Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Danışıqlarda tarixi mərhələ...

Danışıqlarda tarixi mərhələ...

11.07.2025 [07:45]

Əbu-Dabidə ikitərəfli danışıqların ən səmərəli format olduğu təsdiqləndi, bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırıldı

Cənubi Qafqazın lideri, regional sabitləşdirici faktor qismində çıxış edən Azərbaycan bölgənin inkişaf tarixinin yeni mərhələsini formalaşdırmaqda qərarlıdır. 44 günlük Vətən müharibəsindən sonra başlanan, 24 saatlıq antiterror tədbirlərinin ardından daha dəqiq və açıq mahiyyət qazanan danışıqlar prosesi ikitərəfli formata keçid etməklə müsbət trayektoriya qazandı. Bu mənada, növbəti Əbu - Dabi görüşü də istisna deyil. Xatırladaq ki, iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın əvvəlcə nümayəndə heyətlərinin iştirakı ilə görüşü keçirilib. Sonra görüş təkbətək formatda davam edib.

Əbu-Dabi görüşü...

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin bununla bağlı məlumatında bildirilir ki, iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri arasında görüş keçirilib və Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib. Müsbət və konstruktiv keçən görüşdə ikitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb.

Sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər. Tərəflər, həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər. Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana səmimi qonaqpərvərliyə və ikitərəfli görüşün təşkilinə görə təşəkkür ediblər.

Bakı təhlükəsizilyin dərinləşməsini və kreativ əməkdaşlığı təbliğ edir...

Əbu-Dabi görüşü öz analogiyalarından daha fərqli nəticə ortaya qoya bilər - bu görüş hətta tarixi dönüş nöqtəsi də adlandırılır. Sülhün imzalanmasına bir addım qalmış mənzərə təxminən bu formadadır - Azərbaycan dünyanın yeni iqtisadi münasibətlər sistemində özünəməxsus yerə malik olan Cənubi Qafqazda sülh və əmin-amanlığın yaranması ilə bağlı fəaliyyətini uğurla davam etdirir, bu yolda ortaya çıxan maneələri aradan qaldırmaq üçün bütün diplomatik, iqtisadi, siyasi rıçaqlarından istifadə edir. Verilən bəyanatlar, səsləndirilən fikirlər bu prioritetin nə qədər ciddi olması ilə yanaşı uğur qazanma ehtimalının da böyüklüyünü ortaya qoyur. Hədəfin məhz Cənubi Qafqazda sülh və təhlükəsizlik mühitinin yaranmasına, iqtisadi inkişafın dərinləşməsinə yol açılmasına, münasibətlərin normallaşmasına istiqamətlənməsi də ikitərəfli formatın nə qədər düzgün seçim olduğunu bir daha təsdiqləyir. Məkan isə siyasi oyunlardan kənar bir coğrafiyadır - bu, həm də İrəvana açıq mesajdır. Azərbaycanın sülh çağırışlarına adekvat cavab Ermənistanı qeyri-səmimi proseslərdən də kənarda saxlaya bilər. Bakının son illərdə yaratdığı geosiyasi əməkdaşlıq platforması yalnız və yalnız səmimi inkişafı, təhlükəsizilyin dərinləşməsini və kreativ əməkdaşlığı təbliğ edir, bu faktorlara əsaslanır.

İktərəfli danışıqların üstünlükləri...

Vurğulandığı kimi, son dövrlərə qədər vasitəçilik institutunun iştirakı və ya təşktilatçılığı ilə baş tutan görüşlər seriyası nəhayət ki, son dövrlərdə birbaşa və ikitərəfli mahiyyət qazandı - nəticələrə diqqət yetirsək, ikitərəfli formatlı görüşlərin yaratdığı perspektiv daha aydındır. Bu kimi görüşlərdə tərəflər sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri daha da nəticəyə istiqamətlənmiş şəkildə müzakirə etmək imkanı qazanırlar. Təsadüfi deyil ki, əldə olunan razılaşmalar və ya fikirlərin üst-üstə düşməsi də məhz ikitərəfli görüşlərdən sonra daha da genişlənib. 2023-cü ilin dekabrında hər iki ölkənin müvafiq dövlət strukturlarının birgə açıqlama yayması, qarşılıqlı olaraq hərbçilərin azad edilməsi, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Qarabağı da Azərbaycan torpaqları kimi tanıdığını bəyan etməsi, İrəvanın Bakının COP29-a ev sahibliyini dəstəkləməsi, ötən ilin aprelində 4 kəndin qaytarılması, 13 kilometrlik ərazidə müvafiq delimitasiya hətta demarkasiya fəaliyyətinin reallaşdırılması, müvafiq komissiyaların apardığı birgə müzakirələr, qəbul edilən Əsasnamə də bu tezisi dəstəkləyir.

Parlaq, möhkəm və praqmatik yol...

Artıq fərqli və yeni bir nizamın astanasındayıq - İrəvanın manipulyasiyalardan əl çəkərək qeyri-konstruktiv davranışlarına son qoyması bu prosesin müsbət dinamikasını artıracaq. Başqa sözlə, artıq ləngimək olmaz - Ermənistanın əvvəlki dövrlərdə olduğu kimi bir sıra məsələlərdə məqsədli şəkildə ləngiməsi prosesin effektivliyini azaldan amil kimi çıxış edə bilər. İlk növbədə Ermənistan özünün əsassız iddialarını unutmalı, bölgənin daha konservativ inkişafı üçün töhfə verməlidir. İrəvan anlamalıdır ki, Azərbaycan bütövlükdə, Cənubi Qafqazın prosesdən uğurla və həm siyasi, həm də iqtisadi dividend qazanaraq çıxması üçün çalışır - başqa sözlə, Azərbaycan istər təşəbbüskarı olduğu, istərsə də iştirakçı kimi təmsil olunduğu qlobal layihələrin ilk növbədə Cənubi Qafqaz regionunu əhatə etməsi, bölgəyə dividendlər qazandırması faktoruna fokuslanır. Paralel olaraq Azərbaycan yalnız yerləşdiyi regionun siyasi-iqtisadi maraqlarının təmsilçisidir. Bu olduqca vacib bir məqamdır - məhz Azərbaycanın təklifi və təşəbbüsü seçilmiş ikitərəfli danışıqlar formatı da özündə bu nüansları birləşdirir. Hansısa vasitəçinin müəyyən maraqlarının da əks olduğu prosesin yerinə yalnız iki dövlətin mənafeyinin uzlaşdırıldığı bir format daha parlaq, daha möhkəm, daha praqmatik sayıla bilər.

İrəvan nə etməlidir?

Beləliklə, Əbu-Dabi görüşü məzmun və mahiyyət baxımından yeni tarixi bir mərhələ formalaşdırır - bu, bütövlükdə, dövlətlərarası münasibətlərin normallaşması istiqamətində tərtib olunan hədəflər üzrə danışıqların müsbət məcrasını dəqiqləşdirir. Eyni zamanda, hər iki dövlətin mövqeyini əks etdirir. Artıq sülhün, inkişafın vaxtı çatıb - regionda təhdid yaradacaq fəaliyyətdən uzaqlaşmaqla, irəli sürülən sülh doktrinasının bir hissəsinə çevrilməklə İrəvan özünün də tarixində yeni bir mərəhələyə start verəcək. Bunun üçün isə siyasi iradə nümayiş etdirmək, müstəqil qərarlar vermək, sülh prosesini uğurla gələcəyə daşımaq kimi missiyaları yerinə yetirmək lazımdır. Əgər belə olarsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaq. Bu şansı əldən vermək olmaz...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 147 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30