Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / Azərbaycanda söz və mətbuat azadlığı təmin edilib, ölkəmizdə yüzlərlə kütləvi informasiya vasitəsi sərbəst fəaliyyət göstərir

Azərbaycanda söz və mətbuat azadlığı təmin edilib, ölkəmizdə yüzlərlə kütləvi informasiya vasitəsi sərbəst fəaliyyət göstərir

16.01.2018 [10:18]

ATƏT-in media ofisinin rəhbərinin ölkəmizdə söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin vəziyyəti ilə bağlı “Amerikanın səsi” radiosuna müsahibəsində səsləndirdiyi iddialar isə mövcud reallıqla tam ziddiyyət təşkil edir
Müstəqil Azərbaycanın hər sahədə uğurlar qazanması, özünün milli gücünü artırması sayəsində regional və qlobal müstəvidə nüfuzlu aktora çevrilməsi ölkəmizin, xalqımızın dostlarını sevindirdiyi kimi, bədxahlarımızın da, necə deyərlər, rahatlığını əllərindən alıb. Onlar respublikamıza qarşı davamlı şəkildə şər, böhtan kampaniyası aparmaqla, ölkəmizin müsbət reallıqlarını təhrif etməklə məşğuldurlar.
Bir sıra xarici dairələrin və onların təsir dairəsində olan beynəlxalq QHT-lərin, transmilli KİV-lərin Azərbaycanda hədəfə aldıqları sahələrdən biri də ölkəmizin daim sadiq qaldığı və böyük uğurlar qazandığı demokratik inkişafla bağlıdır. Onlar mütəmadi olaraq Azərbaycanda vətəndaş cəmiyyətinin, o cümlədən də söz və mətbuat azadlığının vəziyyəti ilə bağlı əsassız iddialar irəli sürürlər. Təəssüf doğuran haldır ki, belə subyektiv iddialar, qərəzli yanaşmalar bir sıra hallarda ATƏT kimi mötəbər beynəlxalq qurumun rəsmi nümayəndələri tərəfindən də heç bir araşdırma aparmadan təkrarlanır. ATƏT-in media ofisinin rəhbəri Harlem Dezirin Azərbaycanda söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin vəziyyəti ilə bağlı “Amerikanın səsi” radiosuna müsahibəsində səsləndirdiyi bəzi fikirlər də bu cəhətdən istisna təşkil etmir.
Azərbaycan söz və mətbuat azadlığının yüksək səviyyədə təmin edilməsinə böyük önəm verir
Demokratik inkişafı özünün prioritetlərindən biri sayan Azərbaycan həmçinin söz və mətbuat azadlığının yüksək səviyyədə təmin edilməsinə böyük önəm verən ölkədir. Respublikamızda söz və məlumat azadlığı tam şəkildə təmin edilib, bu sahəni tənzimləyən beynəlxalq standartlara uyğun qanunvericilik bazası formalaşdırılıb. Respublikamızda KİV üzərində senzura birdəfəlik ləğv olunub. Ölkədə müxtəlif siyasi oriyentasiyaya malik yüzlərlə kütləvi informasiya vasitəsi sərbəst şəkildə fəaliyyət göstərir, o cümlədən internet mediası sürətlə inkişaf edir. Əhalinin 80 faizdən çoxunun internetə çıxışını nəzərə alsaq, deyə bilərik ki, Azərbaycanda hər gün milyonlarla insan onlayn medianı sərbəst şəkildə izləyir, həmçinin sosial şəbəkələrdə aktiv fəaliyyətdə olur.
Öz növbəsində Azərbaycan dövləti ölkədə medianın maddi-texniki bazasının möhkəmlənməsinə, jurnalistlərin sosial müdafiəsinin möhkəmlənməsinə, hüquqi bazanın daha da təkmilləşməsinə güclü siyasi iradə sərgiləyir. Prezident İlham Əliyevin 2008-ci ildə təsdiqlədiyi “Azərbaycan Respublikasında Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” ilə mediamızın inkişaf istiqamətləri müəyyənləşdirilib. 2009-cu ildə yaradılan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ötən illərdə uğurla fəaliyyət göstərərək bütün media qurumlarının inkişafına, onların maddi-texniki bazasının möhkəmlənməsinə hər cür dəstək göstərib. Azərbaycanda dövlət vəsaiti hesabına tikilən mənzillərin jurnalistlərə hədiyyə edilməsi isə dünyada analoqu olmayan haldır. İndiyədək iki çoxmənzilli bina tikilərək tam təmirli vəziyyətdə jurnalistlərin istifadəsinə verilib və hazırda üçünçü belə binanın tikintisi də davam etdirilir.
Bütün bunlar və digər belə faktlar Azərbaycanda medianın inkişafı üçün əlverişli mühit olduğunu təsdiqləyir. Bəs nə üçün qlobal miqyasda bəzi dairələr, ayrı-ayrı mərkəzlər bütün bu müsbət reallıqları görməzdən gəlir və onları təhrif edirlər? Aydın məsələdir ki, onların Azərbaycanda medianın durumu ilə bağlı səsləndirdikləri iddialar qərəzli xarakter daşıyır. Dövlətin KİV-lərin inkişafına hərtərəfli dəstək verməsinin müqabilində Azərbaycanda media azadlığının durumundan narahatlıq ifadə etmək, guya KİV-lərə əngəllər yaradılması, jurnalistlərin işgəncələrə məruz qalması, hüquq müdafiəçilərinin həbs edilməsi və cəzasızlıq mühitinin mövcud olması ilə bağlı iddialar irəli sürmək yanlış mövqedir və mövcud reallıqla tam ziddiyyət təşkil edir.
Vəzifəsindən, sosial statusundan asılı olmayaraq, hər kəs qanun qarşısında cavabdehlik daşıyır
Son vaxtlar bəzi dairələrin ölkəmizlə bağlı səsləndirdikləri iddialarda konkret cinayət halının mahiyyətinin təhrif edilməsi, kontekstdən çıxarılaraq ümumiləşdirilməsi tendensiyasına tez-tez rast gəlinir. Jurnalistlərlə bağlı hər hansı bir cinayət əməli bir qayda olaraq söz və məlumat azadlığının məhdudlaşdırılması kimi qələmə verilir. Belə yanaşma kökündən yanlışdır və əksər hallarda da qərəzli şəkildə dövriyyəyə buraxılır.
Müstəqil Azərbaycan hüquqi dövlət quruculuğunu özünün ali məqsədlərindən biri kimi bəyan edib və bu yola daim sadiq qaldığını nümayiş etdirir. Vətəndaşların bütün hüquqları dövlət tərəfindən qorunur, eyni zamanda, ölkəmizdə belə bir fundamental prinsip əsas götürülür ki, heç bir halda peşə və sosial mənsubiyyəti vətəndaşa qanunlardan kənar davranışlar sərgiləməsinə əsas yarada bilməz. Hüquqi dövlət quruculuğunun bu kimi təməl prinsipləri həmçinin jurnalistlərə də aiddir. Qanunları, jurnalist etikasını və normalarını pozan, KİV nümayəndəsi adı altında qeyri-qanuni əməllərlə məşğul olan hər bir şəxs buna görə cavabdehlik daşımalıdır.
Jurnalistin peşə məsuliyyəti, obyektivliyi Azərbaycan cəmiyyəti üçün prinsipial məsələdir
Jurnalistin yazılarında qərəzdən uzaq dayanması, ədalətə söykənməsi, həqiqəti qələmə alması çox vacib məsələlərdəndir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev jurnalistlərlə çoxsaylı görüşlərində dəfələrlə jurnalist məsuliyyətinin əhəmiyyətinə toxunub, media nümayəndələrini obyektiv olmağa, başqa-başqa dairələrin əlində vasitəyə çevrilməməyə çağırıb. Bildirilib ki, bu, Azərbaycan dövləti və cəmiyyəti üçün prinsipial məsələdir. Ölkəmizdə obyektiv şəkildə aparılan jurnalist araşdırmalarına münasibət də həmişə adekvat olub və bundan sonra da belə mövqe qorunub saxlanılacaq.
Təəssüf doğuran haldır ki, Azərbaycanda KİV-lərin durumu ilə bağlı iddialar sərgiləyən müəyyən dairələrin özləri isə obyektivlikdən tamam uzaqdırlar və necə deyərlər, öz gözlərində tiri görməyib, başqalarının gözündə tük axtarmaqla məşğuldurlar. Son vaxtlar inkişaf etmiş Avropa ölkələrində jurnalistlərə münasibətdə sərgilənən davranışlar heyrət doğurur. Alınan məlumatlara əsasən, özlərini demokratiyanın beşiyi sayan bəzi ölkələrdə jurnalistlərə qarşı dözülməz hallar baş verir, onların fəaliyyəti məhdudlaşdırılır, həbs olunurlar, insanların öz fikirlərini sərbəst şəkildə ifadə etmək hüququnun qarşısı ən sərt metodlarla alınır. Ancaq belə faktlar əksər hallarda sükutla müşayiət olunur. Nə üçün beynəlxalq jurnalist təşkilatları, ATƏT bu qəbildən olan hüquqpozma hallarına qarşı seyrçi mövqedə dayanırlar? Harlem Dezir və onunla həmrəy olan maraqlı dairələr bütün bu kimi cəhətləri mütləq nəzərə almalı və öz mövqeyində daha balanslı və obyektiv olmalı, Azərbaycana qarşı tendensioz yanaşmaya yol verməməlidirlər.
Mübariz ABDULLAYEV

Paylaş
Baxılıb: 1209 dəfə

Xəbər lenti

Hamısına bax

Hava dəyişəcək

29 Noyabr 15:05

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30