Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Dünya nəsrinin şah əsəri

Dünya nəsrinin şah əsəri

30.11.2022 [11:08]

Lev Tolstoyun “Hərb və sülh” roman-epopeyası haqqında

Əvvəli ötən sayımızda...

“Hərb və sülh”ün mənasını, ideyasını, mesajlarını konkret bir zaman, ya məkan çərçivəsində dəyərləndirmək olmaz. Doğrudur, əsərdə hadisələr bəlli vaxt aralığında, bəlli bir ölkədə, qitədə baş verir, ancaq bütün bunlar, yenə deyirəm, qəhrəmanların fonu sayılmalıdır. Əgər Tolstoy öz personajlarını başqa bir dövrə, başqa bir tarixi şəraitə, Napoleon yox, tutalım, Çingiz xan imperiyasının işğalı zamanına atsaydı, romanın məzmunu, ideyası yenə dəyişməzdi.

1812-ci il savaşı Rusiya üçün ölüm-dirim məsələsiydi. Bu zaman rus xalqı böyük şər selinin qarşısında çarından kəndlisinə qədər bir vücud kimi birləşdi, hətta pozğun zabitlər də xalq qəhrəmanına, fədakar əsgərə, əzabkeşə çevrildilər.

Vətən təhlükə qarşısında olanda xalqla dövlət, xalqla ordu arasından sərhəd götürülür (ya da götürülməlidir). Məncə, Tolstoy 1812-ci il müharibəsinin təsvirində məhz bunu qabartmağa çalışıb. Dövlətin başçısı, mütləq monarx I Aleksandr sələflərinə, eləcə də öz xələfinə - qardaşı I Nikolaya baxanda çox əzazil deyildi, yeniliklərə, liberal islahatlara meyilli idi. Uzaqdan belə görünür ki, Tolstoy çar Aleksandra simpatiya ilə olmasa da, sayğıyla yanaşır.

Yeri gəlmişkən, 48 illik ömrünün sonlarına yaxın Aleksandr taxt-tacdan üz döndərib tərki-dünya yaşamaq haqda düşünürdü. 1825-ci ilin dekabrında Taqanroqda qəfil ölməsi xalq arasında belə bir şayiənin yayılmasına səbəb olmuşdu ki, guya ölən çar deyil, onun oxşarıdır; bu fürsətdən yararlanan çar isə həmin vaxtdan Uraldakı bir mağarada başqa ad altında guşənişin həyat sürməyə başlayıb, özü də ta 1864-cü ilə qədər yaşayıb.

Əsərdə çar Aleksandr Fransanın müharibəyə başladığını bal-maskaradda eşidir. Tolstoy bununla fani həyatın bizə sevinclə dərdi, nəşəylə ələmi bir qabda verdiyini göstərir.

***

Bir məsələni də diqqətə çatdırmaq istərdim: yazıçı əvvəlcə əsərin adını “Axırı yaxşı qurtaran hər şey yaxşıdır” (“Xoroşo vsyo, çto konçayetsya xoroşo”) qoymaq istəyib. Bu ad müəllifin ideyasını tutarlı ifadə eləyir. Az əvvəl dediyim kimi, Tolstoy yalnız yaxşı işlərə yox, müharibəyə, qırğına, nifaqa da, bir sözlə, olmuş-olacaq bütün hadisələrə Allah işinin tərkib hissəsi kimi baxdığına görə tarixi proseslərə nikbin yanaşırdı, sonunda hər şeyin yaxşı olacağına inanırdı. Tolstoyun yanaşmasına görə, nə baş verirsə, hamısı ilahi qüvvənin planı əsasında baş verir.

Bu baxımdan, onun yaratdığı Kutuzov obrazı da öz əslindən fərqlənir: Tolstoyun Kutuzovu varlığıyla xalq ruhunu mükəmməl ifadə eləyən, ilahi iradəyə, kainatın “ali baş komandanı” Allahın buyruğuna bir əsgər sədaqətiylə sözsüz tabeçilik göstərən, tarixi zərurət qanunlarını idrakıyla yox, qəlbiylə duyan, buna görə də təmkinini itirməyən, yersiz insan itkilərindən yayınmağa çalışan, təkəbbür, nifrət nə olduğunu bilməyən mömin pravoslav, dindar qocadır. Tolstoyun yozumuna görə, Kutuzovun gerçək qəhrəmanlığı döyüş taktikasını yaxşı bilməsində yox, məhz bu mənəvi keyfiyyətlərə yüksək səviyyədə yiyələnməsindədir.

Öz missiyasını başa vurandan sonra Kutuzov tarixi səhnədəki yerini səssizcə boşaldır, yəni ölür.

Napoleona gəlincə, Avropanın proqressiv qüvvələri, parlaq zəkaları gəncliyində onu alqışlayırdılar, onu respublikanın qoruqçusu sayırdılar. Ancaq Napoleon özünü imperator elan eləyəndən sonra çoxları ondan üz döndərdi, hərçənd Hegel kimi dahi bundan sonra da onu Allah adlandırmaqdan çəkinməmişdi. Tolstoyun Napoleonu da romanın əvvəllərində hələ insanlıq simasını itirməyib, istedadının, şəxsiyyətinin parlaqlığı hələ göz qamaşdırır, fransızlara qarşı döyüşən zabitlər də ona pərəstişlə baxırlar. Romanın sonlarında isə Bonapart yaralı vəhşiyə bənzəyir, o boyda sərkərdənin təşəxxüsündən, qürurundan, ləyaqətindən əsər-əlamət qalmır.

Əsərdəki Napoleon bütün dünyanı özünə təslim eləməyə çalışan, azad iradəsini Tanrının da, təbiətin də, xalqın da hökmündən, iradəsindən üstün tutan təkəbbürlü bir tirandır. Buna görə də Kutuzovdan xeyli gənc, enerjili, hətta bir sərkərdə kimi istedadlı olmasına baxmayaraq dünyanı titrədən fateh ona uduzur. Əlbəttə, ona yox, Napoleon onun mütiliklə iradəsinə boyun əydiyi Tanrının, bir də hər fransız əsgərinə buzdan heykəl yapan təbiətin hökmünə təslim olur.

***

Epiloqun fəlsəfi hissəsində böyük mütəfəkkir azadlıq-zərurət qarşıdurması üzərində dayanır, filosoflarla polemikaya girir. Tolstoy azadlıqla zərurətin barışmazlığı haqqında deyilənlərə qarşı çıxır, onun fikrincə, istər tarixin gedişatında, istərsə də ayrı-ayrı adamların fəaliyyətində bu iki anlayış antaqonist mövqedə durmur, əksinə, bir-birini tamamlayır. Tolstoya görə, azadlıq həyatın məzmunu, zərurət isə formasıdır. Fəlsəfi epiloqun yekununda yazıçı bu qənaətə gəlir: Yerin Günəş ətrafında fırlanmasını hiss etmədiyimiz halda bu hərəkətin reallığını təsdiqlədiyimiz kimi, insanın tarixdəki fəaliyyətinin də yalnız azadlıq qanunlarıyla idarə olunduğu fikrindən əl çəkib, ilahi iradədən hiss etmədiyimiz asılılığı qəbul eləməliyik. Tolstoyun düşüncəsinə görə, əgər insanın hərəkətini idarə eləyən tək bircə qanun varsa, iradə azadlığından söhbət gedə bilməz, insan bütünlüklə o qanuna tabe olmalıdır.

***

Fransızların hücumu zamanı xalqın bir orqanizm kimi birləşdiyini göstərmək üçün Tolstoy əvvəlki illərə aid epizodlarda bir sıra ziddiyyətlər, düşmənçiliklər yaradır. Məsələn: Pyer Bezuxov arvadı Elenlə adı hallanan Doloxovu duelə çağırır, üstəlik, ömründə birinci kərə əlinə tapança alan Pyer usta atıcı kimi ad çıxarmış zabiti yaralayır; Pyerin qaynı, pozğun həyat sürən Anatol Kuragin knyaz Andreyin bacısı, dindar, səbirli knyajna Maryaya elçi düşür, rədd cavabı alır; Doloxovla Kuragin knyaz Andreyin nişanlısı, məsum, sadəlövh Nataşa Rostovanı yoldan çıxarıb qaçırmağa cəhd göstərirlər, ancaq işin üstü açılır, bundan sonra Andrey nişanı pozsa da, Anatolu dueldə öldürmək üçün fürsət axtarır...

Xalq müharibəsi başlanandan sonra isə küsülər, düşmənçiliklər aradan qalxır, çarından tutmuş sadə kəndlisinə qədər bütün rus xalqı bir vücud (vəhdəti-vücud!) halına gəlir, hər bir hüceyrə bu vücudu yad təsirlərdən, mikroblardan qorumaq uğrunda mübarizəyə qoşulur, hər kəs başqalarını qurtarmaq üçün özündən keçməyə hazır olur. Tərbiyəsiz Doloxov savaşda böyük fədakarlıq göstərir. Ağır yaralı knyaz Andrey bir ayağını mərmi aparmış Anatolun uşaq kimi ağladığını görəndə ona rəhmi gəlir, gözlərindən yaş süzülür, düşünür ki, İsa peyğəmbərin bəşəriyyətə təlqin eləməyə çalışdığı “düşmənlərini də sev” həqiqəti elə bu imiş. Tolstoya görə, insan yalnız hamı üçün yaşayanda həyatı məna qazanır, bütün başqa hallarda həyat mənasızdır.

Hər bir böyük idealist kimi Tolstoy da bu romanda Allahın şərdən xeyir yaratmaq iksirinin düsturunu verməyə çalışıb.

***

Tolstoyun obrazı daha çox əsərdəki üç personaj - Andrey Bolkonski, Pyer Bezuxov, qismən də Nikolay Rostov arasında paylaşılıb. Rostovların evinə gedən Andreyin özündən xeyli kiçik Nataşanı görüb ona aşiq olması kimi səhnələr avtobioqrafik sayıla bilər. Pyeri naqis əxlaqlı Elenlə evləndirən Tolstoy Andreyin ölümündən sonra Nataşanı ona verməklə saf ürəkli qəhrəmanının başına gətirdiyi mənəvi fəlakətin haqqını ödəyir. Pyerlə Nataşanın evliliyi timsalında yazıçı əsl xristian ailəsinin modelini yaratmağa çalışıb. Onun Elenlə qurduğu ailə isə, necə deyərlər, ruhani birliyə söykənməyən antixristian ailəsi idi. Bu təzad, kontrast müəllifin hədəfini dəqiq göstərmək üçün əsərə salınıb - bir var ehtiras, riya üzərində qurulan haram ailə, bir də var sevgi, səmimiyyət üstündə qurulan halal ailə.

Nataşanın Andreyə ilk vurğunluğu hələ ruhani xarakter daşımır; bu, yetkinlik yaşına çatmış gözəl, duyğulu bir qızın ciddi, ağıllı, ortaboy olsa da yaraşıqlı, xarizmatik bir zabitə heyranlığından başqa bir şey deyil. Ondan da yaraşıqlı pozğun Anatol ortaya çıxandan sonra canında qadınlıq ehtirası tüğyan eləyən Nataşa hayıl-mayıl olub başını itirir. Pyerin sayəsində alınmayan uğursuz qaçış cəhdi Nataşa Rostovanın məhvinə səbəb olmur, tərsinə, onu puça çıxmaqdan qurtarır. Keçmiş nişanlısı, müharibənin ölümcül yara vurduğu knyaz Andreylə od-alov içində baş tutan görüşü Nataşanı biryolluq dəyişir, onun mənəvi dirçəlişinə, İsa peyğəmbərin buyurduğu yolla gedən cəfakeş bir rahibəyə çevrilməsinə təkan verir.

Əlbəttə, rahibə sözünü mən burda rəmzi mənada işlətdim. Yarımcan Andreylə ona qulluq göstərən Nataşanın sevgisi artıq Austerlits döyüşünün qəhrəmanı, Kutuzovun yavəri olmuş təkəbbürlü zabitlə yelbeyin kübar qızın ötəri heyranlığı deyil, misli görünməmiş bir savaşın cəhənnəmindən keçmiş iki yetkin şəxsiyyətin, iki kamil ruhun bir-birinə toxunuşudur. Bu mistik təmas yer üzündəki təyinatını Nataşa Rostovaya biryolluq anladır. Knyaz Andrey aldığı yaradan sağalmasa da, Nataşa bütün sonrakı həyatını onun ruhunun kölgəsində keçirir. Savaş bitəndən sonra Andreyin dostu, ruh ekizi Pyerlə Nataşa gerçək bir xristian ailəsi qurub mömin həyat yaşayırlar.

***

Tolstoyun nəzərində ideal qadın ərini ilahi eşqlə, xristian məhəbbətiylə sevən, ona qeyd-şərtsiz təslim olan, öz varlığını sevdiyinin varlığında əridib itirən, ailəsi, övladları üçün yaşayan qadındır - Nataşa kimi, knyajna Marya kimi, “Anna Karenina”dakı Kiti kimi.

Çexovun “Qadası” adlı hekayəsi var. Hekayənin qadın qəhrəmanı başqa-başqa peşələrin yiyəsi olan üç-dörd ərə gedir, hər dəfə də ərinin problemləriylə yaşayır, onların diliylə danışır, bir sözlə, oxucu hekayə boyu qadının özünü yox, onun kişilərdə (daha doğrusu, kişilərin onda) əks olunan surətini görür. Qəti şübhəm yoxdur ki, Çexov bu hekayəni Tolstoyla polemika zəminində, onun ideal qadınlarının halına gülmək (əslində acımaq) məqsədilə, o qadınların gerçək obrazını ironik-faciəvi planda sərgiləmək üçün yazıb. Çexovdan ötrü həyatda belə bir ideal yox idi, onun dünyagörüşü Tolstoydan çox fərqlənirdi. Tolstoy isə Çexovun istehza hədəfinə çevirdiyi qadını gerçək qadınlıq örnəyi sayırdı, onun fədakarlığına heyran qaldığını gizlətmirdi.

***

Əsərdə baş qəhrəmanı müəyyənləşdirmək çətindir. Ancaq iki baş qəhrəmandan birinin, bəlkə də birincisinin Andrey Bolkonski olduğunu desəm, yəqin yanılmaram. Onun atası adlı-sanlı zadəgan, istefada olan hərbçi, Kutuzovun cavanlıq dostudur; kənddəki mülkündə zahidanə həyat yaşayır, cəmiyyət içinə çıxmır.

Knyaz Andrey müharibəyə çağırış alanda hamilə arvadını kəndə aparıb atasına tapşırır. Liza, çox güman, Andreyin sevdiyi qadın deyil, ancaq onu Andreyin sevmədiyi qadın saymağa da dəlilimiz çatmır. Doğuş zamanı can verən cavan arvadının üzünə baxanda sərt, cod Bolkonskinin ürəyindən keçən şəfqət, mərhəmət duyğusunu Tolstoy misilsiz ustalıqla qələmə alıb (buna bənzər bir səhnə Heminqueyin “Hindu qəsəbəsi” hekayəsində də var). Andrey olsun ki, Lizanı nə vaxtsa sevib, ancaq onların həyatının bu mərhələsi əsərdə təsvir olunmayıb. Knyaz Bolkonski romanın birinci yarısında ümumiyyətlə nikahın, evliliyin əleyhinə çıxır, özündən gənc dostu Pyerə də evlənməməyi məsləhət görür.

Romanın birinci cildi Austerlits döyüşündə knyazın ağır yaralanmasıyla bitir. Döyüşdən əvvəl Andrey müharibəyə bir Napoleon iddiasıyla, şan-şöhrət üçün, üzünü belə görmədiyi, heç vaxt da görməyəcəyi adamlara özünü tanıtmaq üçün qatıldığını daxili monoloqunda etiraf eləyir. Ancaq Austerlits çölündə yaralı-yaralı arxası üstə uzanıb göyə, göyün dərinliyinə, sonsuzluğuna baxanda özünün şöhrət arzusu da, bütün bu qaçhaqaçlar, qovhaqovlar, müharibələr, qırğınlar da ona çox mənasız, puç görünür. Bu məqam qəhrəmanın qəlbindəki təbəddülatın başlanğıcı olur.

Sağalandan sonra evə qayıdan Andrey arvadı Lizanın doğuşu ərəfəsində kəndə çatır. Doğuş çox ağır keçir, Liza onu tanımır. Uşaq qurtulsa da, anası doğuşdan salamat qurtarmır. Qadının üzündəki əzablı ifadəni knyaz Andrey belə oxuyur: “Siz mənim başıma nə oyun açdınız, axı mən sizə nə pislik eləmişdim!..” Bu “oxunuş” döyüşlərdən çıxmış gənc zabitin, Kutuzovun yavərinin ürəyində silinməz iz qoyur, onu sarsıdır (“Hindu qəsəbəsi” hekayəsində ağır doğuş keçirən qadının əri onun əzablarına dözməyib dinməzcə damarını doğrayır). Bununla da Andreyin həyatdan küskün, bədbin günləri başlanır.

Paylaş:
Baxılıb: 305 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Son 5 ay ...

03 Fevral 11:02

Sosial

Ədəbiyyat

Allahı qoruyan şair

03 Fevral 10:56

Siyasət

İRR camaşırxanası...

03 Fevral 10:47  

Siyasət

Siyasət

Siyasət

Daha bir şans

03 Fevral 10:12

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28