Ana səhifə »  Gündəm »  Prezident, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşüb
A+   Yenilə  A-
Prezident, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı görüşdə nitq söylədi.

Prezident İlham Əliyevin
nitqi

-Əziz hərbçilər.

Mən sizi və bütün Azərbaycan xalqını Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edirəm. Xahiş edirəm ki, görüşümüzün əvvəlində Vətən müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Əyləşin.

Biz şəhidlərimizin qisasını döyüş meydanında aldıq. Dəfələrlə demişdim ki, bizim şəhidlərimizin qanı yerdə qalmayacaq. Belə də oldu. İkinci Qarabağ müharibəsi Azərbaycanın tam Qələbəsi ilə nəticələndi.

İyunun 26-sı Silahlı Qüvvələr Günüdür. Bu günü biz hər il təntənə ilə qeyd edirdik. Müxtəlif tədbirlər keçirilirdi. Hər il 26 iyun tarixində hərbçilərlə görüşlər əsnasında mən deyirdim ki, gün gələcək biz öz doğma torpağımıza qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Deyirdim ki, əgər bu, danışıqlar yolu ilə mümkün olmayacaqsa, məsələni hərbi yolla həll edəcəyik. Belə də oldu. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etmişdir.

Hər il bu bayramı qeyd edərkən biz özümüzə söz verirdik ki, nəyin bahasına olursa-olsun doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik. Bu gün qürur hissi ilə deyə bilərəm ki, biz Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır. Biz bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib, düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik.

Biz bu günü yaxınlaşdırmaq üçün hazırlaşırdıq. Mən öz çıxışlarımda dəfələrlə demişdim ki, hər gün biz bu günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırdıq. Görəndə ki, dünyada beynəlxalq hüququn norma və prinsipləri kobudcasına pozulur, aparıcı beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoyulmur, işğalçı Ermənistan daha da azğınlaşır, bizim torpağımızdan çıxmaq istəmir, əlbəttə, biz daha ciddi hazırlaşmalı idik. Bu hazırlıq hərtərəfli olmalı idi. Bu hazırlıq işlərinə biz vahid konsepsiya çərçivəsində yaxınlaşırdıq və bunu müəyyən edirdik.

Əlbəttə ki, Birinci Qarabağ müharibəsi bizim üçün böyük faciə idi, milli faciə idi. Eyni zamanda, bu, böyük humanitar fəlakətə gətirib çıxardı. Çünki o vaxt Azərbaycan əhalisinin sayı səkkiz milyon idi, onlardan bir milyonu qaçqın və məcburi köçkün vəziyyətində yaşamalı olmuşdur. Bizim iqtisadiyyatımız demək olar ki, tamamilə dağıdılmışdı, sənaye potensialı məhv edilmişdi, iqtisadi inkişaf haqqında söhbət belə getmirdi. Bu böyük humanitar fəlakət, əlbəttə ki, ölkəmizi uçurum kənarına qoymuşdu.

Azərbaycan xalqı o ağır günlərdə müdriklik göstərərək Heydər Əliyevə üz tutdu, onu hakimiyyətə dəvət etdi. O, hakimiyyətə gələndən sonra Azərbaycanda işlər müsbət istiqamətdə getməyə başlamışdır. O cümlədən ordu quruculuğu sahəsində böyük islahatlar aparılmışdır. Nizami ordu quruculuğu məhz o illərdə başlamışdır.

Bir daha demək istəyirəm ki, bizim hazırlığımız hərtərəfli olmalı idi. Çünki biz, ilk növbədə, beynəlxalq müstəvidə uğur qazanmalı idik və buna nail olduq. Son illər ərzində aparıcı beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etmişlər. Mən bu barədə müharibədən əvvəl dəfələrlə öz fikirlərimi bildirirdim və vətəndaşlara bu fikri çatdırmağa çalışırdım ki, bu, münaqişənin həlli üçün əsas amillərdən biridir. Çünki biz sübut etməli idik ki, beynəlxalq hüquq bizim tərəfimizdədir. Biz sübut etməli idik ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Nə üçün sübut etməli idik? Çünki Ermənistan, onun xaricdəki havadarları, erməni lobbisi vəziyyətlə bağlı tam təhrif edilmiş mənzərə ortaya qoyurdular. Əfsuslar olsun ki, ermənipərəst qüvvələr, Ermənistanın xaricdəki havadarları bu saxta reallığı gerçəyə çevirməyə çalışırdılar. Bizim isə imkanlarımız çox məhdud idi. Ona görə beynəlxalq müstəvidə real həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, mötəbər beynəlxalq təşkilatların qərarlarını qəbul etdirmək bizim üçün başlıca vəzifə idi. Belə də oldu. Aparıcı beynəlxalq təşkilatlar – BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, hətta daim bizə qarşı ədalətsiz mövqe sərgiləyən Avropa Parlamenti, Avropa Şurası məcbur olub həqiqəti əks etdirən, bizim maraqlarımıza cavab verən qərar və qətnamələr qəbul etmişlər. Bu, məsələnin beynəlxalq tərəfi idi.

Eyni zamanda, biz ikitərəfli formatda əlaqələrimizi gücləndirməli idik. Baxın, görün, son illər ərzində bizim dostlarımızın sayı nə qədər artıb. Bu gün Azərbaycanla daha yaxın əlaqələr qurmaq istəyən ölkələrin sayı durmadan artır və İkinci Qarabağ müharibəsi onu bir daha göstərdi. Ermənistan demək olar ki, tamamilə təcrid edilmiş vəziyyətdə idi. Bəzi ermənipərəst xarici dairələrin çıxışlarını, bəyanatlarını mən indi kənara qoyuram. Amma bizim yorulmaz fəaliyyətimiz nəticəsində bütövlükdə dünyada bu müharibə ilə bağlı artıq tam konkret və həqiqəti əks etdirən təsəvvür var idi. O cümlədən ikitərəfli formatda bir çox ölkələrlə bərabərhüquqlu və qarşılıqlı maraqlar üzərində qurduğumuz münasibətlər bizim gücümüzü artırırdı. Qardaş ölkələr - Türkiyə başda olmaqla Pakistan və Əfqanıstan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər ölkələr müharibənin ilk saatlarından bizə öz dəstəyini göstərirdi. Bu, əyani şəkildə onu göstərir ki, bizim nə qədər güclü beynəlxalq dəstəyimiz vardır. Ermənistanı kim dəstəklədi? Biz onu yaxşı bilirik və o ölkələrin adlarını bugünkü mərasimdə çəkmək yersizdir. Ancaq o bəyanatlar nəyi dəyişdi? Heç nəyi. Çünki biz ortalığa beynəlxalq hüquq qoymuşuq, ədalət qoymuşuq, güc qoymuşuq.

Mən dəfələrlə deyirdim ki, beynəlxalq hüquq normaları işləmir. Dəfələrlə deyirdim ki, böyük dövlətlər onlara sərf edən qərarları icra edirlər, sərf etməyən qərarları icra etmirlər. Əks təqdirdə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş və erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən qətnamələr 30 il ərzində kağız üzərində qalmazdı. Biz gördük ki, beynəlxalq hüquq normaları elə bil kiçik ölkələr, orta səviyyəli, gücü o qədər olmayan ölkələr üçün yazılıb. Böyük ölkələr buna məhəl qoymaya bilərlər və heç bir icra mexanizmi yoxdur. Əlbəttə ki, güc amili ön plana çıxmışdı. Müharibədən bir neçə il əvvəl mən bunu öz çıxışlarımda açıq deyirdim: biz güc toplamalıyıq və bu məsələ güc hesabına öz həllini tapacaq.

Bununla paralel olaraq biz iqtisadi güc toplamalı idik. Bizim hazırlıq işlərimizdə bu amil deyə bilərəm ki, aparıcı rol oynamışdır. Çünki açıq-aydın dərk edirdik ki, iqtisadi müstəqillik olmasa, biz istədiyimizə nail ola bilmərik. Çünki biz 1990-cı illərin əvvəllərini yaxşı xatırlayırıq. Bizim vəsaitimiz yox idi, xəzinə boş idi, inflyasiya min faiz səviyyəsində idi, kütləvi işsizlik və səfalət hökm sürürdü, biz iqtisadi cəhətdən asılı vəziyyətdə idik. Ona görə iqtisadi müstəqillik əldə etmək Prezident kimi mənim başlıca vəzifələrimdən biri idi və biz bunu artıq neçə ildir ki, təmin etmişik. Bu gün heç kimdən asılı deyilik. Bu gün iqtisadi göstəricilərə görə Azərbaycan dünyada aparıcı yerlərdədir. Təkcə onu demək kifayətdir ki, bu gün inkişaf etmiş ölkələrdə xarici borc o ölkələrin ümumi daxili məhsulundan daha çoxdur. Amma Azərbaycanda xarici borc ümumi daxili məhsulun heç 20 faizini təşkil etmir. Bundan əlavə, bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 6 dəfə üstələyir. Ona görə iqtisadi müstəqilliyi əldə etmək, özü də çətin geosiyasi vəziyyətdə və o qədər də böyük maliyyə resursumuz olmayan dövrdə əsl siyasi məharət və uzaqgörənlik tələb edirdi və biz buna nail olduq. Azərbaycan artıq neçə ildir ki, heç kimdən asılı deyil. Əksinə, Azərbaycan özü kömək göstərir, Azərbaycan donor ölkədir, pandemiya dövründə 30-dan çox ölkəyə kömək göstərib və bu ölkələr bizim dost ölkələrimizdir. Onlar da öz növbəsində bizi dəstəkləyirlər.

Onu da bildirməliyəm ki, müharibə dövründə bəzi ölkələr, BMT Təhlükəsizlik Şurasının üzvləri BMT Təhlükəsizlik Şurasında bizim əleyhimizə bəzi təşəbbüslər irəli sürmüşdülər və o təşəbbüslərin çox mənfi fəsadları ola bilərdi. Bu, bir daha Azərbaycana qarşı ədalətsizliyin növbəti təzahürü idi. Çünki biz öz torpağımızda vuruşurduq, öz ərazi bütövlüyümüzü bərpa edirdik. Bizim işimiz haqq işi idi. Buna baxmayaraq, ermənipərəst dairələr və ölkələr bizə qarşı tamamilə reallığı əks etdirməyən qətnamə qəbul etdirməyə çalışırdılar. Kim bizi müdafiə etdi? BMT Təhlükəsizlik Şurasında təmsil olunan Qoşulmama Hərəkatına üzv ölkələr. Onlar bizi müdafiə etdi və biz onlara minnətdarıq. Məhz onların səyi nəticəsində anti-Azərbaycan bəyanat qəbul edilmədi. Biz buna nəyin hesabına nail olmuşuq?! Əlbəttə ki, diplomatiya, siyasi əlaqələr və iqtisadi imkanlar hesabına. Biz son illər ərzində o qədər ölkəyə kömək göstərmişik və bu köməyi davam etdiririk. Əlbəttə, bu, həmin ölkələrin yaddaşında daim qalacaq. Bizə lazım olan anda biz bu dəstəyi görmüşük və bu, bizə kömək etdi. Ona görə beynəlxalq müstəvidə hazırlıqla bərabər, iqtisadi sahədə də hazırlıq gedirdi. Təbii ki, hərbi sahədə də çoxşaxəli hazırlıq gedirdi. Ordumuzun silah-sursatla təchiz edilməsi, - biz buna nail olduq, - həm də İkinci Qarabağ müharibəsi bizim imkanlarımızı bütün dünyaya göstərdi. Hətta bu gün mənə verilən məlumata görə, bəzi aparıcı Qərb mətbu orqanlarında, analitik dərgilərdə belə bir fikir ortalığa atılıb ki, hətta dünyanın aparıcı ölkəsi bizim qarşımızda olsaydı, onların da bizim qabağımızda heç bir şansı olmayacaqdı. Yəni, bu, onu göstərir ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Mən bunu dəfələrlə deyirdim, hərbçilərlə görüşlər əsnasında, digər tədbirlərdə deyirdim, bu gün biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ona görə ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması - bütün bunlar məqsədyönlü şəkildə apardığımız siyasətin tərkib hissəsi idi.

Bütün başqa sahələrdə hazırlıq gedirdi. Bizim texniki imkanlarımız böyük dərəcədə artmışdır və İkinci Qarabağ müharibəsində biz bunu bir daha nümayiş etdirdik. Nümayiş etdirdik ki, istənilən məsələ öz həllini tapa bilər. Biz bizdə mövcud olan texnikanı səfərbər etmişik və bu gün postmüharibə dövründə bu imkanlardan istifadə edirik.

Biz indi böyük quruculuq işlərinə start vermişik. Baxın, müharibədən cəmi 7 ay keçib, nə qədər böyük işlər görmüşük. Əgər bizdə bu hazırlıq olmasaydı, biz bunu edə bilməzdik. İndi nə qədər vəsaitin olursa-olsun, əgər sənin texniki imkanın yoxdursa, kadr potensialın yoxdursa, infrastruktur layihələri vaxtında icra edilməyibsə, bunların heç yüzdəbirini edə bilməzsən. Amma bu gün misli görünməmiş bərpa işləri aparılır. Nəyin hesabına? Məhz hazırlıq hesabına. Ona görə biz güclü dövlət yaratmışıq, mən son illərdə dəfələrlə demişdim və bax, həyat mənim sözümü təsdiqlədi ki, bugünkü Azərbaycan bütün tarix boyunca ən qüdrətli Azərbaycandır və çoxəsrlik tarixində heç vaxt Azərbaycan indiki qədər güclü olmamışdır.

Bizim hazırlıq işlərinin aparılmasında əsas amil xalq-iqtidar birliyi olmuşdur. Çünki bizim siyasətimiz xalq tərəfindən dəstəklənir, bizim siyasətimizə böyük inam var. Müharibə və onun nəticələri bir daha Azərbaycan xalqını əmin etdi ki, bu inamı bizə Azərbaycan xalqı bəxş etmişdir. Çünki nəyi demişiksə, onu da etmişik. Biz “nəyi nə vaxt, necə etmək lazımdır bilirik” deyəndə, məhz bunu nəzərdə tuturduq.

Biz Ermənistana şans vermişdik və danışıqlarda iştirakımız, - mən bunu əvvəllər də demişəm, - bizim ən böyük güzəştimiz ola bilərdi. Ərazi bütövlüyü məsələlərində hər hansı bir güzəştdən söhbət gedə bilməzdi və bu mövqe bəllidir. Mən bunu Azərbaycan xalqına dəfələrlə çatdırmışdım ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və heç vaxt olmayacaq. Dağlıq Qarabağ Azərbaycan torpağıdır və biz ərazi bütövlüyümüzü tam bərpa etməliyik və bu mövqe xalq tərəfindən dəstəklənirdi. Çünki bunun başqa variantı ola bilməzdi. Danışıqlarda iştirakımız Ermənistana şans verirdi ki, bu məsələ qan tökülmədən öz həllini tapsın. Ancaq Ermənistan yəqin ki, bunu başqa cür yozurdu. Bəlkə də hesab edirdi ki, biz tərəddüd edirik. Bəlkə də hesab edirdi ki, biz öz ərazi bütövlüyümüzü bərpa etməyəcəyik. Bəlkə də hesab edirdi ki, biz bu vəziyyətlə barışa bilərik. Halbuki, mən dəfələrlə demişdim ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, nəyin bahasına olursa-olsun öz ərazi bütövlüyümüzü bərpa edəcəyik.

Ermənistanın danışıqlar prosesində sərgilədiyi riyakar mövqe deyə bilərəm ki, vasitəçiləri də artıq bezdirmişdi. Çünki Ermənistan və onun rəhbərliyi beynəlxalq vasitəçiləri də aldatmağa çalışırdı. Elə şərtlər qoyurdu ki, bəri başdan hər kəs bilirdi, bu şərtlər qəbuledilməzdir. Mən demişdim, heç vaxt imkan verə bilmərik ki, bizim tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın. Birinci erməni dövləti bizim tarixi torpağımızda yaradılıb. Bunu indi bütün dünya bilir, tarixçilər bilir. Deyirdim ki, əgər kimsə ermənilər üçün ikinci dövlət yaratmaq istəyirsə, bunu öz ərazisində yaratsın, Azərbaycanın ərazisində yox. Bu mövqe tarixi ədalətə əsaslanırdı, biz bunu bəyan edirdik və Ermənistana şans verirdik. Ancaq onlar bu şansdan istifadə etmədilər.

2016-cı ilin Aprel döyüşləri onlara vurulan ciddi zərbə idi. Düzdür, ondan sonra onlar bəyan etməyə çalışırdılar ki, guya Aprel döyüşlərində qalib gəldilər. Mən isə o vaxt sual verirdim ki, biz onların qazdıqları səngərlərdə oturmuşuq, biz onların tutduqları yüksəklikləri ələ keçirmişik. Necə ola bilər ki, onlar qalib gəldilər? Yəni, bu, növbəti yalanın təzahürü idi. Eyni zamanda, Aprel döyüşlərindən sonra Ermənistanın müdafiə naziri biabırcasına vəzifəsindən qovuldu. Bir çox generallar vəzifələrindən qovuldular. Əgər onlar qalib gəlmişdilərsə, nə üçün bu insanlar öz vəzifələrindən qovulmuşdular? Biz Aprel döyüşlərindən sonra “Böyük Qayıdış”ın ilk təzahürü olan Cocuq Mərcanlı kəndini bərpa etdik. Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzərini inşa edərkən və onu açarkən mən deyirdim ki, gün gələcək, biz Şuşada bax bu Gövhərağa məscidini bərpa edəcəyik.

Aprel döyüşləri Ermənistana dərs olmadı. Ondan iki il sonra Naxçıvan əməliyyatı nəticəsində biz böyük ərazini götürmüşdük və gücümüzü, peşəkarlığımızı bir daha göstərmişdik. O da dərs olmadı. Nəhayət, İkinci Qarabağ müharibəsi elə dərs oldu ki, onlar bu dərsi əbədi yadda saxlayacaqlar. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu tarix Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq. Bu, ədalətin təntənəsi idi. Bu, qürurun təntənəsi idi, milli ləyaqətin təntənəsi idi, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi. Biz bütün gücümüzü səfərbər edib bu müharibədə Qələbə qazanaraq düşməni torpaqlarımızdan qovduq. Düşməni elə rəzil vəziyyətə qoyduq ki, onlar bizim qabağımızda diz çökdülər, ağ bayraq qaldırdılar və məcbur olub kapitulyasiya aktına imza atdılar. Halbuki, müharibə dövründə mən dəfələrlə öz çıxışlarımda və müsahibələrimdə deyirdim ki, biz dayanmağa hazırıq. Mən Prezident kimi bəyan edirəm, Ermənistan rəhbəri şəxsən bizə tarix versin, nə vaxt bizim torpaqlarımızdan erməni hərbi birləşmələri çıxır, o tarixi bizə versin və biz müharibəni dayandırırıq. Ancaq Ermənistan tərəfi yenə də bu şansı itirdi. Müharibə nəticəsində Ermənistan ordusu məhv edilib. Mən bu rəqəmləri səsləndirmişdim, siz yaxşı bilirsiniz. Siz Ermənistan ordusunu məhv etmisiniz, Ermənistan ordusu yoxdur -336 tank məhv edilib, ya da ki, qənimət kimi götürülüb. Səkkiz S300 qurğusu məhv edilib, onların hava hücumuna qarşı digər qurğuları məhv edilib, artilleriya qurğuları. Yəni, Ermənistan ordusu yoxdur. Müharibə dövründə, - artıq bu da sirr deyil, - vasitəçilər Ermənistana xəbər göndərmişdilər ki, dayanmaq lazımdır, tarix verin Azərbaycana. Ancaq onlar bundan da imtina etdilər. Biz Şuşanı işğalçılardan azad edəndən sonra məcbur olub noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdılar.

Biz güclü iradə göstərdik, cəsarət göstərdik, milli ruh nümayiş etdirdik və istədiyimizə nail olduq. Bir daha demək istəyirəm ki, İkinci Qarabağ müharibəsi şanlı tarix kimi, şanlı qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazılıb. Azərbaycan bundan sonra müzəffər ölkə kimi yaşayacaq, Ermənistan bundan sonra məğlub edilmiş ölkə kimi yaşayacaq.

Deyə bilərəm ki, İkinci Qarabağ müharibəsi qaçılmaz idi. Bunu hər kəs bilirdi. Azərbaycan ictimaiyyəti də bilirdi, beynəlxalq vasitəçilər də bilirdi, biz də bilirdik. Sadəcə olaraq, ümidlər var idi ki, Ermənistan rəhbərliyində heç olmasa özünüqoruma instinkti özünü büruzə versin və onlar öz xoşları ilə bizim torpaqlarımızdan çıxsınlar. Əgər bu olsaydı, müharibəyə ehtiyac qalmazdı. Biz müharibə istəmirdik və bu gün də istəmirik. Hesab edirəm ki, müharibə riskini sıfra endirmək üçün bölgəmizdə, Cənubi Qafqazda müxtəlif təşəbbüslər irəli sürülməlidir. Biz buna hazırıq. Bizə müharibə lazım deyil. Biz istədiyimizə nail olmuşuq və bizim üçün indi yeni dövr - quruculuq dövrü, torpaqlarımızın bərpası dövrü başlanmışdır.

Ancaq bu, Ermənistan üçün dərs olmalıdır. Çünki onlar nəhayət başa düşməlidirlər ki, bizə qarşı olan bu düşmənçilik onlara çox baha başa gəldi. Onlar nə əldə etdilər? Heç nə. Baxın, görün, 30 il ərzində müstəqil dövlət qura bilmədilər. Bu gün Ermənistan müstəqil dövlət sayıla bilməz. Onun nəyi müstəqildir, əgər xarici dairələrdən tam asılıdırsa. Xarici hərbi yardımdan tam asılıdır. Xaricdən gələn siyasi sifarişlərdən tam asılıdır. Onların 30 il vaxtı var idi, nəyə görə müstəqil ölkə qura bilmədilər? İşğala görə. Bu işğal onları bu günə saldı. Bu düşmənçilik, Azərbaycan xalqına nifrət onları bu günə saldı və ədalət özünü göstərdi. Bəzən hər birimiz müxtəlif situasiyalarda fikirləşirik ki, ədalət yoxdur, ədalət niyə bərqərar olunmur? Sadəcə olaraq, dözümlü olmaq lazımdır. Düzgün vaxtı gözləmək lazımdır və məqsədə çatmaq üçün hər gün çalışmaq lazımdır. Hər gün biz bu günü yaxınlaşdırırdıq. Qarabağ məsələsi Prezident kimi hər gün mənim gündəliyimdə birinci məsələ idi. Hər gün. Hər gün fikirləşirdim ki, bu Qələbəni əldə etmək, torpaqlarımızı azad etmək üçün əlavə nə etmək lazımdır. Biz bunu nümayiş etdirdik.

İndi Ermənistandan asılıdır. Onların davranışı və regional məsələlərə yanaşması necə olacaq. Hər halda, biz Ermənistansız da bölgədə istədiyimizə nail ola bilmişik. Bütün kommunikasiyaları çəkmişik, enerji xətlərimizi çəkmişik, dəmir yollarını, bütün nəqliyyat layihələrini bizim digər qonşularımızla icra etmişik. Əgər Ermənistan bu prosesə qoşulmaq istəyirsə, hələ xahiş etməlidir öz qonşularından.

Bilməlidir ki, biz heç nəyi unutmamışıq. Biz bunu unuda bilmərik. Biz şəhidlərimizi unuda bilmərik, Xocalı qurbanlarını unuda bilmərik, dağılmış şəhərlərimizi unuda bilmərik. Dağılmış qəbirləri, təhqir edilmiş məscidləri biz necə unuda bilərik? Biz heç vaxt unutmamalıyıq. Azərbaycan xalqı bunu öz yaddaşında daim saxlamalıdır. Ermənistan rəhbərliyi, erməni siyasi-ictimai və dini xadimləri öz ideologiyasını, öz siyasətini əsassız iddialar üzərində qurmuşdular. İkinci Qarabağ müharibəsindən sonra bu gün onlar artıq düşmənçiliyi ölkə daxilində bir-birinə qarşı istiqamətləndirirlər. Baxın, Ermənistanın informasiya məkanında nə qədər çirkin proseslər gedir. Bir-birini nə qədər təhqir edirlər, hədələyirlər. Nəyə görə? Çünki onlar əsrlər boyu gənc nəsli düşmənçilik ruhunda böyütmüşdülər. Düşmənçilik, nifrət toxumları səpmişdilər və bu da onların iflasına gətirib çıxardı. Ona görə biz heç nəyi unutmayacağıq.

Ancaq biz artıq Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin qanını aldıq və qisasımızı döyüş meydanında aldıq. Amma bununla bərabər, Ermənistan dərk etməlidir ki, Azərbaycan bundan sonra da güclənəcək və bu, şübhəsizdir. O cümlədən bizim hərbi gücümüz artacaq. Müharibədən sonra artıq müvafiq göstərişlər verildi, yeni kontraktlar imzalandı, yeni silahların, texnikanın, müasir texnologiyaların əsasında texnikanın alınması prosesi başlamışdır. Silahlı Qüvvələrimizin struktur islahatları təsdiqləndi. Deyə bilərəm ki, Silahlı Qüvvələrimizin, Ordumuzun say tərkibi artırılacaq. Biz İkinci Qarabağ müharibəsinin nəticələrini və gedişatını düzgün təhlil edərək, əlbəttə ki, öz hərbi gücümüzü artıracağıq. Ermənistanın isə, əgər onlar yenə də bizə qarşı düşmənçilik siyasətindən əl çəkməsələr, nəinki hərbi gücünü, nəinki dağılmış, məhv edilmiş ordusunu bərpa etmək imkanı olmayacaq, eyni zamanda, iqtisadi fəallığı bərpa etmək imkanları da çox məhduddur. Ona görə biz güclənəcəyik.

Ermənistanın inkişafı üçün də yeganə yol var - öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək, Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməmək. Çünki Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur, Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur. Mən bunu dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Ermənistan da bunu belə qəbul etməlidir və bizimlə sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparmalıdır. Delimitasiya üzrə işçi qrup yaradılmalıdır. Sülh müqaviləsinə hazırlıq işləri getməlidir. Biz bunu bəyan edirik. Biz qalib ölkəyik. Ermənistanı məhv etmişik, siz yaxşı bilirsiniz hansı çətin şərait əsasında. Onlar 30 il istehkamlar, 6 müdafiə xətti qurmuşdular. O bölgənin təbii relyefi onlar üçün çox əlverişli idi. Biz qəhrəman övladlarımızın canı-qanı bahasına, qəhrəmanlığı bahasına bu torpaqları azad etmişik. Ölümə gedirdi bizim gənclərimiz, əsgərlərimiz, zabitlərimiz. Hər kəs bunu deyirdi - öldü var, döndü yoxdur. Biz belə çətin şəraitdə qələbə qazanmışıq. Ona görə Ermənistan tam dərk etməlidir ki, biz istənilən hərbi vəzifəni icra edə bilərik və heç kim bizi dayandıra bilməz. Onlar bilməlidirlər ki, dəmir yumruq yerindədir.

Əziz hərbçilər, bu gözəl bayram günündə sizinlə görüşmək mənim üçün çox xoşdur. Silahlı Qüvvələr Gününü biz Müzəffər Ordu kimi, qəhrəman xalq kimi qeyd edirik. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

 
  • Oxunub:  5400  |  
  • Tarix:  27-06-2021  |  
  •    Çap et   |  
Güclü dövlət olan Azərbaycan işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı qısa müddətdə və yüksək səviyyədə təmin etmək əzmindədir

03 Avqust 20:59
Azərbaycanda koronavirus infeksiyasına 931 yeni yoluxma faktı qeydə alınıb
03 Avqust 19:59
Rəcəb Tayyib Ərdoğan: Meşə yanğınları ilə əlaqədar göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm
03 Avqust 19:57
Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının IX hesabat konfransı keçirilib
03 Avqust 19:44
SADƏLİK ÖZ GÜCÜNÜ TANRIDAN ALIR!
03 Avqust 19:19
Naxçıvan Dövlət Universitetinin nümayəndə heyəti Türkiyədə səfərdə olub
03 Avqust 18:18
Qazaxıstan Azərbaycanlıları İctimai Birliyi Türkiyədəki yanğınlarla bağlı bəyanat yayımlayıb
03 Avqust 17:55
Milli Məclisin növbədənkənar sessiyasının iclası keçirilib
03 Avqust 17:16
Anar Məmmədov: Parlamentin buraxılacağı barədə yayılan məlumatlar ictimai rəyi çaşdırmağa yönəlmiş cəhddir
03 Avqust 17:14
Şahin İsmayılov: Azərbaycanda referenduma və ya parlamentin buraxılmasına hər hansı bir zərurət yoxdur
03 Avqust 16:56
Səfir: Azərbaycan dövlətinin yanğınların söndürülməsinə göstərdiyi dost və qardaş dəstəyi təqdirəlayiqdir
03 Avqust 16:55
Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin Türkiyədə olan qüvvələrinin fəaliyyəti yüksək qiymətləndirilir
03 Avqust 16:46
Səccad Heydər Kərim: Mövcud reallıqlar şəraitində bölgənin inkişafına töhfə vermək istəyirəm
03 Avqust 16:14
Polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışı keçirilib
03 Avqust 16:05
Məlahət İbrahimqızı: İçimizdəki ermənipərəst qüvvələrin cəmiyyətdə təxribat xarakterli niyyəti növbəti dəfə də iflasa uğrayacaq
03 Avqust 15:56
YAP Şuşa rayon təşkilatının VI hesabat konfransı keçirilib
03 Avqust 15:36
Energetika naziri videoformatda vətəndaşları qəbul edib
03 Avqust 15:33
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “açıq qapı” günləri keçirir
03 Avqust 15:21
Regional DOST Mərkəzləri ilə bərabər, ətraf rayonlarda onların filialları da yaradılacaq
03 Avqust 15:16
Azərbaycan güləşçisi Rafiq Hüseynov Tokio Olimpiadasında bürünc medal qazanıb
03 Avqust 15:12
“İnnovativ idarəetmə: Dövlət xidmətlərində rəqəmsallaşma” mövzusunda seminar keçirilib
03 Avqust 14:59
Türkiyənin beş vilayətində yanğınla mübarizə davam edir
03 Avqust 14:27
Əl-Cəzirənin mərkəz direktoru: Əlaqələrin inkişaf etdirilməsi üçün birgə layihələrin icrasına xüsusi önəm verilir
03 Avqust 14:02
Prezident İlham Əliyev 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib
03 Avqust 13:41
YAP Zəngilan rayon təşkilatının X hesabat konfransı keçirilib
03 Avqust 13:40
Malik Həsənov: Müasir müstəqil Azərbaycan dövləti bu gün ən yüksək zirvədədir
03 Avqust 13:35
Əliabbas Salahzadə: Zəfərimizin yaratdığı yeni reallıqlar Azərbaycanın qarşısında böyük imkanlar açır
03 Avqust 13:19
Ukrayna səfiri Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində olub
03 Avqust 12:55
Milli Məclis deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi barədə qərar qəbul edib
03 Avqust 12:53
Ali məktəblərə qəbul olmaq üçün 16 mindən çox subbakalavr ərizəsini təsdiqlədib
03 Avqust 12:49
Mərkəzi Bank: Bugünkü valyuta hərracında tələb 43,6 milyon dollar olub
03 Avqust 12:39
Suraxanı rayonunda Şəhid Ruslan Rəcəbovun məzarı ziyarət olunub və ailəsinə baş çəkilib
03 Avqust 12:07
Milli Məclisin sədri: Qanun qarşısında hamı bərabərdir
03 Avqust 12:00
Baş prokuror: Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi tam zəruridir
03 Avqust 11:31
Fövqəladə hallar nazirinin müavini Marmarisdə Azərbaycan yanğınsöndürənlərinin səhər toplanışında iştirak edib
03 Avqust 11:30
Bu gün Bakının “Neftçi” klubu Finlandiyanın HİK komandasını qəbul edəcək
03 Avqust 11:11
Milli Məclisin plenar iclasında Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi barədə məsələ müzakirə olunur
03 Avqust 10:53
Dövlət sərhədindən narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb
03 Avqust 09:31
Güclü dövlət olan Azərbaycan işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı qısa müddətdə və yüksək səviyyədə təmin etmək əzmindədir
03 Avqust 09:18
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi ötən illər ərzində böyük inkişaf yolu keçib
03 Avqust 09:04
Azərbaycan, Türkiyə və Pakistan arasında parlamentlərarası yeni əməkdaşlıq formatının yaradılması mühüm tarixi hadisədir
03 Avqust 09:03
Sübut Əsədov: Bu gün Azərbaycan dövlətinin qarşısında dayanan əsas məsələ işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın həyata keçirilməsidir
03 Avqust 09:01
Abutalıb Səmədov: Son 10 ildə Azərbaycanın yürütdüyü məqsədyönlü xarici siyasət ölkəmizin beynəlxalq nüfuzunu daha da artırıb

03 Avqust 09:00
Radikal müxalifət dezinformasiya yaymaqla süni siyasi gündəm yaratmağa çalışır

03 Avqust 08:54
Ermənistanda yeni parlamentin ilk iclası qalmaqallarla müşayiət olunub
03 Avqust 08:49
“Diaspor quruculuğu siyasətindəki yeni mərhələdə üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırıq”
03 Avqust 08:44
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 5 milyondan çoxdur
02 Avqust 21:09
Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun bütün texnikası tam tərkibdə yerindədir
02 Avqust 19:59
Şahin İsmayılov: Jirinovski gündəmdə qalması üçün ucuz və yalan ifadələri özünə alət seçib
02 Avqust 19:56
Ramin Məmmədov: Vladimir Jirinovski bu cür qeyri-obyektiv, qərəzli yanaşmaları ilə Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirə bilməyəcək
02 Avqust 19:51
Deputat Jalə Əhmədova: VI çağırış Milli Məclisin fəaliyyəti yüksək səviyyədə qurulub
02 Avqust 19:37
Anar Məmmədov: Jirinovski kimilər Rusiya-Azərbaycan dostluğunu zədələyə bilməz
02 Avqust 19:35
Əliabbas Salahzadə: Ermənistanın təəssübkeşi olan Vladimir Jirinovski Azərbaycanın uğurlarından narahatdır
02 Avqust 18:57
Sevinc Hüseynova: Ölkəmizdə parlamentin buraxılmasına və referendumun keçirilməsinə zərurət yoxdur
02 Avqust 18:48
Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının IX hesabat konfransı keçirilib
02 Avqust 18:43
Eldar İbrahimov: Azərbaycan, Türkiyə və Pakistanın birliyi tarixi hadisədir
02 Avqust 18:42
Gücümüz birliyimizdə, birliyimiz də gücümüzdədir
02 Avqust 18:22
Şəhid övladlarının qatıldığı "Zəfər" düşərgəsinə yekun vurulub
02 Avqust 18:05
Sevinc Fətəliyeva: Vladimir Jirinovski hər zaman Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilib
02 Avqust 18:02
Cavanşir Paşazadə: Vladimir Jirinovskinin Azərbaycan haqqında fikirləri qəbulolunmazdır
02 Avqust 15:09
Jalə Əliyeva: Görünür kimlərəsə süni gündəm yaratmaq lazımdır
02 Avqust 14:49
Hikmət Babaoğlu: Azərbaycanda referendumun və Milli Məclisə yenidən seçkilərin keçirilməsi ilə bağlı səsləndirilən fikirlərin heç bir əsası yoxdur
02 Avqust 14:14
FHN-in yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyədə əhali tərəfindən böyük coşğu ilə qarşılanıb
02 Avqust 13:27
AZAL sərnişinləri sərnişindaşıma qaydaları ilə diqqətlə tanış olmağa çağırır
02 Avqust 13:25
Pərvin Kərimzadə: Jirinovskinin məsuliyyətsiz və təxribat xarakterli çıxışları Rusiyanın öz nüfuzuna zərbə vurur
02 Avqust 13:11
Suraxanı rayonunda şəhid Sərdar İsmayılovun xatirəsinə inşa edilən bulağın açılışı olub
02 Avqust 13:06
Süleyman Soylu: Birbaşa dəstəkləri ilə yanımızda olan azərbaycanlı qardaşlarımıza dərindən təşəkkür edirik
02 Avqust 12:32
Xalq artisti Amaliya Pənahovanın yaşadığı evin qarşısında barelyefi açılıb
02 Avqust 11:36
Müdafiə naziri xidməti müşavirə keçirib
02 Avqust 10:21
Avqustun 9-dan etibarən Azərbaycanda “Əks göstəriş sertifikatı”nın verilməsinə başlanılır
02 Avqust 10:21
Müdafiə Nazirliyi: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA