Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Qərb imperializminin Yaxın Şərq və Şimali Afrika nümunəsi...

Qərb imperializminin Yaxın Şərq və Şimali Afrika nümunəsi...

30.03.2011 [09:59]

Yaxud Yaxın Şərq və Şimali Afrika imperialist güclərin “Böyük Ortadoğu və Genişləndirilmiş Şimali Afrika Projesi”nin monopoliyası altında
Şimali Afrika və Yaxın Şərqdə iğtişaşlar və qarşıdurmalarla müşayiət edilən qeyri-stabil vəziyyət davam etməkdədir. Hazırki, dönəmdə hadisələrin daha şiddətli cərəyan etdiyi əsas məkan-mərkəz isə Liviyadır. Belə ki, ortamüddətli separatist aksiyalarla müşayiət edilən spontan səciyyəli iğtişaşlardan sonra Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) çıxardığı 1973 saylı imperativ qərar çərçivəsində ABŞ, Böyük Britaniya, Fransa, İtaliya və Kanadadan ibarət koalisiya qüvvələrinin həyata keçirdiyi əməliyyatların fonunda ölkədə sözün əsl mənasında xaos və dərin antaqonizmlə müşahidə edilən böhran yaşanmaqdadır. Koalisiya qüvvələrinin təşkil etdiyi hava hücumları bir çox sivil insanın həyatını itirməsinə, müxtəlif məişət və strateji səciyyəli obyektlərin yararsız hala düşməsinə səbəb olmaqla yanaşı, ölkədə dağıdıcı qarşıdurmalarla təzahür edən dərin kataklizmlərin daha da artmasına səbəb olub. Bu əməliyyatların və qarşıdurmaların fonunda Liviyada bölgələrarası və qruplararası toqquşma və ziddiyyətlər daha da artmaqda, eləcə də, çox ciddi-faciəvi hadisələrə səbəb olmaqdadır. Bütün bunlar isə bir daha onu göstərməkdədir ki, koalisiya qüvvələrinin Liviyaya qarşı hava əməliyyatı heç də iddia edildiyi kimi, ölkədə dinc sakinlərin müdafiəsi missiyasına xidmət etmir və konkret qüvvələrin geostrateji səciyyəli transmilli maraqlarının təmin olunması məqsədi əsasında həyata keçirilir...
Yaxın Şərq və Şimali Afrikada baş verən dağıdıcı olayların arxasında imperialist Atlantik aktorları durur
Yaxın Şərq və Şimali Afrikada baş verən məlum dağıdıcı proseslər hələ başlanğıc ərəfəsindəykən belə bir dilemmatik sual ön plana çəkilirdi: sözügedən olayların əsasında həmin ölkələrin xalqları dayanır, yoxsa bütün bu proseslər bəzi güc mərkəzləri tərəfindən idarə edilir? Amma hadisələrin gedişatı, baş verən bir sıra olaylar, irəli sürülən bəyanatlar təsdiq etdi ki, bütöv bir coğrafiyanı ağuşuna olan bu olaylar yenə də ənənəvi surətdə dünyanın geostrateji konturlarını müəyyənləşdirən güc mərkəzləri tərəfindən həyata keçirilir və bu proseslərin əsasında dayanan təməl motivlər nəhəng aktorların transmilli səciyyəli geosiyasi və geoiqtisadi maraqlarıdır. Dünya siyasətinin statik və dinamik substratlarını müəyyən və idarə edən sözügedən qüvvələr, əslində, öz aralarında iki böyük qrupda yer alan subyektlərdən ibarətdir. Bunlardan biri formal ittifaq kimi səciyyələndirilən anqlo-sakson birliyinin subyektləri-ABŞ və İngiltərə, digəri isə Avrosentristlər kimi təsvir edilən regional triadadır(Fransa, İtaliya və Almaniya). “Mondializm” konsepsiyası (bu konsepsiya milli dövlətlərin funksionallığını itirməsi ilə mümkün olan “qlobal dövlət”in formalaşması və dünyanın vahid mərkəzdən idarə edilməsi missiyasını özündə əks etdirir-N.Q.) əsasında ortaq razılaşmaya uyğun olaraq hərəkət edən sözügedən Atlantik aktorları bu gün özlərinin transmilli maraqları çərçivəsində “Böyük Yaxın Şərq və Şimali Afrika” əməliyyatını həyata keçirməkdədirlər. Bəhs edilən imperialist gücləri eyni bir orbitdə cəmləşdirən konseptual maraq isə ABŞ-ın mərkəzində dayandığı və “orkestr şefi” olduğu “Böyük Ortadoğu və Genişləndirilmiş Şimali Afrika Projesi”dir...
“Böyük Ortadoğu və Genişləndirilmiş Şimali Afrika Projesi”: xaos və kataklizm mənbəyi
Bundan öncə də bildirdiyimiz kimi, “Böyük Ortadoğu və Genişləndirilmiş Şimali Afrika Projesi” ABŞ-ın “mondializm” və “Yeni dünya düzəni” konsepsiyasının təməl strateji detalları əsasında formalaşdırılmış və icrasına start verilmiş imperialist genişlənmə strategiyasının konseptual əsaslarını təşkil etməkdədir. Bəhs edilən layihə 2001-ci ildən aktuallıq qazanan strateji konsepsiyadır. Onun əsasında Yaxın və Orta Şərqi, eləcə də, Şimali Afrikanı bütövlükdə ələ keçirərək, “əyalət”ə çevirmək məqsədi dayanır. Şimali Afrikadan Cənubi Asiyaya qədər olan geniş bir ərazini əhatə edən, böyük bir coğrafiyanı özündə birləşdirən bu konsepsiyanın reallaşdırılması ilə Yaxın və Orta Şərq bilavasitə nəzarət altına alınacaq ki, bu da bütövlükdə Avrasiyanın ələ keçirilməsi demək olacaq və nəticə etibarilə “Avrasiya imperatorluğu” konsepsiyası addım-addım gerçəkləşdiriləcək. çünki layihə çərçivəsinə 23 ölkə daxildir ki, bunların da hər biri mühüm geosiyasi önəm kəsb edir. Yəni, bu konsepsiyanın reallaşdırılması ilə mühüm sərmayə məkanları - mərkəzləri, bazarlar və strateji tranzit məntəqələr ələ keçiriləcək, geniş mənada isə dünyanın perspektiv enerji ehtiyacını qarşılayacaq bir regionda uzunmüddətli hakimiyyət təmin edilmiş olacaq. Bununla da, ABŞ-ın və Atlantik aktorlarının dənizaşırı imperialist genişlənməsi missiyası yeni keyfiyyətdə davam etdiriləcək. Məhz sadalanan bu detalların və strateji məqsədlərin fonunda açıq şəkildə təsbit etmək olur ki, bu gün Tunis, Misir, Liviya kimi region ölkələrində baş verən hadisələrin konseptual əsasını “Böyük Ortadoğu və Genişləndirilmiş Şimali Afrika Projesi” təşkil edir. Deməli, dünyanı idarə edən nəhəng güclər bəhs edilən bölgəni monopoliyaya almaq üçün sözügedən əməliyyatları həyata keçirməkdədirlər. Bu mənada Liviyaya qarşı təşkil edilən hava hücumunun da eyni konseptual cizgilər əsasında reallaşdırıldığı danılmaz fakdır...
“Demokratiya nəğməsi” imperialist istismar vasitəsi kimi...
Bütün bu sadalananların fonunda belə bir nəticəyə gəlmək olur ki, “Böyük Yaxın Şərq əməliyyatı” heç də iddia edildiyi kimi, bölgə ölkələrinə “demokratiya” transfer etmək məqsədi daşımır. Qərbin ifa etdiyi “demokratiya nəğməsi”nin sivil insanların qətlinə, ölkələrin xaosa və anarxiyaya sürüklənməsi ilə nəticələnməsi faktı növbəti dəfə sübut edir ki, dünyanı idarə edən Atlantik aktorları “demokratiya”, “insan haqları” kimi formal institusional məfhumlardan özünün transmilli maraqlarını təmin etmək üçün təsir vasitəsi kimi istifadə etməkdədir. Bu, bir faktdır ki, beynəlxalq hüquq normalarını monopoliyaya alan Qərbin imperialist aktorları özlərinin ekspansiya və işğallarına “demokratiya” adı altında bəraət qazandırmaqda və sözügedən məfhumlardan “qalxan” qismində istifadə etməkdədirlər. Məhz bu cür acınacaqlı situasiyanın fonunda qeyd edə bilərik ki, Yaxın Şərq və Şimali Afrikada baş verən olayların xaosa və anarxiyaya yol açmasının, insan qətliamının əsl səbəbkarı və günahkarı “demokratiya nəğməsi” ilə dünyanı manipulyasiya edən Qərbdir...
İğtişaş və inqilabların qanunauyğun nəticəsi: xaos, anarxiya və tənəzzül
Hələ hadisələrin başlanğıcında belə bir proqnoz vermişdik ki, keçmişdə olduğu kimi, bu gün də bəhs edilən coğrafi regionda iğtişaşlarla müşahidə edilən dağıdıcı olaylar milli tənəzzül mənbəyi qismində çıxış edəcək və bölgə ölkələrini ciddi kataklizmlərlə qarşı-qarşıya qoyacaq. Tarixi faktlardan bəlli olduğu kimi, ictimai-siyasi strukturların və təsisatların iflic edilməsi, hakimiyyətin bir qrup oliqarxdan digərinə keçməsi, həmçinin, dağıdıcı inqilablar nəticəsində hakimiyyətə gələnlərin bu yolla da hakimiyyətdən devrilməsi, yaxud da tezliklə müəyyən sahələrə nəzarət uğrunda inqilabçıların öz aralarında da nifaq yaranması və rejimlərin avtoritarizmdən neoavtoritarizmə transfer olunması kimi real nəticələr məkan və ya zamanından asılı olmayaraq bu cür iğtişaşların qurucu deyil, dağıdıcı-destruktiv funksiyaya malik olduğunu sübut edib. Bütün bunlar isə onu deməyə əsas verir ki, XXI əsr yeni dünya düzəninin fonunda imperialist güc mərkəzlərinin “sınaq laboratoriyası”na çevrilmiş ölkələrdə baş tutmuş inqilablar həmin dövlətlər və bu dövlətlərin xalqları üçün yalnız “bumeranq” zərbəsi səciyyəsi daşıyır. Başqa sözlə, qazanan transmilli maraqlara malik olan imperialist güclər olsa da, uduzan tərəf xalq  və dövlət olur... Bu gün Liviyada baş verənlər söylədiyimiz faktların sonuncu təzahür formasıdır. Belə ki, imperialist güclərin hücumlarının fonunda yaranmış xaotik durum ölkənin ictimai-siyasi stabillik balansını pozmaqla yanaşı, ciddi “mərkəzdənqaçma” meyillərinin sürətlənməsinə səbəb olub. Verilən son məlumatlara görə, müxalifət kimi təsvir edilən, amma əslində, Qərbin idarə etdiyi spontan qüvvələr öz nəzarətlərində olan ərazilərdəki neftin Qətərə satılması haqda razılığa gəliblər. Artıq məsələ ilə bağlı Qətərlə anlaşma əldə olunub və növbəti tədarük bir həftədən də az müddətdə həyata keçiriləcək. Digər tərəfdən, sözügedən qüvvələr nəzarətində olan ərazilərdən sutkada 100-130 min barel neft hasil edir. Onlar bildirirlər ki, “qara qızıl”ın hasilatı sutkada 300 min barelə kimi artırla bilər. Bu da onu göstərir ki, ölkənin milli sərvəti xalqın yox, Qərbin maraqları naminə kütləvi surətdə istismar edilir. Bu, eyni zamanda, sözügedən sui-istifadələrin perspektivdə daha kəskin xarakter alacağına dəlalət edir...
NURLAN QƏLƏNDƏRLİ
Paylaş:
Baxılıb: 1270 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30