Sükuta sığınmaq, zənciri qırmaq
22.01.2025 [09:52]
Kamilo Xose Selanın “Paskual Duartenin ailəsi” romanı haqqında
Əvvəli ötən saylarımızda...
Bu cinayətinə görə Paskual Duarte üç il türmədə yatır, həbsxanada nümunəvi davranışına görə onu azadlığa tez buraxırlar. Doğmalarının heç gözləmədiyi bir vaxtda bəxtsiz qəhrəman evə qayıdır. Anası qapını oğlunun üzünə bir xeyli sorğu-sualdan sonra çətinliklə açır. Rosario yəqin ehtiyac ucbatından yenidən (bu səfər Paskualın tay-tuşlarından biriylə) Almendralexoya köçüb, ancaq ata evinə tez-tez gəlib anasını yoluxur. Qardaşının həbsdən buraxıldığını eşidəndə də özünü tezcə kəndə yetirir. Bacı-qardaş ordan-burdan danışandan sonra Rosario deyir ki, Paskuala qız tapıb. Esperansanın yaşı otuzdan bir az artıq olar, suyuşirin qızdır, Paskualı hələ evlənməmişdən sevsə də, istəyini büruzə verməyib: “Onu bərk-bərk, qızğıncasına, başqa bir qadına duymadığım ehtiramla öpdüm, o qədər çox öpdüm ki, dodaqlarımı ayıranda ona qarşı qəlbimdə ən vəfalı bir sevgi doğulmağa macal tapmışdı”.
Beləliklə, Paskual bacısının araçılığıyla ikinci dəfə evlənir. Anasının gəlindən zəhləsi gedir, üstəlik də bunu gizlətməyə çalışmır. Paskual arvadını da götürüb La Korunyaya, Madridə, ya da bir az yaxına - əyalətin mərkəzinə köçmək barədə düşünür, ancaq qorxaqlıqdanmı, qətyyətsizlikdənmi, ya taleyin hökmündənmi hər dəfə bu işi sonraya saxlayır: “Hətta o qədər sonraya saxladım ki, nəhayət, yola çıxanda özümdən və xatirələrimdən savayı heç kimdən torpaqla ayrılmağıma lüzum qalmadı... Öz günahımdan gizlənməyə yalnız torpaq azlıq eləyirdi, torpaq o qədər böyük, o qədər geniş deyildi ki, yaşayış yerimi dəyişməklə vicdanımın fəryadını eşitməyəm... Mən torpaqla öz kölgəmdən, adımdan, xatirələrimdən, hətta öz bədənimdən daldalanmaq istəyirdim; kölgəsiz, xatirəsiz, adsız, bədənsiz məndən çoxmu şey qalacaqdı? Başqa hallarda həyatdan qəfil silinmək, yoxa çıxmaq yaxşıdır, yer ayrıla yerə girəsən, tüstü kimi havaya qarışasan. Belə olmur, olsaydı, mələyə çevrilərdik, cinayətlərin, günahların girdabından qurtulardıq, bu xarabı çıxıb ağırlaşmış ət yükündən azad olardıq; sizi inandırıram, əgər kimsə öz dəyərsiz canının üstündə əsə-əsə qəlbimizə toxunub onu daim yadımıza salmağa çalışmasaydı, biz onu heç vəchlə xatırlamazdıq. Heç nə iyrənc keçmişin cüzamı ilə çürümüş vicdan qədər, şərdən vaxtında ayrılmayan peşmançılıq xorası qədər pis qoxumur, biz ümidləri çiçəkləməyə macal tapmamış məhv olanların zibilliyində iylənirik, bizim miskin həyatımız - özü də çoxdan - gör bir nəyə çevrilib!”
***
Paskual Duartenin cinayət silsiləsi onun taleyinin səbəb-nəticə qanunuyla hörülmüş zənciridir. Könülsüz qatil bu həyata, bu dünyaya həmin o möhkəm, qırılmaz zəncirlə hörüklənib. İnsan əgər yaşayırsa, o zənciri boynundan tam atmağı mümkün deyil, onu sadəcə incəltmək, lap uzağı bir tük qədər naziltmək olar. Ehtirasları, qorxularıyla həyata nə qədər möhkəm, nə qədər bərk bağlanırsa, insanın zəncirləri də bir o qədər yoğunlayıb möhkəmlənir. Zahirən belə görünür ki, bəşər övladı yalnız ölməklə zəncirini qıra bilər, ancaq bu da illüziyadır, çünki fiziki ölüm haq deyil, təbiət hadisəsidir; ölümün haqq işi sayılması üçün onun ruhun materiya üzərində qələbəsi nəticəsində, böyük bir kosmik savaşın təntənəli sonluğu kimi başa gəlməsi lazımdır.
Bu savaşdan xəbərsiz Paskual isə zəncirini anasını öldürməklə qırmağa çalışır: “Silaha əl atmağı qərara aldığım gün o qədər dilxor, onu al qana boyamağın xeyirliyə olmayacağına o qədər əmin idim ki, anamın öləcəyi fikrinin özü belə zərrə qədər də məni təlaşa salmırdı. Bu, sadəcə, alın yazısı idi, olacağa çarə yoxdu, mən vur-tut icraçıydım, hətta istəsəm də bundan qaça bilməzdim, çünki fikrimi dəyişmək, baş verməməsi üçün əlimin belə kəsilməsinə razı olduğum hadisənin baş tutmaması mənə mümkünsüz görünürdü; onda isə buğda səpdiyi zəmisinin qayğısına qalan kəndçi kimi hər şeyi yerli-yerində ölçüb biçmişdim”.
Övladlarının əzablarına laqeyd, şikəst oğlunun, cavan gəlininin, körpə nəvəsinin vaxtsız ölümünə acımayan anasına əl qaldırmaqla Paskual öz mənbəyinə, insan tələsinə, fələyin tale istehsal eləyən dəzgahına hücum çəkir, onu dünyaya gətirən səbəbi aradan qaldırır, bununla da guya öz keçmişiylə bağını qırır. Arvadını öldürəndə isə o, bir halqası olduğu həmin zəncirin nəticə hissəsindən özünü ayırmışdı, Lolanın bətnindən cücərib gələcəyə kök atası pöhrələrini bəri başdan budamışdı.
***
Beləliklə, edam ərəfəsində Paskual Duartenin nə keçmişi, nə də gələcəyi var. O, zəncirindən qopmuş gərəksiz tək halqadır. Kor bələdçiləri (yəni qorxusu, xofu, şübhəsi, nifrəti) yanlış istiqamət verdiyindən onun azadlıq yolu dalana dirənir, bu səbəbdən ölümü Kamünün Mersosu kimi ləyaqətlə, mərdanə, soyuqqanlı qarşılamır. Onu edam kürsüsünə sürüyə-sürüyə, bağırda-bağırda çıxarırlar. Bu səhnəni stoiklərin tale-qismət haqqında dediklərinə illüstrasiya kimi də təsəvvürə gətirmək olar: stoya təlimi deyir ki, sən adına yazılmış, boyuna biçilmiş tale yolunu onsuz da getməlisən; ağlın varsa, taleyinə təslim olub könüllü gedəcəksən, yox, işdir, boyun qaçırmaq, qismətdən yayınmaq istəsən, döyə-döyə aparacaqlar...
Əgər Paskual Duartenin Epikür fəlsəfəsindən, Budda təlimindən xəbəri olsaydı, anadangəlmə qorxularına, beyninin dərinliyinə işləmiş travmalarına üstün gəlməyin, onları qatlayıb pyedestal kimi taleyinin ayaqları altına qoymağın, çiynindən basan dərdi əxlaqına çevirməyin doğru üsullarına da yiyələnə bilərdi. Dünyadan, həyatdan, tale-qismətdən qaçışı mükəmməl olmayanda insan özünü dünyaya daha möhkəm zəncirlə bağlamış olur. Cəllad baltası torpaqla bağları qırmır, tam tərsinə, insanı torpağa həmişəlik bağlayır.
F.Uğurlu
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

