Ukraynada oğurlanan uşaqların taleyi: Onları necə qaçırırlar?
28.03.2023 [11:12]
Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putinin həbsinə order verərkən onu bəşəriyyətin ən dəhşətli cinayətlərində ittiham olunan əliqanlı diktatorlarla bərabər tutub. Məsələ burasındadır ki, Rusiya prezidenti barəsində çıxarılan məlum ICC orderi əksəriyyətimizin zənn etdiyi kimi Buça və ya Mariupolda törədilmiş qırğınlarla bağlı deyil. Haaqa məhkəməsinin bu qərarı Rusiya hakimiyyət orqanları tərəfindən ukraynalı uşaqların oğurlanması ilə əlaqələndirilir.
Bəs beynəlxalq məhkəmə ukraynalı uşaqların oğurlanmasında Rusiya hakimiyyətinin əli olduğunu necə sübuta yetirib? Ukrayna mətbuatı və Qərb mediasının yazdığına görə, ruslar bu əməllərini heç də gizlətmir, ukraynalı ailələri yaşadıqları ərazidən deportasiya edərkən azyaşlıları guya “daha sakit və güvənli yerlərə” apardıqlarını deyirlər. Rusların uşaq evlərindən və xəstəxanalardan valideynlərini itirmiş, yaxud deportasiya edilmiş azyaşlıları Ukraynadan çıxararaq Rusiyaya aparmaları barədə məlumatlar dərc edilir. Hətta Moskvada rus ordusunun Ukraynadakı “şücaətinə” həsr edilən tədbirlərdə və böyük konsertlərdə həmin uşaqların fotoşəkilləri də nümayiş etdirilir.
Evakuasiya - uşaq oğurluğu
Haaqa məhkəməsinin hakimləri deportasiyaların davam edəcəyi növbəti dönəmlər üçün uşaqların təhlükəsizliyi ilə bağlı həyəcan çağırışları edib. Beynəlxalq aləmin bu narahatlığına əsaslı səbəblər var. Belə ki, Ukraynanın cənubunda Rusiya hakimiyyətinin nəzarətində olan yerli icraedici orqanlar bu yaz gözlənilən təhlükəyə görə yenidən “evakuasiya” əmrləri verirlər. Əslində isə bu əmrlər evakuasiyadan daha çox deportasiya xarakteri daşıyır. Təxminən bir ay öncə rus qoşunları ələ keçirdikləri rayonlardan Ukraynanın qalan ərazilərinə gedən bütün yolları bağlayaraq yerli əhalinin işğal zonasından qaçmasını əməlli-başlı əngəlləmişdi. Hazırda açıq yollar yalnız işğal olunmuş ərazilərə, ya da birbaşa Rusiya sərhədlərinə aparır.
Ukrayna Milli Müqavimət Mərkəzi işğaldakı ərazilərdə qurulmuş Rusiya hakimiyyət orqanlarının verdiyi bəyanatlara istinad edərək, “Ruslar işğal olunmuş Zaporojye və Xerson vilayətlərindən getdikcə daha çox ukraynalını deportasiya edir” açıqlamasını yayıb.
Uşaqların deportasiyasının qarşısını almaq üçün Ukrayna hökumət qurumları, könüllü birliklər və uşaq müəssisələrinin işçiləri bəzən gizli xilasetmə əməliyyatları keçirməli olur. Bu günlərdə “Nyu-York Tayms” qəzeti Xerson bölgəsində rus qoşunlarının geri çəkilməyə hazırlaşdığı bir vaxtda körpələri tez-tələsik gizlədən və onların sənədlərini saxtalaşdıran xəstəxana işçiləri haqqında məlumatlar dərc edib.
Xəstəxananın neantoloji anesteziologiya şöbəsinin müdiri Olqa Pilyarskaya bildirib ki, Xerson Regional Xəstəxanasının işçiləri körpələri daşımaqda çox əziyyət çəkir, çünki uşaqların əksəriyyəti ağır xəstədir: “Həkimlərimiz xəstə uşaqları oksigen aparatına qoşulu vəziyyətdə saxlayaraq onların Rusiyanın humanitar missiya adı ilə gələn qrupunun əlinə keçməməsinə nail olublar”.
“Bizi aldatdılar...”
Bu arada, Mariupoldan qaçırılan 12 yaşlı oğlan uşağının videosu sosial mediada geniş yayılıb. Uşağın sözlərinə görə, ona deyiblər ki, guya doğma anası ondan imtina edib, bu səbəbdən onu Rusiyada himayəçi valideynlərə təhvil verməyə aparırlar.
Bundan başqa, Xersondakı uşaq evinin işçisi Volodimir Saqaydak “The Observer” qəzetinə bir neçə uşağın Rusiya hərbçiləri tərəfindən müəssisədən necə aparıldığını izah edərkən bunları deyib: “Onlar mənə yalan danışdılar. Uşaqları götürüb Azov ətrafına aparacaqlarını söylədilər. Ancaq sürücüdən hara getdiyini soruşduqda o, “Krıma gedirik” cavabını verdi. Sonradan məlum oldu ki, uşaqlar nəinki Krıma, əksinə, daha da uzağa - Rusiyanın Krasnodar vilayətindəki Anapa bölgəsinə göndəriliblər”.
Haaqa məhkəməsi Putinlə yanaşı deportasiya proqramının ictimai siması olan Kremlin uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belovanın da həbsinə order verib. Bu arada Belova Rusiya mediasına açıqlamasında uşaqların Ukraynadan çıxarılması üçün genişmiqyaslı sistemin təşkilindən fəxrlə danışıb. O, barəsində çıxarılan həbs orderinə əhəmiyyət vermədiyini, bundan sonra da fəaliyyətinə davam edəcəyini vurğulayıb.
Rusiya prezidenti Putin ötən ay Lvova-Belova ilə televiziya görüşü zamanı onun rəhbərliyi ilə həyata keçirilən ukraynalı uşaqların Rusiyaya daşınması proqramını yüksək qiymətləndirib. Putin bütün dünyanın diqqət mərkəzində olan bu məsələ barəsində danışarkən deyib: “Donetsk, Luqansk respublikalarından, Xerson və Zaporojye vilayətlərindən gətirilən bu uşaqların övladlığa götürülməsi ilə bağlı müraciət edən vətəndaşlarımızın sayı getdikcə artır”.
Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə, Rusiya genişmiqyaslı müharibəyə başlayandan bəri 2,9 milyon ukraynalı Rusiyaya köçüb, lakin onların neçəsinin könüllü getdiyini, nə qədərinin isə məcburi şəkildə aparıldığını müəyyən etmək mümkün deyil. Hesablamalara görə, indiyə qədər Rusiyaya 700 minə yaxın ukraynalı uşaq aparılıb, onların əksəriyyətinin öz ailəsi ilə birlikdə olduğu güman edilir.
Valideynlərindən ayrılan və ya yetim qalan uşaqların dəqiq sayı isə məlum deyil. Bundan başqa, Rusiya hökuməti 2000 ukraynalı uşağın valideyni və himayəçisi olmadan ölkəyə gətirildiyi faktını etiraf edib.
BCM Baş Prokuroru: “Uşaqlar hərbi qənimət deyil”
Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Kərim Xanın sözlərinə görə, məhkəmə Ukraynadakı uşaq evlərindən yüzlərlə uşağın ölkədən çıxarıldığını müəyyənləşdirib. O, deportasiyalar zamanı uşaqların “hərbi qənimət kimi” (ifadə Kərim Xana məxsusdur - M.K.) oğurlanaraq ölkədən çıxarılmasının Cenevrə Konvensiyasına zidd olduğunu və bu əməliyyatın müharibə cinayəti sayıldığını bildirib.
Ukrayna prezidenti Volodimir Zelenski Beynəlxalq Cinayət Məhkəməsinin qərarı elan edildikdən sonra verdiyi açıqlamada: “Ukraynadan deportasiya olunanların ümumi sayı düşündüyümüzdən daha çox ola bilər”, - deyib.
Bildirilir ki, ruslar deportasiya əməliyyatlarını xilasetmə, tibbi reabilitasiya və övladlığa götürmə proqramları adı altında həyata keçiriblər. Ötən ilin oktyabrında Yale Universitetinin İnsan Hüquqları şöbəsi Rusiya və Ukraynadakı mənbələrə istinadən dərc edilmiş hesabatda uşaqların oğurlanmasına əsas gətirilən müxtəlif bəhanələri incələyib. Bunlardan ən geniş yayılmış “səbəb” qondarma “evakuasiya”dır. Təhlükəli zonalardan evakuasiya edilmiş uşaqlar guya müvəqqəti olaraq Krımda yerləşən uşaq düşərgələrinə aparılır. Uşaqların işğal olunmuş ərazilərdən çıxarılması çox nadir halda valideynin razılığı ilə, əksər hallarda isə məcburi şəkildə həyata keçirilib.
İtkin düşən talelər
Uşaq oğurluğu ssenarisinə Ukrayna hökumətinin oğurlanmış uşaqlar üzrə komissarı Daria Gerasimçuk başqa variantlar da əlavə edir: “Onlar istənilən bəhanə ilə valideynləri öldürə və uşaqları qaçıra bilirlər. Bəzi hallarda isə döyüşçünü cəzalandırmaq üçün uşağı silah gücünə ailəsindən qoparırlar. Uşaqların bir hissəsi “süzgəc düşərgələri” adlanan kamplardan keçir. Onları isterik vəziyyətdə kamplara gətirir, sonra isə müxtəlif kriteriyalar üzrə seçib ayırır və komissar Lvova-Belovanın da fəxrlə dediyi kimi, “övladlığa götürülməyə” hazırlayırlar.
Gerasimçukun sözlərinə görə, ruslar bu uşaqları “sağlamlıq və istirahət düşərgələrinə” apardıqları barədə ağ yalan danışırlar. Komissar bildirib ki, valideynlər bəzən məcburiyyət qarşısında, bəzən isə sadəcə davamlı raket atəşindən uzaq tutmaq üçün məcbur qalıb övladlarının ruslar tərəfindən aparılmasına razılaşırlar. “Onları işğal altında olan Krıma, ya da birbaşa Rusiyaya aparır, düşərgədən düşərgəyə köçürürlər. Geri qaytaracaqlarına söz verdikləri tarix gəlib keçir, amma uşaqların azad edilməsindən söhbət getmir”, - deyə Gerasimçuk bildirib.
Yerli xəstəxananın direktoru İnna Kolodnyak isə itmiş uşaqların taleyi haqda çox kədərli danışıb: “Biz düşünürük ki, uşaqların bir qismi ümumiyyətlə düşərgəyə deyil, psixiatriya xəstəxanalarına yerləşdirilir. Xersonlu uşaqlardan bəziləri hələ də Krımdadır. Biz o uşaqların bir neçəsinin fotosunu Rusiya mediasında görmüşük. Qalan uşaqlar isə sadəcə yoxa çıxıblar, bizim onlar haqqında heç bir məlumatımız yoxdur”.
Bütün bu hadisələrin fonunda Ukraynanın baş prokuroru Andrey Kostin belə deyib: “Rusiya uşaqlarımızı qaçırmaqla sözün əsl mənasında gələcəyimizi oğurlayır”.
Murad KÖHNƏQALA
Xəbər lenti
Hamısına baxSosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35

