Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / 40 illik ənənə...

40 illik ənənə...

15.07.2022 [10:14]

Şuşada Vaqif Poeziya Günləri başladı!

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə iyulun 14-dən Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Vaqif Poeziya Günləri başlayıb. Xatırladaq ki, qırx illik tarixi olan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra ikinci dəfədir təşkil olunur.

Mədəniyyət və incəsənət xadimlərinin, AYB üzvlərinin, gənc yazıçılar, şairlər və qazilərin iştirak etdikləri Poeziya Günləri çərçivəsində keçirilən ilk tədbir “Qarabağ” mehmanxanasının qarşısında təşkil olunan kitab sərgisi olub. Sərgini AYB-nin üzvü İlqar Fəhmi açıb. Xalq yazıçısı Anar qonaqları salamladıqdan sonra çıxış edən AYB-nin sədr müavini Rəşad Məcid bildirib ki, sərgidə 100-dən çox şair və yazıçının kitabları nümayiş etdirilir. Kitab sərgisində ayrı-ayrı yazıçıların kitablarının təqdimatı keçirilib.

Qeyd edilib ki, əvvəlcə Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə hazırlanan “Qarabağ dastanı, otuz ilin həsrəti - 44 günün Zəfəri” və Şuşada keçirilmiş Vaqif Poeziya Günləri barədə “Bütün yollar Şuşaya aparır...” kitablarının təqdimatı olub.

 “Qarabağ dastanı, otuz ilin həsrəti - 44 günün Zəfəri” kitabı Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın təşəbbüsü ilə Qələbəmizin ilk günlərindən hazırlanmağa başlanıb. Kitabda azad olunmuş Qarabağdan olan hər bir yazıçı öz rayonları haqqında xatirələrini yazıb. Məsələn, Elçin Əfəndiyev Şuşadan, Ramiz Rövşən Qubadlıdan, Seyran Səxavət Füzulidən, Elçin Hüseynbəyli Cəbrayıldan, Aqil Abbas Ağdamdan yazıblar. Eyni zamanda, bu kitabda Qarabağın tarixi, ədəbiyyatı, musiqi adamları haqqında zəngin məlumatlar da yer alıb. Həmçinin şairlərin Qarabağa həsr olunmuş şeirlərinə, ötən il “Xarıbülbül” musiqi festivalından sonra yazılmış publisist məqalələrə də kitabda yer verilib. Kitabın “Ön söz”ünün müəllifi və redaktoru isə AYB-nin sədr müavini Rəşad Məciddir.

Sərgidə iştirak edən yazıçılar və şairlər Azərbaycanın Vətən müharibəsində Qələbəsinə həsr olunmuş kitablar nəşr etdiriblər. Tədbirdə Elçin İsgəndərzadə, Elşən Əzim, Arzu Əsəd, İntiqam Yaşar və digərləri öz kitabları haqqında danışıb, şeirlər səsləndiriblər. Şair və publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramiz Qusarçaylı Şuşaya həsr olunmuş şeirini oxuyub və öz təəssüratlarını bölüşüb.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar mədəniyyət paytaxtımızdakı əsrarəngiz tədbir barədə fikirlərini bölüşüb: “Torpaqlarımız azad ediləndən sonra Prezident İlham Əliyevin ilk fərmanlarından biri Şuşanın mədəniyyət mərkəzi elan edilməsi oldu. Bundan sonra əvvəlki ənənələr bərpa edildi. İkinci ildir ki, Şuşada Vaqif Poeziya Günlərini keçiririk. Həmçinin “Xarıbülbül” festivalı da təşkil olundu. Şuşa Azərbaycan mədəniyyətinin beşiyidir. Biz şadıq ki, Qarabağın incisinin belə möhtəşəm tədbir və festivallara yenidən ev sahibliyi etdiyi günləri görə bildik. Bunu Prezident, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuza borcluyuq!”.

AYB-nin beynəlxalq məsələlər üzrə katibi Səlim Babullaoğlu isə söyləyib ki, işğaldan azad edilmiş torpaqların ilk əlamətdar hadisələrindən biri Vaqifin məqbərəsinin ucaldılması, Prezident İlham Əliyevin rəhbərliyi və iştirakı ilə birinci Vaqif Poeziya Günlərinin keçirilməsidir: “Bu gün ikinci dəfə Vaqif Poeziya Günlərinə toplaşmışıq. Vaqif Azərbaycan poeziyasında həm bədii, həm də siyasi sözün rəmzidir. Bu isə o deməkdir ki, bu gün buraya toplaşan ədəbiyyatçılar həm dövlətin, həm ədəbiyyatın, həm də Azərbaycan tarixinin yanındadırlar.

Düşünürük ki, bu tədbirin əhəmiyyəti daha da artacaq və növbəti illərdə Poeziya Günlərinə xarici qonaqlar, dünya xalqlarının müxtəlif söz və sənət ustaları toplaşacaqlar. Əminik ki, Vaqif Poeziya Günləri təkcə Azərbaycan ədəbiyyatının deyil, Azərbaycan tarixinin, Qarabağ tarixinin də təbliğatçısı olacaq”.

Xatırladaq ki, sovet hökumətinin tarixlə bağlı yanaşması belə idi ki, xanlıqlar tarixin qara ləkəsi kimi qələmə verilirdi. Bütün bunlara baxmayaraq, Ulu Öndərin iradəsi və qətiyyəti nəticəsində Şuşada Vaqifin məqbərəsi ucaldıldı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin məqbərəsinin və poeziya evinin təntənəli açılışı onun milli ədəbiyyata, tarixə, mədəniyyətə böyük önəm verməsinin təzahürü idi. Məhz bu səfər çərçivəsində Ulu Öndər Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş vermiş və həmin ilin 29 iyul - 3 avqust tarixlərində Şuşada Vaqif Poeziya Günləri keçirilmişdi. Vaqif Poeziya Günləri həmin tarixdən etibarən 1991-ci ilədək hər il avqust ayında şairin vətəni Qazaxdan başlayıb, Şuşanın əsrarəngiz Cıdır düzündə yekunlaşırdı.

Postmüharibə dövründə 40 illik tarixi olan Vaqif Poeziya Günlərinin Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yenidən keçirilməsi Şuşanın həyatında böyük mədəni hadisədir. Qeyd edək, dahi şairin ermənilər tərəfindən dağıdılmış məqbərəsi və büstü də ulu öndər Heydər Əliyevin adını daşıyan Fond tərəfindən bərpa edilib.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 499 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30