Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / Azərbaycanda uğurlu inkişaf siyasəti həyata keçirilir

Azərbaycanda uğurlu inkişaf siyasəti həyata keçirilir

04.09.2013 [08:32]

Gənclər bu siyasəti fəal şəkildə dəstəkləyirlər
Məlum olduğu kimi, müasir dövrdə gənclərin cəmiyyətin həyatında avanqard mövqeyilə ictimai-siyasi proseslərin önündə getməsi, dövlətin gələcəyinin onlarla bağlı olması gənc nəslin üzərinə böyük məsuliyyət qoyur. Bu mənada Azərbaycanda gənclər daim dövlətin diqqət və qayğısı ilə əhatələnir, onların layiqli vətəndaş, kreativ qüvvə kimi formalaşmaları üçün əlverişli şərait yaradılır. Bu gün Azərbaycanda gənclərin vətənpərvər ruhda tərbiyə olunması, mükəmməl şəkildə təhsil alaraq, müasir tələblərə cavab verən peşəyə sahib olması və onların ölkənin tərəqqisində fəal iştirak etməsi üçün məqsədyönlü iş gedir. Dövlət hər bir addımında gəncləri müdafiə etdiyini, dəstəklədiyini nümayiş etdirir.
Bu bir faktdır ki, ölkəmizin müstəqilliyinin ilk illərində, xüsusilə, AXC-“Müsavat” hakimiyyəti dönəmində gənclərdən ən çirkin məqsədlərin reallaşdırılması üçün istifadə edirdilər. Amma 1993-cü ilin iyununda Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra gənclərin perspektivli gələcəyinin qurulması üçün fəaliyyətə start verildi. Gənclər və İdman Nazirliyi yaradıldı, Dövlət proqramları qəbul edildi, gəncliyin inkişafı ilə bağlı xeyli sayda Sərəncam və fərmanlar imzalandı. Təbii ki, bütün bunlar bir məqsədə - gənclərin milli-mənəvi dəyərlərə malik, vətənpərvər vətəndaş kimi yetişdirilməsinə xidmət edirdi. Gənclərə göstərilən etimad isə qısa müddət ərzində öz effektini verdi: Azərbaycan dünyada idman ölkəsi kimi tanındı, gənclərimiz elm sahəsində çoxsaylı nailiyyətlər əldə etdi, qlobal səviyyəli təşkilatların üzvü seçildi və s. Ulu öndər Heydər Əliyevin siyasi kursu hazırda uğurla davam etdirilir. Hazırda ölkəmizdə “Azərbaycan gəncliyinin inkişafı (2011-2015-ci illər)” Dövlət Proqramı icra olunmaqdadır. Bütün bu sadalananların fonunda isə gənclər cəmiyyətin ictimai-siyasi və sosial-iqtisadi həyatında fəal rol oynayırlar. Artıq gənclər onlar üçün yaradılmış şəraitdən istifadə edərək, intellektual və yaradıcılıq baxımından kamilləşirlər. Bunu ölkəmizin fəal gəncləri də qəzetimizə verdikləri açıqlamalarda təsdiqləyirlər. Məsələn, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, ölkəmizdə əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan inkişaf siyasəti uğurlu nəticələr verməkdədir. Onun sözlərinə görə, bu siyasət nəticəsində hazırda Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır: “Ulu öndərimizin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün uğurla davam etdirilir. Bu siyasət, eyni zamanda, müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Bu siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humantiar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar”.
YAP Gənclər Birliyinin sədri qeyd edib ki, hazırda ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdədir. Onun sözlərinə görə, yeni mərhələdə gerçəkləşdirilən siyasət ən müxtəlif sahələri əhatə etməklə geniş spektrlidir. Belə ki, bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin, gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. “Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və s. sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir. Məhz uğurlu siyasət nəticəsində Azərbaycan gəncliyi artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib” - deyə, S.Orucov vurğulayıb.
YAP Gənclər Birliyinin sədri onu da deyib ki, radikal müxalifət partiyaları, ölkəmizin inkişafını istəməyən qüvvələr sosial şəbəkələr vasitəsilə Azərbaycan haqqında mənfi rəy formalaşdırmağa çalışırlar: “Təbii ki, biz onların qarşısında susmuruq və tutarlı arqumentlərimizi ortaya qoyuruq. YAP-da yüksək intellektli gənclər birləşib və müqayisə etsək, müxalifət düşərgəsində toplaşan azsaylı gənclər bizim gənclərdən intellekt cəhətdən çox-çox aşağıdır. Çox təəssüf edirəm ki, ölkəmizdə az da olsa, müasir dövrlə ayaqlaşa bilməyən, hadisələrə baxışı aşağı səviyyədə olan, reallıqları görməyən, hadisələrə obyektiv baxa bilməyən gənclər var. Bu gənclər müxalifət düşərgəsində radikal, hakimiyyətə gəlmək naminə Azərbaycanın düşmənlərilə əməkdaşlıq etməkdən çəkinməyən müxalifət partiyalarının rəhbərlərinin əlində alətə çevriliblər”.
YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov da Azərbaycan gəncliyinin inkişafı üçün möhtəşəm tədbirlərin həyata keçirildiyini bildirib. O, deyib ki, dövlət tərəfindən Azərbaycan gəncliyinə hər cür dəstək verilir. R.Məmmədovun fikrincə, Azərbaycan gəncləri onlara göstərilən qayğının qarşılığını vermək üçün daha da fəal olmalı və uğurlu gənclər siyasətinə daha fəal dəstək verməlidirlər: “Dövlət gənclər siyasətinin mühüm istiqamətini gələcək nəslin intellektual səviyyəsinin artırılması ilə bağlı işlərin həyata keçirilməsi təşkil edir. Ölkədə həyata keçirilən uğurlu təhsil islahatları nəticəsində gənclərimizin təhsil səviyyəsi əhəmiyyətli dərəcədə artıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” bütün təbəqələrdən olan gənclərin xaricdə təhsil almaları üçün geniş imkanlar açıb. Eyni zamanda, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nda gəncləri narahat edən bütün məsələlərin öz həllini tapması üçün icra mexanizmlərinin konkret hədəfləri əks olunub. Hazırda proqram uğurla icra edilməkdədir”.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının idarə heyətinin üzvü, “Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov isə bildirib ki, bu gün Azərbaycanda dövlətin gənclərə olan qayğısı göz önündədir: “Dövlət səviyyəsində qəbul olunan qanunlar buna sübutdur. Mən deyərdim ki, dünyanın aparıcı dövlətlərində belə gənclər siyasətinə Azərbaycanda olduğu qədər diqqət və önəm verilmir. Bu siyasətin təməli Ümummilli lider Heydər Əliyev tərəfindən hələ 90-cı illərin əvvəllərində qoyulub. Yenicə əldə edilmiş müstəqillik, müharibə şəraiti, milyonlarla qaçqın və məcburi köçkün, iqtisadi tənəzzül və s. çətinliklərə baxmayaraq Gənclər və İdman Nazirliyinin yaradılması, buna əlavə maliyyə cəlb olunması gənclər siyasətinə verilən önəm idi. Bu gün biz bu siyasətin ölkəmizə nə dərəcədə xeyir verdiyini artıq hiss edirik. Olimpiya uğurlarımız, demək olar ki, bütün sahələrdə kadr probleminin həlli buna sübutdur. Çünki o siyasətin nəticəsi olaraq güclü idmançılarımız və gənc kadrlarımız yetişdi ki, onlar da bu gün Azərbaycanın inkişaf etdirilməsində, dövlət gənclər siyasətinin reallaşdırılmasında yardımçıdırlar. Artıq Azərbaycan gəncliyinin səsi dünyanın aparıcı, elmi auditoriyalarından gəlir. Azərbaycan gəncliyi bu gün yüksək səviyyədə təşkilatlanıb. Yüzlərlə gənclər birlikləri uğurla ölkəmizi həm daxildə, həm xaricdə təmsil edirlər. Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünyaya çatdırılmasında gənclik bu gün əzmlə çalışır. Hesab edirəm ki, bu siyasətin nəticəsi olaraq bugünkü gənc nəsil Azərbaycana gələcəkdə “Oskarlar”, “Nobellər” və digər dünya əhəmiyyətli titullar bəxş edəcək. Ən vacibi isə bu gün güclənməkdə olan ordumuzun əksər zabit heyəti müstəqil Azərbaycanımızın hərbi məktəblərində yetişən gənclərimizdir. Məhz onların arasından Xankəndiyə və Şuşaya bayraq sancacaq gəncimiz yetişir. O gün isə uzaqda deyil”.
Nardar BAYRAMLI
Oktay HACIMUSALI

Paylaş:
Baxılıb: 1719 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31