Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Diplomatik əlaqələrin 30-cu ilində...

Diplomatik əlaqələrin 30-cu ilində...

25.06.2022 [09:52]

Müttəfiqlik münasibətlərinin gücləndirilməsi və regional təhlükəsizlik məsələləri xüsusi diqqət mərkəzində...

NURLAN

Prezident İlham Əliyevin Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbulu zamanı mühüm məsələlər müzakirə olundu, önəmli mesajlar verildi. Səsləndirilən fikirlər iki ölkənin çoxşaxəli münasibətləri inkişaf etdirmək niyyətini, həmçinin qarşılıqlı faydalı əməkdaşlığın regional təhlükəsizlik baxımından böyük əhəmiyyətə malik olduğunu nümayiş etdirdi.

Fəal siyasi dialoq, intensiv təmaslar

Azərbaycan bu gün regionda və dünyada güclü-qüdrətli, nüfuzlu və prinsipial mövqeyi olan dövlət, etibarlı tərəfdaş kimi tanınır. Ölkəmiz müstəqil xarici siyasət həyata keçirir və öz maraqlarını qoruyur. Regionda mühüm təsir mexanizmlərinə malik Rusiya ilə münasibətlərin inkişafı isə hazırkı mürəkkəb regional vəziyyətdə və beynəlxalq münasibətlər şəraitində milli mənafelərin təmini baxımından olduqca önəmlidir. Nəzərə almaq lazımdır ki, Moskva ilə Bakı arasında fəal siyasi dialoq, intensiv təmaslar var. Rusiya Azərbaycanı bərabərhüquqlu və etibarlı tərəfdaş kimi dəyərləndirir, əməkdaşlığın inkişafında maraqlı olduğunu nümayiş etdirir.

Münasibətlərdə müsbət dinamikanın qeydə alınması isə təsadüfi deyil və tərəflərin geosiyasi iradəsinin ifadəsi, yaxud nəticəsidir. Ümumiyyətlə, iki ölkəni dostluq və əməkdaşlıq ənənələri bağlayır. Əlaqələr qarşılıqlı-faydalı tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır. Bütövlükdə, Rusiya-Azərbaycan münasibətləri çoxşaxəlidir, hər iki ölkənin strateji maraqlarına cavab verir.

Münasibətlərimizin gələcək inkişafı üçün...

Prezident İlham Əliyevin 2022-ci ilin fevral ayında Rusiyaya 48-ci səfəri zamanı 43 maddədən ibarət Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanması isə strateji əhəmiyyətə malik olmaqla keyfiyyətcə yeni mərhələnin başlanğıcını ifadə edir.

Bəhs olunan qəbulda bu məsələyə toxunan Prezident İlham Əliyev deyib ki, bu ilin əvvəlində Moskvada Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanması bizim münasibətlərə, münasibətlərimizin yeni mərhələsinə yaxşı start, belə müsbət ahəng, dinamika verdi. “Hesab edirəm ki, bizim münasibətlərimizin gələcək inkişafı üçün bu əsas sənəd çoxillik, çox səmərəli əməkdaşlığın gözəl yekunudur. Bəyannamənin müddəalarının implementasiyası çərçivəsində artıq xeyli iş görülüb” ,- deyən ölkə başçısı söyləyib ki, Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə bizim ikitərəfli münasibətlərdə çox mühüm addımdır və artıq dediyim kimi o, bizim əlaqələrimizin inkişaf yollarını müəyyən edəcək.

Azərbaycan ilə Rusiya arasında imzalanmış müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə təkcə ikitərəfli əməkdaşlıq və təhlükəsizlik məsələlərini özündə ehtiva etmir. Bu, eyni zamanda, regional təhlükəsizlik məsələlərini və ya bölgədə ümumi təhdidlərə qarşı birgə - koordinasiya edilmiş fəaliyyəti də əks etdirir. Bu, regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verən Azərbaycanın timsalında etibarlı tərəfdaşla əməkdaşlığa xüsusi  önəm verildiyini göstərir. 

Ümumiyyətlə, regionda mühüm təsir imkanlarına malik dövlətlər ilə müttəfiqlik münasibətlərinin formalaşdırılması və inkişaf etdirilməsi yeni imkanlar, mühüm üstünlüklər qazandırır. Bu, bəzi “ekspert”lərin iddia etdikləri kimi, Bakının prioritet hesab etdiyi məsələlərdə prinsipial mövqe nümayiş etdirməsinə, milli maraqlara və beynəlxalq hüquq normalarına əsaslanan istədiyi qərarı qəbul etməsinə əngəl yaratmır - mane olmur. Əksinə, Azərbaycanın geosiyasi təsir dairəsi genişlənir, milli təhlükəsizliyə yönəlmiş təhdidlərə qarşı mübarizə mexanizmi gücləndirilir, ölkə ayrı-ayrı güc mərkəzlərinin toqquşma məkanına deyil, uzlaşma və əməkdaşlıq məkanına çevrilir. Konkret olaraq Türkiyə və Rusiya ilə müttəfiq olmaq, yaxın zamanlarda Avropa İttifaqı ilə ikitərəfli sazişin imzalanması perspektivi siyasi-strateji və diplomatik avantajdır. Bakı Cənubi Qafqazda prosesləri öz geostrateji iradəsi, geosiyasi təqvimi isə öz vaxtı saatı ilə tənzimləyir.

Mövqeyimiz bəllidir

Daha bir mühüm məqama nəzər salmaq məqsədəmüvafiq olar. Belə ki, Müttəfiqlik Bəyannaməsinin səciyyəvi xüsusiyyətlərindən biri yeni geosiyasi situasiyanı, daha dəqiq desək, Azərbaycanın yaratdığı reallıqları - postmüharibə dövrünü əks etdirməsidir. Sənəddə keçmiş münaqişəyə son qoymuş 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın, eləcə də 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanır. Bu, Azərbaycanın milli maraqlarına tam uyğundur, postmünaqişə mərhələsində regional sülh və təhlükəsizliyin təmin olunmasına hədəflənən aydın mövqedir. Çünki üçtərəfli bəyanatların müddəalarının icra edilməsi erməni silahlı birləşmələrinin qalıqlarının Azərbaycan ərazisindən tam çıxarılmasını, Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanımasını, sülh müqaviləsinin imzalanmasını, kommunikasiyaların bərpasını və digər məsələləri ehtiva edir. Bu isə  proseslərin Azərbaycanın mövqeyinə və mənafelərinə uyğun cərəyan etməsi deməkdir. Separatizmə qarşı mübarizənin də Bəyannamədə öhdəlik kimi müəyyən olunması regional məsələlərə yeni reallıqlar əsasında baxışı ifadə edir. Yəni Qarabağ  münaqişəsi həllini tapıb, status və status-kvodan söhbət gedə bilməz.

Yeri gəlmişkən, Prezident İlham Əliyev sözügedən qəbulda bu məsələlərlə əlaqədar Azərbaycanın mövqeyini  bir daha xatırladıb: “Siz bizim mövqeyimizi bilirsiniz. Bu mövqe regionda uzunmüddətli sülhün bərqərar olmasına yönəlib. Əminəm ki, göstərdiyimiz səylər Ermənistan tərəfindən də müsbət qəbul ediləcək və çoxillik qarşıdurmaya son qoyulacaq. Sülh müqaviləsi üzərində işə başlamaq barədə bizim təklifimiz hələlik cavabsız qalır, lakin biz hələ ümid edirik ki, bu təklif müsbət qəbul ediləcək”.

Bəli, Azərbaycan müharibənin bitməsi - yeni mərhələnin başlanması reallığını qəbul etdirib, yeni strateji yanaşmaların ortaya qoyulmasını zərurətə çevirib. Yeni mərhələdə bölgədə sabitlik və əməkdaşlıq mühitinin formalaşması, qarşıdurma və təhdidlərin istisna olunması üçün Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması vacibdir. Bu məsələ müxtəlif görüşlər çərçivəsində müzakirə olunur. Və faktdır ki, Bakı hər zaman öhdəliklərə sadiq olub və bu gün də sadiqdir. Təsadüfi deyil ki, Azərbaycanın haqlı mövqeyi dəstəklənir - yanaşması təqdir olunur. Çünki, hərb meydanında qalib gələn Azərbaycanın diplomatik müstəvidə strateji gedişləri bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq ortamı formalaşdırır. Cənubi Qafqazın bir əsrlik geosiyasi arxitekturası dəyişir, uzun illər hərbi-siyasi toqquşma məkanı olan, gərginliyin və narahatlığın hökm sürdüyü regionda əməkdaşlıq, inteqrasiya üçün yeni imkanlar meydana çıxır. Bu, regionda bütün qüvvələr üçün faydalı və perspektivlidir.

Yeri gəlmişkən, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan rusiyalı həmkarı Sergey Lavrov ilə  bir sıra məsələləri, o cümlədən Ermənistanla sülh sazişinin imzalanmasını müzakirə edib. Tərəflər bölgədəki vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, sərhədlərin delimitasiyası üzrə komissiyaların fəaliyyəti, kommunikasiyaların açılması, sülh sazişinin imzalanması məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Ceyhun Bayramov Lavrovla birgə keçirilən mətbuat konfransında “Azərbaycan hesab edir ki, bu münaqişə keçmişdə qalıb və daimi sülh və regionda sabitliyin təmini üçün əldə edilmiş razılaşmaya əməl edilməlidir. Biz hər dəfə Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında üçtərəfli razılığın əldə olunmasında Rusiya Federasiyasının rolunu yüksək qiymətləndiririk. Azərbaycan tərəfinin mövqeyi ondan ibarətdir ki, dövlətlərarası münasibətlərin normallaşdırılması üçün əldə olunan razılığa əməl olunması vacibdir. Bu da bütün regionda əlaqələrin inkişafının təminatçısıdır, çünki iki ölkə arasında əlaqələrin normallaşmasının uzanması, onun süni uzadılması neqativ nəticələr və ciddi risklər yaradır”, - deyə bildirib.

Nəticə etibarilə, Bakı ilə Moskvanın geosiyasi gündəliyi bir çox məsələləri özündə ehtiva edir. İkitərəfli münasibətlərin inkişafı, əməkdaşlığın dərinləşdirilməsi və Müttəfiqlik Bəyannaməsindən irəli gələn digər məsələlər, eləcə də regional təhlükəsizlik məsələsi tərəflərin xüsusi diqqət mərkəzindədir.

Paylaş:
Baxılıb: 216 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Maraqlı

Xəbər lenti

94 il əvvəl...

13 Avqust 11:31

Ədəbiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

13 Avqust 10:25

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

12 Avqust 10:29

İqtisadiyyat

MEDİA

Gender bərabərliyi

12 Avqust 10:21

Yeni texnologiyalar

Xəbər lenti

4 ildən sonra...

12 Avqust 10:16

Siyasət

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31