Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Əsrə bərabər gün!

Əsrə bərabər gün!

23.04.2024 [10:15]

23 aprel Azərbaycan tarixinin bütövlük rəmzlərindəndir

Dövlət sərhəddən başlayır - bu, amil mənəvi olaraq Vətəninə, hüquqi olaraq isə ölkənə qarşı olan məsuliyyətin həyata keçirilməsi üçün əsas normativə çevrilir. Dövlətin sərhədləri onun ləyaqət cizgisinin siluetini təşkil edir... SSRİ dağıldıqdan sonra mənfur erməni işğalı, qondarma iddialar, erməni terroru və erməni təcavüzkar siyasət Azərbaycanı özünün Qərb sərhədlərindən uzaq saldı. 30 il hər dəqiqəsi, hər saniyəsi ilə özünün ərazi bütövlüyü, suverenliyinin bərpası uğrunda mübarizə aparan dövlətimiz bir an belə öz prioritetini ikinci plana keçirmədi - “hər şey zəfər üçün, hər şey qələbə üçün” prinsipi ilə ötən 30 illik zamanda dövlətin siyasəti, iqtisadiyyatı, maliyyə gücü, beynəlxalq nüfuzu bir hədəfə, bir nəticəyə fokuslandı. Ən xırda detallar belə nəzərə alındı: ordu quruculuğu, iqtisadi güc formalaşdırılması, regional və qlobal layihələrdə iştirak və təşəbbüskarlıq, qlobal təhlükəsizliyə töhfə, bir sözlə, beynəlxalq münasibətlər sisteminin oyunçusu olmaq istiqamətində atılan hər bir addımın təkanı, stimulvericisi qismində məhz sərhədlərimizin bütövləşməsi, tamlaşması, qurulması və yaşaması çıxış edirdi. Bəli, sözün əsl mənasında 30 ilə yaxın müddətdə uzaq düşdüyümüz sərhədlərimiz üçün mübarizə apardıq. Nəhayət...

Haqlı və hüquqi davranışlar...

2020-ci il Vətən müharibəsi müasir Azərbaycanın yeni simada təqdim edilməsi idi - bu qələbə tariximizdə yeni mərhələnin başlanğıcını qoydu. İşğala məruz qaldığı illərdən bəri bütün dünyaya beynəlxalq hüququn tələblərini aşılamaq üçün var gücünü səfərbər edən ölkəmizin bəzi hallarda səsi eşidilmirdi - bəzən “qlobal dünya” qulaqlarını və gözlərini qapadaraq həqiqəti görmək və eşitmək istəmirdi, bəzən beynəlxalq situasiya “münbit” olmurdu”, bəzən isə... Bəzən isə Azərbaycanın qəti və inamlı addımına inanmırdılar. Azərbaycan xalqı, Azərbaycan Ordusu və Azərbaycan Prezidenti 2020-ci il sentyabırn 27-də haqq-ədalət uğrunda ölüm-dirim savaşına qalxdığını bəyan etdi. Beynəlxalq aləmin 30 ilə bərqərar edə bilmədiyi ədalət və həqiqət cəmisi 44 günə bərqərar olundu. 

Özünün ərazi bütövlüyünü təmin edən Azərbaycan həmin regional təhlükəsizlik arxitekturasının formalaşdırılması yönündə mühüm çağırışlarını bəyan etdi: 

- Hüquqi prinsiplər nəzərə alınmalıdır;

- Azərbaycanın suverenliyi təmin edilməlidir;

- Qərb sərhədlərimiz müəyyənləşməlidir. 

Bəyan edilən bu çağırışlar bu və ya digər şəkildə bir-biri ilə asılılıq təşkil edirdi. Yəni hüquqi prinsiplərin nəzərə alınması, seapartçıların ləğvi avtomatik şəkildə Azərbaycanın suverenliyinin təmininə yol açırdı. Bu isə Qərb sərhədlərinin təhlükəsizliyinin təmin olunması demək idi. 2022-ci ilin aprelindən başlayaraq münasibətlərin normallaşması prosesinin əsaslanacağı “5 prinsip” özündə ədalətli yanaşmanı təzahür etməklə yanaşı, Azərbaycan ilə Ermənistan arasında dünyanın sivil və qəbul edilmiş normaları üzrə sərhədlərin müəyyənləşməsini ortaya qoyurdu. Bütün sferalarda əməkdaşlığa əhəmiyyət verən Azərbaycan üçün əsas məsələ təhlükəsizliyin təmin edilməsi, irəliləmə prosesində olan sülh gündəliyinin təhdid altına düşməməsi, eyni zamanda, özünün ərazi bütövlüyünün hər hansı bir müzakirə obyektinə çevirilməməsi və suveren ərazilərinə nəzarəti gücləndirməkdən ibarət idi - Azərbaycan özünün hüquqi davranışlarını məhz bu tezislər üzrə inkişaf etdirirdi. 

Azərbaycan “boz zona”ların formalaşmasına icazə vermir...

Ta ki, Ermənistan yeni spekulyasiyalara əl tana qədər... 2022-ci ilin payızından etibarən separatizmi mühafizə edən, onu özünün alətinə çevirən, bu “silah” vasitəsilə Azərbaycanı hansısa güzəştlərə məcbur edə bilcəyini sanan qüvvələr yeni dönəm başlatdılar - məğlubiyyətini kapitulyasiya imzalamaqla təsdiq edən Ermənistan Azərbaycanın humanist münasibətindən sui-istifadə etməyə çalışaraq imzalanan üçtərəfli Bəyanatın müvafiq bəndlərini yerinə yetirmir, əksinə, Laçın - Xankəndi yolu vasitəsilə Qarabağdakı silahlı tör-töküntülərə sursat daşınırdı. Dəfələrlə bununla bağlı xəbərdarlıqlar edilsə də, Ermənistan bu yoldan çəkinmədi. Hətta həmin silahlarla Azərbaycana qarşı təxribatlar belə törədilirdi. Bu azmış kimi, Azərbaycanın təbii sərvətləri də talan edilir, daşınırdı. Bütün bunlar Azərbaycan xalqının haqlı etirazına, hətta hiddətinə səbəb oldu. 2022-ci ilin dekabrından başlayaraq Laçın-Xankəndi yolu üzərində Azərbaycanın vətəndaş cəmiyyətinin aktiv kəsimi tərəfindən fasiləsiz aksiyalar başladı. Yolda dinc etirazını bildirən azərbaycanlı aktivlər beynəlxalq aləmi hüquqi kodekslərə riayət etməyə çağırdı. Bəzi “erməni himayədarları” isə dinc azərbaycanlalıran bu etirazlarından da “siyasi şou” düzəltmək, məqsədləri şəkildə istifadə etməyə çalışırdı. 

Təsadüfi deyil ki, həmin vaxt Qərbin, xüsusilə Fransanın ermənipərəst dairələri yanlış təbliğat apararaq Azərbaycanı blokadada, təcavüzdə günahlandırmaq üçün cəhdlər edirdilər. Məsələnin ayrı-ayrı vaxtlarda bir neçə dəfə BMT TŞ səviyyəsində müzakirəyə çıxarmaq cəhdləri, Laçın -Xankəndi yoluna “TIR karvanı” yollamaqla görüntü yaratmaq istəyi, nəhayət separatçıları yeni silah-sursatlarla təmin etmək üçün hətta beynəlxalq humanizmi “qoruyan” bəzi təşkilatlardan “istifadə etmə” “priyomları”Qərbin əsl məqsəd və məramını ortaya çıxardı - məqsəd heç də ərazidə ədalətli və hüquqi nəticəni, sabitliyi və inkişafı təmin etməyə dəstək vermək deyildi. Məqsəd separatizmi alıovlandırmaq, Azərabycanın suveren ərazilərində yeni “boz zonalar” formalaşdırmaq, çirkin niyyətlərini həayta keçirmək idi. Buna isə Azərbaycanın müsaidəsi olmayacaqdı...

DSX və XİN bəyanat yaydı...

Azərbaycan yeni mərhələyə tam hazır idi. Beəlliklə, 2023-cü ilin tarixi aprel günlərində Dövlət Sərhəd Xidməti məlumat yaydı: “10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən 22 aprel tarixində birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

Bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib”.

Ardından isə Azərbaycan XİN bununla bağlı bəyanat yaydı: “Azərbaycan Hökuməti Ermənistan tərəfinin Laçın-Xankəndi yolundan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd şəkildə sistemli və genişmiqyaslı qanunsuz məqsədlər üçün sui-istifadənin davam etdiyini və bundan qaynaqlanan təhlükəsizlik hədələrini nəzərə alaraq, Azərbaycan ilə Ermənistan arasında sərhəddə yolun başlanğıcında nəzarətin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirib.

Məlum olduğu kimi, üçtərəfli Bəyanatın imzalanmasından keçən iki il yarım müddət ərzində Azərbaycan tərəfi davamlı şəkildə Laçın yolunun Ermənistan tərəfindən genişmiqyaslı sui-istifadə hallarına diqqəti cəlb edib. Bu cür sui-istifadə hallarına Azərbaycan ərazisində qalmaqda davam edən erməni silahlı qüvvələrinin şəxsi heyətinin rotasiyası, silah və sursatın daşınması, terrorçuların keçidi, habelə təbii sərvətlərin və mədəni mülkiyyətin qanunsuz daşınmasını misal göstərmək olar.

Yoldan minaların daşınaraq sonradan Azərbaycan Respublikasının suveren ərazilərində basdırılması xüsusilə ağır fəsadlar doğurur. 2022-ci ilin avqust ayından etibarən Laçın və Kəlbəcər rayonlarının ərazisində 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə mina aşkar edilib. Aydındır ki, bu minalar üçtərəfli Bəyanata zidd olaraq Azərbaycan ərazisinə məhz Laçın yolu vasitəsilə daşınıb. Sonuncu dəfə 2023-cü il aprelin 22-də Azərbaycan Ordusunun hərbi yük maşını ermənilər tərəfindən basdırılmış 2021-ci il istehsalı minaya düşərək partlayıb və 3 hərbi qulluqçumuz yaralanıb. Müharibənin sonundan etibarən 294 azərbaycanlı mina qurbanı olub.

Bununla yanaşı, aprelin 22-də Ermənistana məxsus yük avtomobilləri ilə iki ədəd hərbi məqsədlər üçün yaşayış konteynerlərinin və hərbi avtomobillər konvoyunun üçtərəfli Bəyanata və beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycan ərazisinə keçirildiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müşahidə kameraları tərəfindən qeydə alınıb. Daha sonra Ermənistan tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan ərazisinə ən yaxın məntəqədə hərbi yaşayış konteynerlərinin yerləşdirilməsi və hərbi infrastruktur qurmaq fəaliyyəti müşahidə edilib.

Qeyd edilən təhdidlər və təxribatlar nəzərə alınaraq Laçın yolunun başlanğıcında sərhəd-nəzarət mexanizminin təsis edilməsi yoldan hərəkət üzrə şəffaflığı, qanunun aliliyini və beləliklə, hərəkətin təhlükəsizliyini təmin edəcəkdir.

Sərhəd təhlükəsizliyinin təmin edilməsi, habelə hərəkətin təhlükəsizliyinin həyata keçirilməsi Azərbaycan Hökumətinin preroqativi və milli təhlükəsizlik, dövlət suverenliyi, qanunun aliliyi üçün zəruri şərtdir.

Üçtərəfli Bəyanat üzrə öhdəliklərə uyğun olaraq Laçın yolundan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə Azərbaycan Respublikası tərəfindən təhlükəsizlik zəmanəti olan bu əlavə tədbir çərçivəsində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin bu məntəqədən hər iki istiqamətdə Ermənistana və Azərbaycana şəffaf və nizamlanan keçidi üçün müvafiq şərait yaradılacaq.

Yuxarıda qeyd edilən nəzarət mexanizmi Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirmə şəraitində həyata keçiriləcək.

Azərbaycan tərəfi Ermənistanla birgə sərhəddə nəzarət-sərhəd rejiminin şəffaf və təhlükəsiz fəaliyyəti naminə əməkdaşlığa hazır olduğunu bildirir”.

Laçın sərhəd buraxılış məntəqəsinin ölçüyəgəlməz əhəmiyyəti...

Beləliklə, 2023-cü ilin 23 aprelində Azərbaycan özünün müstəqillik tarixinin ən əhəmiyyətli, ən tarixi və ən vacib addımlarından növbətisini atdı - bütün yol üzrə ermənilərin təxribatçı hərəkətlərinin qarşısı alındı, eyni zamanda, ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi quruldu. Mahiyyətinə, xarakterinə, yerləşdiyi coğrafyaya, əhəmiyyətinə və vacibliyinə görə “BİRİNCİ POST” ünvanı qazanan Laçın dövlət sərhəd buraxılış məntəqəsi hər zaman havadarlarına güvənərək qeyri-qanuni həyat tərzi seçmiş, sürmüş və bu qeyri-qanuni fəaliyyəti artıq özünün həyat fəlsəfəsinə çevirmiş Ermənistanı, onu dəstəkləyən Qərbi və nəhayət həmin dövrdə artıq “son günləri”ni yaşayan   separatçıları beynəlxalq hüquqa hörmət etməyə növbəti çağırış idi. Azərbaycan hər zaman olduğu kimi regionda qanunun aliliyinin təmin olunması üçün qəti addımları seçilmişdi. Dövlət sərhəd buraxılış məntəqəsinin qurulması suveren hüquqlarımız çərçivəsində idi - Azərbaycan hər zaman beynəlxalq hüquqa hörmətlə yanaşıb. Beləliklə, artıq Ermənistandan Qarabağa gedən şəxslər və ya maşınlar Azərbaycanın dövlət sərhəd - buraxılış məntəqəsinin nəzarəti altında hərəkət edirdi. Orada müvafiq hüquqi prosedur qaydaları tətbiq olunurdu. Bütün dünya Azərbaycanın beynəlxalq hüquqa, qanunlara söykənən uğurlu addımlarını həsədlə izləyirdi - Azərbaycan özünün Qərb sərhəddinə son 200 ildə ilk dəfə idi ki, özü nəzarət edirdi...

Laçın postunun tarixi əhəmiyyəti isə ölçüyəgəlməz idi

- Laçın postu Azərbaycanın ərazi bütövluyünün rəsmi təsdiqi idi;

- Laçın postu separatizmin, erməni faşizminin başının tam əzilməsi üçün ən real və təsiredici maxanizm - silah idi;

- Laçın postu Cənubi Qafqazın xoşbəxt və firavan, ən əsası təhlükəsiz gələcəyi üçün açar idi.  

Bəlkə də bu günün rakursundan ötən bir ildə Laçın dövlət sərhəd buraxılış məntəqəsinin real qiyməti artıq dərk edilməkdədir. Laçın dövlət sərhəd buraxılış məntəqəsinin qurulması ilə bağlı qərar Azərbaycanın müstəqilliyinə bərabər bir qərar idi...

Beynəlxalq platformalarda məğlubiyyət...

Ermənistan və havadarları artıq anlayırdılar ki, “qatar gedib”. Nə Paris meri İdaolqonun şəxsi iştirakı ilə keçirilən “TIR karvanı” oyunu, nə beynəlxalq təsisatlar vasitəsilə təzyiq etmək imkanları, nə də digər spekulyasiyalar işə yaramırdı. Qarabağla bağlı yalanlar bir - bir ifşa edilirdi. May ayından etibarən Fransanın başçılığı altında Azərbaycana qarşı növbəti “səlib yürüşü”nə başlanıldı. Rəsmi Paris ard-arda Beynəlxalq Ədalət Məhkəməsinə, BMT TŞ-yə müraciətlər edərək qorumağa çalışdığı separatizmin açıq müdafiəsinə başladı. 

Beləliklə, Fransa və başqa ermənipərəstlər “hördükləri tora” özləri düşdülər. Onların Laçın dövlət sərhəd buraxılış məntəqəsi ilə bağlı yalanları tam ifşa olundu. 2023-cü ilin avqustunda baş tutan BMT TŞ-nın iclasının gedişatı bir daha onu sübut etdi ki, hər kəs reallıqları görür və dəyərləndirir. Azərbaycanın Cənubi Qafqaz regionunda formalaşdırdığı ən mühüm reallıqlardan birinin də təhlükəsizlik arxitekturasının gücləndirilməsi olması faktı ortada idi. BMT TŞ-da təmsil olunan ölkələrin nümayəndələri də etiraf edirdilər ki, Laçın postu nəinki Azərbaycanın və ya Ermənistanın, bütövlükdə, Cənubi Qafqazın gələcəyində ən mühüm amil rolunu oynamaq gücündədir. Çünki Laçın dövlət sərhəd buraxılış məntəqəsi beynəlxaq hüququn kodekslərinə əsaslanır. Həmin iclasın stenoqramına nəzər saldıqda bir həqiqəti aydın şəkildə görmək mümkün idi -Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan gələcək siyasi-iqtisadi dönəmin əsas açarlarından biri kimi qəbul edilirdi. Hətta fərqli qitələrdə yerləşən dövlətlərin Azərbaycana münasibəti bunu deməyə əsas verirdi. Azərbaycanın beynəlxalq konvensiyalarla əsaslandırılmış mövqeyi dəstəklənirdi. Hətta Ermənistanın özünə “arxa-dayaq” saydığı ölkələrin açıqlamalarında belə Azərbaycana dəstək öz əksini tapırdı. 

6 ay sonra Xankəndinin mərkəzində Azərbaycan bayrağı ucaldı... 

2023-cü ilin aprelindən başlanan bu yol sentyabrda tariximizdə yeni bir səhifə açdı. Sentyabrın 19-da başlanan və cəmisi 23 saat davam edən lokal antiterror tədbirləri nəticəsində separatizm yuvası darmadağın edildi. Dövlətimiz özünün şərtlərini bəyan etdi: antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır. Bildirilirdi ki, əks təqdirdə, antiterror tədbirləri sona qədər davam etdiriləcək. Erməni terrorçuları irəli sürülən şərtlərlə təslim oldular. Sentyabrın 19-dan sentyabrın 20-si günün birinci yarısına qədər davam edən lokal antiterror tədbirləri Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrinin silahı yerə qoyub və təslim olmaları ilə dayandırıldı. Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilirdi ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

Bəli, 2020-ci ilin 10 noyabrında üçtərəfli Bəyanatın imzalanmasının ardından Prezident İlham Əliyevin xalqa müraciətində bir məqam xüsusilə seçilirdi - artıq Qarabağ münaqişəsi yoxdur, biz torpaqlarımızı işğaldan azad etmişik. Bu tezis ölkə əhaləsinin qələbə ruhunun ətrafında birləşməsini təmin etdi. Öz Liderinə, Müzəffər Ali Baş Komandanına etimad göstərən Azərbaycan xalqı “nəyi, nə vaxt, necə edəcəyini” dəqiq bilən rəhbərinin bütün məsələlərin həllinə təmkinlə, bütün addımları vaxtında ataraq nail olduğuna inanırdı. Bu inam ötən 3 ilin bütün günlərində, saatlarında özünü biruzə verdi - həmin dövrdə müəyyən fasilələrlə davam edən lokal antiterror tədbirləri, aparılan danışıqlar, sülhün detalları bir həqiqətin üzərinə işıq salırdı - Azərbaycan öz qətiyyətli mövqeyindən bir addım belə geri durmayacaq. Vaxtı qabaqlamaq, tələsmək bəzən ziyan gətirər - 23 apreldə Laçında əsası qoyulan dövlət sərhəd buraxılış məntəqəsi cəmisi 6 ay sonra Xankəndinin mərkəzində Azərbaycan bayrağının dalğalanmasına zəmin formalaşdırdı. Yenə də başa dönürük - planlı şəkildə inkişaf edən prosesdə vaxt amili öyük anlam daşıyır: məhz prosesin təbii və nəzarətimizdə gedən axarının inkişafı Qarabağ separatizmini yer üzündən silməklə yanaşı, Qarabağ cinayətkarlarını ölkəmizin ədalət mühakiməsi qarşısında başı aşağı dayanmasını təmin etdi.  

Ermənistan üçün xilas və nicat yolu...

Bu günün ən real məsələsi isə Ermənistanın qeyri-konstruktiv mövqedən əl çəkərək sülh müqaviləsini imzalamasıdır - bu addım İrəvan üçün olduqca böyük əhəmiyyətə malik olacaq. Ermənistan bununla həm də böyük inkişaf tendensiyasının həlqəsinə çevrilə bilər. Başqa sözlə, Ermənistan dövlət olaraq özünü müstəqil subyekt kimi xarakterizə etmək istəyirsə, mütləq şəkildə Azərbaycanın yaratdığı yeni reallıqlardan səmərəli istifadə etməlidir. Bunun üçün isə sülh müqaviləsi imzalanmalı, regionun təhlükəsiz inkişafı konsepsiyasına xələl vurulmamalı və normal qonşuluq münasibətləri sərgilənməlidir. Ermənistan anlamalıdır ki, xarici güclərin təhriki  və ya təzyiqi yalnız və yalnız bu ölkənin zərərinə işləyir - iqtisadi inkişafı yubadır, şaxələnmənin qarşısını alır. Xarici güclərin məqsədi Ermənistanı regional layihələrdən kənarda saxlamaqla öz nüfuz dairəsində, başqa sözlə “kölə” kimi saxlamaqdı. Beləliklə, Ermənistan bu gün sözün əsl mənasında, siyasi, iqtisadi, sosial və bütövlükdə, azadlıq əldə etmək istəyirsə Azərybaycanla sülh bağlamalıdır. Çünki beynəlxalq münasibətlərin katklizmlərlə dolu mürəkkəb mərhələsində Azərbaycan Cənubi Qafqazı strateji tərəfdaşlıq üçün cazibə mərkəzinə çevirir. Azərbaycan Şərq ilə Qərbin həm sivilizasiyalararası, həm iqtisadi əməkdaşlıq, həm də siyasi tərəfdaşlıq maraqlarını Cənubi Qafqazda cəmləyir. Bu, Azərbaycanın öz qonşuları üçün də yaratdığı böyük imkandır. Bu, həm də Ermənistan üçün xilas və nicat yoludur...

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 196 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Kuklaxana

03 May 11:00

İqtisadiyyat

Siyasət

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31