Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / Müasir çağırışlar, dövrün tələbi, yeni siyasi münasibətlər

Müasir çağırışlar, dövrün tələbi, yeni siyasi münasibətlər

09.09.2022 [10:13]

“Siyasi partiyalar haqqında” qanun layihəsi hansı yenilikləri vəd edir?

Pərviz SADAYOĞLU

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi gündəmin əsas müzakirə predmetlərindəndir. Bəlli olduğu kimi, Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üzərində iş davam edir. Ölkəmizdə dövlət qeydiyyatına alınmış 39 siyasi partiya yeni qanun layihəsi ilə bağlı təkliflərini artıq Milli Məclisə təqdim edib. Yeni qanun layihəsinin hazırlanması prosesində 20-dən artıq ölkənin bu sahədə təcrübəsi və Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələri də nəzərdən keçirilib.

Yeni qanun layihəsində nəzərdə tutulmuş bir sıra müddəalar isə daha çox diqqəti cəlb edir. Belə ki, yeni layihənin beşinci maddəsinə əsasən siyasi partiya Azərbaycan Respublikasının ərazisində son 20 il daimi yaşayan Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 200 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilir. Yeni qanun layihəsinin 6-cı Maddəsində isə göstərilir ki, siyasi partiyanın dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 10000 üzvü olmalıdır.

Qanun layihəsi yeni dövrün çağırışlarına cavab verir

Qanun layihəsi ilə bağlı sentyabrın 28-də ilk ictimai dinləmələrin keçirilməsi nəzərdə tutulur. Başqa sözlə, yeni layihənin hələ də təkmilləşəcəyi və yeni əlavələrin, düzəlişlərin olacağı da istisna deyil. Bununla belə, qanun layihəsi yeni dövrün çağırışlarına cavab verir. Məsələn, yeni qanun layihəsinin beşinci maddəsində yer alan “tam fəaliyyət qabiliyyəti” sözü olduqca yerində işlənib. Adi bir misal - məsələn, avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi alınan zaman mütləq şəkildə sağlamlıq yoxlanılır. Partiya sədri olmaq, azı on min nəfəri birləşdirən təşkilata rəhbərlik etmək isə daha çətin və məsuliyyətli bir işdir. Bu baxımdan, günümüzün reallıqlarına söykənərək partiya sədri olmaq istəyənlərin də psixoloji-ruhi durumunun yerində olması mütləq şərtlərdəndir. Və bu yoxlanılmalıdır. Bəzən cəmiyyətimiz bəzi partiya sədri adlanan şəxslərin adekvat hərəkətləri, reaksiyaları ilə üz-üzə qalmaq məcburiyyətində olur. Bunun qarşısını almaq və bu kimi durumlardan qaçmaq üçün bu şərt olduqca mühümdür.

Digər məsələyə gəldikdə isə, bu da olduqca vacib şərtdir. Nəzərə alsaq ki, Azərbaycanın 10 milyon əhalisi var, bir partiyada bu sayın ən azı bir faizinin təmsil olunması mütləq şərt olmalıdır. Əks halda üzvlərinin sayı daha az olan partiyaların cəmiyyətə təsir mexanizmi mümkünsüz olar. Əgər bir partiyanı ölkə əhalisinin bir faizi belə dəstəkləmirsə, həmin partiya necə fəaliyyət göstərə, uğur qazana və ya seçkilərdə iştirak edə bilər?

“Müsavat”ın özünüifşası...

Yeni qanun layihəsi ilə bağlı ən paradoksal fikir isə radikal müxalifət düşərgəsindən gəlib. “Çırmanırıq çay gəlməmiş” prinsipi ilə işləyən Müsavat Partiyasının sədri Arif Hacılı yeni qanun layihəsinə özünəməxsus “rəy” verib. Onun məntiqinə görə, yeni qanun layihəsindəki dəyişikliklər “Müsavat”a və “gerçək müxalifətə” qarşıdır. Birincisi, bu layihədir və hələ qanun tam təsdiq olunmayıb. İndidən hay-haray almaq, yeni layihənin istiqamətinin məhz onlar olmasını iddia etmək gülünc və məntiqsizdir. Bu reaksiyanı “özünüreklam” xatirinə deyilən söz kimi qəbul etsək belə, yenə də özünüifşadan uzağa gedə bilməz. Bu o deməkdir ki, ya, “Müsavat”ı idarə edənlər tam fəaliyyət qabiliyyətli deyillər, ya da, partiyanın “minlərlə üzvü olması” haqda deyilənlərin hamısı yalandır. Hər iki halda deyilənlər eyni mənaya gətirib çıxarır. Bu, “Müsavat”ın gücsüzlüyünü ortaya qoyan ən real faktdır. Digər tərəfdən isə “Müsavat” sədrinin “gerçək” və ya “qeyri-gerçək” müxalifəti müəyyənləşdirmə prinsipləri də maraq kəsb edir. Görəsən, bu səlahiyyəti və ya instinkti ona kim verib?

Fəzail Ağamalı: Tələblərin artırılması ilə bağlı ciddi müddəalar var

Məsələ ilə bağlı fikirlərini bölüşən Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib ki, parlamentdə təmsil olunan siyasi partiya rəhbərlərinin parlament sədrinə “Siyasi partiyalar haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı müraciətinə müsbət cavab verilib. Bununla bağlı işçi qrupu yaradılıb. Artıq layihə hazırdır və KİV-lər vasitəsilə müzakirələr də başlayıb: “Görünən odur ki, ortaya kifayət qədər ciddi xarakter daşıyan, siyasi partiyaların siyasi sistemdə yerinin və rolunun güclənməsinə imkanlar yaradan layihə qoyulub. Siyasi partiyalar siyasi proseslərin ən fəal iştirakçılarıdır. Bu toplum qeydiyyatdan keçirsə öz fəaliyyətini qanunvericilik çərçivəsində ciddi şəkildə qurmağı bacarmalıdır. Yeni qanun layihəsində müasir çağırışlar, Azərbaycanın siyasi sisteminin inkişafı da nəzərə alınmaqla tamam yeni yanaşmalar öz əksini tapıb. Yeni layihə ilə tanış olduqda bu nəticəyə gəlmək mümkündür ki, qanun layihəsi kifayət qədər ciddi hazırlanıb, müasir tələblərə cavab verən qanun layihəsidir. Təbii ki, bu hələ qanun deyil. Sentyabrın 28-də qanun layihəsi ilkin ictimai müzakirəyə çıxarılacaq. Layihə ilə bağlı ictimai müzakirələr zamanı, parlamentin müvafiq komitəsində, plenar iclaslarda ayrı-ayrı müxtəlif təkliflər səsləndirilə bilər. Bu gözləniləndir. Bəlli olduğu kimi, yeni layihə hazırlanan zaman Venesiya Komissiyasının yanaşmaları, eləcə də bir sıra dövlətlərin təcrübəsi də nəzərdən keçirilib. Bütün bunlar isə qanun layihəsinin yüksək səviyyədə olması üçün əsaslar yaradır. Orada tələblərin artırılması ilə bağlı ciddi müddəalar da var. Məsələn, əvvəlki qanuna görə partiyaların qeydiyyata alınması üçün min nəfərin imzası tələb olunurdusa, artıq bu say on min nəfərə qaldırılıb. Digər şərtlər də var. Bir sözlə, biz cəmiyyətin gözlədiyi ciddi bir qanunun qəbul edilməsi ərəfəsindəyik”.

“Müsavat”ın yanaşmasına gəldikdə, F.Ağamalı bildirib ki, onlar özləri haqda o qədər yüksək fikirdədirlər ki, artıq reallıq hissini də itiriblər. “Bu gün Müsavat Partiyası Bakıda bir ofis partiyasına çevrilib. İctimai-siyasi proseslərə təsir etmək gücündə olmadığına görə bu cür bəyanatlarla çıxış edirlər. Bəllidir ki, Müsavat Partiyası 10 min insanı toplaya bilməyəcək. Ola bilsin ki, digər partiyalar da bu baryeri aşa bilməyəcək. Ona görə də bəri başdan özlərini sığortalamaq üçün özlərinə gələcəkdə haqq qazandırmaq üçün bu cür qeyri-real, əsası olmayan fikirlər irəli sürürlər. Azərbaycan şəffaf ölkədir. “Siyasi partiyalar haqqında qanun”un qəbul edilməsi prosesi də heç şübhəsiz ki, beynəlxalq təsisatların, hətta bəzi Qərb dövlətlərinin də  diqqət mərkəzində olacaq. Ona görə də burada hər hansı bir konyukturaya yer yoxdur. Müsavat partiyasının narahatlığı isə onun zəifliyinin ört-basdır edilməsinə yönəlmiş bir cəhddir”, - deyə  millət vəkili əlavə edib.

Vüqar Bayramov: Ötən 30 ildə siyasi münasibətlərə baxış dəyişib

Milli Məclisin üzvü Vüqar Bayramov isə bildirib ki, Azərbaycanda siyasi müstəvidə həyata keçirilən islahatların dərinləşməsi prioritet olmaqla yanaşı, müasir dövrün çağırışlarındandır. Bu baxımdan “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanmasına bu islahatların tərkib hissəsi kimi baxmaq lazımdır: “Yeni inkişaf hədəfləri kontekstində “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulu zəruri idi. Nəzərə almaq lazımdır ki, mövcud “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 1992-ci il 3 iyun tarixində qəbul edilib. Aydındır ki, ötən 30 ildə siyasi münasibətlərə baxış dəyişib və ölkədə formalaşan yeni siyasi düzən hüquqi müstəvidə də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını vacib edirdi”.

Millət vəkilinin fikrincə, layihənin hazırlanması prosesində demokratik dəyərlərin gözlənilməsi və şəffaflığın qorunması əsas prinsiplərdən olub. Belə ki, qanun layihəsi Milli Məclisin plenar iclasına, həmçinin komitələrin iclasına çıxarılmazdan əvvəl Milli Məclisin saytında yerləşdirilib və bu ayın 28-də ilk ictimai dinləmə də təşkil ediləcək: “Məhz bu prinsiplərin gözlənilməsi layihənin hazırlanması prosesində siyasi partiyaların daha fəal iştirakına zəmin yaratmışdır.  Artıq 39 siyasi partiya öz təkliflərini rəsmi olaraq Milli Məclisə təqdim edib ki, bu da prosesdə siyasi inkluzliyin yüksək olduğundan xəbər verir. Çox vacib məqamlardan biri də layihənin hazırlanması zamanı beynəlxalq təcrübənin öyrənilməsinin nəzərə alınmasıdır. Layihə hazırlanarkən Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələr, həmçinin 20-dən artıq ölkənin təcrübəsi öyrənilib və yaxşı təcrübələr nəzərdən keçirilib. Bu isə qanun layihəsinin beynəlxalq prinsiplərə uyğun olaraq hazırlanmasının göstəricisidir. Qeyd etmək lazımdır ki,  Milli Məclisin saytında yerləşdirilmiş layihə ilkin variantdır və bu da o deməkdir ki, ictimai dinləmə zamanı verilən təklifləri nəzərdən keçirilməklə qanun layihəsi daha da təkmilləşdiriləcək”.

Paylaş:
Baxılıb: 380 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xarici siyasət

Xəbər lenti

Xarici siyasət

50 illik qadağa

02 İyun 10:42

Gündəm

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30