzində bu istiqamətdə görülən işləri diqqətə çatdırıb.
Konfransın digər sessiyalarında da mövzu ilə əlaqədar çıxışlar olub, müzakirələr aparılıb, təkliflər səsləndirilib.

Paylaş:
Baxılıb: 1087 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30