DAŞA DÖNMÜŞ...
23.02.2013 [14:21]
Əkrəm Naibovun başıbəlalı “Daş yuxular” əsəri haqqında mətbuatda müxtəlif səpgili və saysız-hesabsız yazılara rast gəlmək olar. Bütün bu yazıları oxuyarkən “Artıq hər şey deyilib. Bu deyilənlərə daha nə əlavə edə bilərəm?” - deyə, düşünürdüm. Eləcə də, fevralın 16-da Moskvadakı “Millətlər Evi”ndə təşkil olunan Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin 10 illik yubileyində bu haqda nə danışacağımı fikirləşirdim, - fikirləşirdim, nə deyim ki, təkrar olmasın?
Müxtəlif qəzetlərdən və saytlardan fikrimi soruşanlar da az olmamışdı. Deyilənləri təkrarlamamaq üçün susmağı üstün tuturdum. Bir şeyə də fikir vermişdim ki, imzasını tanıtmaq istəyən bəzi yazarların əlinə sanki fürsət düşmüş kimiydi. Bilən-bilməyən, oxuyan-oxumayan yazırdı...
Və elə bu zamanlarda, internet-mətbuatda ünlü alim, sayğı bəslədiyim gözəl insan Tofiq Məliklinin məqaləsinə rast gəldim - “Əkrəm Naibov və onun “Daş yuxular”ı.
Təhqirdən uzaq olan bu anlamlı yazını oxuduqdan sonra, “Drujba narodov” jurnalının vətəni olan Moskvada vətən həsrətiylə yaşayan bir şairə kimi, mən də öz fikrimi mütləq bildirməli olduğuma qərar verdim.
Ən qorxulu şey - xalqın nifrətidir. Vay o gündən ki, xalq yad düşmənə deyil, öz nümayəndəsinə nifrət etsin! Mən bunu heç kəsə arzulamaram. Və ən çıxılmaz durum - geriyə dönüşün olmadığını bilməkdir. Ölüm belə bundan yaxşıdır.
Atalar deyib ki, insanın öz-özünə etdiyini el yığılsa da edə bilməz. Nə idi Əkrəm Naibovu bu əsəri yazmağa vadar edən? O hər şeyin bu yerə gəlib çıxacağını bilmirdimi? Xalqın nifrətini qazanacağını, ondan üz döndəriləcəyini bilmirdimi? Məgər o, bəzi şairlərin, unudulmağa məhkum olunması, dərsliklərdən çıxarılması kimi acı ədəbi tarixləri unutmuşdumu? - hələ qalsın ki, qatı düşmənlərimizin əlinə fürsət verə biləcək abırsız bir əsəri yazan yazıçının gününün necə olacağı...
Məncə xeyir! Lakin bilərəkdən belə bir əsər yazmaq da nə demək idi? Doğrudanmı Vətənimizi qaçqınlar, köçgünlər yurduna çevirən, torpaqlarımızda at oynadan, qadınlarımızı, qızlarımızı əsir alan bir düşməni elə sevmək olar ki, onun şəninə belə bir “möhtəşəm” yazı yazılsın?
...Tarixdə qalmaq gözəl şeydir. Bəli, bunu hər kəs arzu edə bilər. Amma tarixin yaddaşında müxtəlif cür qalmaq olar: örnəyi, əqidəsi yolunda dərisi soyulan Nəsimi kimi, əsərlərində vicdanı bir insan kimi danışdıran, “sapı özümüzdən olan baltalar”ı ifşa edən İsmayıl Şıxlı kimi...
Lakin tarixin yaddaşında satqın kimi də yaşayan insanlar az deyil. Onlar da unudulmur. Belə unudulmamaq xoşbəxtlikdirmi? Əsla! Şöhrətə çatmaq üçün millətinin adını ləkələyəcəksənsə, bu ancaq bədbəxtlikdir!
“Daş yuxular”ın sonuncu - dördüncü bölümü belə bir epiqrafla başlayır: “Doktor Abasaliev utverjdaet, çto, esli bı zajqli vseqo po odnoy sveçe kajdomu ubiennomu arməninu, siənie etix sveç bılo bı ərçe sveta lunı”. (Azərbaycanca desək: “Doktor Abbasəliyev təsdiq edir ki, hər bir öldürülmüş erməni üçün yalnız bir şam yandırılsa, onların parıltısı Ay işığından daha parlaq olardı”.) -Aman Allah, yalanın miqyasına bax! Bəs, yalnızca bircə Xocalı gerçəyini götürsək?!. - Öldürülən qadınların, körpələrin, uşaqların, qocaların sayı qədər şam yandırsaq? Məncə bu parıltı Günəşi belə solğun qoyacaq dərəcədə parlaq olardı!
Əsərdə erməni kilsələrinin adı böyük ehtiram və ağrı-acıyla çəkilir -o kilsələr doğrudan da olubmu-olmayıbmı - bir Allah bilir. Bəs doğrudan-doğruya yandırılan, uçurdulan məscidlərimiz! Kor qoyulan ocaqlarımız? Dağıdılan evlərimiz? Viran edilən məzarlarımız? Yağıya qismət olan ellərimiz, obalarımız?
Niyə bu dərdlərimizi yazmırıq? Niyə başımıza açılan oyunları isbat etməyə gələndə lal oluruq? Yeri deyil, zamanı deyil - deyirik.!? Anaların körpələrini öldürüb, onları it küçüklərini əmizdirməyə məcbur edən, uşaqları çarmıxa çəkib dərisini soyan, meyidlərə həqarət edən, kəsilmiş başlarla futbol oynayıb sonra murdarlayan bir “xalq”ın haqqında ürək yanğısı ilə yazmağa dəyərdimi? DƏYMƏZDİ!
Bu yaxın günlərdə, daha dəqiq desəm, fevral ayının 9-da Moskvada “Millətlər Evi”ndə böyük özbək (eləcə də, bütün Türk Dünyasının) şairi və filosofu Əlişir Nəvainin doğum gününə həsr olunmuş gecədə idim. Burada bir çox ünlü adamlar - akademik M.Sinelnikov, akademik A.Malkarov, professor M.İsmayıl, O.F.Mustafin, V.Nemçinov, A.Yudaxin, V. Hoffman və başqaları iştirak edirdi.
Görüşdən sonra, söhbət zamanı mənə çox pis təsir edən bir hadisə ilə üzləşdim. Rus şairlərdən biri (adını çəkməyəcəm), vaxtı ilə Bəxtiyar Vahabzadənin şeirlərinin çevirməni olduğunu dedi. Sevinməyə macal tapmamışdım ki, belə bir cümlə işlətdi: “Sonralar mən Bəxtiyarın şeirlər kitabını çevirməkdən imtina etdim. Səbəbi dəhşətli idi - ermənilərlə aranızda dava düşəndə o eyvana çıxıb camaatı erməni uşaqlarını eyvandan atmağa səsləyirmiş”.
Təbii ki, biz - Azərbaycanı təmsil edən yazarlar az qala dəli olduq bu iftiradan. Biz bunun belə olmadığını hər cəhdlə isbat etmək istəyirdik. Yaxşı ki, gətirdiyimiz dəlillər ümidlərimizi boşa çıxarmadı. Şairdə öncə bir qədər şübhə yaransa da, sonra Bəxtiyar Vahabzadənin belə bir iş etmədiyinə inandı. Hətta üzr də istədi. Ətrafdakılar isə hər zamankı kimi “yeri deyil, zamanı deyil” deyirdilər. Bəli, hər zamankı sözlər... Qarşısıalınmaz haqqı susdurmaq cəhdləri, hər zamankı kimi... - “Yeri deyil! Zamanı deyil!” Nə zaman gəlməliydi bəs, o zaman? Harada idi bəs, o uyğun yer?
Bax, budur ermənilərin və ermənipərəstlərin hər yerdə bizə qarşı apardığı təbliğatın sonucları. Onlar bizim təkcə torpaqlarımızı deyil, hər şeyimizi əlimizdən almaq niyyətindədirlər: sərvətimizi, milli dəyərlərimizi, incəsənətimizi, ədəbiyyatımızı... Və buna da nail olmağı bacarırlar müəyyən qədər - sadə bir səbəbdən - bizim biganəliyimizdən, sadəlövhlüyümüzdən...
Biz hələ ki, olmayan günahlarımızın cəzasını çəkirik. Biz hər zaman süfrəmizi gələnlərin üzünə açıb son tikəmizi bölməyimizin cəzasını çəkirik.
Biz şəhidlər verə-verə hələ də torpaqları işğal altında olan bir xalqıq! Biz ürəyiyumşaqlıqdan bəlalara düçar olan bir xalqıq!
Biz ana-bacıları namusu əsirlikdə tapdanarkən, ali duyğularla silahlanıb qələbəyə doğru getməkdənsə, ibtidai sevinclərlə özümüzü ovudub, şənlənə bilirik...
Biz öz zavallı köçkünümüzə “Yeraz” adı qoyuruq...
...Bu qədər təzad, bu qədər ikililik bizi dərddən-dərdə sürüyür. İndi də öz əlimizlə düşmənlərimizə bəhanə vermişik ki, özlərini daha da xoşbəxt hiss etsinlər. Onlar, başqa millət tərəfindən deyil, məhz azərbaycanlı yazar tərəfindən yazılmış əsərdən öz xeyirlərinə, bizim isə əksimizə istifadə edəcəklər, var gücləri ilə - necə ki, artıq edirlər..!
Haqqımızı ala bilmədiyimiz, doğruluğumuzu dünyaya hələ də sübut edə bilmədiyimiz bir halda, onsuz da gərgin olan halımızı bir az da gərginləşdirdik, yaralı olan qəlbimizi daha da ağrıtdıq, hələ şəhid qanı qurumamış torpaqlarımızı sanki ikiqat itirdik...
Düzdür, vəhşilik bizə yaraşmır - biz erməni deyilik. Türk xalqı heç zaman vəhşi olmayıb. Hətta öz düşməninə, əsirlərinə belə humanist davranan bir millət indi bütün dünyanın diqqət mərkəzindədir. Nə etsək sübutla və xalqımıza yaraşan müdrikliklə edək. Çünki biz - müdrik olmağı öyrənmirik, bu bizim qan yaddaşımızdadır. Amma heç nəyi unutmayaq! Qollarımız boşalmasın! Düşməni ocağımıza bir də yaxın qoymayaq!
İntiqam hissimizi daşa döndərməyək! Haqlı nifrətimizi qaynadaq! Qaynadaq ki, bəlkə dağ edib, sağalmayan yaralarımıza bir məlhəm kimi tökə bildik!
Əkrəm Naibovu yaddaşımda Azərbaycanın görkəmli nasiri, dramaturqu, tərcüməcisi, Azərbaycan Yazıçılar Birliyinin sabiq üzvü, Azərbaycan Respublikasının sabiq Xalq yazıçısı, Azərbaycanın Əməkdar incəsənət xadimi kimi, uşaqlıqdan aludə olduğumuz “Dağlara çən düşəndə”, “Kür qırağının meşələri”, “Bu kənddən bir qatar keçdi” kimi əsərlərin müəllifi kimi saxlamaq istəyirəm. “Daş yuxular” qoymur...
Heyif sizdən a gözəl əsərlər, heyif, sizi bir də necə oxuyacam!? Başqa söz demirəm, sizin ahınız tutsun sizə dönük çıxan yazarınızı!
AFAQ ŞIXLI
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

