Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İqtisadiyyatımızın yeni keyfiyyət parametrləri

İqtisadiyyatımızın yeni keyfiyyət parametrləri

02.04.2024 [11:05]

 Azad sahibkarlıq inkişaf edir

Hər bir ölkədə bazar iqtisadiyyatını azad sahibkarlıq fəaliyyəti və liberal iqtisadiyyat olmadan təsəvvür etmək mümkün deyil. Sevindirici haldır ki, bu gün iqtisadiyyatımız yeni keyfiyyət parametrləri ilə artıq özünü təsdiqləyib. Sahibkarlığın inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının təminatı özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafından əsaslı surətdə asılıdır.

Son illər ölkəmizin iqtisadi göstəricilərinə baxdıqda azad sahibkarlıq və liberal iqtisadiyyata təşviqin genişlənməkdə olduğunu görürük. Bütün bunlar iqtisadi sahədə yeni imkanları ehtiva edir. Prezident İlham Əliyevin siyasi kursuna nəzər yetirsək, məhz liberal iqtisadiyyatın inkişafı ilə bağlı məsələlərin diqqət mərkəzində saxlanıldığının şahidi olarıq. Belə ki, liberal iqtisadiyyatın dəstəklənməsi, sahibkarlara yeni imkanların yaradılması, kredit resurslarından istifadənin əlçatanlığı kimi görülən işlər həmin sahənin daha da inkişaf etdirilməsi ilə əlaqədardır. Sevindirici haldır ki, hazırda regionlarda kommunikasiyaların inkişaf etdirilməsi istiqamətində görülən işlər xarici investisiyanın cəlbi üçün əlverişli zəmin yaradır.

Bu gün istər yerli, istərsə də xarici kapital hesabına regionlarda yaradılan yeni istehsal müəssisələrinin qurulması fonunda yeni iş yerlərinin açıldığı müşahidə edilir. Yaxın gələcəkdə iqtisadi sahədəki bu prosesin daha da inkişaf edəcəyi proqnozlaşdırılır.

Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən iqtisadçı Fuad İbrahimovun sözlərinə görə, hər bir ölkənin iqtisadi inkişafına təkan verən əsas elementlərdən biri azad sahibkarlığın və liberal iqtisadiyyatın formalaşdırılmasıdır. İqtisadçı qeyd edib ki, iqtisadiyyatda, xüsusən də biznes mühitində rəqabətin yaranması, eləcə də ölkədə sabit və davamlı iqtisadi mexanizmin yaradılması üçün zəmin zəruri hesab edilir: “Azad sahibkarlıq, eləcə də liberal iqtisadiyyat iqtisadi inkişafın dayanıqlığı baxımından vacibdir. Çünki nəticə etibarı ilə iqtisadiyyatın azad, liberal olması olduqca vacibdir. Bu, birmənalı şəkildə iqtisadiyyatda rəqabətin güclənməsinə və özəl sektorun payının artmasına imkan yaradır. Məşğulluğun genişlənməsi baxımından da bu vacib hesab olunur. Dayanıqlı inkişaf üçün liberal iqtisadiyyat əsas vasitədir. Ona görə də mövcud, xüsusilə də inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, liberal iqtisadiyyat inkişafın, eləcə də iqtisadiyyatın böyüməsinin əsas şərtlərindəndir.

Bu gün inkişaf etmiş, mərkəzləşmiş idarə sisteminə malik olmuş ölkələrdə belə liberal iqtisadiyyatın formalaşdırılması həyata keçirilir. Bu da ondan xəbər verir ki, liberal iqtisadiyyat iqtisadi inkişaf, eləcə də inklüziv dayanıqlı inkişafın əldə edilməsi baxımından əsas vasitələrdən biridir”.

İqtisadçı əlavə edib ki, Azərbaycanda liberal və ya azad iqtisadiyyata keçid mərhələli şəkildə həyata keçirilir: “2022-2026-cı illəri əhatə edən strategiyada da bu istiqamətlərdə fəaliyyətlərin genişləndirilməsi və özəl sektorun daha yaxından dəstəklənməsi nəzərdə tutulub. Düşünürəm ki, milli prioritetlər çərçivəsində iqtisadiyyatda özəl sektorun payının artmasını müşahidə edəcəyik.

Təbii ki, özəl sektorun iqtisadiyyatda ümumi payı yüksəkdir. Amma məşğulluq məsələsinə diqqət etsək, bu gün əmək müqavilələrinin 60 faizi dövlət sektorunun payına düşür. İqtisadiyyatın liberallaşması məşğulluq məsələsində özəl sektorun payının artmasına gətirib çıxaracaq. Avropa İttifaqında məşğulluğun 62, ümumi daxili məhsulun 64 faizini kiçik və orta sahibkarlar verir. Bunlar da liberal iqtisadiyyatda fəaliyyət göstərən sahibkarlardır. Ona görə də oxşar praktikaların Azərbaycanda daha geniş formada tətbiq edilməsi, liberal iqtisadiyyatın yaxından dəstəklənməsi vacibdir. Yeni strategiyalarla liberal iqtisadiyyatın payının artmasını da görəcəyik”.

F.İbrahimov bildirib ki, iqtisadiyyatı inkişaf etdirmək üçün vacib amillərdən biri sahibkarlara əlverişli mühitin yaradılmasıdır: “Əlavə olaraq ölkədə xarici sərmayəçilərə yaradılan mühitin şəffaflıq dərəcəsi də iqtisadiyyatın inkişafının əsas göstəricilərindən biri hesab olunur. Müasir zamanda bazar iqtisadiyyatını azad sahibkarlıq fəaliyyəti və liberal iqtisadiyyat olmadan təsəvvür etmək olmaz.

Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının təminatı özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafından asılıdır. Bu səbəbdən Azərbaycanda sahibkarlığın inkişafı prioritet istiqamətlərdən biri kimi görülür. Ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi istiqamətində uğurlu addımlar, həmçinin bir çox layihələrə imza atılıb. İstənilən ölkədə sosial sahənin inkişafı iqtisadiyyatın və azad sahibkarlığın hansı səviyyədə inkişaf etdiyindən asılıdır”.

Y.SAHİB

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 225 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31