Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / YAP-ın 20 ildə qazandığı uğurların təməlində sözlə əməl birliyi dayanır

YAP-ın 20 ildə qazandığı uğurların təməlində sözlə əməl birliyi dayanır

03.11.2012 [04:29]

Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılmasının 20-ci ili tamam olur. Ötən iyirmi il ərzində keçilən yola nəzər saldıqda, qazanılan uğurların fonunda bir daha Ulu öndər Heydər Əliyevin vaxtilə əminliklə söylədiyi “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” fikrinin nə qədər doğru olduğunu müşahidə edirik. 20 illik fəaliyyəti dövründə sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirən YAP-a xalqın dəstəyinin və məhəbbətinin əhəmiyyətli dərəcədə yüksək olduğunu da inkaredilməz fakt kimi görürük. Bütün bunların isə yaranma tarixindən bu günə qədər ötmüş müddətdə YAP-la xalqın birgə addımlaması əsasında baş verdiyi üzə çıxmış olur...
“YAP zamanın tələbi ilə yaranan partiyadır” fikri zaman keçdikcə, daha aydın şəkildə hər bir azərbaycanlının yaddaşında özünə yer edir. Çünki, tarix boyu azad, müstəqil olmaq arzusu ilə yaşayan xalqımız 1991-ci ilin oktyabrında bu istəyinə nail olsa da, müstəqilliyimizin ilk illərində respublikamıza səriştəsiz, idarəçilik qabiliyyəti olmayan, ən əsası şəxsi maraqlarını xalqın, dövlətin mənafeyindən üstün tutan kəslərin rəhbərlik etməsi bu sevincə kölgə salmağa başlamışdı. Ölkədə ictimai-siyasi durumun gərginliyi, iqtisadi böhran, vətəndaş müharibəsi təhlükəsinin yaranması, digər tərəfdən silahlı qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəçisinə çevrilməsi, həmin dövrün iqtidarının dövlətin mənafeyini arxa plana keçirməsi nəticəsində ərazilərimizin bir-birinin ardınca ermənilər tərəfindən işğal edilməsi xalqın sabaha olan ümidlərinin itməsinə səbəb olmuşdu. Respublikada anarxiya və özbaşınalıq hökm sürürdü.
Belə bir çətin dövrdə xalq üzünü Naxçıvana - öz XİLASKARINA tutdu. Ümumilikdə, Azərbaycan vətəndaşlarının ictimai maraq və mənafelərinin ifadəsi olan 91 nəfər ziyalının Ulu öndər Heydər Əliyevə “Azərbaycan Sizin sözünüzü gözləyir” adlı müraciətində həmin dövrün səciyyəvi cəhətləri geniş təhlil olunaraq, bu inam ifadə edilmişdi ki, indiki vəziyyətdə belə çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz. Müraciətdə deyilirdi: “Yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz və yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrdən olan xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu doldurar, dövlət quruculuğu işlərində öz layiqli töhfəsini verə bilər. Əgər bu partiyanın bünövrəsini Sizin kimi güclü dövlət xadimi qoyarsa, o uzun illər xalqımızın bir neçə nəsli üçün də siyasi yetkinlik məktəbi olar”.
Ümummilli lider Heydər Əliyev bu müraciətə cavabı ilə müstəqil dövlətimizin gələcək taleyini müəyyənləşdirdi. Ölkədəki ictimai-siyasi durumun hərtərəfli əks olunduğu həmin cavabda böhranın yaranma səbəbləri və mövcud hakimiyyətin xalqımızı faciələrlə üzləşdirməsi konseptual şəkildə şərh olunaraq, vəziyyətdən çıxış yolları dəqiqliklə göstərilmişdi. Müraciətin sonunda Ümummilli lider Heydər Əliyev YAP-ın obyektiv zərurətdən yarandığını bildirərək belə bir təşkilatın fəaliyyətində iştiraka hazır olduğunu bəyan etmişdi: “Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa onun fəaliyyətində fəal iştirak etməyə hazıram”.
Əlbəttə ki, o zamankı hakimiyyətin təzyiqləri və yaratdığı maneələr ucbatından partiyanın təsis konfransı Bakıda deyil, Naxçıvanda keçirildi. 1992-ci il noyabrın 21-də Azərbaycanın əksər bölgələrindən cəmiyyətin bütün təbəqələrini təmsil edən 550 nümayəndənin iştirakı ilə keçirilən təsis konfransında Ulu öndər Heydər Əliyev YAP-ın Sədri seçildi. Bununla da, ölkəmizin ictimai-siyasi həyatına Yeni Azərbaycan Partiyası adı altında qüdrətli bir təşkilat daxil oldu. Qısa zamanda partiyanın şəhər və rayon təşkilatları təsis olundu. Bu təşkilatlar isə özlərində onlarla ərazi ilk partiya təşkilatlarını birləşdirir. Partiyanın yarandığı gündən ümumxalq partiyasına çevrilməsi onun gücünü, nüfuzunu daha da artırırdı. Belə bir təşkilatlardan biri də mənim və tərəfdaşlarımın təsisçiliyi ilə Göyçay rayonunda yaradılmışdı. Həmin dövrdə siyasi hakimiyyətin etdiyi kobud səhvlər artıq insanlarda AXC-Müsavat iqtidarına qarşı ikrah hissi formalaşdırırdı. Biz həmin təşkilatı təsis edərkən, bir daha insanlarda Heydər Əliyev ŞƏXSİYYƏTİNƏ olan sevginin və inamın nə qədər yüksək olduğunu gördük. Hamı bir nəfər kimi söyləyirdilər ki, Azərbaycanı bu vəziyyətdən yalnız Heydər Əliyev çıxara bilər. Bəli, ötən zaman ərzində Ulu öndərin atdığı addımlar, reallaşdırdığı siyasət bir daha göstərdi ki, insanlar seçimlərində yanılmayıblar. Bu səbəbdəndir ki, inkişafı şərtləndirən səbəblər arasında şəxsiyyət amilinin həlledici rolunu tarix dəfələrlə sübut edib. Zaman şəxsiyyəti yetişdirdiyi kimi, dahi insanlar da tarixin baş qəhrəmanları missiyasını yerinə yetirirlər. Yeni Azərbaycan Partiyasının yaradılmasının 15 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı tarixdə şəxsiyyətlərin roluna xüsusi diqqət yönəldən Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin fəaliyyətini buna bariz nümunə kimi qeyd edərək bildirmişdi: “Bütün dövrlərdə-həm 1970-ci illərdə və 1980-ci illərin əvvəllərində Azərbaycan Kommunist Partiyasının rəhbəri olduğu dövrdə, həm də müstəqil Azərbaycanın Prezidenti kimi Heydər Əliyev öz fəaliyyəti ilə doğma xalqına xidmət etmişdir”.
Ulu öndər öz parlaq siyasi zəkası və bacarığı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdi. Məhz buna görə də, Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olunmuşdu. Hazırkı dövrdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, onun xarici iqtisadi əlaqələrinin sistemli olaraq genişlənməsi və dünya iqtisadiyyatına inteqrasiya prosesi hələ 1970-1980-ci illərdə Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş potensiala əsaslanır.
1993-cü ildə Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı partiyanın həyatında yeni dövrün əsasını qoydu. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, iqtidar partiyasına çevrilərək ölkənin siyasi həyatında tutduğu mövqeyini möhkəmləndirmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmişdi.
1995-ci ildə keçirilən parlament seçkilərində Milli Məclisə seçilən deputatların əksəriyyətinin Yeni Azərbaycan Partiyasının üzvləri olduğu nəzərə alınaraq YAP iqtidar partiyasına çevrilmiş, ona olan ümumxalq inamı bir daha təsdiq edilmişdir.
Partiyanın 20 ildə qazandığı uğurların təməlində sözlə əməl birliyi dayanır. Dövlətə, xalqa xidməti fəaliyyətinin əsas prinsipi kimi qəbul edən YAP-ın cəmiyyətdə nüfuzunun artmasında, sıralarının genişlənməsində bu amilin rolu inkaredilməzdir. Dövlət başçısı İlham Əliyevin YAP-ın nəinki ölkənin, bölgənin aparıcı siyasi qüvvəsi olduğunu bildirməsi də deyilənlərin bariz nümunəsidir.
Müstəqilliyimizin yenidən bərpa olunmasının 20-ci ilinə dair keçirilmiş dövlət tədbirində çıxışı zamanı “İyirmi il həm böyük, həm də çox da böyük olmayan müddətdir. İyirmi il ərzində çox iş görmək olar, heç nə görməmək də olar. Azərbaycanda son 17 ildə, müstəqilliyimizin birinci iki ilini çıxmaq şərti ilə, doğrudan da, tarixi nailiyyətlər əldə edilmişdir. Bu gün danışdığımız bütün uğurlar bu müstəqilliyin nəticəsidir” söyləyən Prezident İlham Əliyev bildirir ki, müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük dəyərdir. Bugünkü uğurlar Ulu öndər Heydər Əliyevin ziyalıların müraciətinə cavabında qeyd etdiyi “Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiyadır” fikrinin reallığa əsaslandığının təsdiqidir.
Azərbaycanın ötən dövr ərzində iqtisadi, siyasi, demokratik islahatlar sahəsində, eyni zamanda, beynəlxalq münasibətlər sistemində qazandığı uğurlar göz qabağındadır. İnkişaf strategiyasının düzgün müəyyənləşdirilməsi ölkəmizin qarşısında yeni imkanlar açmaqla, biri-birindən əhəmiyyətli uğurların qazanılmasını şərtləndirir. Ölkəmiz malik olduğu təbii resursları ilə daim dünyanın diqqətində olub. Bu resurslardan səmərəli istifadənin nəticəsidir ki, bu gün Azərbaycan regional iqtisadi inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib. Ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməsi də uğurlu siyasətin nəticəsidir. Azərbaycanın demokratik inkişafı hər zaman təqdir olunur, ötən dövrdə keçdiyi yol, qazandığı uğurlar digər ölkələrə nümunə göstərilir. Demokratiyanın prinsiplərinin nədən ibarət olduğu aydındır. Bu, siyasi plüralizm, söz azadlığı, sərbəst iqtisadiyyat, hər bir insanın fikrində azad olması, demokratik seçkilərin keçirilməsi, demokratiya prinsipləri əsasında dövlət təsisatlarının yaranması və müxtəlif islahatların həyata keçirilməsidir. 2001-ci il noyabrın 22-də Yeni Azərbaycan Partiyasının keçirilən II qurultayında Ulu öndər Heydər Əliyev Azərbaycanda demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün atributların bərqərar olduğunu önə çəkərək bildirmişdi: “Demokratiya mücərrəd anlayış deyildir, bunlardan ibarətdir. Əgər biz bunları etməsəydik, Azərbaycan ötən dövrdə ağır vəziyyətdən çıxıb indi bu səviyyəyə qalxa bilərdimi? Ona görə həqiqi demokratiya iqtidarın yaratdığı demokratiyadır. Həqiqi demokratiya Yeni Azərbaycan Partiyasına mənsubdur”.
Yeni Azərbaycan Partiyası demokratiya prinsiplərini fəaliyyətinin önündə saxlayır. Partiyanın ötən dövr ərzində ölkədə keçirilən seçkilərdə fəal iştirakı, yaradılan demokratik şəraitdən səmərəli istifadə edərək qələbəsini təmin etmək uğrunda mübarizə aparması və qələbə sevincini yaşaması, uğurlu siyasəti ilə xalqın böyük əksəriyyətinin dəstəyini qazanmasının sübutudur. Daim müstəqil Azərbaycanın daha da qüdrətlənməsi, çiçəklənməsi və müasirləşməsi istiqamətində ciddi səylər göstərən YAP seçkilərdə böyük fəallıq nümayiş etdirməklə yanaşı, seçki marafonuna qatıldığı şüarla bir daha tutduğu yola, xəttə sadiq olduğunu nümayiş etdirir. Hər seçki kampaniyası dövründə verdiyi vədlərin seçkisonrası dövrdə reallığa çevrilməsi istiqamətində ciddi işlər görməsi və irəli sürdüyü şüarların sonradan günün mənzərəsinə çevrilməsi Yeni Azərbaycan Partiyasının seçkidən - seçkiyə qələbəsini təmin edən əsas amil olmuşdur. Budur, Yeni Azərbaycan Partiyasını Azərbaycanda keçirilən bütün seçkilərin mütləq qalibi edən həqiqət. Təsis konfransı 550 nümayəndənin iştirakı ilə keçirilən YAP-ın sıralarında bu gün 600 minə yaxın üzv birləşir. Onların 40 faizini gənclərin təşkil etməsi bu faktı ortaya qoyur ki, Azərbaycan gəncləri Heydər Əliyev ideyalarına sədaqət nümayiş etdirməklə yanaşı, həyata keçirilən siyasətə böyük dəstək verirlər. Gənclərin ictimai-siyasi fəallığının artırılması partiyanın siyasətində əsas yer tutur. Ulu öndər Heydər Əliyev partiyanın yarandığı gündən sıralarında gənclərin və qadınların çoxluq təşkil etməsinin vacibliyini bildirmişdir. YAP Gənclər Birliyinin və YAP Qadınlar Şurasının yaradılması da bu məqsədə xidmət edir. Son parlament və bələdiyyə seçkilərində gənclərin və qadınların təmsilçilik faizlərinin artması da partiyanın bu xəttə sadiqliyini nümayiş etdirdi. Gənclər YAP-ın sıralarında təmsil olunmaqla öz potensiallarından səmərəli istifadə etmək üçün geniş meydan görürlər.
YAP-ın seçki proqramlarında daim bu amil önə çəkilir - Azərbaycanın inkişafını yeni mərhələyə çatdırmaq, dövlətimizi daha da güclü etmək, insanların rifahını daha da yüksəltmək. Son parlament seçkilərində partiyanın devizi “Güclü dövlət, yüksək rifah” olmaqla bir daha bu çağırış səsləndi ki, qarşıya qoyulan məqsədlərə doğru aparan yolu xalqla birgə davam etdirmək istəyirik. Uğurlu siyasəti ilə milyonların sevgisini qazanan partiyaya xalqın dəstəyi sıralarının günbəgün artmasından, seçkilərdəki dəstəkdən aydın görünür. Partiyanın təqdim etdiyi proqramlar sadəcə vədlər deyil. Birgə səylər nəticəsində hər bir vəd konkret əməli işlə təsdiqlənir. Bu isə YAP-ın cəmiyyətdə nüfuzunun, siyasi çəkisinin daha da artmasına stimul verir. Azərbaycan bu gün hər sahədə inkişaf, tərəqqi dövrünü yaşayır. İqtisadiyyatın aynası olan dövlət büdcəsi ildən-ilə artır. Cari ilin dövlət büdcəsi 20 milyard dollardan artıqdır. Ölkəmizin valyuta ehtiyatları 50 milyard dollara yaxındır. Əhəmiyyətli sosial proqramlar həyata keçirilir. Hər sahə üzrə konkret proqramların mövcudluğu, onların xalq tərəfindən dəstəklənməsi və uğurlu icrası ölkənin hərtərəfli inkişafını sürətləndirir. Bununla yanaşı, Prezident İlham Əliyevin imzaladığı və Onun rəhbərliyilə reallışdırılan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları artıq bölgələrlə paytaxt arasındakı fərqi minimuma endirib. Bu cür imzalanmış iki böyük Dövlət proqramının icrası nəticəsində bölgələrin siması tamamilə dəyişib, iri istehsal müəssisələri açılıb, minlərlə iş yerləri yaradılıb, insanların güzəranı yüksəlib.
Məhz, bu uğurlarda da YAP-ın rolu inkaredilməzdir. Partiyanın keçdiyi 20 illik şərəfli yol Xalq-iqtidar birliyinin möhkəm təmələ əsaslandığını, sarsılmaz və əbədi olduğunu təsdiqləyir. Odur ki, müstəqil Azərbaycan YAP-la birgə uğurlu gələcəyə doğru böyük inamla irəliləyir.
Nazim İsmayılov,
YAP Siyasi Şurasının üzvü, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı

Paylaş:
Baxılıb: 1761 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30