Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / 7- ci seçki və 7- ci qələbə!

7- ci seçki və 7- ci qələbə!

10.02.2024 [10:00]

Müstəqil Azərbaycanın tarixində daha bir tarixi gün arxada qaldı - fevralın 7-də keçirilən Prezident seçkiləri uğurla baş tutdu. Bu, Azərbaycanın müstəqillik tarixində ölkənin bütün ərazisində keçirilən ilk Prezident seçkiləridir və buna görə də müstəsna tarixi önəm daşıyır. Ölkəmiz 2020-ci ildə ərazi bütövlüyünü, 2023-cü ildə suverenliyini tam bərpa etməklə özünün əsas ümummilli ideyasını reallaşdırmağa nail olduğu bütöv bir mərhələni başa çatdırıb. Baş tutan Prezident seçkiləri keçilən mərhələyə yekun vurmaqla yanaşı, həm də qarşıda yeni ideyaların və çağırışların dayandığı yeni növbəti dövrün başlanğıcıdır.

YAP-ın fəal hazırlığı

Ölkəmizdə son Prezident seçkiləri dövlət başçısının 7 dekabr 2023-cü il tarixində imzaladığı  “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncama uyğun olaraq keçirilib. Hakim partiya olan və sıralarında 720 mindən çox üzvü birləşdirən Yeni Azərbaycan Partiyası (YAP) növbədənkənar Prezident seçkiləri elen olunduqdan sonadək bu siyasi kampaniyada çox fəal şəkildə iştirak edib. Yeni Azərbaycan Partiyasının üzvləri təmsil etdikləri qurumun iqtidarda olmasını özləri üçün imtiyaz yox, ilk növbədə böyük məsuliyyət kimi dəyərləndirirlər. Qeyd edək ki, partiya ötən dövrdə daim fəaliyyətini yeni çağırışlara və reallıqlara uyğun olaraq təkmilləşdirib və çevikliyi artırıb. Yeni Azərbaycan Partiyası iştirak etdiyi 7-ci Prezident seçkilərinə də məsuliyyətli hazırlıq dövrü keçib. Respublikamızda seçkilər zamanı namizədlərin irəli sürülməsi məsələsi Seçki Məcəlləsinin 54-cü maddəsi ilə tənzimlənir. Həmin Məcəllənin 54.1-ci maddəsində qeyd edilir ki, namizədin irəli sürülməsi haqqında qərarı siyasi partiya öz Nizamnaməsinə uyğun olaraq qəbul edir. Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də keçirilmiş VII Qurultayında partiyanın yeni Nizamnaməsi qəbul edilib. Yeni Nizamnaməyə əsasən Seçki Məcəlləsində nəzərdə tutulmuş qaydada seçkilərdə namizədlərin irəli sürülməsi İdarə Heyətinin səlahiyyətinə aid edilib. Yeni Nizamnaməyə uyğun olaraq 15 dekabr 2023-cü il tarixində  Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin genişləndirilmiş iclası keçirilib. İclası açan YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov 2023-cü ilin Azərbaycan xalqının və dövlətinin tarixinə çox əlamətdar il kimi düşdüyünü bildirib. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar ölkəmizdə və onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilib. Eyni zamanda, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2024-cü il fevralın 7-nə Azərbaycan Respublikası Prezidenti seçkiləri təyin olunub. İclasda Yeni Azərbaycan Partiyası növbəti yeddi ilə partiyanın Sədri İlham Əliyevin Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyini irəli sürüb və sonradan bu təşəbbüs ölkəmizdə fəaliyyət göstərən çoxsaylı ictimai təşkilatlar tərəfindən dəstəklənib. İclasda Prezident seçkilərinə namizəd irəli sürmüş YAP-ın iki səlahiyyətli nümayəndəsi təyin edilib. Onlardan biri Yeni Azərbaycan Partiyası sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, digəri isə Yeni Azərbaycan Partiyası Sədrinin müavini, Baş nazirin müavini Əli Əhmədov olub.

YAP seçkilərə digər hazırlıq işlərini də yüksək səviyyədə həyata keçirib. Partiyanın müvafiq strukturları seçkilərə hazırlıq tədbirlərinə son dərəcə məsuliyyətlə yanaşıblar. Seçki ilə bağlı bütün tədbirlər hazırlanan plana uyğun qaydada həyata keçirilib. Dekabrın 17-də YAP Mərkəzi Seçki Qərargahının ilk iclası keçirilib. İclasda 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində İlham Heydər oğlu Əliyevin namizədliyinin təsdiq edilməsi üçün tələb olunan sənədlərin Azərbaycan Respublikası Seçki Məcəlləsinin 54.5 maddəsinə əsasən 2023-cü il dekabrın 16-da Mərkəzi Seçki Komissiyasına təqdim edildiyi, Yeni Azərbaycan Partiyasının Tədbirlər Planında əks olunan digər əsas hərəkət və tədbirlərin də müəyyən olunmuş müddətlərdə icrasının zəruriliyi qeyd olunub. Müzakirələrdən sonra yerli qərargahların yaradılması haqqında qərar qəbul edilib və hər bir inzibati ərazi vahidi üzrə YAP yerli seçki qərargahlarının tərkibi təsdiqlənib. O cümlədən Yeni Azərbaycan Partiyası 50 min seçici imzasının olduğu imza vərəqələrinin hazırlanaraq  Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi prosesini də mütəşəkkil qaydada həyata keçirib. Bu geniş əhatə dairəsinə malik prosesin respublika üzrə birinci olaraq başa çatdırılmasında partiyanın Mərkəzi Aparatı başda olmaqla bütün strukturları, yerli təşkilatlar və sıravi üzvlər yüksək fəallıq ortaya qoyublar.

Yeni Azərbaycan Partiyası çox uğurlu seçkiqabağı təşviqat kampaniyası aparıb. Partiyanın fəallarının iştirakı ilə paytaxtda və bölgələrdə seçicilərlə çoxsaylı görüşlər keçirilib. Həmin görüşlərdə seçicilər bir qayda olaraq Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcı siyasətin alternativi olmadığını bildirir və 7 fevral seçkilərində də YAP-ın namizədinin lehinə səs verəcəklərini vurğulayırdılar.

Nə üçün məhz İlham Əliyev?

İqtidar partiyası olan YAP-ın növbəti yeddi il üçün Azərbaycan Prezidentliyinə öz namizədi qismində partiyanın Sədri İlham Əliyevi irəli sürməsi isə heç də təsadüfi deyil. Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III Qurultayında partiyanın yeni Sədri Prezident İlham Əliyev seçilib. İlham Əliyev respublikamızda 2003-cü ilin oktyabrında keçirilən Prezident seçkilərində inamlı qələbə qazanaraq ölkənin idarəçilik sükanının arxasına keçib. Son 20 ildə respublikamız Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün istiqamətlərdə tarixi uğurlara imza atıb və əsas hədəflərinə çatıb.  Hazırda ölkəmizin nümunəvi inkişaf modeli bütün dünyada maraqla izlənilir və təqdir edilir. Bütövlükdə, son 20 ildə xalqa verilən vədlər bütünlüklə yerinə yetirilib və müstəqil Azərbaycan yeni inkişaf mərhələsinə yüksəlib. Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurlar da Ona olan inamı şərtləndirir.

Ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi Prezident İlham Əliyevin liderliyi ilə əldə etdiyimiz ən böyük uğurdur. 44 günlük müharibədə qazanılan şanlı Zəfər tariximizdə əbədi qalacaq və xalqımız bundan daim qürur duyacaq. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Müharibənin nəticəsində 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Düşmən ağ bayraq qaldırdı və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli bəyanatı imzalasın. Qalib Azərbaycanın şərtləri əsasında hazırlanan bu bəyanatla üzərinə öhdəliklər götürən məğlub Ermənistan sonrakı mərhələdə Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz respublikamıza təhvil verdi. Beləliklə də, Azərbaycan özünün ərazi bütövlüyünü hərbi-siyasi yolla təmin etdi. Cari il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirlərinin cəmi 23 saat ərzində uğurla yekunlaşması ilə Qarabağda separatizmə son qoyulub və bununla da Azərbaycanın suverenliyi bütün ölkə ərazisində tam təmin olunub. Dövlətimizin başçısı oktyabrın 15-də - Prezident seçilməsinin 20 ilinin tamamında Xankəndidə Azərbaycan Bayrağını təntənəli şəkildə ucaltdı. Bir vaxtlar Xankəndidə bayrağımızın ucaldılması, gerbimizin asılması, himnimizin səsləndirlməsi bizə xəyal kimi görünürdü. İndi isə biz bu reallığın sevincini və qürurunu yaşayırıq. İlham Əliyevin Özünün inamla bildirdiyi kimi, bundan sonra Qarabağda, Xankəndidə şanlı bayrağımız əbədi dalğalanacaq! “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi” - deyə Prezident İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Bayrağının ucaldılması ilə bağlı keçirilən tədbirdəki çıxışında vurğulayıb.

YAP-ın namizədinin seçkiqabağı təşviqat platforması

Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin təqdim olunan və təşviqat kampaniyası çərçivəsində geniş müzakirələri aparılan seçki platforması mövcud reallıqlar və yeni çağırışlar nəzərə alınmaqla hazırlanıb. Burada vurğulandığı kimi, hazırda həm ölkəmizdə, həm də regionumuzda yaranmış yeni reallıqlar aydın şəkildə göstərir ki, düşünülmüş, qətiyyətli, prinsipial və milli maraqlara əsaslanan siyasət, bacarıqlı və səmərəli idarəçilik, cəmiyyətin vahid məqsəd və milli ideya ətrafında sıx birliyi və həmrəyliyi sayəsində ən mürəkkəb məsələlərin həllinə nail olmaq mümkündür.

Seçki platformasında bütün istiqamətlər üzrə ölkəmizin qarşısında duran strateji məqsədlər göstərilib. Əslində, burada əksini tapan məsələlər bütöv bir mərhələ üçün yol xəritəsidir.  Bu gün Azərbaycan xalqı formalaşmış yeni reallıqlar mühitində inamla və qürurla öz inkişafının növbəti mərhələsinə qədəm qoyub. Seçki platformasında qeyd olunur ki, yeni dövrdə qarşıda duran strateji vəzifələrimiz müstəqilliyimizi, əldə olunmuş nailiyyətləri daha da möhkəmləndirmək, Azərbaycanı davamlı və dayanıqlı inkişaf edən ölkəyə çevirməkdir. İşğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa və yenidənqurma işlərinin, Böyük Qayıdışın davam etdirilməsi, təhlükəsizliyin təmin olunması və müasir ordu quruculuğu, qabaqcıl elmə və yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşdırılması, cəmiyyətin rifahının yüksəldilməsi, dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, müstəqil xarici siyasət sayəsində Azərbaycanın beynəlxalq mövqelərinin daha da gücləndirilməsi, cəmiyyət həyatında şəffaflığın və ictimai iştirakçılığın, həmçinin ölkədə mövcud siyasi dialoqun dərinləşdirilməsi, zəngin mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin qorunması və digər məsələlər həyata keçirilən siyasətin prioritet istiqamətləri olacaqdır.

YAP Sədri İlham Əliyevin seçki platformasında xüsusi olaraq  hər bir vətəndaşın rifahının davamlı yaxşılaşdırılması yenə prioritet vəzifə müəyyənləşdirilib. 2003-2023-cü illərdə dövlətin sosial müdafiə və sosial təminat xərcləri 20 dəfədən çox artmış, orta aylıq nominal əməkhaqqı isə 12 dəfə yüksələrək 923,1 manata çatmışdır. Son beş ildə 4 milyon vətəndaşı əhatə edən 4 sosial islahat paketi icra olunmuş, minimum pensiya məbləği 2,5 dəfə, orta pensiya məbləği 2,1 dəfə, sosial müavinət və təqaüd ödənişləri 5 dəfəyə yaxın artıb. Geniş əhatə dairəsinə malik dərinməzmunlu sosial siyasət  eyni ardıcıllıqla 2024-2031-ci illərdə də davam etdiriləcək.O cümlədən ölkəmizdə hər kəsə çəkdiyi zəhmətin daha layiqli dəyərini alması üçün imkanlar yaradılacaq, dövlət qayğısı və sosial müdafiə sahəsində ünvanlılığa diqqətin artırılması, əhalinin sosial təminatının gücləndirilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması təmin ediləcək.

Zəfər seçkilərinin də qalibi Yeni Azərbaycan Partiyası oldu

Azərbaycanda keçirilən seçkilərin ən önəmlisi Prezident seçkiləridir. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunmasından sonra respublikamızda ilk olaraq Prezident seçkilərinin keçirilməsi də məhz bu amillə bağlıdır. Azərbaycan Respublikası Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir.

Yeni Azərbaycan Partiyası indiyədək iştirakçısı olduğu bütün seçkilərin, o cümlədən də adıcıl olaraq Prezident seçkilərinin qalibi olub ki, bu da ilk növbədə YAP-ın Liderinin fəaliyyəti və cəmiyyətdəki nüfuzu ilə bağlıdır.

Xatırladaq ki, YAP-ın qurucusu Heydər Əliyev ilk dəfə Prezident seçkilərinə 1993-cü il oktyabrın 3-də üç namizədin iştirakı ilə keçirilən seçkilərdə qatılıb. Həmin  seçkilərdə Heydər Əliyev 98.84 faiz səslə Azərbaycan Prezidenti seçilib. Müstəqil Azərbaycanda sayca 4-cü Prezident seçkiləri 11 oktyabr 1998-ci ildə keçirilib. Səsvermədə 3.358.465 seçici iştirak edib ki, bu da seçici siyahılarında qeydə alınan seçicilərin ümumi sayının 79, 18 faizini təşkil edirdi. Həmin seçkilərdə iştirak etmiş seçicilərin 2.556.059 nəfəri və ya 76,11 faizi ölkə Prezidentliyinə altı namizəddən biri olan YAP

Lideri Əliyev Heydər Əlirza oğluna səs verib. Azərbaycanda baş tutan növbəti Prezident seçkiləri 2003-cü il 15 oktyabr tarixində keçirilib. Demokratik qaydada keçirilən seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 71.5 faizi (3,046,401 vətəndaş) iştirak edib. Azad, ədalətli və şəffaf şəkildə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının  namizədi İlham Əliyev ümumi seçicilərin 2 milyon 438 min 787 nəfərinin səsini qazanaraq, yəni 76.84 faizdən çox səs toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilib.

2008-ci il 15 oktyabr tarixində baş tutan seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 75,64 faizi (3,700,634 vətəndaş) iştirak edib. Seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.

Müstəqil Azərbaycanın tarixində növbəti Prezident seçkiləri 2013-cü il oktyabr ayının 9-da keçirilib. Seçkilərə 10 namizəd qatılıb.  Seçici fəallığı 72,31 faiz olub. Seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 5 fevral 2018-ci il tarixli Sərəncamına əsasən 2018-ci il aprelin 11-də Azərbaycanda növbədənkənar Prezident seçkilərinin keçirilməsi qərara alındı. Seçkilərdə 8 namizəd mübarizə aparırdı. Prezident İlham Əliyevin namizədliyi Yeni Azərbaycan Partiyası, Araz Əlizadənin namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası, Qüdrət Həsənquliyevin namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Fərəc Quliyevin namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası, Hafiz Hacıyevin namizədliyi Müasir Müsavat Partiyası, Sərdar Məmmədovun namizədliyi Azərbaycan Demokrat Partiyası, Razi Nurullayevin namizədliyi Cəbhəçilərin təşəbbüs qrupu, Zahid Orucun namizədliyi isə özü tərəfindən irəli sürülmüşdü.

125 dairənin 5641 seçki məntəqəsində keçirilən seçkiləri 61 təşkilat, 59 ölkədən olmaqla 894 beynəlxalq müşahidəçi izləyirdi. Seçkiləri müşahidə edən yerli müşahidəçilərin sayı isə 58 min 175 nəfər idi. Şəffaflığın təmin olunması məqsədilə digər vasitələrlə yanaşı, işğal olunmuş ərazilər istisna olmaqla bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində və ya seçki məntəqələrinin təqribən 20 faizində veb-kameralar quraşdırılmışdı.

Seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi

İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq qalib gəldi. Zahid Oruca 3,12 faiz, Sərdar Məmmədova 3,03 faiz, Qüdrət Həsənquliyevə 3,02 faiz, Hafiz Hacıyevə 1,52 faiz, Araz Əlizadəyə 1,38, Fərəc Quliyevə 1,17 faiz, Razi Nurullayevə isə 0,74 faiz səs verildi. Prezident İlham Əliyevin andiçmə mərasimi 2018-ci il aprelin 18-də Milli Məclisdə keçirildi.

Fevralın 7-də baş tutan Zəfər seçkiləri Yeni Azərbaycan Partiyasının qatıldığı sayca 7-ci Prezident seçkiləridir.

YAP-ın layiqli namizədi bu seçkilərdə də inamlı qələbə qazanmaqla partiyamızı 7-ci dəfə qalib etdi. İlk növbədə onu vurğulayaq ki, son seçkilər yüksək seçici fəallığı şəraitində keçib. Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən,  respublika üzrə seçicilərin 76.73 faizi (4 milyon 971 min 32 nəfər) səs verib. İlkin nəticələrə görə, hakim Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi İlham Əliyev 92 faizdən çox səs toplamaqla yenidən Azərbaycan Prezidenti seçilib.

7 fevral seçkilərinin elan olunan ilkin nəticələri Azərbaycan cəmiyyətinin YAP-ın Lideri, ölkə Prezidenti İlham Əliyevə dərin inamının getdikcə artdığını bir daha təsdiqləyir. Seçkilərdə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “Oracle Advisory Group” təşkilatı ilə birgə 40 seçki dairəsi üzrə 500 seçki məntəqəsində, Rəy Monitorinq Mərkəzi 33 seçki dairəsi üzrə 200 seçki məntəqəsində, “Sosioloji Tədqiqatlar Mərkəzi” MMC 25 seçki dairəsi üzrə 125 seçki məntəqəsində “exit-poll” keçirib. “Exit-poll” nəticələrinə görə, seçicilər azad şəkildə iradələrini nümayiş etdiriblər. Keçirilən exit-polların açıqladığı nəticələrlə MSK-nın açıqladığı ilkin nəticələr arasında cüzi fərq olub. Bu da bütün ölkə üzrə seçkilərin tam demokratik şəraitdə keçdiyini təsdiqləyir.

Eyni zamanda, Azərbaycanda keçirilən seçkilər bütün dünyada böyük maraqla izlənilib. “Exit-poll”un nəticələri elan olunduqdan sonra seçkilərin qalibi İlham Əliyevin ünvanına ayrı-ayrı ölkələrin dövlət və hökumət başçılarından, beynəlxalq təşkilatların rəhbərlərindən təbriklər daxil olmağa başlayıb. Bu təbriklərdə bir qayda olaraq Prezident İlham Əliyevin irəli sürdüyü regional və qlobal əhəmiyyətli təşəbbüslər qeyd olunaraq Onun liderliyinə yüksək qiymət verilir.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 208 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Saxta üz kremləri...

21 Fevral 11:14

Xəbər lenti

Mənəviyyat bayrağı

21 Fevral 10:44

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29